Məhkəmə qərarları › İş №15(3-6)-98/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-98/2026

24.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-98/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə əsasən, mülkiyyət hüququnun pozulması ilə bağlı mülkiyyətində olan MH seriyalı № ******* saylı çıxarışın ləğv edilməsi barədə qərarı (və ya əsaslandırmanı) qanunsuz hesab etmək, qeydiyyatı ləğv edən inzibati aktın ləğv edilməsi, reyestr qeydinin bərpası və həmin orqanın hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı eyni zamanda məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, əsas iddiaya baxılıb qurtaranadək mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan * saylı qarajın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (T.R.Məlikov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı ərizəçi tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, iş materiallarından görünür ki, ərizəçi əsas iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin - * saylı qarajın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bu tələb müvəqqəti xarakterli müdafiə tədbiri kimi irəli sürülmüş, əsas iddia isə daşınmaz əmlakın dövlət reyestrində əvvəlki qeydiyyatın bərpası, iddiaçının adına ##.##.2008-ci il tarixdə verilmiş çıxarışın qanunsuz ləğv edilməsi, sonrakı reyestr qeydinin və cavabdeh orqanın hərəkətlərinin qanunsuz sayılması ilə bağlı olmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbiri inzibati məhkəmə icraatında müstəqil maddihüquqi müdafiə vasitəsi deyil. Onun məqsədi gələcəkdə qəbul edilə biləcək məhkəmə qərarının icrasını təmin etmək, mövcud vəziyyətin dəyişməsi nəticəsində iddiaçının hüquqlarının bərpasının mümkünsüz və ya xeyli çətin hala düşməsinin qarşısını almaqdır. Buna görə də belə tədbirin tətbiqi üçün yalnız ərizəçinin ümumi narahatlığı, əmlak üzərində mülkiyyət hüququna istinadı və ya mübahisənin onun üçün əhəmiyyətli olması kifayət etmir. Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinin məzmununa görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün iki əsas şərt mövcud olmalıdır: birincisi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqların qorunmasının və ya bərpasının mümkün olmayacağı, yaxud xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləməyə ehtiyac yaranmalıdır; ikincisi, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməlidir. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması təminat tədbirinin tətbiqini istisna edir. Birinci instansiya məhkəməsi məhz bu hüquqi çərçivədən çıxış edərək düzgün olaraq qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilk növbədə əsas iddianın mümkünlük şərtlərinin mövcudluğundan asılıdır. Əsas iddia mümkün deyildirsə, həmin iddia üzrə gələcəkdə ərizəçinin xeyrinə məhkəmə qərarı qəbul ediləcəyi ehtimalı da hüquqi baxımdan mövcud sayılmır. Belə halda təminat tədbiri tətbiq etməklə qorunmalı olan hüquqi maraq aradan qalxır. Hazırkı işdə əsas iddia üzrə birinci instansiya məhkəməsi tərəfindən ayrıca qərardad qəbul edilərək iddia mümkün sayılmamışdır. Həmin qərardadda iddiaçının faktiki narazılığının cavabdeh reyestr orqanının müstəqil inzibati iradəsi ilə qəbul etdiyi yeni inzibati aktdan deyil, məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən və ##.##.2013-cü il tarixli “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi” barədə qərarından irəli gəldiyi əsaslandırılmışdır. Başqa sözlə, mübahisəli reyestr qeydinin yaranmasına səbəb olmuş ilkin hüquqi əsas reyestr orqanının müstəqil qərarı deyil, icra icraatında qəbul edilmiş qərar olmuşdur. Icra məmurunun həmin qərarı qüvvədə olduğu və onun qanuniliyinə müvafiq qaydada hüquqi qiymət verildiyi halda, reyestr orqanına qarşı əvvəlki qeydiyyatın bərpası barədə iddia qaldırılması iddiaçının çatmaq istədiyi nəticəyə münasib və səmərəli hüquqi müdafiə vasitəsi kimi qəbul edilə bilməz. Məhkəmə müdafiəsi hüququ şəxsin istənilən vaxt, istənilən cavabdehə qarşı, istənilən prosessual formada eyni mübahisəni yenidən qaldırmaq hüququ kimi başa düşülə bilməz. Hüquqi müdafiə vasitəsi mübahisənin xarakterinə, hüququn pozulduğu iddia edilən hərəkətin mənbəyinə və tələb edilən hüquqi nəticəyə uyğun olmalıdır. Əgər iddiaçının narazılığı icra məmurunun hərəkətlərindən və icra icraatında qəbul edilmiş qərardan ibarətdirsə, həmin hərəkət və qərarlar qanunvericilikdə nəzərdə tutulan aidiyyət qaydaları üzrə mübahisələndirilməlidir. Reyestr orqanının icra sənədinə əsaslanan qeydiyyat hərəkətinin ayrıca inzibati mübahisə predmeti kimi irəli sürülməsi, icra məmurunun qərarı aradan qaldırılmadan əvvəlki qeydiyyatın bərpasına nail olmaq üçün yetərli hüquqi əsas yaratmır. Bundan əlavə, iş materiallarında iddiaçının eyni hüquqi marağa yönəlmiş tələblərlə əvvəllər də məhkəməyə müraciət etməsi, müvafiq sənədləri və cavabdehin hərəkətlərini mübahisələndirməsi, həmin məsələlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcud olması qeyd edilmişdir. Inzibati Prosessual Məcəllənin 78-ci maddəsinin məzmununa görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hüquqi müəyyənlik və məhkəmə aktlarının məcburiliyi prinsipləri tələb edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş məsələ eyni əsaslarla yenidən məhkəmə baxışının predmetinə çevrilməsin. Əks yanaşma məhkəmə qərarlarının sabitliyini, hüquqi müəyyənliyi və proses iştirakçıları arasında yaranmış hüquqi vəziyyətin davamlılığını şübhə altına alardı. Apellyasiya şikayətində iddiaçı əsasən 2008-ci ildə mübahisəli qaraj üzərində mülkiyyət hüququnun onun adına qeydə alınmasını, 2013-cü ildə əmlakın icra məmurunun qərarı əsasında digər şəxsin adına rəsmiləşdirilməsini, qiymətləndirmə və hərrac prosedurlarında pozuntulara yol verildiyini, “xxxx” MMC-nin fəaliyyətinin dayandırıldığını, hərrac keçirilmədiyini, ona bildiriş verilmədiyini və mülkiyyət hüququnun pozulduğunu göstərmişdir. Lakin bu dəlillər hazırkı apellyasiya baxışının həlledici məsələsini təşkil etmir. Bu dəlillər mahiyyət etibarilə əsas mübahisənin və icra hərəkətlərinin qanuniliyinin qiymətləndirilməsinə aiddir. Müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icraat isə əsas mübahisənin mahiyyəti üzrə tam araşdırılması üçün nəzərdə tutulmamışdır və bu icraat çərçivəsində məhkəmə icra məmurunun illər əvvəl qəbul etdiyi qərarın qanuniliyinə, qiymətləndirmənin düzgünlüyünə, hərracın keçirilib-keçirilməməsinə və cinayət xarakterli iddia edilən hallara yekun hüquqi qiymət verə bilməz. Apellyasiya şikayətində Konstitusiyanın 13, 29 və 60-cı maddələrinə, Mülki Məcəllənin mülkiyyət hüququna dair müddəalarına, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə istinad edilməsi də birinci instansiya məhkəməsinin qərardadının qanunsuzluğu nəticəsini doğurmur. Mülkiyyət hüququnun qorunması şübhəsiz olaraq konstitusion və konvensiya əhəmiyyətli təminatdır. Lakin mülkiyyət hüququna istinad iddianın prosessual mümkünlük şərtlərini əvəz etmir. Şəxsin mülkiyyət hüququnun pozulduğunu iddia etməsi həmin şəxsi düzgün cavabdeh seçmək, müvafiq ilkin inzibati müraciət qaydasına riayət etmək, məhkəmə aidiyyəti qaydalarını gözləmək, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyini nəzərə almaq və seçilmiş iddia növünün onun çatmaq istədiyi hüquqi nəticəyə uyğun olduğunu əsaslandırmaq vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi həmçinin haqlı olaraq nəzərə almışdır ki, əsas tələb üzrə iddiaçının cavabdeh inzibati orqana əvvəlcədən müvafiq müraciət etməsi müəyyən olunmamışdır. Halbuki məcburetmə, öhdəliyin icrası və reyestr qeydinin bərpası kimi nəticələrə yönəlmiş tələblərdə inzibati orqanın müvafiq ərizə üzrə mövqeyinin, imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Iddiaçı cavabdeh orqanın hazırkı mərhələdə onun hüquqlarına hansı konkret inzibati hərəkət və ya hərəkətsizliklə müdaxilə etdiyini əsaslandırmamışdır. Apellyasiya şikayətində də bu çatışmazlığı aradan qaldıran hər hansı yeni hüquqi və ya faktiki əsas göstərilməmişdir. Şikayətdə “xxxx” MMC-nin fəaliyyətinin dayandırılması, qiymətləndirmə aktının ləğvi, hərracın keçirilməməsi və icra məmurunun saxta sənədlərdən istifadə etməsi barədə geniş dəlillər irəli sürülsə də, bu dəlillər əsas iddianın inzibati məhkəmə icraatında hazırkı cavabdehə qarşı mümkün sayılması üçün zəruri şərtləri bərpa etmir. Həmin hallar, əgər iddiaçının mövqeyinə görə hüquqi əhəmiyyət kəsb edirsə, icra hərəkətlərinin mübahisələndirilməsi, mülki-hüquqi müdafiə vasitələri və ya səlahiyyətli orqanlara müraciət çərçivəsində qiymətləndirilə bilər. Lakin bu hallar reyestr orqanına qarşı qaldırılmış və artıq mümkünlük baxımından problemli hesab edilmiş əsas iddianın üzərində müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq olunmasını hüquqi cəhətdən əsaslandırmır. Eyni zamanda ərizəçinin tələb etdiyi tədbirin məzmunu da nəzərə alınmalıdır. Mübahisəli əmlak hazırda iddiaçının adına deyil, başqa şəxsin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Belə vəziyyətdə həmin əmlakın üzərinə həbs qoyulması və ya onun barəsində sərəncam hüququnun məhdudlaşdırılması yalnız cavabdeh inzibati orqanın deyil, hazırkı reyestr qeydinin hüquqi nəticələrindən istifadə edən digər şəxslərin də hüquq və qanuni maraqlarına birbaşa təsir göstərə bilər. Müvəqqəti müdafiə tədbiri tətbiq edilərkən məhkəmə yalnız ərizəçinin marağını deyil, digər şəxslərin hüquqlarına müdaxilənin qanuniliyini, zəruriliyini və mütənasibliyini də nəzərə almalıdır. Əsas iddianın mümkünlüyü təsdiq olunmadığı halda, üçüncü şəxslərin hüquq vəziyyətini məhdudlaşdıran təminat tədbirinin tətbiqi mütənasib sayıla bilməz. Ərizəçinin qarajın satıla biləcəyi və bunun gələcəkdə hüquqlarının bərpasını çətinləşdirəcəyi barədə dəlili də müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün yetərli deyil. Belə dəlil konkret, real və sübutlarla təsdiqlənən təhlükəyə əsaslanmalıdır. Ümumi ehtimallar, qarşı tərəfin gələcəkdə əmlakı sata biləcəyi barədə fərziyyələr və subyektiv narahatlıqlar Inzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsində nəzərdə tutulan təcili tənzimləmə zərurətini avtomatik yaratmır. Hər bir halda, təcili tənzimləmə zərurəti mövcud olsa belə, Inzibati Prosessual Məcəllənin 43.1.2-ci maddəsində nəzərdə tutulan ikinci şərt - ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı - təmin olunmadıqda müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi iddianın və müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin mümkünlüyünü xidməti vəzifəsinə görə yoxlamış, iddiaçının izahatını dinləmiş və gəldiyi nəticəni qanunvericiliyin müvafiq normaları ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının mülkiyyət hüququna istinadını nəzərdən qaçırmamış, lakin həmin istinadların prosessual mümkünlük şərtlərini aradan qaldırmadığını düzgün qiymətləndirmişdir. Qərardad formal əsaslarla deyil, əsas iddianın mümkünlük şərtlərinin mövcud olmaması və bunun nəticəsində müvəqqəti müdafiə tədbiri üzrə qorunmalı hüquqi marağın itməsi qənaəti əsasında qəbul edilmişdir. Inzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.3, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar