Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-30/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Ərizəçi Ərizəçi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi həqiqi hərbi xidmətə çağırılmasına qadağa qoyulması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia tələbi üzrə işə baxılıb yekun məhkəmə aktı qəbul olunana qədər müvəqqəti müdafiə tədbiri olaraq hərbi xidmətə çağırılmağı ilə bağlı hərəkətlərin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şabran rayon Bölməsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Ərizəçi (iddiaçı) məhkəməyə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibb müəssisəsinin hərbi xidmətə yararlı hesab edilməyi barədə ##.##.2026-cı il tarixli qərarını ləğv etməklə hərbi xidmətə yararsız hesab edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə və 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti Şabran rayon Bölməsinə qarşı hərbi xidmətə yararlı hesab edilməyi barədə qərarını ləğv etməklə hərbi xidmətə yararsız hesab edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi ərizəçi ##.##.1996-cı ildə anadan olmuş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsində çağırışçı kimi qeydiyyatdadır. Hazırda 29 yaşı vardır. Ərizəçi uzun illərdir səhhətində mövcud olan ciddi eşitmə problemləri ilə əlaqədar dəfələrlə hərbihəkim komissiyasından keçmiş və hər dəfə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Bu əsasla ərizəçiyə bir neçə dəfə 3 illik müddət daxilində müvafiq möhlət hüququ verilmişdir. Belə ki, ərizəçiyə “bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın isə pıçıltı nitqini 3 metrdən artıq məsafədən eşitməsi, yaxud bir qulağın 2 metrə qədər, digər qulağın isə 3 metrə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə müşayiət olunan davamlı eşitmə zəifləməsi” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əlavə edilmiş Xəstəliklər Cədvəlinin 38-ci maddəsinin “c” bəndinə uyğun gəlir və həmin hal şəxsin dinc dövrdə hərbi xidmətə yararsız hesab edilməsini nəzərdə tutur. Ərizəçi yeniyetmə yaşlarından etibarən bu xəstəlik üzrə mütəmadi müalicə almış və xəstəliyi dinamik olaraq yaxşılaşmaq əvəzinə ağırlaşma meyli göstərmişdir. Buna baxmayaraq, cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2026-cı il tarixli qərarla qəfil şəkildə müddətli hərbi xidmətə tam yararlı hesab edilmiş və 2026-cı ilin aprel çağırışı üzrə xidmətə göndəriləcəyi bildirilmişdir. Həmin qərar həm tibbi, həm də hüquqi baxımdan əsassızdır. Belə ki, ərizəçinin əvvəlki illərdə yararsız hesab olunmağına səbəb olan tibbi əsaslar hazırda da tam şəkildə mövcuddur və aradan qalxmamışdır. Cavabdeh orqan eyni diaqnozlar, eyni tibbi göstəricilər və eyni xəstəlik tarixi olduğu halda əvvəlki qərarlarından tam zidd mövqe tutaraq yararlı hesab etmişdir. Xüsusilə qeyd edir ki, 2024-cü ilin oktyabr ayında məhz həmin cavabdeh qurum tərəfindən sağlamlıq vəziyyətinə görə ərizəçiyə hərbi xidmətdən möhlət verilmişdir. Eyni tibbi vəziyyət dəyişmədiyi halda, eyni qurumun qısa müddət sonra əks məzmunlu qərar qəbul etməsi inzibati aktın əsaslandırılmamış və ziddiyyətli olduğunu açıq şəkildə göstərir. Bundan əlavə, “X2”nin ##.##.2026-cı il tarixli tibbi rəyinə əsasən, ona “sağ tərəfli normal eşitmə, sol tərəfli orta (II dərəcəli) qarışıq tip eşitmə azlığı” diaqnozu qoyulmuşdur. Eyni zamanda, “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” PHŞ “Şabran rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin # ###### 2026-cı il tarixli arayışında qeyd edilir: “Verilir ünvan 1 ünvanında yaşayan, Ərizəçi ondan ötüıdi ki, o, həqiqətən ##.##.2026-cı il tarixində Şabran RMX PHŞin poliklinika şöbəsində həkim qəbulunda olub, ona “xroniki perforativ irinli orta otitt, burun çəpərinin sol tərəfə əyriliyi” diaqnozu qoyulub. Xəstənin əməliyyata ehtiyacı olduğu bildirilib. Arayış AR SHXÇDX-nin Tibb Baş Idarəsinə təqdim etmək üçün verilir”. Bu arayış da bir daha sübut edir ki, səhhətindəki problemlər real, davamlı və hərbi xidmət keçirməyə mane olan xarakter daşıyır. Belə hesab edir ki, nə qədər ki, hərbi xidmətə yararlı hesab edilməyi barədə qəbul edilmiş qərar tərəfindən mübahisələndirilmişdir, bu halda hazırki işə baxılıb qərar verilənə qədər hərbi xidmətə aparılmağı qanuna uyğun deyildir, belə ki, ərizəçi 2026- cı ilin aprel ayı üzrə hərbi xidmətə aparılarsa, bu hazırki iddianın mahiyyətini də əhəmiyyətsiz edəcək və hüquqlarının pozulması ilə nəticələnəcəkdir, buna görə də, müvəqqəti müdafiə tədbiri olaraq hərbi xidmətə çağırılmağı hərəkətləri üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şabran rayon Bölməsinə qadağa edilməlidir. Birinci instansiya məhkəməsində icraat Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından hazırki mərhələdə iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, mübahisənin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi (hazırki mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəsini alacağı) təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Məhkəmə onun hərbi xidmətə çağırış dövründə olduğu və müvəqqəti müdafiə tədbiri görülməyəcəyi təqdirdə əsas iddianın mahiyyətinin tamamilə itəcəyi faktını (bərpası mümkün olmayan zərər riskini) aydınlaşdırmamışdır. IPM-nin 43.1.1-ci maddəsinə əsasən, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının sonradan qorunmasının qeyri-mümkün olacağı hallarda təcili tənzimləmə (MTT) mütləqdir. Məhkəmə bu hüquqi reallığı və hərbi çağırışın operativliyini nəzərə almadan qərar vermişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir. Məhkəmə "iddiaçının uğurluluq ehtimalının aydın görünmədiyi" barədə əsassız bir hal müəyyən etmişdir. Lakin bu nəticə heç bir obyektiv sübutla təsdiq edilmir. Əksinə, onun uzun illərdir eyni xəstəlik üzrə möhlət almağı və ən son tibbi diaqnozları iddianın uğurluluq ehtimalı nə dərəcədə yüksək olduğunu göstərir. Məhkəmə öz qeyri-mötəbər fərziyyəsini hüquqi cəhətdən əsaslandıra bilməmişdir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Məhkəmənin gəldiyi nəticə işin real gedişatına tamamilə ziddir. Çünki sənədlər elektron kabinetə iclasdan əvvəl yerləşdirilmişdir və fiziki olaraq da təqdim olunmuşdur. Məhkəmə aparatının sənədləri tam qeydə almaması və ya hakimin elektron sistemdəki yenilənməyə diqqət yetirməməsi iddiaçının əlehinə şərh oluna bilməz. Nəticə işin faktiki sənəd dövriyyəsinə uyğun deyildir. Məhkəmə tərəfindən MTT barədə qərardad ##.##.2026-cı il tarixində çıxarılmışdır. Apellyasiya şikayətinə əlavə etdiyi cavabdeh orqanın rəsmi "FORMA 44–Ilkin təsvir" sənədi isə yalnız birinci instansiya məhkəməsinin əsas idda icraatı gedişində cavabdehə ünvanladığı ## ### 2026-cı il tarixli № *-1(4-8)-1731/2026 saylı rəsmi sorğusundan sonra elektron kabinetə (sistemə) yüklənmişdir. Sözügedən rəsmi sənəd MTT qərardadı çıxarılandan sonra, işin gedişatında ortaya çıxmış yeni sübutdur. Bu sənədi 30 aprel tarixində bitən MTT icraatında təqdim etməyi obyektiv və fiziki cəhətdən tamamilə qeyri-mümkün olmuşdur. Inzibati Prosessual Məcəlləyə əsasən, sübutun obyektiv səbəblərdən sonradan yaranması onun apellyasiya instansiyasında yeni sübut kimi qəbul edilməsi üçün mütləq əsasdır. Bundan əlavə, həmin dövrdə Şabran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-ci il tarixli qərarı ilə inzibati həbsdə olmuş, prosesdə şəxsən iştirak edərək digər tibbi sənədlərin tamlığını məhkəmənin diqqətinə çatdırmaq imkanından da məhrum edilmişdir. Məhkəmənin rəsmi sorğusu nəticəsində sistemə daxil olan bu rəsmi "Forma 44–Ilkin təsvir" sənəddə açıq-aşkar görünür ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi və Mərkəzi Hərbi Həkim Komissiyası (Sədr/üzv: Sevinc Vahidova) tərəfindən onun real və xroniki sağlamlıq problemlərim rəsmi müayinələrlə təsdiq edilmiş, beynəlxalq XBT kodları ilə sistemə işlənilmiş və barəmdə Xəstəliklər Cədvəlinin müvafiq maddələrinə əsasən müvəqqəti yararsızlıq ("Ç" kateqoriyası – möhlət) statusu müəyyən olunmuşdur. Hərbi çağırış prosesini birbaşa həyata keçirən və tibbi ekspertizanı aparan rəsmi Hərbi-Həkim Komissiyası məni hərbi xidmətə MÜVƏQQƏTI YARARSIZ hesab edib möhlət qərarı verdiyi halda, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) tamamilə əsassız, subyektiv və qanunsuz olaraq bu rəsmi rəyi heçə saymış, onu birdən-birə "tam yararlı" elan etmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi öz daxili sənədi (Forma 44) əslində onun çıxardığı ##.##.2026-cı il tarixli yekun qərarın nə dərəcədə qanunsuz, tibbi əsaslardan uzaq və öz daxili sənədləri ilə ziddiyyət təşkil etdiyini tam ifşa edir. Bu səbəbdən, əsas idda üzrə işin mahiyyəti həll olunana qədər müvəqqəti müdafiə tədbirinin seçilməsi mütləq hüquqi zərurətdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanımasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarı 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olub-olmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizəçinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi “hərbi xidmətə yararlı hesab edilməyi barədə ##.##.2026-cı il tarixli qərarını ləğv etməklə hərbi xidmətə yararsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda həmin tələb üzrə inzibati iş məhkəmənin icraatındadır. Bundan sonra ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə işə baxılıb yekun məhkəmə aktı qəbul olunana qədər müvəqqəti müdafiə tədbiri olaraq hərbi xidmətə çağırılmağı ilə bağlı hərəkətlərin üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şabran rayon Bölməsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə müvafiq ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur. -ilkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir (2.2-ci bənd) - Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. (2.3-ci bənd) - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər ( 2.4-cü bənd). - Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir ( 2.5-ci bənd). - Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: a) hərbi xidmətə yararlıdır; b) sıradankənar hərbi xidmətə yararlıdır; c) sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; ç) hərbi xidmətə müvəqqəti yararsızdır; d) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkimmütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir (2.6-cı maddə); - Ilkin hərbi qeydiyyata alınma üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi qeydiyyata alınarkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən edilir ( 2.7-ci bənd). - Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir.Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir (2.11-ci bənd). “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur (8.3-cü bəndi); Inzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: -mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; -ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. IPM-nin müddəalarına əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. (40.1) Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. Həmçinin, həmin Qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41 .1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Həmin Qərarın 11.4 və 11.5-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır Qərarın 12.3-cü bəndinə görə ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4-cü bəndinə görə belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Qərarın 12.5-cü bəndinə görə hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Göründüyü kimi, qeyd edilən institutun mövcudluğu ilk növbədə iddiaçı tərəfindən müvafiq inzibati aktı mübahisələndirdiyi halda, həmin mübahisələndirdiyi inzibati aktın icrası ilə bağlı onun fəaliyyətinə müdaxiləyə, habelə onun üçün müəyyən neqativ nəticələrə səbəb ola bilən təsirlərdən müvəqqəti olaraq məhkəmə icraatının yekunlaşdığı dövrədək müdafiə olunmaq imkanın tanınmasına, bununla da hüquqların və qanunla qorunan mənafelərin bərpası mümkün olmayan və ya xeyri dərəcədə çətin olan zərərlərdən qorunmasına imkan yaradır. Həmçinin, Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olubolmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşmədiyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əsas inzibati iş üzrə işin halları baxımından iddianın uğurluluq ehtimalı ilə bağlı hissədə birinci instansiya məhkəməsi tərəfindən ərizənin əsaslılığı və cavabdehin istinad etdiyi hallar düzgün dəyərləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda mübahisələndirilən qərarla bağlı tərəflər arasında məhkəmə mübahisəsi davam etdiyindən, habelə mübahisənin aqibətini və gələcəkdə hansı qərarın, yəni işin bu və ya digər tərəfin xeyrinə həll olunacağını müəyyənləşdirmək qeyrimümkün hesab olunur. Ərizəçinin ərizəsində hərbi xidmətə göndərilməsinin dayandırılması tələbi əsas iş üzrə iddianın qabaqlaması anlamına gəlir. Təqdim edilmiş sübutlar ərizədə göstərilən risklərin real, təxirəsalınmaz və gerigönməz olduğunu təsdiq etmir. Ərizəçinin hərbi xidmətə getdiyi halda hüquqlarının pozulacağı aydın deyildir. Bundan başqa qeyd olunmalıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ərizəçinin hərbi xidmətə yararlılıq dərəcəsi “ç” bəndi ilə, yəni müvəqqəti yararsız kimi, cavabdeh TSERA tərəfindən isə “A-3” bəndi ilə qiymətləndirilmişdir ki, bu da onun hərbi xidmətə göndərilsə belə, müəyyən sahələrdə və müəyyən işlərlə məşğul olacağını bildirir. Ərizəçi bir qulağında xroniki irinli orta otit olmasına istinad edərək hərbi xidmətə yararsız olduğuna istinad edir. bununla bağlı qeyd olunmalıdır ki, “Hərbi həkim ekspertizası haqında Əsasnamə”yə görə xroniki irinli orta otitin olması otoskopik məlumatlar (qulaq pərdəsinin perforasiyası, təbil boşluğundan ifrazat gəlməsi), təbil boşluğu ifrazatının mikrofloraya görə əkilməsi, gicgah sümüklərinin Şüller və Mayerə görə rentgenoqrafiyası ilə təsdiq olunmalıdır. Bu halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş şəxs iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. Işə baxan məhkəmə də ilkin araşdırma zamanı ərizəçi ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək və hazırda ərizəçinin aktiv çağırışçı olmadığını, bununla da müvəqqəti xarakterli müdafiıə tədbiri barədə ərizənin təmin olunması üçün zərurətin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müvəqqəti xarakterli təmin tədbiri barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-30/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-30/2026
09.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver