Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-49/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə qarşı “iddia tələbi üzrə işə baxılıb yekun məhkəmə aktı qəbul olunana qədər müvəqqəti müdafiə tədbiri olaraq hərbi xidmətə çağırılmağı ilə bağlı hərəkətlərin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Sumqayıt şəhər idarəsinə qadağan edilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə qarşı “Ukraynanın Xarkov Milli Daxili Işlər Universitetində hüquq ixtisası üzrə əyani (bakalavr) təhsilini başa vuranadək, iddiaçıya hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə işə baxılıb yekun məhkəmə aktı qəbul olunana qədər müvəqqəti müdafiə tədbiri olaraq hərbi xidmətə çağırılmağı ilə bağlı hərəkətlərin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Sumqayıt şəhər idarəsinə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, Ukraynanın Xarkov Milli Daxili Işlər Universitetinin "Hüquq" ixtisası üzrə əyani (bakalavr) təhsil pilləsinin 3-cü kursunu bitirərək, növbəti tədris ilindən 4-cü kursda təhsilini davam etdirəcək. Universitet tərəfindən verilmiş rəsmi arayışla təhsil müddətinin 3 il 10 ay olduğu və müqavilə əsasında təhsil aldığı tam təsdiq olunur. Arayış beynəlxalq hüquq normalarına və 1961 -ci il Haaqa Konvensiyasının tələblərinə uyğun olaraq Apostil qeydi ilə leqallaşdırılmışdır. Buna baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt Şəhər Idarəsinin əməkdaşları tərəfindən Ukrayna Respublikasına giriş-çıxış məlumatlarımın olmaması əsas gətirilərək, heç bir hüquqi sənəd olmadan, subyektiv mülahizələrə əsasən universitetin və sənədlərin "saxta" olması barədə əsassız iddialar irəli sürülmüş və möhlət hüququmun rəsmiləşdirilməsindən imtina edilmişdir. SHXÇDX-nin Sumqayıt Idarəsinin bu hərəkətləri həm Azərbaycan Respublikasının daxili qanunvericiliyinə, həm də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə tamamilə ziddir. Belə ki, Ukrayna ərazisində ## ###### 2022-ci il tarixdən etibarən tətbiq edilən hərbi vəziyyət və davam edən aktiv hərbi əməliyyatlarla əlaqədar, Ukrayna Təhsil və Elm Nazirliyinin rəsmi qərarlarına və fərmanlarına əsasən, xarici tələbələrin və mülki şəxslərin həyat təhlükəsizliyini qorumaq məqsədilə ali təhsil müəssisələrində tədris prosesinin distant (məsafədən) və ya miks (qarışıq) formada keçirilməsinə rəsmi icazə verilmişdir. Müharibə şəraitində olan bir ölkəyə fiziki olaraq getməmək təhsilin saxta olması anlamına gələ bilməz və fors-major vəziyyətdən doğan hüquqi reallıqdır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" AR Qanununun 21.1.4-cü maddəsinə əsasən, xarici ölkələrin ali təhsil müəssisələrində əyani təhsil forması üzrə bakalavr pilləsində təhsil alan şəxslərə təhsilini bitirənədək (24 yaşmadək) çağırışdan möhlət hüququ verilir. Qanunvericilik möhlət hüququnun tətbiqini tələbənin fiziki olaraq ölkə sərhədini keçməsi şərti ilə deyil, rəsmi qaydada əyani təhsilə qəbul olunması və təhsilini davam etdirməsi faktı ilə əlaqələndirir. Universitet daxilində dərslərin distant təşkili universitetin daxili nizamnaməsi və Ukrayna dövlətinin qərarı olub, mənim "əyani tələbə" statusumu hüquqi olaraq dəyişmir. SHXÇDX-nin Sumqayıt Idarəsi rəsmi ekspertiza rəyi və ya Xarici Işlər Nazirliyi vasitəsilə Ukraynanın müvafiq strukturlarına rəsmi sorğu göndərmədən sənədi "saxta" adlandırmaqla öz səlahiyyət hədlərini aşmışdır. Hazırda 4-cü kursa (sonuncu tədris ilinə) keçmək ərəfəsindədir. Təhsilinin bitməsinə cəmi 1 tədris ili qalmış, tamamilə əsassız və süni yaradılmış maneələrə görə təhsilinin yarımçıq kəsilərək hərbi xidmətə çağırılmağı həm konstitusion təhsil hüququna (AR Konstitusiyasının 42-ci maddəsi), həm də gələcək hüquqşünas mütəxəssis kimi karyerasına vurulan bərpası mümkün olmayan ağır bir zərbə olacaqdır. Qanunla müəyyən edilmiş qaydada Cavabdeh orqana yazılı müraciətlər etsə də, müraciətlərinə mahiyyəti üzrə baxılmamış, qanuni möhlət hüququ təmin edilməmişdir. Cavabdeh orqanın rəsmi təqdim olunmuş sənədlərinə hüquqi müstəvidə baxmaqdan yayınması və hərəkətsizlik nümayiş etdirməsi qanunsuzdur. ##.##.2026-cı il tarixdə telefon nömrəsinə göndərilən SMS bildirişlə mənim iyul çağırışma cəlb olunmağı ilə əlaqədar ##.##.2026-cı il saat 08:00 tarixində Xidmətin Sumqayıt şəhər Baş Idarəsinə gəlməyi tələb olunmuşdur. Cavabdehin sənədlərə baxmaqdan yayınaraq barəsində məcburi çağırış hərəkətlərinə başlaması hüquqlarını kobud şəkildə pozur. Hazırda “Cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Idarəsinin çağırışdan möhlət hüququnun rəsmiləşdirməməsi barədə hərəkətsizliyi, iyul çağırışı üzrə hərbi xidmətə cəlb olunmağı barədə hərəkətləri qanunsuz hesab edilsin; Ukraynanın Xarkov Milli Daxili Işlər Universitetində "Hüquq" ixtisası üzrə əyani (bakalavr) təhsilimi başa vuranadək hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi öhdəliyi Cavabdeh orqanın üzərinə qoyulsun.” iddia tələbi üzrə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət təhsilin davam etdirilməsinə təminat verir. "Təhsil haqqında" AR Qanununun 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. AR Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, iddia qaldırılana qədər və ya iddia qaldırıldıqdan sonra iddiaçının vəsatəti əsasında məhkəmə müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edə bilər. IPM-nin 40.2-ci maddəsinə görə, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Hazırda Cavabdeh orqan tərəfindən barəmdə aktiv çağırış tədbirləri həyata keçirilir və iyul çağırışında hərbi xidmətə göndərilməyi planlaşdırılır. Əgər məhkəmə tərəfindən iş üzrə yekun qərar qəbul edilənədək müvəqqəti təminat tədbiri görülməsə və hərbi xidmətə göndərilməyi dayandırılmasa, məcburi qaydada hərbi xidmətə yola salınacaq. Bu isə məhkəmə icraatı davam etdiyi müddətdə bakalavr təhsilinin tamamilə kəsilməsinə, növbəti kursa qeydiyyatının ləğv olunmasına və gələcəkdə məhkəmə xeyrinə qərar çıxarsa belə, həmin yekun qərarın faktiki olaraq icra edilməsini qeyri-mümkün edəcək və əhəmiyyətdən salacaqdır. Çünki artıq hərbi xidmətdə olacaq və təhsil hüququnun bərpası qeyri-mümkün olacaqdır. Bu səbəbdən, iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək barəsində hərbi xidmətə göndərilmə tədbirlərinin qadağan edilməsi formasında müvəqqəti təminat tədbirinin seçilməsi mütləq hüquqi zərurətdir. Cavabdeh ərizəyə etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Aynur Axundova). Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) `Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün ən mühüm faktiki hal olan "təhsilin hüquqi forması" ilə "dərslərin texniki keçirilmə üsulu" arasındakı fərqi aydınlaşdırmamışdır. Ukrayna Təhsil və Elm Nazirliyinin qərarları ilə dərslərin müvəqqəti onlayn platformaya keçirilməsi fors-major reallıqdır, lakin mənim universitet daxilindəki statusum hüquqi olaraq "qiyabi" və ya "distant" deyil, "əyani" olaraq qalmaqdadır. Məhkəmə bu hüquqi fərqi araşdırmadan səhv nəticəyə gəlmişdir.. Məhkəmə bir tərəfdən qəbul edir ki, əgər müvəqqəti müdafiə tədbiri seçilməsə, mən məcburi hərbi xidmətə yola salınacağam, bakalavr təhsilim tamamilə kəsiləcək və gələcəkdə iddiam təmin edilsə belə qərarın icrası qeyri-mümkün olacaq. Bu hal müəyyən edildiyi halda, məhkəmənin yekunda ərizəni rədd etməsi daxili ziddiyyətdir və işin faktiki halları ilə çıxarılan nəticənin tamamilə uzlaşmadığını göstərir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarı 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olubolmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olubolmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə qarşı “Ukraynanın Xarkov Milli Daxili Işlər Universitetində hüquq ixtisası üzrə əyani (bakalavr) təhsilini başa vuranadək, iddiaçıya hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda həmin tələb üzrə inzibati iş məhkəmənin icraatındadır. Indiki halda ərizəçinin hüquqi marağı əsas inzibati işə mahiyyəti üzrə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağrılmasının cavabdehə qadağan edilməsi növündə təminat tədbirinin görülməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə müvafiq ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: -mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; -ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. IPM-nin müddəalarına əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. (40.1) Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. Həmçinin, həmin Qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Həmin Qərarın 11.4 və 11.5-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır Qərarın 12.3-cü bəndinə görə ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4-cü bəndinə görə belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Qərarın 12.5-cü bəndinə görə hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Göründüyü kimi, qeyd edilən institutun mövcudluğu ilk növbədə iddiaçı tərəfindən müvafiq inzibati aktı mübahisələndirdiyi halda, həmin mübahisələndirdiyi inzibati aktın icrası ilə bağlı onun fəaliyyətinə müdaxiləyə, habelə onun üçün müəyyən neqativ nəticələrə səbəb ola bilən təsirlərdən müvəqqəti olaraq məhkəmə icraatının yekunlaşdığı dövrədək müdafiə olunmaq imkanın tanınmasına, bununla da hüquqların və qanunla qorunan mənafelərin bərpası mümkün olmayan və ya xeyri dərəcədə çətin olan zərərlərdən qorunmasına imkan yaradır. Həmçinin, Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olubolmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşmədiyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əsas inzibati iş üzrə işin halları baxımından iddianın uğurluluq ehtimalı ilə bağlı hissədə birinci instansiya məhkəməsi tərəfindən ərizənin əsaslılığı və cavabdehin istinad etdiyi hallar düzgün dəyərləndirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 18. Çağırışa möhlət verilməsi 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: (...) 18.1.3. təhsili davam etdirmək üçün; (...) Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: (...) 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin normanın “Qeyd” hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarla bağlı tərəflər arasında məhkəmə mübahisəsi davam etdiyindən, habelə mübahisənin aqibətini və gələcəkdə iddiaçı tərəfin xeyrinə həll olunacağını müəyyənləşdirmək qeyri-mümkün hesab olunur. Eyni zamanda iddiaçı idddiasının böyük ehtimalla uğurlu olacağı ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Müharibə getdiyi halda Ukraynada təhsil almaq istəməsinin səbəbləri, Ukraynada olubolmaması, təhsil aldığı dili bilib-bilməməsi ilə bağlı məhkəmə kollegiyasının iclasında ərizəçiyə verilən sullara cavab olaraq bildirmişdir ki, Ukraynada olmamışdır, təhsil aldığı dili bilmir, lakin onun təhsil almasını təşkil edən şirkət ona kömək edir. Kollegiya qeyd edilənləri iddianın uğurluluq ehtimalı baxımından qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-49/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-49/2026
16.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver