Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-40/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın icrasının dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ##.##.2026-cı il tarixli “Diaqnoz əillik əlaməti təyin etməməsi” əsası ilə Ərizəçi barəsində qəbul edilmiş qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ##.##.1970-ci ildə Naxçıvan MR, Ordubad rayonu, Gənzə kəndində anadan olmuşdur. Ona ##.##.2012-ci ildə müddətsiz olaraq ikinci dərəcəli əlil olaraq əlillik təyin olunmuş, diaqnoz olaraq postravmatik serebral araxnoidit, kəllə-daxili təzyiq, Qabarıq ANS.OU-angiopatiya qoyulmuşdur. Ərizəçiyə təyin olunmuş əlillik dərəcəsinə uyğun olaraq uzun illər pensiya almışdır. Ona heç bir xəbərdarlıq edilmədən əlilliyi ləğv olunmuşdur. Əlilliyinin ləğv olunması barədə məlumatı pensiya ödənişinin ödənilməməsinin səbəbi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən zaman əldə etmişdir. Ərizəçi 2012-ci ildən etibarən əlillik üzrə pensiya almış, lakin hazırda ona təyin olunmuş əlillik qanunsuz olaraq ləğv olunmuşdur. Ərizəçinin xəstəlikləri xroniki xarakter daşıyır və ona görə də, müalicə olunmaqla bərpası mümkün deyildir, buna görə də, müddətsiz əllilik təyin olunmuşdur. Hazırda ərizəçi həmin xəstəliklərə görə müalicə olunur, xəstəlik sənədləri vardır. Buna baxmayaraq, inzibati orqan qanuni araşdırma aparmır, əllilik vəziyyətini düzgün yoxlamır. Halbuki, inzibati orqan tam və hərtərəfli araşdırma aparmalı, “Əlilliyin müəyən olunması meyarlarına” əsasən, ona təyin olunmuş diaqnozun həmin meyarlara uyğun olub-olmaması araşdırılmalıdır. Həmin meyarlarda ona təyin olunmuş diaqnoza əsasən əlillik dərəcəsi mütləq təyin olunmalıdır. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət emtişdir. Bununla belə qeyd edir ki, əlilliyinin ləğv edilməsi və pensiya ödənişinin dayandırılması nəticəsində maddi vəziyyəti xeyli dərəcədə pisləşmişdir. Belə ki, adına olan ##.##.2023-cü il tarixli kredit müqaviləsi əsasında əldə etdiyi kreditin aylıq ödənişlərinin edilməsində, əlilliyinin verilməsinə əsas olmuş xəstəliyi ilə bağlı və eyni zamanda illərdi davam edən şəkərli diabet xəstəliyi ilə bağlı gündəlik qəbul etməli olduğu dərmanların alınmasında maddi çətinlikləri yaranmışdır. Eyni zamanda, qızının nikahının pozulması və iki övladı ilə ərizəçinin himayəsində yaşaması da sosial vəziyyətində ağırlaşmalara səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək ##.##.2026-cı il tarixli “Diaqnoz əillik əlaməti təyin etməməsi” əsası ilə qəbul edilmiş qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Cavabdeh ərizəyə etirazı onunla əsaslandırmışdır ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, 28 (iyirmi səkkiz) nəfərin ünvanına ##.##.2026-cı il tarixınə əyani müayinəyə çağırılmaları haqqında sifarişlixəbərnaməli məktublar göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşlardan 21 (iyirmi bir) nəfərinin əyani müayinəsini həyata keçirmiş, tibbi-ekspert sənədlərini araşdırmış, 6 (altı) nəfər əyani müayinəyə gəlmədiyindən tibbiekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış, daha öncəki tarixdə komissiyaya dəvət olunmuş, lakin ##.##.2026-cı il tarixində iştirak etmiş və müayinə olunmuş 1 (bir) nəfər vətəndaş da daxil olmaqla, ümumilikdə 28 (iyirmi səkkiz) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir: Ərizəçi, dəvət tarixi: ##.##.2026, bildirişin nömrəsi: 3-17-4/2-M-4576/2026, iştirak tarixi: iştirak etmədi, əlillik səbəbi: ümumi xəstəlik, Müayinə tarixi (Təyinat tarixi): ##.##.2011 Əlillik dərəcəsi (OFP faizi) və müddəti: ikinci dərəcə müddətsiz Göndərişdə qeyd edilən diaqnoz: Postravmatik serebral araxnoidit, kəllə-daxili təzyiq. Qabarıq Astenonevrotik sindrom. OU-angiopatiya. - Şikayətləri: - Sənəd sayı: - Həkim mütəxəssisin müayinəsi: - DTSERA-da aparılmış laborator və instrumental müayinələrin adları (nəticələr əlavədə): - Əlavə müayinə üçün göndəriş: - Əlavə müayinə nəticələrinin təqdim edilmə tarixi: - Əlavə müayinə diaqnozu: - Qərarın əsaslandırılması: Mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmə nəticəsində xəstəliyin əlillik təyinatına əsas verən 2 / 10 ağırlaşmaları aşkar edilməmişdir. ##.##.2026-cı il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Bununla bağlı ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ərizəçi barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın icrası dayandırılmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinə dair qəbul olunmuş qərardad ilə məhkəmə əsas iş üzrə iddianın təmin olunmasına bərabər qərar qəbul etmiş, əsas iş üzrə iş yekunlaşmamış iddianı mahiyyəti üzrə həll etmişdir. Mahiyyət etibarilə vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması ilə bağlı analoji işlər üzrə qəbul olunmuş məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra dərhal icra edilir. Məhkəmə əlillik vətiyyətinin müəyyən olunmasında saxtalıq riskinin yüksək olduğu halını və iddianın uğurluluq payını nəzərə almadan iddiaçının işi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə ərizəni təmin etmişdir. Iddiaçının əlilliyinin ləğv edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq ərizəni təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt Inzibati Məhkəməsinin qərardadı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mübahisə predmeti olan ##.##.2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərardan görünür ki, həmin qərarla ərizəçinin əlilliyi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə dayandırılmışdır. Həmin qərarın icrası nəticəsində isə təyin edilmiş pensiya dayandırılır. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiyanın tam dayandırılması, ilk növbədə, iddiaçının sosial vəziyyətinə və sosial təminat hüquqlarının reallaşdırılmasına mənfi təsir göstərə bilər. Başqa sözlə, iddiaçının pensiyasını almaq hüququnun realizə edilməsinin məhdudlaşdırılması onun sosial təminat qaydasında maddi təminat səviyyəsinə birbaşa təsir edir. Bu baxımdan, ərizəçi barəsində qəbul edilmiş inzibati aktın icrası nəticəsində mövcud faktiki və hüquqi vəziyyətin qısa müddət ərzində dəyişəcəyi, həmin dəyişiklik baş verdiyi təqdirdə isə ərizəçinin maddi vəziyyətinin, hüquqi statusunun və iddia predmeti olan hüquqlarının sonradan qorunmasının, bərpa edilməsinin və ya əvvəlki vəziyyətə qaytarılmasının faktiki olaraq mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi real və yüksək ehtimallı təhlükənin mövcudluğu nəzərə alınmalıdır. Habelə, inzibati mübahisə üzrə iş həll olunmamışdan əvvəl inzibati aktın icrasının davam etdirilməsinin ərizəçi üçün ağır və geri dönməz hüquqi nəticələr doğuracağı aydın göründüyündən, bütün bu hallar öz məcmusunda müvəqqəti xarakterli müdafiə tədbirlərinə dair müraciətin təcililik meyarı baxımından qiymətləndirilməsini və həmin tədbirin tətbiqinin zəruriliyinin müəyyən edilməsini şərtləndirir. Bir sözlə, bu faktlar onu göstərir ki, müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilmədiyi halda, mövcud vəziyyətin dəyişməsi real və qaçılmazdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə təcililik şərti mövcuddur və ilkin tənzimləmə zəruridir. Kollegiya onu da qeyd edir ki, plenumun izahına əsasən, təcililik müəyyən edildikdən sonra məhkəmə iddianın böyük ehtimalla uğurlu olub-olmamasını qiymətləndirməlidir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.” Qanunvericiliyə görə ilkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir və s. 0# ####### 2023-cü il tarixli ** nömrəli Plenum qərarına görə ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır (12.3-cü bənd). Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır (12.4-cü bənd). Plenum qərarının qeyd edilən bəndlərinin məzmunundan göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə baxılarkən məhkəmə ərizəçi tərəfindən təqdim olunan ilkin sübutlar əsasında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının müdafiəsinin mümkünsüz və ya xeyli dərəcədə çətin olacağı ehtimalının yüksək olub-olmadığını, həmin təhlükənin konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılıb əsaslandırılmadığını qiymətləndirməlidir. Iddiaçının mövcud tələbinə dair iddiası hazırda Sumqayıt Inzibati Məhkəməsinin icraatındadır. Iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Bu baxımdan, kollegiya qeyd edir ki, işdə olan ilkin sübutlardan iddianın uğurluluq ehtimalı aydın deyildir. Belə olan təqdirdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin araşdırmanın aparılmasına baxmayaraq iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra nəticəyə gəlinərək qərardad qəbul edilə bilər. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqlarının nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərə, eləcə də cəmiyyətin maraqlarına vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. Iş üzrə ziddiyyətli maraqların mövcudluğuna münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan ##.##.2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarla iddiaçının əlilliyinin ##.##.2026-cı il tarixdən dayandırılması qərara alınmışdır. Ərizəçi isə həmin qərarın qanuniliyini mübahisələndirərək onun icrasının dayandırılmasını tələb edir. Işin mübahisəsiz hallarından görünür ki, iddiaçı II dərəcəli əlil olmaqla, müvafiq əsasla ona ödənilən aylıq pensiya ödənişinin dayandırılması özlüyündə ilk növbədə iddiaçının sosial vəziyyətinə və təminat hüquqlarının reallaşdırılmasına mənfi təsir göstərə bilər. Başqa sözlə, iddiaçınan pensiyasını almaq hüququnun realizəsinin dayandırılması özlüyündə ilk növbədə onun sosial təminat qaydasında maddi təminat səviyyəsinə birbaşa təsir edir. Bu hal isə ziddiyyətli maraqların qiymətləndirilməsi nöqteyinəzərindən qeyd edilən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmək qabiliyyəti olmayan ərizəçiyə 2012-ci ildən etibarən fasiləsiz olaraq ödənilən ödənişlərin cavabdeh tərəfindən dayandırılması ərizəçinin yeganə və ya əsas gəlir mənbəyinin itirilməsi ilə nəticələnə, onun və ailə üzvlərinin sosial təminat səviyyəsinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb ola, habelə əlilliyi olan şəxs kimi qanunvericiliklə təmin edilmiş hüquqlarından tam və səmərəli istifadə imkanlarını məhdudlaşdıra bilər. Belə vəziyyət isə mübahisə mahiyyəti üzrə həll edilənədək ərizəçi üçün sonradan aradan qaldırılması çətin və ya mümkün olmayan mənfi nəticələrin yaranmasına real təhlükə yaradır. Bütün qeyd olunan hallar birgə qiymətləndirildikdə, kollegiya belə qənaətə gəlir ki, hazırkı iş üzrə mövcud vəziyyətin dəyişməsi real və yüksək ehtimallıdır və bu dəyişiklik baş verdiyi halda ərizəçinin hüquqlarının effektiv şəkildə qorunması mümkün olmayacaqdır. Bu səbəbdən də məhkəmə ilkin təcili tənzimləmənin tətbiqini zəruri hesab edir və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini ərizəçinin hüquqlarının təmin olunması baxımından adekvat və mütənasib hesab edir. Beləliklə, kollegiya ərizəçi tərəfindən qərarın icrasının dayandırılmasına dair ilkin sübutlar təqdim edildiyini və iddianın uğurluluq ehtimalının aydın olması müəyyən edilməsə də, ziddiyyətli maraqların qiymətləndirilməsi nəticəsində ərizəçinin minimal yaşayış təminatı hüququnun qorunmasını üstün tutularaq (təcililik elementinin mövcudluğu nəzərə alınmaqla), aradan qaldırılması mümkün olmayan hüquqi nəticələrin qarşısını almaq üçün ##.##.2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının icrasının dayandırılması şəklində ilkin tənzimləməni zəruri hesab edir. Göründüyü kimi birinci instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi qərara münasibətdə təcili tənzimləmə metodu kimi həmin qərarın icrasının dayandırılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas mövcud olmamışdır. Işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. IPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40, 41, 58, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-40/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-40/2026
02.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver