Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-41/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə qarşı “həqiqi hərbi xidmətə çağırılmasına qadağa qoyulması” barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə qarşı iddia tələbi üzrə işə baxılıb yekun məhkəmə aktı qəbul olunana qədər müvəqqəti müdafiə tədbiri olaraq onun hərbi xidmətə çağırılmağına yönələn hərəkətlərin dayandırılmasının üçünccü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Idarəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (iddiaçı) məhkəməyə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş Idarəsinin onun hərbi xidmətə çağırılmağı barədə qərarının ləğv edilməsinə və cavabdehin üzərinə ona möhlət hüququ verilməsi barədə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə son məhkəmə qərarı qəbul edilənə qədər cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çaqırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinə onun həqiqi hərbi xidmətə çağırışa cəlb edilməyinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2023-cü ildə Ukrayna Respublikası Xarkov Milli Daxili Işlər Universitetinin əyani şöbəsinin hüquq fakültəsinə qəbul olmuşdur. Təhsil müddəti 4 il olmaqla 2027-ci il tarixə qədər nəzərdə tutulmuşdur. Ukraynada baş verən məlum hadisələrlə əlaqədar (müharibə vəziyyətinin elan edilməsi) olaraq həmin Universitetdə təhsil bütün tələbələr üçün (hətta öz vətəndaşları üçün) onlayn qaydada keçirilir. 2023-2025-ci illərdə hər il universitetin əyani şöbəsində təhsil almağı barədə arayışları Azərbaycan Respublikası SHXÇ Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinə təqdim etmiş və bunun əsasında hər il əyani təhsillə əlaqədar ərizəçiyə möhlət verilməsi barədə qərar qəbul edilmişdir. 2025-ci ilin oktyabr ayında növbəti dəfə Baş Idarəyə arayış təqdim etmişdir. 2026-cı ilin may ayında Sumqayıt şəhər Prokurorluğundan ərizəçiyə məlumat verilmişdir ki, Baş Idarə ərizəçinin sənədlərini 2026cı ilin aprel çağırışından yayınan şəxs kimi Prokurorluğa göndərmişdir. Prokurorluq bildirir ki, Baş Idarə bunu universitetdə təhsili barədə arayışı qəbul edilməməsi və möhlət hüququ verilməməsi ilə əsaslandırır. Ərizəçi bundan narazı olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etmiş, eyni zamanda, Baş Idarəyə onun həqiqi xidmətə çağırılmağı barədə qəbul edilmiş qərarın surətinin verilməsi barədə rəsmi ərizə ilə müraciət etmişdir. Hələ ərizəçinin ərizələrinə cavab verilmədiyinə və tələb etdiyi qərar rəsmi olaraq ona təqdim edilmədiyinə görə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilmir. Lakin Baş idarə və Sumqayıt şəhər prokurorluğu tərəfindən ərizəçinin əyani təhsil almağına baxmayaraq təhdidlə həqiqi hərbi xidmətə getməyə məcbur edilməyi təhlükəsi əsasında hazırki ərizə ilə məhkəməyə müraciət edir, cavabdeh Baş Idarəyə onun hərbi xidmətə çağırışa cəlb edilməsi qadağan edilməlidir. Belə ki, ərizəçinin məhkəmədə qaldıracağı iddia kifayət qədər uğurlu iddiadır və təcili tənzimləmə baş verməsə, bu onun hüquqlarının pozulması və təhsildən məhrum edilməyi ilə nəticələnəcəkdir. Qeyd edir ki, onun əyani formada təhsil almağı təqdim etdiyi sənədlərdən tam təsdiq edilir. Bu təhsilin təhsil aldığı ölkədə yaranmış müharibə vəziyyətinin elan edilməsi barədə X2 ilə əlaqədar onlayn qaydada aparılması özü-özlüyündə təhsilalma formasının dəyişilməsi anlamına gəlmir və cavabdehin bunu nəzərə almayaraq möhlət hüququ verməyərək həqiqi hərbi xidmətə cəlb etməsi qanunsuz olmuşdur. Hansı ki, 1-ci kursdan ərizəçi əyani formada distant təhsil almağı barədə Baş Idarəyə təqdim etdiyi arayışlara əsasən, Baş Idarə hər il ona əyani təhsil almağı səbəbi ilə hərbi xidmətdən möhlət vermişdir. Indi isə eyni əsaslar mövcud olduğu halda, Baş Idarənin bu arayışları nəzərə almadan ona möhlət verməkdən imtina edərək hərbi xidmətə cəlb etməkdə haqlı olmamışdır. Belə ki, ərizəçi əyani formada təhsil aldığından, bu müddətdə dərslərin distant (masafədən) tədris olunması təhsilalma formasının dəyişilməsinə səbəb olmadığından, çağırışa möhlət hüququnu itirmiş şəxs hesab edilə və həqiqi hərbi xidmətə cəlb edilə bilməzdi. Bu hallar təsdiq edir ki, qaldıracağı iddia uğurlu iddia olacaq və bu zaman müvəqqəti xarakterli tədbirin (həqiqi hərbi xidmətə çağırışa cəlb edilmənin qadağan edilməsi) tətbiq edilməsi zəruridir, çünki bu vəziyyətdə onun həqiqi xidmətə cəlb edilməyi, təhsili hələ də davam etdiyindən (3-cü kurs tələbəsidir), vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı baxımından məqsədəuyğun deyildir. Ona görə də, belə hesab edir ki, ərizə təmin edilməli və cavabdeh Baş Idarəyə onun həqiqi hərbi xidmətə cəlb edilməyi iş məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər Baş Idarəyə qadağan edilməlidir. Birinci instansiya məhkəməsində icraat Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbirdir. Ərizəyə əsasən, əsas tələb üzrə gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələr müəyyən edilmir. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əyani şöbənin 3-cü kursunda təhsil alır və bundan əvvəlki iki kursda cavabdeh Baş Idarə məhz bu barədə arayışını əsas gətirərək ona möhlət hüququ verilməsi barədə qərar qəbul etmişdir. 2025-ci ildə eyni məzmunlu arayışı Baş Idarəyə təqdim etməsinə baxmayaraq, bu dəfə cavabdeh möhlət hüququ verməmiş və onun hərbi xidmətə getməyi qərarlaşdırmışdır.Əgər onun müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməzsə, cavabdeh onu cinayət işi qaldırmaq hədəsi ilə hərbi xidmətə aparacaq və hüquqları pozulmaqla bərabər, təhsili də yarımçıq qalaraq bütün 3 illik zəhməti və təhsili məhv olacaqdır. Əgər bu tədbir barədə qərar qəbul edilməsəyəcəksə və Baş Idarə onu hərbi xidmətə göndərəcəksə, artıq iddia təmin ediləcəyi təqdirdə də hüquqları bərpa edilə bilməyəcək,oxuduğu universitetdəki təhsildən və diplomdan məhrum olacaq, hətta iddiası təmin edilsə də belə, o artıq hərbi xidmətdə olacağı təqdirdə bu qərarın hər hansı bir hüquqi əhəmiyyəti qalmayacaqdır. Müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilməyəcəyi təqdirdə qarşısı alınmaz və bərpa edilməz nəticələr baş verəcəyi halda, məhkəmənin bu nəticəyə gəlməsi və tədbirə dair qərardada ehtiyac olmaması barədə qəbul etdiyi qərardad tam qanunsuzdur. Belə ki, o ərizədə göstərmiş və nümayəndələri vasitəsilə məhkəmədə bildirilmişdir ki, qaldırdığı iddia uğurlu iddiadır və bu zaman müvəqqəti xarakterli tədbirin həqiqi xidmətə çağırışa cəlb edilmənin qadağan edilməsi tətbiq edilməsi zəruridir. Çünki bu vəziyyətdə onun həqiqi xidmətə cəlb edilməsi, təhsili hələ də davam etdiyindən (3-cü kurs tələbəsi) vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasınının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı baxımından məqsədəuyğun deyildir. Ona görə də göstərmişdir ki,ərizəsi təmin edilməli və onun həqiqi hərbi xidmətə cəlb edilməsi iş məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər cavabdeh Baş Idarəyə qadağan edilməlidir. Ərizədən də tam aydın görünür ki, o, təcili tənzimləmə tədbirlərinin görülməsinin zəruriliyini, əks təqdirdə vəziyyətin bərpa edilməz şəkildə dəyişəcəyini və təhslinin pozulacağını kifayət qədər əsaslandırmış və bu təhlükədən qorunmaqda haqlıdır. Çünki cavabdeh Qanunun tələblərinə məhəl qoymayaraq onu cinayət işi qaldırılması təhdidi ilə hərbi xidmətə zorla yola salmaq istəyir və məhkəmədə iddiası baxılıb son qərar qəbul edilənə qədər cavabdehə bu hərəkətlər qadağan edilməlidir ki, iddiası təmin ediləcəyi təqdirdə bu qərarın hər hansı bir hüquqi əhəmiyyəti və qüvvəsi olsun. Əgər baş Idarə onu məcbur hərbi Xidmətə göndərəcəksə,onda onun məhkəmədə qaldırdığı iddianın hüquqi taleyi və nəticəsi kimə lazım olacaq ki? Məhkəmənin bir dəlili də odur ki, iddiasının uğurluluq məsələsi azdır və bu iddianın araşdırmaya ehtiyacı vardır. Məhkəmənin gəldiyi bu nəticə də qanunsuzdur. Çünki, əvvəla, hər hansı bir iddia, uğurlu və ya uğursuz olmasından aslılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalıdır və bu zaman araşdırma zərurəti ilə iddianı uğursuz və ya az uğurlu hesab etmək barədə məhkəmənin gətirdiyi dəlil tam qanunsuzdur. Bundan əlavə, elə ərizədən və ərizəyə əlavə etdiyi sənədlərdən iddianın uğurlu olacağı tam təsdiq edilir. Belə ki, sənədlərdən də görünür ki, cavabdeh iki dəfə təqdim etdiyi arayış əsasında onu əyani şöbənin tələbəsi olduğu üçün 2023 və 2024-cü illər üçün hərbi xidmətdən möhlət hüququ verən qərar qəbul etmişdir. Hazırda isə cavabdeh həmin qərarların qəbul edilməsinə əsas olmuş Qanunun tələblərini pozaraq, onu əyani şöbənin tələbəsi ola-ola qanunsuz hərbi xidmətə cəlb etmək istəyir. Burdan da aydındır ki, məhkəmə araşdırması nəticəsində cavabdehin bu hərəkətləri qanunsuz hesab ediləcək və onun bu hüququ olduğu üçün möhlət hüququ verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulacaq. Çünki bütün dövlət orqanları kimi cavabdeh Baş Idarə də Azərbaucan qanunlarına tabedir,həmin qanunda isə göstərilib ki,universitetlərin əyani şöbəsində təhsil alan şəxslər çağırışdan möhlət hüququna malikdirlər və Baş Idarənin bu qanunun bu tələbini pozmağa ixtiyarı yoxdur. Ona görə də məhkəmənin onun iddiasının uğurluluq dərəcəsinin zəif olması bəhanəsi ilə ərizəni təmin etməkdən imtina etməsi qanunsuz olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarı 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olub-olmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş Idarəsinin onun hərbi xidmətə çağırılmağı barədə qərarının ləğv edilməsinə və cavabdehin üzərinə ona möhlət hüququ verilməsi barədə öhdəlik qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda həmin tələb üzrə inzibati iş məhkəmənin icraatındadır. Bundan sonra ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə son məhkəmə qərarı qəbul edilənə qədər cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çaqırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinə onun həqiqi hərbi xidmətə çağırışa cəlb edilməyinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə müvafiq ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: -mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; -ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. IPM-nin müddəalarına əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. (40.1) Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. Həmçinin, həmin Qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Həmin Qərarın 11.4 və 11.5-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır Qərarın 12.3-cü bəndinə görə ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4-cü bəndinə görə belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Qərarın 12.5-cü bəndinə görə hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Göründüyü kimi, qeyd edilən institutun mövcudluğu ilk növbədə iddiaçı tərəfindən müvafiq inzibati aktı mübahisələndirdiyi halda, həmin mübahisələndirdiyi inzibati aktın icrası ilə bağlı onun fəaliyyətinə müdaxiləyə, habelə onun üçün müəyyən neqativ nəticələrə səbəb ola bilən təsirlərdən müvəqqəti olaraq məhkəmə icraatının yekunlaşdığı dövrədək müdafiə olunmaq imkanın tanınmasına, bununla da hüquqların və qanunla qorunan mənafelərin bərpası mümkün olmayan və ya xeyri dərəcədə çətin olan zərərlərdən qorunmasına imkan yaradır. Həmçinin, Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olubolmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşmədiyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əsas inzibati iş üzrə işin halları baxımından iddianın uğurluluq ehtimalı ilə bağlı hissədə birinci instansiya məhkəməsi tərəfindən ərizənin əsaslılığı və cavabdehin istinad etdiyi hallar düzgün dəyərləndirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 18. Çağırışa möhlət verilməsi 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: (...) 18.1.3. təhsili davam etdirmək üçün; (...) Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: (...) 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin normanın “Qeyd” hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda mübahisələndirilən qərarla bağlı tərəflər arasında məhkəmə mübahisəsi davam etdiyindən, habelə mübahisənin aqibətini və gələcəkdə hansı qərarın, yəni işin bu və ya digər tərəfin xeyrinə həll olunacağını müəyyənləşdirmək qeyrimümkün hesab olunur. Ərizəçinin ərizəsində hərbi xidmətə göndərilməsinin dayandırılması tələbi əsas iş üzrə iddianın qabaqlaması anlamına gəlir. Təqdim edilmiş sübutlar ərizədə göstərilən risklərin real, təxirəsalınmaz və gerigönməz olduğunu təsdiq etmir. Ərizəçinin hərbi xidmətə getdiyi halda hüquqlarının pozulacağı aydın deyildir. Məhkmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin həqiqətən də hazırda əyani təhsil alması və tədrisin onlayn formada keçirilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, ərizəçinin istinad etdiyi arayış ukrayna dilində olmaqla kserosurətdən ibarətdir ki, bu da həmin sənədin mötəbərliyinə ciddi şübhə yaradır. Işə baxan məhkəmə də ilkin araşdırma zamanı ərizəçi ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək və hazırda ərizəçinin aktiv çağırışçı olmadığını, bununla da müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması üçün zərurətin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müvəqqəti xarakterli təmin tədbiri barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-41/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-41/2026
02.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver