Məhkəmə qərarları › İş №15(3-6)-95/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-95/2026

16.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-95/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Gülhanə Coşqun qızı Cəfərovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:

1. İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, onun xroniki və digər yanaşı xəstəlikləri olduğu halda, müddətli həqiqi xidmətə yararlı olmağı barədə Agentliyin rəyinin əsasız olması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xroniki xəstəliyi “Şəxsiyyət pozuntuları - c) Şəxsiyyət pozuntusu səviyyəsinə çatmayan şəxsiyyətin çətinləşməsi və səciyyəvi xüsusiyyətləri” və nevroz olduğu halda müddətli həqiqi xidmətə yararlılıq barədə Agentliyin Rəyinin əsassız olması barədə “ iddia tələbi üzrə yekun məhkəmə aktının qəbul olunmasına kimi onun hərbi xidmətə çağırılmasının və digər bütün icra tədbirlərinin dayandırılması barədə 3-cü şəxsə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2003-cu ildə doğulmuş və anadangəlmə onun on iki barmaq bağırsaq və digər yanaşı xəstəlikləri olmuş və valideynləri onun müalicəsini nisbətən etdirməyinə baxmayaraq, lakin onun xəstəliyi tam müalicə olunmamış və həmin xəstəliklər bu gün də mövcuddur. Uzun illər Rusiyanın Moskva şəhərində müalicə almış, halhazırda isə həmin xəstəliyə qarşı müalicəsi Azərbaycanda davam edir. Ərizəyə əlavə etdiyi tibbi rəydən də göründüyü kimi, ##.##.2011-ci il tarixdə Moskva şəhəri Səhiyyə Departamenti Müqəddəs Vlladimir adına Şəhər Uşaq Klininik Xəstəxanasında Qastroenterologiya şöbəsində qeydiyyatdan keçmiş və diaqnoz olaraq tibbi rəydən də göründüyü kimi, Dolixosiqma diaqnozu fonunda xroniki qəbzlik xəstəliyi müəyyən edilmişdir. Məlum xəstəxananın tibbi rəyindən də göründüyü kimi, bu xəstəlik kifayət qədər ciddi və narahatedici xəstəlik hesab olunur. Hal-hazırda yanaşı xəstəliklər də mövcuddur və hesab edirə ki, bu kimi diqqətəlayiq hallar hörmətli məhkəmənin diqqətini cəlb etməli və bu istiqamətdə yenidən araşdırmalar aparılmalıdır.

4. Cavbadeh müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsinə dair yazılı mülahizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası); 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası); 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası); 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Üçüncü şəxstərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkimmütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindənAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşyiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkimmütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi Qiymətləndirmə Komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Üçüncü şəxs tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18- ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; ararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Bildiririk ki, ərizəçi Ərizəçi barəsində K63.8 XBT kodu, “Bağırsağın digər dəqiqləşdirilmiş xəstəlikləri” əsas diaqnozu, Xəstəliklər Cədvəlinin 54-cü maddəsinin “D” bəndinin 1-ci qrafasının “Ç” kateqoriyası üzrə və yanaşı xəstəlik olaraq Q61.8 XBT kodu, “Böyrəyin digər kistoz xəstəlikləri” əsas diaqnozu, Xəstəliklər Cədvəlinin 72-ci maddəsinin “Ç” bəndinin 1-ci qrafasının “A” kateqoriyası üzrə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən rəy təsdiqlənərək müvafiq göndəriş formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-ci il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı DTSERA-da aparılan müayinələrə əsasən “Fərqli kateqoriya (A3) üzrə təsdiq və Daha yüngül qiymətləndirilir” olaraq qərar verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişlər

5. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini üçüncü şəxs qismində göstərilməklə “yekun tibbi müayinə barədə qərarın ləğv olunması və hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi” tələbinə dair *-*(*-*)-****/**** saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (qərar qanuni qüvvəsini alanadək) ##.##.2023-cü il təvəllüdlü Ərizəçi hərbi xidmətə çağırılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qadağan edilməsi qərara alınmışdır.

6. Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Həmçinin Ərizəçi ərizəsinə dair Üçüncü şəxs marqlı şəxs kimi cəlb edilmişdir, halbuki bu iş üzrə maraqlı şəxs onun hərbi xidmətə cəlb edilməsi və göndərilməsi fəaliyyətini həyata keçirən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi cəlb edilməli idi. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı (Azərbaycan Respublikası Prezidentinin sərəncamı) qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın IV hissəsinin 4-1 və 4-1.1.1-ci yarımbəndlərinə müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrılıqda inzibati orqanlardır. Bu səbəbdən hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir.

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz (münasibət) təqdim olunmamışdır.

Tərəflərin izahatları

9. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayənəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

13. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.3. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” 6.9. Apellyasiya instansiyası məhkəməsi İPM-in 16.3 və 81.3-cü maddələrinin müddəalarına əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadlardan verilən şikayətlərə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər. Hər iki halda da tərəflər proses barədə lazımi qaydada məlumatlandırılmalı və dinlənilmə hüququ təmin edilməlidir. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 12.1. İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur:

1. İnzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri)

2. İddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi)

16. Hazırda iddiaçının tələbi “onun xroniki xəstəliyi “Şəxsiyyət pozuntuları - c) Şəxsiyyət pozuntusu səviyyəsinə çatmayan şəxsiyyətin çətinləşməsi və səciyyəvi xüsusiyyətləri” və nevroz olduğu halda müddətli həqiqi xidmətə yararlılıq barədə Agentliyin Rəyinin əsasız olması barədə “ iddia tələbi üzrə yekun məhkəmə aktının qəbul olunmasına kimi onun hərbi xidmətə çağırılmasının və digər bütün icra tədbirlərinin dayandırılması barədə 3-cü şəxsə qadağan edilməsi” barədədir. Yəni növünə görə iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri növündə olan müvəqqəti xarakterli müdafiə tədbirinə uyğun gəlir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.

18. İşin faktiki hallarına görə Ərizəçi barəsində K63.8 XBT kodu, “Bağırsağın digər dəqiqləşdirilmiş xəstəlikləri” əsas diaqnozu, Xəstəliklər Cədvəlinin 54-cü maddəsinin “D” bəndinin 1-ci qrafasının “Ç” kateqoriyası üzrə və yanaşı xəstəlik olaraq Q61.8 XBT kodu, “Böyrəyin digər kistoz xəstəlikləri” əsas diaqnozu, Xəstəliklər Cədvəlinin 72-ci maddəsinin “Ç” bəndinin 1-ci qrafasının “A” kateqoriyası üzrə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən rəy təsdiqlənərək müvafiq göndəriş formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026- ci il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı DTSERA-da aparılan müayinələrə əsasən “Fərqli kateqoriya (A3) üzrə təsdiq və Daha yüngül qiymətləndirilir” olaraq qərar verilmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır.

20. Göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərti ilkin təcili tənzimləmənin zəruriliyidir. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizələrə baxarkən məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalı, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Beləliklə, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizə qiymətləndirilərkən ərizədə öz əksini tapmış dəlillərdə iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: ilkin təcili tənzimləmənin zəruri olması - yəni adi deyil, ciddi zərərin vurulması və təcili şəkildə qarşısı alınmalı olması, iddianın böyük ehtimalla uğurlu olması - yəni qanuniliyə dair ciddi şübhə olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir.

21. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalı, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir.

22. Göstərilənləri hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur.

23. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun əsasən : 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. 12.4-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün çağırışçıların təyinatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi say bölgüsü üzrə və çağırışçıların sağlamlıq vəziyyəti, fiziki inkişafı və fərdi göstəriciləri nəzərə alınmaqla aparılır. 12.5. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər çağırışçıları ezamiyyətdən geri çağırmalı və müvafiq icra hakimiyyəti orqanına onların vaxtında gəlməsinə köməklik göstərməlidirlər. 12.6. Çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı: 12.6.1. işəgötürən tərəfindən başqa yerdə işə keçirilmiş olsun; 12.6.2. yaşayış yerini dəyişmiş olsun; 12.6.3. təhsil müəssisələrinə qəbul edilmiş və ya təhsil müəssisələrini bitirərək təyinat üzrə başqa yerə işə göndərilmiş olsun. 12.7. Müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməməyin üzrlü səbəbləri kimi aşağıdakılar sayılır: 12.7.1. çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında); 12.7.2. fövqəladə və ya digər qarşısı alına bilinməyən hallar (bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir). 12.8. Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar. 12.9. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. .... 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; ... Maddə 20. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 20.3. Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

24. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: ... Maddə 19. Əhalinin sağlamlığının qorunması sahəsində hərbi qulluqçuların, müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların hüquqları Hərbi qulluqçuların, müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olmaq hüququ vardır. Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və onların tibbi təminatı qanunvericiliklə müəyyən edilir. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər. .... Maddə 44. Hərbi-həkim ekspertizası Hərbi-həkim ekspertizası hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların, silahlı üvvələrin və sərhəd qoşunlarının, habelə daxili qoşunların ehtiyatlarında olan vətəndaşların və hərbi qulluqçuların sağlamlığının vəziyyəti ilə bağlı hərbi xidmətə yararlılığını müəyyən edir. Hərbihəkim ekspertizası hərbi qulluqçularda (hərbi toplantı keçən vətəndaşlarda), hərbi qulluqdan azad olunanlarda hərbi xidmət (hərbi toplantı) zamanı baş verən xəstəliklərin, xəsarət (yaralanma, travma, kontuziya) almanın səbəb əlaqəsini təyin edir və hərbi qulluqçulara lazımi tibbi-sosial yardımın, bərpa müalicəsinin növlərini, həcmini və müddətini müəyyənləşdirir. Hərbi-həkim ekspertizasının təşkilinə və aparılmasına dair qaydalar, eləcə də hərbi qulluqçuların, hərbi xidmətə ağırılanların, müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olanların sağlamlığının vəziyyətinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hərbi-həkim ekspertizası rəyinin icrası vəzifəli şəxslər üçün məcburidir.

25. Beləliklə, qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir.

26. Qanunvericiliyin tələbinə əsasən sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar. Nəzərə alınmalıdır ki, həmin vətəndaşların hərbi xidmətə çağırışdan azad olması, onların təkrar şəhadətləndirilməsini tələb etmək hüququndan məhrum etmir. Belə ki, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblərini tənzimləyən normativ hüquqi aktın tələblərinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşların təkrar şəhadətləndirilməsi mümkündür ki, bu zaman dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri müəyyən olunsun.

27. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətə çağırıldığı vaxtda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunubolunmadığını müəyyən etməli idi. Həmin normaların tələbinə görə, kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər... Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər (Qanunun 7-ci maddəsi). Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; ...çağırışçıların tibbi müayinəsini təşkil etmək (Qanunun 10-cu maddəsi). Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir (Qanunun 13-cü maddəsi). Normaların tələbindən göründüyü kimi, vətəndaşlar təkcə müddətli hərbi xidmətə çağırılan zaman deyil, həm də buna qədər – onların 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilərkən hökmən tibbi müayinədən keçirilməlidirlər. Bu müayinə isə, yalnız cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. İddiaçının sağlamlığından şikayətinin olmadığı barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əgər hər hansı orqanın (hazırkı halda, böyrəyin birinin) olmaması şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır.

28. Bununla bağlı isə iddiaçının sağlamlıq vəziyyətinə qiymətləndirilməsi üçün əsas iş üzrə birinci instansiya məhkəməsi tibbi ekspertizası təyin etməlidir. Ona görə də iddiaçının hərbi xidmətə göndərilməsi məhkəmə qərardadının icrasını çətinləşdirəcəyini nəzərə alaraq iddiaçının hazırkı halda hərbi xidmətə göndərilməsi iyul 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün dayandırılmalıdır.

29. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il # ####### tarixli ** nömrəli Qərarının 11.7-ci bəndində göstərilmişdir ki, İPM-in 41.4- cü maddəsində müəyyən olunmuş ümumi qaydaya görə inzibati aktın icrası iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Lakin işin xüsusi hallarından çıxış etməklə məhkəmə inzibati aktın icrasını konkret bir müddət üçün də dayandıra bilər.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ölçüdə uğurlu olacağı aydın deyildir. Belə ki, işin hazırkı mərhələsində tərəflərin təqdim etdikləri ilkin sənədlər əsasında iddianın uğurluluğu barədə müəyyən təsəvvür yaransa da, böyük ehtimalla uğurlu olacağı qənaəti yaranmamışdır. Məhkəmə iddianın böyük ehtimalla uğurlu olub-olmamasını yalnız zəruri araşdırma apardıqdan və tərəflərin əsaslandıqları arqumentləri və qanunvericilik normalarını ətraflı təftiş etdikdən, eləcə də işin araşdırılması ilə toplanacaq sübutlardan, habelə inzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinin yoxlanılmasından sonra müəyyən edə bilər. Belə olan halda, məhkəmə işin faktiki hallarını ziddiyyətli maraqlar baxımından qiymətləndirmə aparılmasını zəruri sayır. Belə olan halda məhkəmə bir tərəfdən dövlətin hərbi xidmətə çağırışın təmin olunması və Silahlı Qüvvələrin komplektləşdirilməsi üzrə vəzifəsi, digər tərəfdən isə ərizəçinin müdafiə olunmalı hüquqlarının mövcudluğunu diqqətdə saxlamaqla, bu məhdud araşdırma çərçivəsində ərizəçi tərəfin təqdim etdiyi dəlillərin ağlabatan və ilkin baxışda əsaslı görünməsi, cavabdeh tərəfindən isə həmin qənaəti təkzib edən tutarlı sübutların təqdim edilməməsi hallarını, habelə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı halda ilkin təcili tənzimləmə üçün əsas mövcuddur.

31. Hazirki işdə birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin edərkən, inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (qərar qanuni qüvvəsini alanadək) ##.##.2023cü il təvəllüdlü Ərizəçi hərbi xidmətə çağırılmasını bütövlükdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qadağan etmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin olunaraq inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (qərar qanuni qüvvəsini alanadək) ##.##.2023-cü il təvəllüdlü Ərizəçi 2026-cı il iyul çağırışı üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qadağan edilməlidir.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı qismən ləğv olunmalı, ərizə qismən təmin olunaraq Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini üçüncü şəxs qismində göstərilməklə “##.##.2023-cü il təvəllüdlü Ərizəçi 2026-cı il iyul çağırışı üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qadağan edilməli, ərizə qalan hissədə rədd edilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı qismən ləğv edilsin. Ərizə qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini üçüncü şəxs qismində göstərilməklə ##.##.2023-cü il təvəllüdlü Ərizəçi 2026-cı il iyul çağırışı üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qadağan edilsin. Ərizə qalan hissədə rədd olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar