Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-37/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi üzrə (Açar sözlər: qərarın icrasının dayandırılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Ərizəçi Ərizəçi “iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair 2026-cı il # ### tarixli qərarın icrasının dayandırılması və cavabdehə hərbi xidmətə göndərilməsi ilə bağlı hər hansı icra hərəkətlərinin həyata keçirilməsinin qadağan edilməsi” dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “barəsində qəbul edilmiş 2026-cı il # ### tarixli “hərbi xidmətə yararlı” haqqında tibbi rəyin nəticəsinə uyğun olaraq qəbul edilmiş cavabdeh orqanın çağırış komissiyasının hərbi xidmətə yararlı hesab edilməsi barədə # ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, , iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair 2026-cı il # ### tarixli qərarın icrasının dayandırılması və cavabdehə hərbi xidmətə göndərilməsi ilə bağlı hər hansı icra hərəkətlərinin həyata keçirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, onun tərəfindən cavabdehə qarşı barəsində qəbul edilmiş hərbi xidmətə yararlılıq və müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı qərarın (inzibati akt) ləğv edilməsi barədə iddia ərizəsi verilmişdir. Mübahisələndirilən qərar əsasında ərizəçinin 2026-cı il # #### tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilməsi nəzərdə tutulmuşdur. Iddia ərizəsindən və ona əlavə edilmiş tibbi sənədlərdən göründüyü kimi, 2024-cü il # ###### tarixdən 2026-cı il # ##### tarixədək keçirilmiş çoxsaylı tibbi müayinələrin nəticələrinə əsasən ərizəçi sağlamlıq vəziyyətinə görə “Ç” kateqoriyası üzrə müvəqqəti yararsız hesab edilmişdir. Buna baxmayaraq, sonradan qəbul edilmiş rəyə əsasən hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati aktın icrası davam etdirilərsə və ərizəçi məhkəmə araşdırması başa çatmamış hərbi xidmətə göndərilərsə, sonradan iddianın təmin edilməsi barədə qəbul ediləcək məhkəmə qərarının icrası əhəmiyyətli dərəcədə çətinləşəcək və ya mümkünsüz olacaqdır. Bundan başqa, sağlamlıq vəziyyəti nəzərə alınmadan hərbi xidmətə göndərilməsi sağlamlığına ciddi zərər vurulması riskini yaradır. Belə nəticələr sonradan qəbul ediləcək məhkəmə qərarı ilə tam şəkildə aradan qaldırıla bilməz. Ona görə də hazırkı iş üzrə müvəqqəti hüquqi müdafiənin tətbiq edilməsi zəruridir. Hazırkı iş üzrə xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, ərizəçinin hərbi xidmətə yararlığının özü məhkəmə mübahisəsinin predmetidir. Yəni mübahisə məhz sağlamlıq vəziyyətinin hərbi xidmətə imkan veribverməməsi ilə bağlıdır. Buna baxmayaraq, məhkəmə araşdırması başa çatmadan hərbi xidmətə göndərilməsi mübahisənin predmetinin faktiki olaraq əvvəlcədən həll edilməsi ilə nəticələnəcəkdir. Iş materialları göstərir ki, 2024-cü il # ######, 2025-ci il ## ######, 2025-ci il ## ######, 2025-ci il ## ######, 2025-ci il ## ########, 2025-ci il ## ######## və 2026-cı il # ##### tarixli tibbi müayinələrin hamısında ərizəçi “Ç” kateqoriyası üzrə sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsız hesab edilmişdir. Uzun müddət ərzində eyni tibbi nəticələrin mövcud olmasına baxmayaraq, sonradan qəbul edilmiş və əvvəlki rəylərlə ziddiyyət təşkil edən qərarın qanuniliyi hazırda məhkəmə araşdırmasının predmetidir. Belə şəraitdə mübahisələndirilən inzibati aktın icrasının davam etdirilməsi təkcə məhkəmə qərarının effektivliyini təhlükə altına qoymur, eyni zamanda sağlamlığına ciddi və bərpası mümkün olmayan zərər vurulması riskini yaradır. Qan və qanyaradıcı orqanların funksional vəziyyəti ilə bağlı tibbi problemlərin mövcudluğu nəzərə alınmadan hərbi xidmətə cəlb edilməsi sonradan kompensasiya edilməsi mümkün olmayan nəticələrə səbəb ola bilər. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən hazırkı işlə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün kifayət qədər sübut təqdim edilməmişdir. Bundan əlavə, əsas iş üzrə ekspertizanın rəyinin, həmçinin cavabdeh orqanın iş üzrə münasibətinin və cavabdeh orqanın yekun qərarının iş materiallarında hazırda mövcud olmadığını da məhkəmə tərəfindən nəzərə alındığı halda, işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Prosesin iştirakçılarına məhkəmə iclası, sübutları təqdim etmək və onların tədqiqində iştirak etmək hüquqları barədə məlumat verilsə də, onlar tərəfindən münasibət bildirilməmiş və heç bir sübut təqdim edilməmişdir. 31. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina barədə qərardad qanunsuz, əsassız, natamam araşdırmaya əsaslanan və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin, habelə Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinin tələblərinə ziddir. Hazırkı mübahisənin predmeti onun hərbi xidmətə yararlılığım məsələsidir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “hərbi xidmətə yararlıdır” qərarının qanunsuz hesab edilərək ləğv olunmasını tələb etmişdir. Iş materiallarından açıq şəkildə görünür ki, 2024-cü ildən başlayaraq müxtəlif tarixlərdə keçirilmiş tibbi müayinələr zamanı mən dəfələrlə “Ç” kateqoriyası üzrə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Buna baxmayaraq, sonradan əvvəlki tibbi rəylərlə ziddiyyət təşkil edən yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərardadında özü də tibbi rəylər arasındakı ziddiyyəti qeyd etmiş, çoxsaylı “Ç” kateqoriyalı rəylərin mövcudluğunu təsdiq etmiş, lakin buna baxmayaraq müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəlmişdir. Halbuki həmin ziddiyyətin özü artıq ilkin baxışdan inzibati aktın hüquqa uyğunluğu ilə bağlı ciddi şübhələrin mövcud olduğunu göstərir. Məhkəmə qərardadında geniş şəkildə müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyətini izah etsə də, həmin prinsipləri ərizəçi olaraq mənim konkret vəziyyətimə tətbiq etməmişdir. Qərardadda dəfələrlə “geri qaytarılması çətin olan nəticələr”, “əhəmiyyətli zərər”, “mövcud vəziyyətin qorunması”, “təxirəsalınmaz müdafiə” kimi anlayışlardan bəhs edilmiş, lakin həmin risklərin hazırkı iş üzrə real mövcudluğu lazımi hüquqi qiymətləndirməyə məruz qalmamışdır. Halbuki hazırkı iş üzrə əsas təhlükə ondan ibarətdir ki, məhkəmə araşdırması başa çatmadan mənim hərbi xidmətə göndərilməyim mümkündür. Belə olan halda isə mübahisənin predmeti faktiki olaraq qabaqcadan həll edilmiş olacaqdır. Sonradan iddianın təmin olunması barədə qərar qəbul edilsə belə, həmin qərarın praktiki və effektiv nəticəsi ciddi şəkildə zəifləyəcəkdir. Birinci instansiya məhkəməsi isə göstərilən beynəlxalq hüquqi standartları formal şəkildə sadalamaqla kifayətlənmiş, lakin onların hazırkı iş üzrə tətbiqini həyata keçirməmişdir. Qərardadda həmçinin qeyd edilmişdir ki, ekspert rəyi təqdim olunmamışdır. Bu yanaşma isə müvəqqəti xarakterli müdafiə institutunun mahiyyətinə tamamilə ziddir. Çünki ekspertiza rəyi məhz məhkəmə araşdırması zamanı xüsusi bilik tələb edən halların müəyyən olunması məqsədilə məhkəmə tərəfindən təyin edilən ekspertiza əsasında əldə edilir. Hazırkı mərhələdə ondan yekun ekspert rəyi tələb olunması faktiki olaraq müvəqqəti müdafiə tədbirinin tətbiqini mümkünsüz edən qeyri-proporsional sübut standartının tətbiqi deməkdir. Mən məhz buna görə iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş və iş üzrə tibbi ekspertiza keçirilməsinin zəruriliyini bildirmişdir. Müvəqqəti müdafiə tədbirinin məqsədi isə həmin ekspertiza və məhkəmə araşdırması yekunlaşanadək mövcud vəziyyətin qorunması olmuşdur. Məhkəmə bu fundamental prosessual fərqi nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi qərardadda iddianın uğurluluq ehtimalının “aydın görünmədiyini” qeyd etsə də, müvəqqəti müdafiə mərhələsində işin mahiyyəti üzrə tam sübutetmə aparılması tələb olunmur. Bu mərhələdə qiymətləndirilən əsas məsələlər: - ilkin hüquqi əsasın mövcudluğu; - ciddi risk ehtimalı; - geri dönməz nəticənin yaranma təhlükəsi; - mövcud vəziyyətin qorunmasının zəruriliyidir. Hazırkı işdə isə: çoxsaylı “Ç” kateqoriyalı tibbi rəylər mövcuddur; - tibbi sənədlər arasında açıq ziddiyyət vardır; - hərbi xidmətə göndərilmə real təhlükədir; - sağlamlığa ciddi zərər vurulması riski mövcuddur; - gələcək məhkəmə qərarının effektivliyinin itirilməsi ehtimalı vardır. Belə olan halda müvəqqəti müdafiə tədbirinin tətbiqindən imtina edilməsi hüquqi dövlət və effektiv məhkəmə müdafiəsi prinsiplərinə uyğun hesab edilə bilməz. Bir gənc insan olaraq mən bu gün məhkəmədən yalnız bir şey istəmişəm: işə mahiyyəti üzrə obyektiv baxılanadək hüquqi vəziyyətimin qorunmasını. Məhkəmədən işin nəticəsini əvvəlcədən müəyyən etməsini deyil, sadəcə məhkəmə araşdırması yekunlaşanadək geri dönməz nəticələrin qarşısının alınmasını xahiş etmişəm. Lakin birinci instansiya məhkəməsi formal yanaşma nümayiş etdirərək insan sağlamlığı, hüquqi müəyyənlik və effektiv müdafiə hüququ kimi fundamental prinsipləri lazımi səviyyədə qiymətləndirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. IX. Xəstəliklər cədvəli yoluxucu və parazitar xəstəliklər Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları Maddə 12. Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi: Eutriod zob: a) qonşu orqanların funksiyalarının pozulmasına səbəb olan: hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa D, II qrafa D, III qrafa C b) hərbi geyim formasının gəzdirilməsini çətinləşdirən hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa C, II qrafa C, III qrafa B c) hərbi geyim formasının gəzdirilməsini çətinləşdirməyən: hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa A-3, II qrafa A, III qrafa A,HDQ, ÜH, DP, XQ-də FƏRDI Bu maddə ilə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Cərrahi müalicədən sonra şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” bəndinə əsasən keçirilir. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduğu hallarda və ya qonşu orqanların funksiyalarının pozulmasına səbəb olan, yaxud hərbi geyim formasının gəzdirilməsini çətinləşdirən zoba görə cərrahi əməliyyatdan imtina edildikdə, şəhadətləndirilmə “a” və ya “b” bəndi üzrə keçirilir. Maddə 13. Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi: Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: a) funksiyaların mühüm dərəcədə pozulması ilə hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa D, II qrafa D, III qrafa D b) funksiyaların mülayim dərəcədə pozulması ilə hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa C, II qrafa C, III qrafa C və ya B FƏRDI c) funksiyaların cüzi dərəcədə pozulması ilə hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa C, II qrafa C, III qrafa B ç) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa Ç, II qrafa Ç, III qrafa Ç d) zəif qidalanma, II dərəcəli alimentar piylənmə hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa A-3, II qrafa A, III qrafa A, HDQ, ÜH, DP, XQ-də FƏRDI e) İ dərəcəli alimentar piylənmə hərbi xidmətə yararlılıq kateqoriyası: İ qrafa A-2, II qrafa A, III qrafa A
1. Qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir və hərbi tədris müəssisələrinə daxil olmağa mane olmur. Qalxanabənzər vəzin 1 sm və daha böyük düyünlərinin biopsiya edilməsi təklif olunur, biopsiyadan imtina edildikdə isə 12-ci maddənin “a”, “b” və “c” bəndlərinə müvafiq qərar verilir. İ və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır. Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 13-cü maddəsi üzrə keçirilir. Ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. “Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər. “a” bəndinə aşağıdakılar aiddir:
1. hipofizin, böyrəküstü, qalxanvari vəzin xəstəlikləri, qalxanabənzərətrafı və cinsiyyət vəzilərinin funksiylarının mühüm dərəcədə pozulmaları ilə müşayiət olunan xəstəlikləri. Xəstəliklərə görə aparılmış cərrahiyyə əməliyyatından sonra qalxanabənzər vəzin (digər endokrin orqanın) olmaması;
2. III dərəcəli piylənmə (18-25 yaşlı şəxslər BÇI 40 və daha çox, 26 yaşdan yuxarı olanlar üçün BÇI 41 və daha çox) yanaşı ağırlaşmalar (qlukozaya qarşı tolerantlıq pozulması, dislipedemiya, hipertoniya). Bu maddə üzrə III qrafa üzrə şəhadətləndirilən hərbi qulluqçular barəsində qərar stasionar şəraitdə müalicə olunduqdan və 1 (bir) il müddətində aparılmış müalicə və dispanser müşahidənin nəticələrinə əsasən çıxarılır;
3. düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 25 faizdən 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm, sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar, III-IV FS xroniki ürək çatışmazlığı ilə tireotoksik kardiomiopatiyanın inkişaf etməsi);
4. şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş dayanıqlı pozulmalar (şəkərli diabetin ağır formasına, hiperqlikemiyanın səviyyəsindən və müalicənin xarakterindən asılı olmayaraq, xəstədə aşağıda qeyd olunan fəsadlardan iki və daha çox olması halları da aiddir: proliferativ retinopatiya, trofiki xoralar, ayağın qanqrenası, nefropatik ödemlər, osteoartropatiyalarla təzahür edən aşağı ətrafların kəskin dərəcədə ifadə olunmuş angiopatiyası və neyropatiyası, xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan diabetik nefropatiya, eləcə də residivləşən ketoasidotik prekomalar və komalar). Xəstəliklərə görə aparılmış cərrahiyyə əməliyyatından sonra qalxanabənzər vəzin (digər endokrin orqanın) olmaması ilə hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış zabitlərin şəhadətləndirilməsi, orqanın funksiyasının əvəzedici terapiya ilə kompensasiyası əldə edildikdə və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, “b” bəndi üzrə keçirilə bilər. “b” bəndinə aşağıdakılar aiddir:
1. orta ağırlıq dərəcəsində şəkərli diabet mülayim dərəcədə ifadə olunmuş davamlı pozulmalar mülayim dərəcədə ifadə olunmuş retinopatiyanın, nefropatiyanın, periferik nevropatiyanın və angiopatiyanın olması ilə;
2. orta ağır dərəcədə tireotoksikoz (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 25 faizə qədər azalması, nəzərəçarpan vegetativ pozulmalar, nəbzin 1 dəqiqədə 110-120 olması, mülayim dərəcədə vegetativ-damar və emosional pozulmalar, İ-II FS xroniki ürək çatışmazlığı ilə tireotoksik kardiomiopatiyanın inkişaf etməsi. BÇI 41 və daha çox olanlarda bel çevrəsi kişilərdə 94 sm qadınlarda 80-sm-dən aşağı olduqda qərar “b” bəndi üzrə çıxarılır;
3. III dərəcəli alimentar piylənmə. Bu maddə üzrə III qrafa üzrə şəhadətləndirilən hərbi qulluqçular barəsində qərar stasionar şəraitdə müayinə olunduqdan və bir il müddətində aparılmış müalicə və dispanser müşahidələrinə əsasən çıxarılır. BÇI 41 və daha çox olanlarda bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm-dən aşağı olduqda qərar “b” bəndi üzrə çıxarılır;
4. funksiyaların mülayim dərəcədə pozulmaları ilə hipofizin, qalxanvari vəzin, böyrəküstü, qalxanabənzər ətraf və cinsiyyət vəzilərinin xəstəlikləri. Xəstəliklərə görə aparılmış cərrahiyyə əməliyyatından sonra qalxanabənzər vəzinin payının (digər endokrin orqanın hissəsinin) olmaması ilə şəhadətləndirilmə, endokrin orqanın funksiyasının pozulma dərəcəsindən asılı olaraq “b” və ya “c” bəndi üzrə keçirilir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda onlar “b” bəndi üzrə şəhadətləndirilirlər. “c” bəndinə aşağıdakılar aiddir:
1. diffuz toksiki zobun yüngül geri dönən formaları (yüngül nevrozabənzər əlamətlər, fiziki yükə dözümlülüyün azalması, nəbzin dəqiqədə 100-ə qədər olması, qalxanabənzər vəzinin İ-II dərəcəli böyüməsi zamanı əsas mübadilə artımının 30 faizdən çox olmaması);
2. şəkərli diabet zamanı karbohidrat mübadiləsinin kompensasiyasına daimi pəhriz müalicəsi fonunda şəkəri aşağı salan preparatların peroral qəbulu ilə yanaşı, insulin yeridilməsi ilə nail olunur;
3. residiv gedişli yarımkəskin tireoidit;
4. III dərəcəli alimentar piylənmə “Xəstəliklər cədvəli”nin III qrafa üzrə “c” bəndi üzrə şəhadətləndirilir. Bu bəndə endokrin vəzinin, o cümlədən vəzinin bir hissəsinin cərrahi yolla kənar edilməsindən sonrakı hallar da aid edilir. Xroniki fibroz və autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzinin funksiyasının pozulma dərəcəsindən asılı olaraq, “a”, “b” və ya “c” bəndi üzrə (funksiyaların pozulması olmadıqda, 12-ci maddənin “c” bəndi üzrə) şəhadətləndirilirlər. “ç” bəndinə qalxanabənzər vəzidə, digər endokrin vəzilərdə operativ müdaxilələrdən sonrakı hallar, kəskin və yarımkəskin tireoiditlərin müalicəsindən sonrakı hallar aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Qalxanabənzər vəzdə, digər endokrin vəzlərdə operativ müdaxilələrdən sonrakı müvəqqəti funksional pozulmalar (diabetik komalar, hipofizin və böyrəküstü vəzin kəskin xəstəlikləri, kəskin və yarımkəskin tireoiditlərin müalicəsindən sonrakı vəziyyətlər) olduqda 15 (on beş) gün müddətində məzuniyyət verilməsi barəsində qərar çıxarılır, hərbi xidmətə çağırılan, hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, funksiyanın pozulması saxlandıqda müvafiq qrafalar üzrə şəhadətləndirilirlər. Qlükoza tolerantlığı və aclıq şəkəri olanlar (təsdiq edilmiş şəkərli diabet istisna olmaqla) hərbi xidmətə yararlı hesab edilirlər. Psixogen mənşəli poliuriya və polidipsiyalar olanlar hərbi xidmətə yararlı hesab edilir Açıqlama: Şəkərli diabet tip 1 diaqnozu təyin olunmuş İ və II qrafalar üzrə şəhadətləndirilənlər “a” bəndi üzrə, III qrafa üzrə şəhadətləndirilənlər ağırlaşma və ya funksiya pozulmasının dərəcəsindən asılı olaraq “a” və ya “b” bəndi ilə şəhadətləndirilməlidirlər. Xroniki fibroz və autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzin funksiyasının pozulma dərəcəsindən asılı olaraq “a”, “b” və ya “c” bəndi üzrə (funksiyaların pozulması olmadıqda 12-ci maddənin “c” bəndi üzrə) şəhadətləndirilirlər. Funksiyanın pozulma dərəcəsi qəbul edilən dərman preparatının dozası, sintiqrafiya müayinəsində İ-131 maddəsinin udulma miqdarı və TSH və sT4 hormonlarının qanda səviyyəsindən asılı olaraq qərar çıxarılır. Qalxanabənzər vəzdə ultrasəs müayinəsi ilə aşkar edilən sistalar və digər dəyişikliklər ilə (təsadüfi tapıntılar) şəhadətləndirilmə ixtisaslaşdırılmış kompleks müayinə və müalicədən sonra keçirilir. Subklinik hipotireoz diaqnozu təyin olunan vətəndaşlar hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, müalicə səmərəsiz olduqda isə “c” bəndi üzrə şəhadətləndirilirlər. Subklinik hipotireoz diaqnozu təyin olunan II qrafa ilə şəhadətləndirilənlər 6 ay müddətinə dinamik müşahidənin nəticələrinə əsasən “c” və ya “d” bəndi üzrə şəhadətləndirilirlər. Qidalanma çatışmazlığı olan vətəndaşlar stasionar müayinə və (və ya) müalicə olunmalıdırlar. Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən kütləsi indeksinin mənfi dinamikası yoxdursa (hər ay keçirilən tibbi baxışların nəticələrinə görə) və fiziki iş qabiliyyəti saxlanmışdırsa (funksional yük sınaqlarının nəticələrinə görə), boyu 148 sm-dən 160 smdək (daxil olmaqla) olanlarda bədən çəkisi 45 kq və daha çox olan və boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütləsi 17,5 və yuxarı olduqda şəhadətləndirilmə “d” bəndi üzrə keçirilir, boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olan vətəndaşlarda bədən çəkisi 45 kq-dan az və boyu 161 sm-dən yuxarı olanlarda bədən kütləsi indeksi 17,5-dən aşağı olduqda şəhadətləndirilmə bu maddənin “c” bəndi üzrə keçirilir. Qidalanma çatışmazlığına səbəb olan xəstəliklər aşkar olunduqda, vətəndaşlar “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər. Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən kütləsi indeksindən BKI istifadə olunur: bədən çəkisi (kq) BKI= ----------------------------boy ölçüsünün (m) kvadratı Bədən çəkisinin indeksi (BÇI) 18–25 yaşlı şəxslər üçün normada - 19,5–22,9; zəif qidalanmada - 19,4 və aşağı; yüksək qidalanmada - 23,0–27,4; İ dərəcəli piylənmədə - 27,5–29,9; II dərəcəli piylənmədə - 30,0–34,9; III dərəcəli piylənmədə - 35,0 və daha çox. BKI 26–45 yaşlı şəxslər üçün normada - 20,0–25,9; zəif qidalanmada - 19,9 və aşağı; yüksək qidalanmada - 26,0–27,9; İ dərəcəli piylənmədə - 28,0–30,9; II dərəcəli piylənmədə - 31,0–35,9; III dərəcəli piylənmədə - 36,0 və daha çox ilə yanaşı ağırlaşmalar (qlükozaya qarşı tolerantlığın pozulması, dislipidemiya, hipertoniya, bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm) olduqda. 18 yaşa çatmamış şəxslərin şəhadətləndirilmə zamanı qidalanma vəziyyətini qiymətləndirmək üçün Azərbaycan Respublikasında qəbul edilmiş uşaqların və yeniyetmələrin fiziki inkişaf standartlarından istifadə olunur. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPMin 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.2. Müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən cavabdehin mövcud vəziyyətə hər hansı qərar qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etmək vasitəsilə müdaxilə etməmək öhdəliyi təsbit olunur. Müəyyən hərəkətlərə dözmək dedikdə isə cavabdehin hətta qanunsuz hesab etdiyi halda belə, mövcud faktiki və ya hüquqi vəziyyətə dözməli olduğu başa düşülür. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, “barəsində qəbul edilmiş 2026-cı il # ### tarixli “hərbi xidmətə yararlı” haqqında tibbi rəyin nəticəsinə uyğun olaraq qəbul edilmiş cavabdeh orqanın çağırış komissiyasının hərbi xidmətə yararlı hesab edilməsi barədə # ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi barədə iddia tələbi irəli sürülmüşdür, hazırda məhkəmənin icraatındadır. Indiki halda iddiaçının hüquqi marağı məhz əsas inzibati iş üzrə sözügedən inzibati aktın icrasının dayandırılmasına nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə müvafiq ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş ürə ərizənin mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya ərizənin əsaslılığı ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbi və formalaşdırılmış vahd məhkəmə təcrübəsinin tələbləri baxımından hazırki inzibati iş üzrə ərizənin əsaslılığının müəyyən edilməsi üçün iki şərtin birgə olması- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması halının mövcud olub-olmaması istiqamətinə dəyərləndirmə aparılmalıdır. Kollegiya həmin şərtlərin ödənilib-ödənilməməsi üzrə aparılmış dəyərləndirmə ilə bağlı onu qeyd edir ki, hazırki halda ərizəçi ərizənin əsası kimi sağlamlıq vəziyyətinin hərbi xidmətə çağırılmasına imkan vermədiyini, bu vəziyyətdə onun hərbi xidmətə göndərilməsi halının sağlamlıq vəziyyətinin qorunmasına ciddi zərər vurulması riskini yaratması, sağlamlığının qorunmasına ehtiyacının olması, habelə işə mahiyyəti üzrə baxıldığı dövrdə onun hərbi xidmətə göndərilməsi ehtimalı olduğundan, bu hal iddia tələbi təmin edildiyi halda məhkəmə qərarının icrasını mümkünsüz edəcəyi hallarına istinad etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan qərarın məzmununda xəstəliyin mətni kimi “Endokrin sisteminin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsinin pozulmaları:-d)zəif qidalanma,II dərəcəli alimentar piylənmə”, “Eutriod zob:c)hərbi geyim formasını çətinləşdirməyən”, əsas kimi maddə 12 və 13, xəstəlik cədvəlinin qrafa bölməsindı İ qrafa, yararlılıq kateqoriyası bölməsində A-3, məhdudiyyət dərəcəsi 3-cü dərəcə qeyd edilmiş, habelə əsas olan həkim rəyinin məzmununda “boy 168 sm, bədən çəkisi 85 kq, BKI-30,1 D-z,”II dərəcəli piylənmə,Maddə 13,bənd d, kateqoriya A-3 uyğun olduğu” əks olunmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində əvvəlki yoxlama dövründə qoyulmuş diaqnozlar “Qan və qan yaradıcı orqanların xəstəlikləri,immunçatışmazlığı halları:ç)qanın qeyri-sistem xəstəliklərindən sonrakı müvəqqəti funksional pozulmalar (Maddə 11Ç)”, “Yastıayaqlılıq və ayağın digər deformasiyaları:-ç)funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda (Maddə 61Ç)”, “Endokrin sistemin digər xəstəlikləri,qidalanma və maddələr mübadiləsi pozulmaları: -e) İ dərəcəli alimentar piylənmə (Maddə 13E)”, “Dəmir defisitli anemiya (Maddə 11)”, “Qeyri-toksik çox duyunlu (Maddə 12)” ibarət olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2026-cı il təvəllüdlü olmaqla, cavabdeh tərəfindən iddiaçı barəsində hərbi xidmətə çağırış vərəqəsi göndərilmiş, ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola düşmək üçün müvafiq şöbəyə gəlməsi tələb edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasında endokrin xəstəliklərlə bağlı hansı əlamətlərin mövcudluğu halının məhz hərbi xidmətə yararsız hesab edilməsi üçün əsas olması halı aşkar şəkildə qeyd edilmişdir. Kollegiya hesab edir ki, hazırki təminat tədbirinin tətbiq edilməsi üçün ərizəçinin sağlamlıq vəziyyətinin qorunması üçün təxirəsalınmaz dərəcədə müdafiəyə ehtiyacının olması, habelə sağlamlığının təhlükə altında olması halının real olması aşkar görünməlidir. Bu hal isə ilkin sübutlar (tibbi sənədlər, iddiaçının müalicə və müayinəsinə aid sənədlər və s.) əsasında məhz müvafiq Əsasnamənin “Xəstəliklər cədvəli” bölməsində və ona dair normaların dispozitiv şərtində əks olunmuş meyarlar əsasında yoxlanılma aparılmaqla, müəyyən edilə bilər. Həmçinin, kollegiya qeyd edir ki, hazırki halda iddiaçı onun sağlamlıq vəziyyətinin məhz həmin Xəstəliklər cədvəlində əks olunmuş əlamətlər səviyyəsində olduğunu bildirirsə, bu halları sübut etmək öhdəliyi daşıyır. Başqa sözlə desək, hazırki halda ərizənin əsaslılığı baxımından ilkin sübutları təqdim etmək öhdəliyi məhz ərizəçinin üzərinə düşür. Buna baxmayaraq, ərizəçi tərəfindən onun həmin xəstəliklə bağlı tibbi müayinələrinin nəticələri, mütəmadi olaraq xəstəliyə görə müalicə alması ilə bağlı tibbi sənədlər və ya hazırki mərhələdə məhz həmin xəstəliyin ixtisaslaşmış həkim tərəfindən müayinə edilərək, müayinə olunmasının nəticələrinə dair həkim rəyini (USM nəticələri, TSH hormonlarına aid analiz nəticələri və s.) məhkəməyə təqdim etməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, ərizəçi tərəfindən yalnız ümumi qan analizinin nəticəsinə aid sənəd təqdim etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin sənəd mahiyyət etibarilə qanın ümumi analiz nəticələrini ehtiva etməklə, ərizəçinin hərbi xidmətə göndərilməməsi əsası kimi qeyd edilmiş xəstəliyin əlamətlərinin mövcudluğunu müəyyən etməməklə, həmin hala dair tibbi sənəd kimi çıxış etmədiyindən, ərizənin əsaslılığını müəyyən edən sübut kimi çıxış etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, ərizəçinin hərbi xidmətə göndərilməsi halını istisna edən müvafiq xəstəliklər cədvəlində əks olunmuş xəstəlik əlamətlərinin mövcudluğunun hazırki mərhələdə ilkin sübutlar əsasında müəyyən edilməsi mümkün olmadığından, bu hal isə onun sağlamlıq vəziyyətinin qorunmasına ehtiyacının olması, bunun üçün real təhlükənin olması halının mövcud olduğunu deməyə əsas vermir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları hazırki təminat tədbriinin görürlməsi üçün tələb olunan hər iki şərtin-ilkin təcili tənzimlənmə (təililik şərti) və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin ödənilməməsinin əsası kimi çıxış etməklə, ərizənin əsaslılığını müəyyən etməyə imkan vermir. Başqa sözlə desək, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından (hərbi xidmətə yararsız hesab edilmə üçün hansı xəstəlik əlamətlərinin mövcud olması qanunla birbaşa və dəqiq müəyyən edilməsi, həmin əlamətlərinin ərizəçidə mövcudluğuna dair ilkin sübutların təqdim edilməməsi, bu halların sağlamlıq vəziyyəti üçün real təhlükənin mövcudluğunu müəyyən etməyə imkan verməməsi və s.) ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin (təcililik şərtinin) zəruri olması və iddianın böyük ehtimalla uğurlu olmasının əsasları müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki ərizənin əsaslılığının yoxlanılmasına dair qanunvericilik normasının və məhkəmə təcrübəsinin tələbləri baxımından müəyyən edilmiş şərtlər üzrə (təcililik elementi, ilkin tənzimlənmənin zəruriliyi, iddianın böyük ehtimalla uğurlu olması) dəyərləndirmə aparıldıqda ərizəçi barəsində müvafiq müvəqqəti müdafiə tədbirinin görülməsinin qanunla müəyyən edilmiş əsasları müəyyən edilmədiyindən, ərizə əsassız olmaqla, təmin edilməməlidir. Bundan əlavə, kollegiya qeyd edir ki, ərizəçi şikayətin məzmununda “çoxsaylı Ç kateqoriyalı tibbi rəylərin mövcud olması, tibbi sənədlər arasında ziddiyyət olması, hərbi xidmətə göndərilmənin real təhlükə olması, sağlamlığına ciddi zərər vurulması riski olması, gələcək məhkəmə qərarının effektivliyinin itirilməsi ehtimalının olması” kimi dəlillərə istinad etsə də, həmin hallara dair heç bir sübut (tibbi sənədlər və s.) məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı ilkin sübutlar əsasında həmin halların mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin şikayəti “ümumi sözlər” şəklində əsaslandırdığından, formal xarakter daşımaqla, əsassız olmuşdur Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında apellyasiya şikayətinin dəlilləri təkzib təkzib etdiyindən, şikayət əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə ərizənin əsaslılığına oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından ətraflı dəyərləndimə aparılmaqla, qeyd edildiyindən, həmin halların təkrarən qeyd edilməsi zərurərti mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.