Məhkəmə qərarları › İş №15(3-8)-59/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-59/2026

13.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-59/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:

1. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Vergilər Idarəsinin ##.##.2026-cı il tarixli, *********** nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərarı ilə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdeh Cavabdeh məxsus əmlakın (**EY*** nömrəli “FAWbestuneT99” markalı avtomobil) siyahıya alınması qərara alınmış və bu barədə ##.##.2026 tarixli, *********** nömrəli protokol tərtib edilmişdir.

2. Iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2026-cı il tarixə 22.713,76 manat borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 15.000,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15.000,00 manat məbləğində siyahıya alınmış 1 ədəd **EY*** nömrəli “FAW bestune T99” markalı avtomobilin Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bundan sonra iddiaçı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təqdim edərək iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənədək cavabdehin ##/##/2026 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 15.000,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15.000,00 manat məbləğində siyahıya alınmış 1 ədəd **EY*** nömrəli “FAWbestuneT99” markalı avtomobilin üzərinə həbs qoyulması və həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, üzərinə sərəncam verilməsinin və qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsini məhkəmədən xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlak üzərində tərəflər arasında hüquqi mübahisə mövcud olduğundan iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin əmlakın özgəninkiləşdirilməsi, satılması, bağışlanması, dəyişdirilməsi, ipoteka ilə yükləndirilməsi, istismara yararsız hala salınması və yaxud həmin əmlak üzərindən digər əqdlər bağlanması və ya digər üsullarla üçüncü şəxslərin mülkiyyətinə keçirilməsi ehtimalı mövcuddur. Belə bir hal baş verdiyi təqdirdə, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrası əhəmiyyətli dərəcədə çətinləşə və iddiaçının hüquq və qanunla qorunan mənafelərinə ciddi zərər vura bilər. Nəticə etibarilə, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakın özgəninkiləşdirilməsi ehtimalı mövcud olduğundan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zəruri və mütənasib hesab edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır (hakim Aynur Axundova).

6. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, siyahıya alınmış əmlak üzərində vergi ödəyicisinin sahiblik və istifadə hüququnu saxlamaqda qanunvericinin məqsədi, həmin əmlakın siyahıya alınması üzrə icra prosedurları başlanılanadək, şəxsə əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə imkanları və vergi borcunun ödənilməsinə zəmin yaratmaqdan ibarətdir. Bu baxımdan, qanunverici siyahıya alınmış əmlaka münasibətdə şəxsin sahiblik və istifadə hüququnu müəyyən müddət qoruma altına alır. Hazırki ərizə üzrə tələbin təmin olunması şəxsi qanunvericinin ona tanıdığı həmin hüquqlardan və imkanlardan məhrum etmiş olardı. Siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinə münasibətdə isə qeyd edilməlidir ki, bununla bağlı tərtib edilmiş aktla cavabdehə Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilir. Şəxsin qanunun bu tələbinə əməl etməyəcəyi və əmlakı qanunsuz olaraq özgəninkiləşdirəcəyinə dair ərizəçinin ehtimalları üzərindən məhkəmə vergi ödəyicisini qanunla qorunan konkret hüquqlardan məhrum edə bilməz. Bu zaman vergi ödəyicisinə münasibətdə hüququn hamılıqla qəbul olunmuş bona fides prinsipinin tələbləri də nəzərə alınmalıdır. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir. Belə ki, ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə VM nin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur.

7. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri:

8. Iddiaçı apellyasiya şikayətini müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, MXMT ərizəsinin tələbində orqanın əmlak üzərində qadağan olunmasını tələb etdiyi fəaliyyətlər qanunla qadağan edilmir və cavabdehin bu boşluqdan istifadə etməsi ehtimalı mövcuddur, necə ki, bu məhdudiyyətlər olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və beləcə borcunu ödəməsi də bir ehtimaldır. Tələb borcun ödənilməsinin təmin edilməsinə yönəlmişdir, şəxsin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması məqsədini daşımır. Borcun mövcudluğunun mübahisəsizliyi və əmlakın siyahıya alınmasının qanuniliyi hazırda icraatda olan iddianın uğurlu olmasına dəlalət edir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ötən il etibarnamə əsasında satdığı avtomobil siyahıya alınmışdır. Belə ki, o, kredit götürməklə ev almış, vergi orqanı isə həmin krediti cərimə kimi hesablayaraq onun əlavə gəlir əldə etdiyini iddia etmişdir. Halbuki, həmin kredit üzrə ödənişləri hazırda da davam etdirir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

10. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

11. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir.

12. Inzibati Prosessual Məcəllə: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

13. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

15. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, hazırda iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə üzrə tələbi siyahıya alınmış əmlak üzərinə məhdudiyyət qoyulmasından, konkret olaraq **EY*** nömrəli “FAW bestune T99” markalı avtomobilin üzərinə həbs qoyulmasından, onun özgəninkiləşdirilməsinin, üzərinə sərəncam verilməsinin və qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsindən ibarətdir.

17. Birinci instansiya məhkəməsi ərizənin iddiaçının hüquqi marağına uyğun olmadığı səbəbindən mümkün saymamışdır.

18. Məhkəmə kollegiyası işə baxan məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Vergi Məcəlləsinin 89.2-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

19. Göründüyü kimi əmlakın siyahıya alınmasının hüquqi nəticəsi artıq özlüyündə həmin əmlak üzərində vergi ödəyicisinin sərəncam vermək imkanının məhdudlaşdırılmasıdır. Başqa sözlə, siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsi, başqa şəxsin mülkiyyətinə keçirilməsi və həmin əmlak üzərində sərəncam verilməsi imkanının qarşısının alınması Vergi Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulmuş siyahıyaalma institutunun birbaşa hüquqi nəticəsidir.

20. Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlak üzərində vergi ödəyicisinin sahiblik və istifadə hüququnu saxlamaqda qanunvericinin məqsədi, həmin əmlakın siyahıya alınması üzrə icra prosedurları başlanılanadək, şəxsə əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə imkanları və vergi borcunun ödənilməsinə zəmin yaratmaqdan ibarətdir. Bu baxımdan, qanunverici siyahıya alınmış əmlaka münasibətdə şəxsin sahiblik və istifadə hüququnu müəyyən müddət qoruma altına alır. Hazırki ərizə üzrə tələbin təmin olunması şəxsi qanunvericinin ona tanıdığı həmin hüquqlardan və imkanlardan məhrum etmiş olardı.

21. Siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinə münasibətdə isə məhkəmə kollegiyası Vergi Məcəlləsinin 89.14.7-ci maddəsinə istinad etməklə qeyd edir ki, siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır.

22. Eyni zamanda Azərbaycan Respublikası CM-in 303-cü maddəsində siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsinə görə cinayət məsuliyyəti məsuliyyəti nəzərdə tutulmuşdur.

23. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək bildirir ki, şəxsin qanunun yuxarıda qeyd edilən tələbinə əməl etməyəcəyi və əmlakı qanunsuz olaraq özgəninkiləşdirəcəyinə dair ərizəçinin ehtimalları üzərindən məhkəmə vergi ödəyicisini qanunla qorunan konkret hüquqlardan məhrum edə bilməz. Bu zaman vergi ödəyicisinə münasibətdə hüququn hamılıqla qəbul olunmuş bona fides prinsipinin tələbləri də nəzərə alınmalıdır.

24. Belə ki, hüquq subyektinin hüquq və vəzifələrini vicdanlı və dürüst şəkildə həyata keçirəcəyi prezumpsiyası, əksinə dair konkret və inandırıcı hallar müəyyən edilmədiyi halda, yalnız mücərrəd ehtimallarla aradan qaldırıla bilməz.

25. Bu baxımdan, iddiaçının ərizədə irəli sürdüyü ehtimalın konkret faktlarla əsaslandırılması, cavabdehin məhz həmin əmlakı özgəninkiləşdirməyə, gizlətməyə və ya onun üzərində qanunsuz sərəncam verməyə yönəlmiş hər hansı konkret hərəkətlərinin mövcudluğunun göstərilməsi tələb olunurdu. Lakin iş materiallarında cavabdehin siyahıya alınmış avtomobili özgəninkiləşdirməyə hazırlaşdığını, onun üzərində sərəncam verməyə cəhd etdiyini və ya siyahıyaalma ilə müəyyən edilmiş məhdudiyyətləri pozmağa yönəlmiş hərəkətlər etdiyini təsdiq edən hər hansı konkret sübut mövcud deyildir.

26. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir.

27. Iddiaçının marağının qorunması üçün artıq Vergi Məcəlləsinin 89-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqi mexanizm tətbiq edilmiş, cavabdehin əmlakı siyahıya alınmış və həmin əmlaka sərəncam vermək hüququ qanun əsasında məhdudlaşdırılmışdır. Bunun üzərinə əlavə olaraq həbs qoyulması və digər qeydiyyat hərəkətlərinin qadağan edilməsi isə iddiaçının qorunmalı marağı baxımından əlavə və zəruri hüquqi nəticə yaratmır.

28. Odur ki, ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə VM-nin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur.

29. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ərizə üzrə aktual hüquqi müdafiə marağı mövcud deyil, buna görə də birinci instansiya məhkəməsi ərizəni mümkün saymayarkən düzgün hüquqi nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar