Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 15(3-7)-18/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Zeynalova Ofelya İsmayıl qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu, Quşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Daşkəsən rayon Quşçu Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı Zeynalova Ofelya İsmayıl qızı tərəfindən verilmiş iddia təmin edilmiş, Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Zeynalova Ofelya İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir.
4. Ərizəçi Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının onun hüquqlarına toxunduğunu qeyd etməklə, iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə yazılı vəsatət vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. Ərizəçi həmçinin məhkəməyə hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək, torpaq sahəsinin özgəninkiləşdirilməsinin dayandırılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, O.Zeynalovanın iddia etdiyi 0.06 ha torpaq sahəsi onun mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsinin üzərində iki mərtəbəli ev tikdirmiş, həmin müddətdə nə torpaq sahəsinə, nə də tikiliyə dair heç kimin iradı olmamışdır.
7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) ərizə mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı Zeynalova Ofelya İsmayıl qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Ərizəçi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə verdiyi yazılı vəsatətə məhkəmə tərəfindən baxılmaqdadır. Belə ki, hazırkı vəziyyətdə Ərizəçi iş üzrə heç bir prosessual statusu yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə vermək hüququ yoxdur. Ona görə də, ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə mümkün sayılmamalıdır.
Apellyasiya instansiya məhkəməsində icraat: a) apellyasiya şikayətinin dəlilləri:
9. Ərizəçi qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq ərizənin təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunsuz qərar çıxarılmış, daha sonra müəssisələrdən sənədlər tələb edilmiş, prosessual qanunvericilik pozulmuşdur.
11. Ərizəçi nümayəndəsi ərizə təqdim edərək, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin qeyd edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) tərəflərin izahatları:
13. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir.
14. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, ərizəçi və iddiaçı gəlməmişlər, maraqlı şəxs və üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmişlər, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.
43. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.
16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı.
17. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
19. Qeyd olunmalıdır ki, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir.
20. Hazırda ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair məhkəməyə müraciət etməkdə hüquqi marağı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin dayandırılmasına nail olmaqdır.
21. Belə ki, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı Zeynalova Ofelya İsmayıl qızı tərəfindən verilmiş iddia təmin edilmiş, Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Zeynalova Ofelya İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir.
22. Ərizəçi mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, bu səbəbdən də sözügedən məhkəmə qərarının onun hüquqlarına toxunduğunu iddia edərək, həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair vəsatət və hazırki ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, sonuncu tərəfindən ərizə mümkün sayılmayaraq ərizəçinin qeyd olunan vəsatətinə baxılması, hazırda isə iş üzrə heç bir prosessual statusunun olmaması, beləliklə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə vermək hüququnun olmaması ilə əsaslandırılmışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, İPM-in 27.2-ci maddəsinə əsasən, tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar.
24. Həmin Məcəllənin 29.1-ci maddəsində təsbit edilmiş qaydaya görə üçüncü şəxslər müstəqil şəkildə öz maraqlarını qorumaq məqsədilə hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Müstəqil şəkildə dedikdə, digər proses iştirakçılarının iradəsindən asılı olmadan öz adından sərbəst prosessual hərəkətlər etmək imkanına malik olmaq nəzərdə tutulur. Hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malik olmaq dedikdə, məhkəmə aktlarından şikayət verə bilmək və qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətləri (məsələn, vəsatətlər vermək və s.) etmək imkanına sahib olmaq başa düşülür. Öz maraqlarını qorumaq məqsədilə dedikdə isə nəzərdə tutulan ondan ibarətdir ki, hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququ yalnız üçüncü şəxslərin maraqlarının müdafiəsi məqsədilə yolveriləndir. Müvafiq olaraq belə bir maraq müəyyən edilmirsə, hüquqi müdafiə vasitələrindən istifadəyə və prosessual hərəkətləri həyata keçirməyə dair hüquqi maraq da yaranmamış olur.
25. Hazırki iş üzrə ərizəçi üçüncü şəxs kimi cəlb olunmasına dair ərizə (vəsatət) təqdim etmiş, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə hüquqi qiymət verilməmişdir.
26. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** saylı Qərarının: 5.1. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmək hüququna “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3cü maddəsində nəzərdə tutulmuş maraqlı şəxslər (ərizəçi və ya məhkəmədə iddia qaldırılmış olduqda iddiaçı) malikdir. Prosessual statusları baxımından müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqini tələb edən şəxslər ərizəçilər, üzərinə vəzifə qoyulmuş şəxslər isə cavabdeh və ya üçüncü şəxslər hesab edilirlər. 5.3. Üçüncü şəxslərin prosessual hüquqlarının həcmi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur və onlar tərəfindən belə ərizələr yalnız İPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati akta qarşı iddia qaldırıldığı zaman verilə bilər. Digər bütün hallarda proses iştirakçısı qismində çıxış etmələrinə baxmayaraq, üçüncü şəxslər tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizə verilə bilməz. Verilmiş belə ərizələr isə mümkün sayılmamalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
28. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007-ci il tarixli Qərarı).
29. Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
30. İnzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.
31. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yarandığından və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı olduğundan, bu münasibətlərdən yaranan mübahisələrdə iştirakçıların dairəsi mülki münasibətlərdən fərqli olaraq daha məhdud olur. Bu baxımdan qanunverici inzibati məhkəmə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxslərin prosessual statusunu müəyyən etməmişdir.
32. Beləliklə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 40, 41, 80, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov