Məhkəmə qərarları › İş №15(3-8)-60/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-60/2026

13.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-60/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinə qarşı “əsas işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin “Sıradankənar hərbi xidmətə yararlı” hesab edilməyi barədə qərarın icrasının dayandırılması və mübahisə yekunlaşanadək hərbi xidmətə çağırılmamağı” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinə qarşı iddia qadıraraq “hərbi xidmətə yararlı olması barədə qərarın ləğv edilərək yenidən tibbi müayinədən keçməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinə baxılıb nəticə verilənə qədər hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə müvəqqəti xarakterli müdafiə haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hərbi xidmətə yararlı olmağı ilə bağlı qərarın ləğv edilərək yenidən tibbi müayinədən keçmək üçün qərar qəbul edilməsi barədə iddia qaldırmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən ##.##.2026-cı il tarixdə hərbi xidmətə göndərilməyi barədə çağırış vərəqəsi göndərilsə də xidmətə aparılmamışdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən bildirilmişdir ki, 28 və ya ## #### 2026-cı il tarixlərdə məcburi surətdə hərbi xidmətə göndərəcəklər. Hərbi xidmətə göndərəndən sonra hüquqlarının qorunması xeyli dərəcədə çətinləşəcək. Ona görə də iddia ərizəsinə baxılıb nəticə verilənə qədər hərbi xidmətə çağırışdan möhlət verilməlidir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixdən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2 . Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası) 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkimmütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşyiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi Qiymətləndirmə Komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18- ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: · yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; · yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; · yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. çağırışçı barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır, işin obyektivhalları ilə vəhdət təşkil edir. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPMin 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o, həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyii məsələsinə qiymət verilməlidir. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Respublikanın apellyasiya məhkəmələrinə və inzibati-iqtisadi məhkəmələrə ünvanlanmış *-***/** saylı icmal məktubda isə göstərilmişdir ki, bir sıra hallarda məhkəmələr Inzibati Prosessual Məcəllənin 41-42-ci maddələrinin tələblərinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasını həyata keçirməyərək iddianın böyük ehtimalla uğurlu olacağına münasibət bildirmir, müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan konkret əsaslarla bağlı araşdırma aparmırlar. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməli olduğundan, iddia icraatının uğurluluq şansları müvəqqəti xarakterli müdafiə icraatının hər iki tərəfin maraqları baxımından dəyərləndirilməli, bunun üçün tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən, müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. Işə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Iddianın uğurluluq ehtimalına münasibətdə qeyd edək ki, hazırki halda iddianın uğurlu olubolmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi, iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s cəlb edilmədən mümkün deyildir. Hesab edirik ki, hazırkı araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı kimi, ziddiyyətli maraqlar hərtərəfli qiymətləndirilməli və hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görülməməlidir. Belə ki, hazırkı halda iddiaçının fərdi marağına münasibətdə ictimai və dövlət marağının mövcudluğu halının olub-olmaması müzakirə olunmalıdır ki, fərdi marağa münasibətdə dövlətin və ictimai marağın üstün olması hazırkı növ iddialarda aşkar görünür. Belə ki, iddiaçı və cavabdeh arasında yaranmış inzibati mübahisə hərbi xidmətkeçmə barəsindədir ki, inzibati orqanın müharibə şəraitinin istisna edilmədiyi ölkə üzrə vəzifə və funksiyalarının əsas hissəsi hərbi xidmət və vəzifələrinin icrası ilə bağlı şəxslərin hərbi xidmətə cəlb edilməsindən ibarətdir. Ölkənin suverenliyi, toxunulmazlığı və ərazi bütövlüyünün qorunması ilə bağlı ən zəruri publik funksiyalarından birini həyata keçirən inzibati orqanın uğurluluğu hazırkı mərhələdə aydın olmayan iddia tələbi üzrə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmini yuxarıda qeyd olunan səbəblərdəndir ki, dövlət və ictimai maraq baxımından qiymətləndirildikdə hazırkı mərhələdə təmin edilməməlidir. Belə ki, qeyd olunan növ işlər üzrə məhkəmə təcrübəsi ictimai və dövlət marağına, eləcə də yuxarıda göstərilən məqsəd və vəzifələrin icrasına ciddi təhlükə törədə bilər ki, uğurluluq ehtimalı aydın olmadan hazırkı növ ərizələr üzrə fərdi marağın dövlət və ictimai marağı üstələməsi yolverilməzdir. Ərizənin təmini istiqamətində mövqe isə hesab edirik ki, fərdi marağın üstün tutulması kimi qiymətləndirilməlidir. Beləliklə, hesab edirik ki, nə qədər ki, şəxsin hərbi xidmətə göndərilməsinə yönələn tədbirlərin həyata keçirilməsinin cavabdehə qadağan edilməsi müvəqqəti olaraq hazırkı ərizə ilə tələb edilirsə, yararlılıq kateqoriyası barədə inzibati orqanın mövqeyinin qanunsuz olmasına münasibətdə qanunsuzluğun real olaraq ən azından indiki mərhələdə mövcudluğu və iş üzrə iddianın uğurluluq ehtimalı və ilkin təcili tənzimlənmənin zəruriliyi hazırkı mərhələdə aydın deyil, belə olan halda da ərizənin təmini də istisna təşkil edir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən ərizəyə dair etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli **(*-*)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, əsas işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək Ərizəçi barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin “Sıradankənar hərbi xidmətə yararlı” hesab edilməsi barədə qərarının icrası dayandırılması və mübahisə yekunlaşanadək hərbi xidmətə çağırılmaması qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən iddiaçının həqiqi hərbi xidmətə çağırılmasına dair təqdim edilmiş çağırış vərəqəsi ilkin təcili tənzimləmənin zəruri olmasını şərtləndirir. Məhkəmə ilkin təcili tənzimləmənin zəruri olduğunu hesab edərək qeyd edir ki, müddətli həqiqi hərbi xidmətə cəlb olunan Ərizəçi Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi ilə maddə 17 kəkələmə (hıqqana-hıqqana danışmaq) diaqnozu ilə B kateqoriyası ilə qiymətləndirilmiş, yekun tibbi müayinənin qərarına əsasən yarasızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir, “nitqin kifayət qədər aydın almamasına səbəb olan orta dərəcədə kəkələmə” rəyi verilmişdir. Həmçinin, məhkəmə iclasında izahatı zamanı Ərizəçi nitqinin aydın olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, əsas iddia üzrə irəli sürülmüş tələblərin və halların müəyyən edilməsi müvafiq araşdırma, o cümlədən müvafiq tibbi ekspertizanın keçirilməsini tələb edir. Lakin hazırki mərhələdə ərizəçidə XBT kodu F98.5 diaqnozunun mövcudluğu həm hərbi həkim komissiyasının rəyi, həm də yekun tibbi müayinənin qərarı ilə təsdiq edilir. Hər iki rəydə maddə 17 bənd c 1 qrafaya (orta dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular olduqda. Nitqin kifayət qədər aydın olmamasına səbəb olan orta dərəcədə kəkələmə və digər nitq pozulmaları) istinad edilmişdir. Qeyd edilən diaqnozun mövcudluğu ərizəçidə ağır dərəcədə ifadə olunmuş, davamlı nevrotik pozuntuların və ya uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntuların mövcudluğunu istisna etmir. Qeyd edilənlər hazırki mərhələdə iddianın uğurlu olması ehtimalına əsas verir. Məhkəmə hesab edir ki, bu halda ilkin təcili tənzimləmənin zəruriliyi ilə yanaşı iddianın böyük ehtimalla uğurluluq ehtimalı da müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi apellyasiya şikayəti verərək, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaranmalıdır. Bu səbəbdən hesab edirlər ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ərizəçi izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: Inzibati Prosessual Məcəllə: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması ... 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** saylı Qərarına əsasən: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 3.1. IPM-in 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Vaxt baxımından nəzərdə tutulmuş bu müstəqillik hüquqların daha səmərəli təmin edilməsi məqsədinə yönəlmişdir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025-ci il tarixli ** saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərdən göründüyü kimi hazırki müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə apara bilər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən iddiaçının həqiqi hərbi xidmətə çağırılmasına dair təqdim edilmiş çağırış vərəqəsi ilkin təcili tənzimləmənin zəruri olmasını şərtləndirir. Məhkəmə ilkin təcili tənzimləmənin zəruri olduğunu hesab edərək qeyd edir ki, müddətli həqiqi hərbi xidmətə cəlb olunan Ərizəçi Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi ilə maddə 17 kəkələmə (hıqqana-hıqqana danışmaq) diaqnozu ilə B kateqoriyası ilə qiymətləndirilmiş, yekun tibbi müayinənin qərarına əsasən yarasızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir, “nitqin kifayət qədər aydın almamasına səbəb olan orta dərəcədə kəkələmə” rəyi verilmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında izahatı zamanı Ərizəçi nitqinin aydın olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsas iddia üzrə irəli sürülmüş tələblərin və halların müəyyən edilməsi müvafiq araşdırma, o cümlədən müvafiq tibbi ekspertizanın keçirilməsini tələb edir. Lakin hazırkı mərhələdə ərizəçidə XBT kodu F98.5 diaqnozunun mövcudluğu həm hərbi həkim komissiyasının rəyi, həm də yekun tibbi müayinənin qərarı ilə təsdiq edilir. Hər iki rəydə maddə 17 bənd c 1 qrafaya (orta dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular olduqda. Nitqin kifayət qədər aydın olmamasına səbəb olan orta dərəcədə kəkələmə və digər nitq pozulmaları) istinad edilmişdir. Qeyd edilən diaqnozun mövcudluğu ərizəçidə ağır dərəcədə ifadə olunmuş, davamlı nevrotik pozuntuların və ya uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntuların mövcudluğunu istisna etmir. Hazırkı mərhələdə iddianın uğurlu olması ehtimalına əsas verir. Ilkin təcili tənzimləmənin zəruriliyi ilə yanaşı iddianın böyük ehtimalla uğurluluq ehtimalı da müəyyən olunur. Hazırkı iş üzrə ilkin təcili tənzimləmənin zəruriliyi ərizəçinin hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin mövcudluğu ilə təsdiq olunur. Belə ki, ərizəçinin hərbi xidmətə göndərilməsi halında əsas iddia üzrə məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq onun hüquqlarının sonradan effektiv şəkildə qorunması və ya əvvəlki vəziyyətin bərpası xeyli dərəcədə çətinləşə bilər. Bu baxımdan, birinci instansiya məhkəməsinin ilkin təcili tənzimləmənin zəruri olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Iddianın böyük ehtimalla uğurlu olması şərtinə gəldikdə isə müəyyən edilmişdir ki, Ərizəçi Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi əsasında 17-ci maddə üzrə kəkələmə diaqnozu ilə “B” kateqoriyası üzrə qiymətləndirilmiş, yekun tibbi müayinənin nəticələrinə əsasən də yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiq edilmiş və onda nitqin kifayət qədər aydın olmamasına səbəb olan orta dərəcədə kəkələmənin olduğu göstərilmişdir. Bundan əlavə, məhkəmə iclasında ərizəçinin nitqinin aydın olmaması da müşahidə edilmişdir. Bununla yanaşı, əsas iddia üzrə irəli sürülmüş tələbin həlli şəxsin sağlamlıq vəziyyətinin və hərbi xidmətə yararlılıq kateqoriyasının xüsusi tibbi biliklər əsasında müəyyən edilməsini, o cümlədən zərurət yarandıqda müvafiq tibbi ekspertizanın keçirilməsini tələb edir. Hazırkı mərhələdə isə ərizəçidə XBT kodu F98.5 diaqnozunun mövcudluğu həm hərbi həkim komissiyasının rəyi, həm də yekun tibbi müayinənin qərarı ilə təsdiq edilir və həmin sənədlərdə orta dərəcədə kəkələmənin mövcudluğu qeyd olunur. Eyni zamanda, mövcud diaqnoz ərizəçidə daha ağır və davamlı nevrotik pozuntuların mövcudluğunu tam istisna etmir. Bu hallar isə əsas iddianın uğurlu olması ehtimalının hazırkı mərhələdə mövcud olduğunu göstərir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsas iş üzrə iddianın mahiyyəti üzrə həll edilməsi demək deyildir. Bu tədbirin məqsədi əsas iş üzrə yekun qərar qəbul edilənədək ərizəçinin hüquqlarının səmərəli müdafiəsini təmin etmək və mövcud vəziyyətin onun hüquqlarının qorunmasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcək şəkildə dəyişməsinin qarşısını almaqdır. Beləliklə, hazırkı mərhələdə həm ilkin təcili tənzimləmənin zəruriliyi, həm də əsas iddianın böyük ehtimalla uğurlu olması üçün kifayət edən hallar müəyyən edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə qərardad birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar