Məhkəmə qərarları › İş №15(3-8)-47/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-47/2026

14.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-47/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi üzrə (Açar sözlər:müddətli həqiqi hərbi xidmətə çağrılmanın cavabdehə qadağan edilməsi, ərizənin mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Ərizəçi “həqiqi hərbi xidmətə çağırılmasının qadağan edilməsi” növündə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Iddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı “hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması” tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı Ərizəçi hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona qarşı # #### 2026-cı il tarixli hərbi çağırışla bağlı və hər hansı tədbir görülməsi (çağırış, göndərişlərin verilməsi, tibbi müayinələrə cəlb edilməsi, çağırış vərəqinin imzalanması və s.) qadağa qoyulması, bu qadağa cavabdeh tərəfindən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli Qərarın tam və düzgün (qırmızı hərbi biletin təqdim edilməsi, biletdə C yararlıq kateqoriyası və 59 B və 61 B maddələrin qeyd edilməsi düzgün qeyd edilməsi) icra olunana qədər qüvvədə saxlanılması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçinin nümayəndəsi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Sumgayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ## ###### 2026-cı il tarixli Qərarı qanuni qüvvəyə 12 aprel tarixində minmişdir və onun icrası cavabdeh üçün məcburi xarakter daşıyır, lakin cavabdeh tərəfindən həmin Qərarı bu günə kimi icra edilməyib. Hələ 2017-ci ildə ayağlarında olan anadangəlmə ikitərəfli əyripəncəlik xəstəliyinə görə (nümunəvi əsgər çəkmələrini gəzdirə bilmədiyi üçün) və onurğasında 2-ci dərəcəli skolioz olduğu üçün 66b və 68b maddələri ilə C yararlıq kateqoriyasına aid edilmişdir. Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı. Bu C kateqoriyası Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ədalətli Qərarı ilə təkrar təyin edilmişdir. Cavabdeh isə ona qanunsuz A3 yararlıq kateqoriyası təyin etmişdi. Diqqətə çatdırılır ki, qanunvericilikdə C yararlıq kateqoriyasına aid olan çağırışçılar 3 (üç ildən bir) çağırılıb təkrar müayinələrdən keçirilir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının qanuni qüvvəyə minmiş Qərarına baxmayaraq, cavabdeh onu MyGov portalında # #### 2026-cı ilin çağırışçı kimi qeydiyyatda saxlayıb. Bu isə qanuna ziddir və onun həm tələbə kimi dövlət imtahanında iştirakına maneçilik törədir, təhsil hüququnu pozur, həm də hərbi xidmətə # #### 2026-cı il tarixində çağırmaqla məhkəmə qərarına hörmətsizlik edir. Qeyd edir ki, qanuni qüvvəyə minmiş ## ###### 2026-cı il tarixli Qərarın düzgün icra edilməsi cavabdeh tərəfindən ona qırmızı hərbi biletin verilməsindən ibarətdir, biletlə düzgün ona aid olan C yararlıq kateqoriyasının və ayaqlarında çoxalmış xəstəlikləri düzgün 61 maddənin B bəndi ilə, onurğasında isə çoxalmış xəstəliklərə görə 59 cu maddəsinin B bəndi qeyd edilməlidir. Cavabdeh isə Qərarın icra olunmasını gecikdirmək niyyətindədir. Ona görə, hazırki mərhələdə # #### 2026-cı il tarixində təkrar müayinəyə cəlb edilməsi və ya çağırış tədbirlərinə məruz qoyulmam qanunsuzdur və məhkəmə qərarının icrasından yayınma kimi qiymətləndirilməlidir. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı Ərizəçi həqiqi hərbi xidmətə çağırılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə Ərizəçi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X8 Hüquqi Şəxsinin yekun müayinə qərarının (rəyinin) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Abşeron rayon şöbəsinin qərarının qanuniliyi şübhə altına alınır. Iddiaçı iyul ayının 30-dək hərbi xidmətdə olmalıdır. Bu hal isə gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasında çətinliklər yaradacaqdır. Şəxsin hərbi xidmətə getməsi, gələcəkdə barəsində hərbi xidmətə yararsız olması barədə əsas iş üzrə qərar qəbul edilərsə, bu hal məhkəmə qərarının icrasında çətinliklər yaradacaqdır. Həmçinin belə olacağı təqdirdə şəxsə dövlətə qarşı əsaslı olaraq kompensasiya iddiasının qaldırılması üçün əsas olacaqdır. Bu da dövlət büdcəsindən ödəmələrin aparılmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Ərizəçi ##.##.2001-ci il təvəllüdlü olmaqla 25 yaşı vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinin tələbinə əsasən, şəxsin 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdır. Işə məhkəmədə baxıdığı müddətdə Ərizəçi səhhətinin vəziyyətinin hərbi xidmətə yararlı hesab edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edildikdən sonra onun hərbi xidmət keçməsi üçün yetərincə müddəti vardır, yəni müvəqqəti xatakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsi iddiaçının qanunla nəzərdə tutulan hərbi xidmətdə olmanın son yaş həddi 30 yaşına çatmaqla hərbi xidmətdən yayınmaya şərait yaradacaq hal mövcud deyildir.Həmçinin, o da qeyd olunmalıdır ki, əsas iddia üzrə icraatın başa çatmaması həmin tələbin uğurluluq ehtimalını azaltmır. Digər tərəfdən, hətta iddianın uğurluluq ehtimalının qeyrimüəyyən olduğu halda belə, yuxarıda qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçini ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir. Hazırki tələb üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi üçün IPM-in 43.1-cı maddəsində sadalanan əsaslar, yəni mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması və ya ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi əsasları mövcuddur. 32.Mövcud vəziyyətdə sağlamlığında aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadın əsaslandırılmasından görünür ki, ərizənin və tətbiq edilmiş tədbirin faktiki məqsədi davam edən məhkəmə araşdırması dövründə mübahisəli hüquqi vəziyyəti qorumaq deyil, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının icrasını təmin etmək olmuşdur. Məhkəmə də çağırışın məhz həmin qərarın icrasını çətinləşdirə biləcəyini əsas götürmüşdür. Məhkəmə aktlarının icrası və müvəqqəti xarakterli müdafiə tədbirləri fərqli hüquqi təyinata malik müstəqil prosessual institutlardır. Məhkəmə aktının icrası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin icraya dair müddəaları, “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” ## ###### 2021-ci il tarixli, ** nömrəli Qərarı ilə müəyyən edilmiş xüsusi vasitələrlə həyata keçirilməlidir. Müvəqqəti xarakterli müdafiə tədbiri məhkəmə aktının icrasına alternativ vasitə deyil. Bu institutun tətbiqi yolu ilə icra sənədinin verilməsi, icra üsulu və qaydasının müəyyən edilməsi, icraya məhkəmə nəzarəti və məhkəmə aktının icra edilməməsinin hüquqi nəticələri barədə xüsusi qaydalar kənarda saxlanıla bilməz. Birinci instansiya məhkəməsi hüquqi təyinatı və tətbiq qaydası fərqli olan iki institutu bir-biri ilə əvəz etmiş, müvəqqəti xarakterli müdafiə qərardadı vasitəsilə apellyasiya instansiyası məhkəməsinin qərarının icrasını təmin edən ayrıca hüquqi mexanizm yaratmışdır. Bu isə müvəqqəti xarakterli müdafiə institutunun qanunla müəyyən edilmiş hüdudlarından kənara çıxır. Iddiaçının ərizəsi 0# #### 2026-cı il tarixli konkret çağırışla əlaqələndirilsə də, qərardadın nəticə hissəsində qadağa həmin çağırışla məhdudlaşdırılmamışdır. Məhkəmə iddiaçının həqiqi hərbi xidmətə çağırılmasını ümumi və qeyd-şərtsiz şəkildə qadağan etmiş, qadağanın hansı tarixədək və ya hansı konkret hüquqi hadisəyədək qüvvədə qalacağını göstərməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı cavabdehin üzərinə iddiaçının müəyyən yararlılıq kateqoriyasına aid edilməsi barədə qərar qəbul etmək öhdəliyi qoyur. Mübahisələndirilən qərardad isə həmin hüquqi nəticəni təkrarlamaqla kifayətlənmir, iddiaçının hərbi xidmətə çağırılmasına dair ümumi və müddətsiz qadağa müəyyən edir. Başqa sözlə, qərardad əsas iş üzrə məhkəmə aktında nəzərdə tutulmayan daha geniş hüquqi nəticə yaradır. Qadağanın konkret çağırış tədbiri, kassasiya icraatının nəticəsi, yeni tibbi qiymətləndirmə və ya digər müəyyən hüquqi hadisə ilə məhdudlaşdırılmaması onu mahiyyət etibarilə müddətsiz tədbirə çevirir. Bu formada tətbiq edilmiş qadağa gələcəkdə faktiki və hüquqi halların dəyişməsindən asılı olmayaraq cavabdehin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini məhdudlaşdırır. Qərardadın əsaslandırma hissəsi ilə nəticə hissəsi arasında da uyğunluq yoxdur: məhkəmənin dəyərləndirməsi konkret 0# #### 2026-cı il tarixli çağırış və apellyasiya instansiyası məhkəməsinin qərarının icrası ilə bağlı olduğu halda, nəticə hissəsində bütün çağırış tədbirlərini əhatə edən ümumi qadağa müəyyən edilmişdir. Qərardadda belə geniş müdaxilənin zəruriliyi və daha məhdud tədbirin niyə kifayət etmədiyi əsaslandırılmamışdır. Bu səbəbdən tətbiq edilmiş tədbir müvəqqəti xarakterli müdafiənin məqsəd və hüdudlarına uyğun gəlmir, əsas iş üzrə mübahisənin nəticəsini faktiki olaraq genişləndirir və cavabdehin hüquqi vəziyyətinə qeyri-mütənasib müdaxilə yaradır. Ərizəçinin nümayəndəsinin apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, əsas inzibati iş hələ başa çatmamışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə razılaşmamış, həmin qərardan kassasiya şikayəti vermişdir. Hazırda həmin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır və iş üzrə yekun qərar qəbul edilməmişdir. Ərizənin verilməsində məqsədim Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının icrasını əvəz etmək olmamışdır. Məqsədi yalnız Azərbaycan Respublikası Ali Məhkəmədə kassasiya icraatı başa çatanadək oğlunun hüquqlarını qorumaq və sonradan bərpası mümkün olmayan nəticələrin qarşısını almaq olmuşdur. Oğlunda anadangəlmə ayağlarında ciddi 3(üç) xəstəliklər aşkar edilib-anadanqəlmə 2tərəfli əyripəncəlik +osteoporoz +yastıayaq, maddə 61 a bəndində qeyd olunub nümunəvi əsgər çəkmələrini qəzdirə bilməyəm çağırışçı sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılır.Onurğasında isə 2 ciddi problem var :2dərəcəli skolioz (12dərəcə)+ 46qradus hiperkifoz lordoz, bu da 2 dərəcəli əyriliydir. Verir oğluma sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlılıq, yəni C kateqoriyasını. Əgər müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsəydi və kassasiya baxışı başa çatmamış oğlum həqiqi hərbi xidmətə çağırılsaydı, bu halda Ali Məhkəmənin gələcək qərarının səmərəli icrası çətinləşə və oğlumun sağlamlığına zərər vurulardı, oğlum şikəst üstümə dönərdi və artıq bundan sonra oğlumun hüquqlarını bərpası mümkün olmayan zərər dəyə bilərdi. Məhz cavabdehin kassasiya şikayəti verməsi səbəbindən iş hələ də Ali Məhkəmənin icraatındadır. Buna görə də mövcud hüquqi vəziyyətin qorunması tam qanuni və zəruri olmuşdur. Cavabdehin vəkili apellyasiya şikayətində müvəqqəti xarakterli müdafiə tədbirinin güya müddətsiz olduğu iddia edilir. Ərizənin adından bilinir ki müvəqqətidir. Bu tətbiq edilmiş tədbir daimi deyil və yalnız mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək qüvvədə qalır. Buna görə də həmin tədbirin mahiyyəti tamamilə müvəqqəti xarakter daşıyır. Bundan başqa, cavabdeh apeliyasiya şikayətində oğlunun sağlamlıq vəziyyəti, tibbi sənədlər və onun hüquqlarının pozulması təhlükəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən heç bir hüquqi və ya tibbi sübut təqdim etməmişdir. Oğlu iki dəfə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertizadan keçirilib. Ilk ekspertiza cavabdehlə əl bir olan "Nizami" Tibb Mərkəzinin rentqen şəkilləri əsasında tərtib edilib deyə, düzgün olmayıb. Ona ğörə də apeliyasiya şikayəti verib oğlunun bütün sümük xəstəliklərini qeyd edilməsi üçün təkrar məhkəmə tibbi ekspertizanı keçirilməsini məhkəmədən xahiş etmiş və sırf düzgün aparılmış ekspertiza nəticəsində məhkəmə 27fevral 2026 cı il tarixində ədalətli Qərarı ilə oğluna 2017ci ildəki kimi, yəni 9 il əvvəl oğluna verilən C yararlıq kateqoriyası verildi. Bu C yararlıq kateqoriyası hər üç ildən bir təkrar tibbi müayinədən keçmək deməkdir. Ona görə nə cavabdeh, nə cavabdehin arxalandığı AR ƏƏSMN tabeliyində Reabilitasiya Aqentliyinin Məhkəmə tibbi ekspertizanın rəyinin qarşısına bir söz deməyə, həmin Rəyə şübhə ilə yanaşmaqları qanuna ziddir. Oğlumun bütün xəstəlikləri Ekspert rəyində açıq aşkar qeyd olunub, cavabdeh sadəcə özünü qörməməzliyə vurub. Sərf etmir axı. Oğluma işlətdikləri Saxta 2 diaqnozları yastıayaq və 1 dərəcəli skolioz rədd edildi. X1mun bütün xəstəlikləri yer alıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının qüvvədə saxlanılmasını, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin apeliyasiya şikayətinin isə təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsini qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi “hərbi xidmətə yararlıdır” qərarının ləğv eidlməsinə dair inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş, apellyasiya instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, hazırda inzibati iş kassasiya instansiya məhkəməsinin icraatındadır (yekun mhkəmə aktı qnauni qüvvəyə minməmişdir) Indiki halda ərizəçinin hüquqi marağı əsas inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müddətli həqiqi hərbi xidmətə çağrılmanın cavabdehə qadağan edilməsi növündə təminat tədbirinin görülməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə müvafiq ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda ərizə apellyasiya instansiya məhkəməsində əsas inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən və iş birinci instansiya məhkəməsinə geri qaytarıldıqdan sonraverildiyindən, nəticə etibarilə ərizə əsas inzibati iş birinci instansiya məhkəməsində olduğu dövrdə verildiyindən, birinci instansiya məhkəməsi səlahiyyətli məhkəmə qismində ərizəyə baxmaqda haqlı olmuşdur. Kollegiya hazırki iş üzrə ərizənin əsaslılığı mərhələsindən öncə ərizənin mümkünlüyü ilə bağlı hüquqi dəyərləndirmə aparılması zəruri olduğunu qeyd edir. Kollegiya ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, yuxarda istinad edilən qanunvericilik normasının və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələblərinə əsasən müvəqqəti xarakterli təminat tədbirinin görülməsi barədə ərizənin əsaslılığının müəyyən edilməsi üçün iki şərtin birgə olması- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması halının mövcud olub-olmaması istiqamətində dəyərləndirmə aparılmalı, ərizə ilkin təcili tənzimlənmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan verilmişdirsə, yardımetmə vəzifəsinə riayət edilməklə ərizə mümkün sayılmamalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi barəsində təhsil alması ilə əlaqədar olaraq ##.##.2026-cı il tarixədək möhlət hüququ verilmiş, hazırda ərizəçiyə hərbi xidmətə çağırılması ilə bağlı hər hansı çağırış vərəqəsi göndərilməmiş, hazırki mərhələdə ərizəçinin hərbi xidmətə çağırılması halı mövcud olmamışdır, bu halı hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz halı kimi çıxış edir. Indiki halda ərizəçi belə bir təminat tədbirinin görülməsinin zəruriliyini onunla əsaslandırmışdır ki, şifahi formada ona hərbi xidmətə cəlb ediləcəyi barədə məlumat verilməsi, əsas inzibati iş üzrə iddia tələbinin təmin edilməsinə dair qərarın icra edilməməsi, onu hərbi xidmətə cəlb etmə ehtimallarının olması kimi hallara istinad etmişdir. Göründüyü kimi ərizəçi “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin görülmədiyi halda hazırki mərhələdə onun hüquqlarının qorunmasının mümkün olmaması və ya çətin olması halına dair heç bir sübut təqdim etməmiş, ilkin tənzimlənmənin zəruruiliyi “ümumi sözlər” şəklində ifadə edilməklə, ehtimallara əsaslanmış, habelə həmin ehtimalların real olması halı da hərbi ximətə cəlb edilmə ilə bağlı cavabdehin aktiv müdaxiləsinin olması və ya hər hansı yazılı məlumatın mövcudluğu və s. mövcud olmadığından, habelə ərizəçinin istinad etdiyi şifahi məlumatın həqiqiliyi isə təsdiq edilmədiyindən, ona dair hər hansı sübut təqdim edilmədiyindən, cavabdeh isə bu halı təkzib etdiyindən, aşkar görünmür. Başqa sözlə desək, hazırki iş üzrə hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin tətbiqinə münasibətdə işin faktiki və hüquqi halları baxımından ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən (hərbi xidmətə çağırış halı mövcud olmadığından) ilkin təcili tənzimləmənin zəruri olmasına dair hər hansı əsaslandırma aparılmamış, ehtimal xarakterli məlumatlara əsaslanmışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, hazırki iş üzrə “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin tətbiqinə dair ərizə ərizəçi tərəfindən ilkin təcili tənzimlənmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan verildiyindən, bu hal isə qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbinə əsasən ərizənin mümkün sayılmaması üçün əsas qismində çıxış etdiyindən, ərizə mümkün sayılmamalıdır. Bundan əlavə, kollegiya ərizəçinin “iddia tələbinin təmin edilməsinə dair məhkəmə qərarının qəbul edilməsi və həmin qərarın icra edilməməsi” ilə bağlı istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, əsas inzibati iş üzrə iddia tələbinin təmin edilməsi halı iddianın böyük ehtimalla uğurluluq ehtimalının mövcudluğunun dəyərləndirilməsinə təsir edən hal kimi çıxış etsə də, bu hal məhz ərizənin əsaslılığı mərhələsində aparılmış dəyərləndirmənin predmeti ola bilərdi. Başqa sözlə desək, ərizə mümkün sayıldıqdan sonra ərizəçinin istinad etdiyi hallar araşdırma predmeti ola bilərdi. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda işin yuxarıda müəyyən edilmiş halları əsasında ərizənin mümkünlüyü mərhələsində aparılmış dəyərləndirmə üzrə ərizənin mümkün sayılması əsasları müəyyən edilmədiyindən, ərizənin əsaslılığı üzrə dəyərləndirmə aparılması mümkün olmamış, nəticə etibarilə ərizəçi ərizənin mümkün sayılmasına əsas verən hallara dair sübut təqdim etmədən, birbaşa ərizənin əsaslılığı mərhələsi ilə bağlı hallara istinad etməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallar üzrə ərizənin mümkünlüyü mərhələsində dəyərləndirmə aparmalı olduğu halda, ərizəyə mahiyyəti üzrə baxdığından, iş üzrə gəldiyi nəticə yanlış olmuş, cavabdehin şikayətinin dəlilləri “məhkəmə qərardadının ləğv edilməsi” hissəsində əsaslı olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, verilmiş apellyasiya şikayətinin məzmununda cavabdeh ərizənin təmin edilməməsini xahiş etdiyindən, indiki halda isə ərizə mümkün sayılmadığından, şikayət həmin hissədə təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar