Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-64/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın icrasının dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı (ərizəçi) Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əvvəlki qərar ləğv edilərək “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli, *-**-*-*/*-*******/**** saylı qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əvvəlki qərar ləğv edilərək “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli 3-21-2-3/2- *******/**** saylı qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi MMC ##.##.2020-ci il tarixində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin yeganə fəaliyyəti manqal kömürünün alqı-satqısından ibarətdir. Cəmiyyət tərəfindən 2025-ci il üzrə mənfəət vergisi bəyənnaməsi təqdim edilərək 136 138.369 manat məbləğində gəlir. 120 250 manat məbləğində xərclər göstərilməklə 356.47 manat mənfəət vergisi bəyan edilmişdir. Lokal Gəlirlər Baş İdarəsinin *-**-*-*/*-*******/**** saylı, ##.##.2026-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarına əsasən cəmiyyətə 1848.73 manat əlavə vergi məbləği hesablanılmışdır. Qeyd olunan kameral hesablama barədə qərar düzgün qəbul edilmişdir və bununla razıdır, lakin bundan sonra cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əvvəlki qərar ləğv edilərək “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## ##.2026-cı il tarixli, *-**-*-*/*-*******/**** saylı qərarına alış aktı əsasında alınmış malların dəyəri xərc kimi qəbul edilməyərək 25 505.45 manat əlavə mənfəət vergisi hesablanılmışdır. ##.##.2026-cı il tarixində 29488.11 manat borcun ödənilməsinə dair bildiriş göndərilmiş, eyni zamanda bank hesabları üzərinə dondurulmalı sərəncamlar göndərilmişdir. Aşağıda qeyd edilən səbəblərdən ilkin təcili tənzimləmə zəruridir: - İş materiallarına əlavə olunan elektron qaimə fakturaların siyahısından görünür ki, cəmiyyətin 2025-ci il ərzində cəmi 136 138.369 manat məbləğində mal, iş və xidmətlər əldə etmiş və bütün əməliyyatları bank köçürmələri vasitəsi ilə icra edilmişdir. - İş materiallarına əlavə olunan kredit müqavilələrindən görünür ki, cəmiyyət tərəfindən ## ##.2025-ci il tarixində “xxxx” ASC-dən 12 000 manat dəyərində kredit götürlmuşdür və aylıq ödəniş məbləği 627.74 manat təşkil edir, kreditin müddəti 2027-ci ilin oktyabr ayında başa çatır. - İş materiallarından görünür ki, cəmiyyət mikro sahibkardır və 3 işçisi olmaqla aylıq əmək haqqı fondu 1200 manat təşkil edir. Hazırki qərar isə bu prinsipin tam əksinə olaraq, vicdanlı fəaliyyət göstərən, bütün satışlarını elektron qaimələrlə rəsmiləşdirən, bank vasitəsilə hesablaşmalar aparan vergi ödəyicisinin fəaliyyətini faktiki olaraq dayandırır. Xüsusilə diqqətəlayiq hal ondan ibarətdir ki, iddiaçı dövlətin illərlə təşviq etdiyi şəffaf fəaliyyət modelini seçmişdir. Kömür bazarında geniş yayılmış qeyri-rəsmi dövriyyədən fərqli olaraq, bütün alış və satış əməliyyatları sənədləşdirilmiş, vergilər könüllü bəyan edilmiş və dövlət büdcəsinə ödənilmişdir. Belə şəffaf fəaliyyət göstərən sahibkara qarşı tətbiq edilən bu yanaşma digər sahibkarlar üçün də mənfi presedent yaradır və belə təsəvvür formalaşdırır ki, qanunvericiliyə riayət etmək iqtisadi baxımdan üstünlük deyil, əksinə əlavə risk yaradır. Bu isə dövlətin illərdir həyata keçirdiyi kölgə iqtisadiyyatının azaldılması və könüllü vergi intizamının artırılması siyasətinə ziddir. Bundan əlavə, Azerbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif müşavirələrdə və iqtisadı forumlarda dəfələrlə vurğulamışdır ki, dövlət orqanlarının əsas vəzifəsi sahibkarı cəzalandırmaq deyil, ona dəstək vermək, istehsalı artırmaq, yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaq və sahibkarın fəaliyyətinə əsassız müdaxilələrin qarşısını almaqdır. Hazırki mübahisədə isə vergi orqanının tətbiq etdiyi yanaşma həmin dövlət siyasətinin əksinə olaraq fəaliyyət göstərən müəssisənin iqtisadı dövriyyədən çıxmasına səbəb olur. Məhkəmə nəzərə almalıdır ki, bu iş yalnız 25 505,45 manatlıq vergi hesablanması ilə bağlı mübahisə deyil. Bu iş eyni zamanda, dövlətlə vicdanlı sahibkar arasında hüquqi etimad münasibətlərinin qorunması, investisiya mühitinin sabitliyi və sahibkarlıq azadlığının real təminatı məsələsidir. Əgər məhkəmə araşdırması başa çatmamış bank hesablarının bloklanması qüvvədə saxlanılarsa, sonradan iddianın təmin olunacağı halda belə müəssisənin fəaliyyətim bərpa etmək faktiki olaraq mümkün olmayacaq, vurulmuş iqtisadi zərər isə geri qaytarıla bilməyəcək. Bu səbəbdən, mövcud vəziyyətin qorunması təkcə iddiaçının deyil, həm də dövlətin iqtisadi maraqlarının, sahibkarlığın inkişafı siyasətinin və hüquqi müəyyənlik prinsipinin müdafiəsi baxımından zəruridir. Belə vəziyyətdə Ali Məhkəmənin ##.##.2025-ci il tarixli ** nömrəli Plenum Qərarının 4.1-1 və 4.1-2-ci bəndlərinə uyğun olaraq, bu iş üzrə ilkin təcili tənzimləmə tədbiri kimi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zəruridir. Bundan əlavə, xüsusi vurğulamaq lazımdır ki, müəssisə 2020-ci ildən etibarən eyni fəaliyyət növü ilə məşğuldur və bütün əvvəlki hesabat dövrlərində vergi bəyannamələri eyni qaydada təqdim edilmiş, vergi orqanı tərəfindən qəbul edilmiş, hec bir irad bildirilməmişdir. Sahibkar olaraq dövlət orqanının formalaşdırdığı sabit inzibatı praktikaya güvənərək öz kommersiya fəaliyyəti, maliyyə planlamasını və müqavilə münasibətlərini bu formda qurmuşdur. İllərlə qəbul edilmiş hüquqi yanaşmanın heç bir qanun dəyişikliyi olmadan qəfil dəyişdirilməsi sahibkarın dövlətə olan qanuni etimadını sarsıdır. Hüquqi dövlətdə sahibkar vergi orqanının hər il dəyişən fərqli yanaşmalarına uyğun fəaliyyət göstərməyə məcbur edilə bilməz. Belə yanaşma hüquqi müəyyənlik prinsipini aradan qaldırır və sahibkarlıq fəaliyyətini əvvəlcədən proqnozlaşdırıla bilməyən risk altında qoyur. Bu cür qərarlar təkcə konkret müəssisəyə deyil, ümumilikdə ölkədə investisiya mühitinə və sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərir. Sahibkar bilməlidir ki, bu gün qanuni hesab edilən əməliyyat sabah heç bir qanun dəyişikliyi olmadan qanunsuz elan edilməyəcək. Cavabdehin ərizəyə dair etirazı olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından hazırki mərhələdə iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, mübahisənin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi (hazırki mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəsini alacağı) təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, uçot baza məlumatlarına əsasən, ərizəçi “xxxx" MMC ##.##.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyəti ağac və mantardan, nazik yonqarlardan və hörmə üçün materiallardan sair məmulatların istehsalından ibarət olmuşdur. Mübahisələndirilən qərar və hesablanmış vergilər barədə Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2025-ci il mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, 120250,0 manat dəyərində alış aktı əsasında alınmış malların (kömür) dəyərinin tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilməsi qanunamüvafiq hesab edilməmişdir. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə ##.##.2026-cı il tarixli 3-21-2-3/2-1242380 /**** nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyici tərəfindən mövcud kənarlaşmalar aradan qaldırılmadığına görə vergi ödəyicisinin 2025-ci il üzrə gəlirinin 2 %-i həcmində xərc nəzərə alınmaqla (136138,36 * 2% = 2722,76), vergi ödəyicisinə əlavə 23656,72 ((121.006,37-2722,76) *20%) manat mənfəət vergisi hesablanaraq hesablama barədə ##.##.2026-cı il tarixli **************** nömrəli Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” ##.##.2023-cü il tarixli ****-VIQD nömrəli Qanuna əsasən, Vergi Məcəlləsinin 109.8-ci maddəsi hazırki redaksiyada Məcəlləyə əlavə edilmişdir. Qanun ##.##.2024-cü il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, əvvəlki illərdə Vergi Məcəlləsinin sözügedən maddəsi mövcud olmamış, bu səbəbdən də vergi orqanı tərəfindən vergi ödəyicisinə hər hansı əlavə hesablama aparılmamışdır. Başqa sözlə, əvvəlki illərdə vergi qanunvericiliyində alış aktı əsasında əldə edilən mallar üzrə gəlirdən çıxılan xərclərin 2 faiz həddində məhdudlaşdırılmasını nəzərdə tutan hüquqi norma mövcud olmadığından, vergi orqanının həmin dövrlər üzrə belə bir məhdudiyyət tətbiq etməməsi tamamilə qanunauyğun olmuşdur. Buna görə də əvvəlki illərdə əlavə vergi hesablanmaması və ya vergi orqanı tərəfindən hər hansı irad bildirilməməsi hazırkı mübahisə üzrə hüquqi əhəmiyyət kəsb etmir. Bundan əlavə, vergi orqanının əvvəlki hesabat dövrlərində hər hansı pozuntu aşkar etməməsi yeni qəbul edilmiş hüquq normalarının ona şamil edilməyəcəyi barədə hüquqi təminat yaratmır. Vergi bəyannaməsinin qəbul edilməsi də özlüyündə həmin bəyannamədə əks olunan məlumatların gələcək yoxlamalar zamanı mübahisələndirilə bilməyəcəyi mənasını daşımır. Vergi Məcəlləsinin 109.8-ci maddəsi imperativ xarakter daşıyan norma olmaqla, gəlirdən çıxılan xərclərin tanınması ilə bağlı konkret məhdudiyyət müəyyən etmişdir. Həmin maddəyə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. Vergi ödəyicisi tərəfindən elektron alış aktları əsasında alınmış kömür “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallara və qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlara, daşınmaz əmlaka, avtomobil nəqliyyatı vasitələrinə və daşınar əsas vəsaitlərə aid olmadığı üçün, alış aktı ilə alınmış kömürün tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilməsi qanunamüvafiq hesab edilməmişdir. Belə olan halda, sözügedən alışlar yalnız Vergi Məcəlləsinin 109.8-ci maddəsində müəyyən edilmiş 2 faizlik hədd çərçivəsində gəlirdən çıxılan xərc kimi tanına bilər. Diqqətə çatdırılmalıdır ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinin məzmunu normanın tətbiqi baxımından hər hansı subyektiv meyar müəyyən etmir. Maddədə nə vergi ödəyicisinin fəaliyyət növü, nə iqtisadi fəaliyyətin xüsusiyyəti, nə də alınan malın istehsal prosesində istifadə olunması kimi hallar istisna əsasları kimi nəzərdə tutulmuşdur. Qanunverici yalnız konkret malların dairəsini istisna etmiş, digər bütün mallara münasibətdə isə ümumi məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Bundan əlavə, vergi hüququnda qanunçuluq prinsipi xüsusi əhəmiyyət kəsb edir və vergi öhdəlikləri, güzəştlər, istisnalar və məhdudiyyətlər yalnız qanunla müəyyən edilə bilər. Dövlət orqanı və ya məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan yeni istisnalar formalaşdıra və ya mövcud normanın tətbiq dairəsini geniş və ya dar şərh etməklə onun hüquqi nəticələrini dəyişdirə bilməz. Bu mövqe "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 1.3.5-ci maddəsinin tələbləri ilə də tam uzlaşır. Həmin maddəyə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Vergi Məcəlləsinin 109.8-ci maddəsi vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinin həcmini məhdudlaşdırmaqla onun hüquq və vəzifələrinin həcmini birbaşa müəyyən edən norma olduğundan, həmin normanın tətbiq dairəsinin analogiya yolu ilə genişləndirilməsi və ya əksinə, qanunda nəzərdə tutulmayan istisnalar yaradılmaqla daraldılması hüquqi cəhətdən yolverilməzdir. Beləliklə, qanunvericilikdə kömürün və ya digər analoji malların Vergi Məcəlləsinin 109.8-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətdən kənarda saxlanılmasını nəzərdə tutan hər hansı norma mövcud olmadığından, vergi ödəyicisinin elektron alış aktları əsasında əldə etdiyi kömürün tam məbləğinin gəlirdən çıxılan xərclərə aid edilməsi hüquqi əsasdan məhrumdur. Qanunvericinin iradəsi açıq və birmənalı şəkildə ifadə olunduğundan, həmin normanın fərqli qaydada tətbiqi vergi qanunvericiliyinin qanunçuluq, hüquqi müəyyənlik və normativ aktların məcburiliyi prinsiplərinə zidd olardı. Bununla yanaşı, xərclərin tam şəkildə nəzərə alınmaması” ilə bağlı ərizəçinin qeydi tamamilə əsassızdır. Belə ki, dövr üzrə kameral vergi yoxlaması ilə bağlı bəyannaməyə nəzər saldıqda görünür ki, ərizəçi tərəfindən çəkilən xərclər Vergi Məcəlləsinin 109.8-ci maddəsinin müəyyən etdiyi həddə nəzərə alınmışdır. Göstərilən hallar hesablanmış qərarın icrasının dayandırılması üçün zəruri olan təxirəsalınmazlığın və icranın davam etdirilməsi nəticəsində ərizəçi üçün sonradan bərpası mümkün olmayan və ya əhəmiyyətli dərəcədə çətinləşəcək nəticələrin yaranacağının mövcudluğunu təsdiq etmir. Belə ki, götürülən kredit cəmiyyətin adi təsərrüfat fəaliyyəti çərçivəsində yaranmış maliyyə öhdəliyidir. Kreditin aylıq ödənişinin 627,74 manat olması və kredit müddətinin 2027-ci ilin oktyabr ayınadək müəyyən edilməsi nəzərə alındıqda, ərizəçi tərəfindən hesablanmış qərarın icrasının həmin kredit öhdəliyinin yerinə yetirilməsini qeyri-mümkün edəcəyi barədə sübut təqdim edilməmişdir. Eyni zamanda, cəmiyyətin 3 işçisinin və 1.200 manat aylıq əməkhaqqı fondunun olması da qərarın icrasının dayandırılması üçün əsas təşkil etmir. İddiaçı tərəfindən əmək haqqı ödənişlərinin həyata keçirilməsinin məhz hesablanmış qərarın icrası səbəbindən mümkünsüz olacağına dair hər hansı konkret sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, vergi ödəyicisinin bank hesabında olan vəsaitin 105 faizi həcmində dondurulması belə həmin vəsaitlərin vergi ödəyicisinin zəruri ehtiyacları üçün istifadəsini tam məhdudlaşdırmır. Belə ki, dondurulmuş vəsaitlərdən istifadə Mülki Məcəllənin 965-ci maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı zəruri hallarda mümkündür: • həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər; • alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və ya bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmələr; • əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi; • müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və ya bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmələr, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi. Bu hüquqi hal təsdiq edir ki, vergi orqanının sərəncamı ərizəçinin mühüm sosial və əmək öhdəliklərini icra etməsinə maneə yaratmır. Beləliklə, ərizəçinin “işçi maaşlarının ödənilməsinin qeyrimümkünlüyü” barədə dəlili hüquqi əsasdan məhrumdur. Nəticə etibarilə, ərizəçi tərəfindən təqdim olunan hallar hesablanmış qərarın icrasının dayandırılmasını şərtləndirən real, konkret və təxirəsalınmaz təhlükənin mövcudluğunu təsdiq etmir. Bu səbəbdən, yalnız qeyd olunan maliyyə və təsərrüfat göstəricilərinə əsaslanmaqla hesablanmış qərarın icrasının dayandırılması barədə tələb əsaslı hesab edilə bilməz. Mübahisə predmeti olan Vergi Məcəlləsinin 109.8-ci maddəsi yalnız ##.##.2024-cü il tarixindən qüvvəyə minmişdir.Əvvəlki dövrlərdə belə bir normanın mövcud olmaması vergi orqanının hazırkı qanunvericiliyi tətbiq etmək səlahiyyətini və vəzifəsini məhdudlaşdıra bilməz. Ərizəçi tərəfindən qərarın icrası davam etdirildiyi təqdirdə hansı konkret zərərin yaranacağı, həmin zərərin nə üçün sonradan aradan qaldırıla bilməyəcəyi və ya hüquqi vəziyyətin əvvəlki halına qaytarılmasının nə üçün mümkün olmayacağı konkret faktlarla və sübutlarla əsaslandırılmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması (-) 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. (-) Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarından görünür ki, ərizəçi Ərizəçi MMC-yə münasibətdə 2025-ci il üzrə mənfəət vergisi bəyannaməsi əsasında kameral vergi yoxlaması aparılmış, cavabdehin ##.##.2026-cı il tarixli, *-**-*-*/*-*******/**** nömrəli qərarı ilə əvvəlki qərar ləğv edilərək 25.505,45 manat əlavə mənfəət vergisi hesablanmışdır. Bundan sonra ##.##.2026-cı il tarixində ərizəçiyə 29.488,11 manat vergi borcunun ödənilməsi barədə bildiriş göndərilmiş, eyni zamanda onun bank hesablarının dondurulmasına dair müvafiq sərəncamlar banklara göndərilmişdir. Ərizəçi isə mübahisələndirilən qərarın icrasının əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmasını xahiş edir. Bu məsələyə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2025-ci il tarixli, ** nömrəli Qərarı ilə # ####### 2023-cü il tarixli, ** nömrəli Qərara edilmiş dəyişikliklərdə müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün tələb olunan şərtlərin qiymətləndirilməsi ardıcıllığı dəqiqləşdirilmişdir. “4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən əsas iddia üzrə mübahisənin mahiyyəti qabaqcadan həll edilməməli, lakin mövcud faktiki və hüquqi vəziyyət elə həcmdə qiymətləndirilməlidir ki, müvəqqəti müdaxilənin zəruri olub-olmaması barədə əsaslandırılmış nəticəyə gəlmək mümkün olsun. Bu baxımdan, inzibati aktın icrasının dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər bir-birindən ayrılıqda deyil, ardıcıl və məcmu şəkildə yoxlanılmalıdır. İPM-in 43.1-ci maddəsi və Ali Məhkəmə Plenumunun müvafiq izahları da ilkin təcili tənzimləmənin zəruriliyini və əsas iddianın böyük ehtimalla uğurlu olmasını müvəqqəti müdafiənin tətbiqi üçün birlikdə mövcud olmalı şərtlər kimi müəyyən edir. Hazırkı işdə kollegiya ilk növbədə təcililik şərtinə qiymət verir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi bu şərti yalnız sahibkarlıq fəaliyyətinin ümumi risklərinə və ya mübahisələndirilən qərarın ona müəyyən maliyyə yükü yaratmasına istinad etməklə əsaslandırmamışdır. Mübahisəli qərarın qəbulundan dərhal sonra 29.488,11 manat vergi borcunun ödənilməsi barədə bildiriş göndərilmiş, eyni zamanda ərizəçinin bank hesablarının dondurulmasına dair sərəncamlar banklara göndərilmişdir. Bununla yanaşı, ərizəçi cəmiyyətin mikro sahibkarlıq subyekti olmasını, yalnız üç işçisinin mövcudluğunu, aylıq əməkhaqqı fondunun 1.200 manat təşkil etdiyini, habelə 12.000 manat məbləğində kredit üzrə hər ay 627,74 manat ödəniş öhdəliyi daşıdığını göstərən sənədləri işə əlavə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, göstərilən hallar bütövlükdə qiymətləndirildikdə ərizəçinin təsərrüfat fəaliyyətinə müdaxilə təhlükəsi gələcəkdə baş verə biləcək ehtimal xarakterli hadisə kimi deyil, artıq başlanmış icra tədbirlərinin mümkün nəticəsi kimi çıxış edir. Mübahisələndirilən qərarla 25.505,45 manat əlavə mənfəət vergisinin hesablanması, ardınca 29.488,11 manat vergi borcunun tələb edilməsi cəmiyyətin fəaliyyət miqyası ilə müqayisədə əhəmiyyətli maliyyə yüküdür. Ərizəçinin 2025ci il üzrə bəyan etdiyi dövriyyə, işçilərinin sayı, əməkhaqqı və kredit öhdəlikləri nəzərə alındıqda bank hesabları üzərində tətbiq edilən məhdudiyyətin onun cari ödəniş qabiliyyətinə təsir etməsi real görünür. Kollegiya qeyd edir ki, burada nəzərə alınmalı olan məsələ təkcə hesabda müəyyən məbləğin dondurulması deyil. Sahibkarlıq fəaliyyətinin davam etdirilməsi malın alınması, təchizatçılarla hesablaşma, daşınma, xidmətlərin ödənilməsi, vergi və digər cari öhdəliklərin yerinə yetirilməsi üçün fasiləsiz pul dövriyyəsini tələb edir. Xüsusilə fəaliyyət miqyası böyük olmayan müəssisə üçün bank hesablarından istifadənin əhəmiyyətli şəkildə məhdudlaşdırılması təsərrüfat dövriyyəsinin zəifləməsinə, müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinə və mövcud kommersiya əlaqələrinin pozulmasına səbəb ola bilər. Bu nəticələrin hamısının sonradan yalnız tutulmuş vəsaitin geri qaytarılması ilə tam aradan qaldırılacağını əvvəlcədən qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, cavabdehin dondurulmuş vəsaitlər hesabına qanunla üstünlük verilmiş bəzi ödənişlərin aparılmasının mümkün olması barədə mövqeyi də bu nəticəni dəyişmir. Belə imkan əməkhaqqı və qanunla müəyyən edilmiş digər ödənişlərin müəyyən qaydada həyata keçirilməsini təmin edə bilər, lakin kommersiya təşkilatının bütün cari maliyyə əməliyyatlarının sərbəst aparılması ilə eyniləşdirilə bilməz. Cəmiyyətin gündəlik təsərrüfat fəaliyyətinin yalnız üstün növbəli ödənişlərlə məhdudlaşmadığı nəzərə alındıqda, bank hesablarına tətbiq edilən məhdudiyyətlərin müəssisənin iqtisadi fəaliyyətinə təsir göstərməyəcəyi barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Ali Məhkəmə Plenumunun izahına görə də təcililik konkret şəxsin vəziyyəti baxımından qiymətləndirilməli, mövcud vəziyyət dəyişdiyi halda hüquqların sonradan qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşib-çətinləşməyəcəyi araşdırılmalıdır. Hazırkı halda ərizəçinin istinad etdiyi halların fərdiləşdirilmiş xarakter daşıması, icra tədbirlərinin artıq başlanması və həmin tədbirlərin cəmiyyətin cari fəaliyyətinə birbaşa təsir imkanının olması ilkin təcili tənzimləmənin zəruriliyini qəbul etməyə əsas verir. Bu səbəbdən kollegiya hesab edir ki, hazırkı ərizə təcililiyin ümumiyyətlə əsaslandırılmadığı ərizələr sırasına aid edilə bilməz. Ərizəçi həm təhlükənin nədən ibarət olduğunu göstərmiş, həm də həmin təhlükəni özünün konkret maliyyə vəziyyəti ilə əlaqələndirən ilkin sübutlar təqdim etmişdir. Deməli, ərizənin taleyi yalnız təcililik şərtinə münasibətdə həll edilə bilməz və müvəqqəti müdafiənin tətbiqi üçün tələb olunan digər şərtin də ayrıca yoxlanılması zəruridir. Bununla belə, ilkin təcili tənzimləmənin zəruri olması inzibati aktın icrasının birbaşa dayandırılması nəticəsini doğurmur. Müvəqqəti xarakterli müdafiə institutu əsas iddianın mahiyyəti üzrə həllini əvəz etməsə də, məhkəmə bu mərhələdə işdə olan sənədlər əsasında mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu və iddiaçının maddi-hüquqi mövqeyinin perspektivi barədə ilkin qiymətləndirmə aparmalıdır. Ali Məhkəmə Plenumunun izahlarında da göstərildiyi kimi, bu mərhələdə tam sübutetmə deyil, işin faktiki və hüquqi hallarına əsaslanan ilkin araşdırma aparılır və mübahisəli aktın hüquqa uyğunluğu “ilk baxışda” qiymətləndirilir. Hazırkı işdə mübahisəli əlavə vergi hesablamasının hüquqi əsasını Vergi Məcəlləsinin 109.8-ci maddəsi təşkil edir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən 120.250 manat məbləğində kömür vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktları əsasında əldə edilmişdir. Tərəflər arasında bu əməliyyatların mövcudluğu və malların məhz həmin şəxslərdən alış aktları ilə alınması barədə ilkin mərhələdə mübahisə yoxdur. Mübahisə həmin xərclərin gəlirdən hansı həcmdə çıxıla bilməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. Həmin maddənin məzmunundan da göründüyü kimi, qanunvericilikdə xüsusi olaraq sadalanan istisnalar nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınmış mallar üzrə gəlirdən çıxılan xərclərə məhdudiyyət müəyyən edilmişdir. Buna görə də bu mərhələdə əsas əhəmiyyət kəsb edən məsələ ərizəçi tərəfindən aparılmış əməliyyatların real olub-olmaması və ya onların ödənişinin bank vasitəsilə aparılması deyil, həmin əməliyyatların sözügedən hüquqi normanın tətbiq dairəsinə düşüb-düşməməsidir. Ərizəçi alışların elektron qaydada rəsmiləşdirildiyini, hesablaşmaların bank vasitəsilə həyata keçirildiyini və bütün əməliyyatların şəffaf aparıldığını vurğulayır. Kollegiya həmin halların əməliyyatların faktiki mövcudluğunun və sənədləşdirilməsinin qiymətləndirilməsi baxımından əhəmiyyətini inkar etmir. Lakin bunlar özlüyündə Vergi Məcəlləsinin 109.8-ci maddəsində müəyyən edilmiş xərclərin çıxılması məhdudiyyətinin tətbiqini istisna etmir. Həmin norma əməliyyatların qeyri-rəsmi və ya saxta olmasına görə deyil, malın vergi orqanında uçotda olmayan fiziki şəxsdən və müəyyən sənəd əsasında alınmasına görə xüsusi vergi nəticəsi müəyyən edir. Eyni zamanda iş materiallarında kömürün Vergi Məcəlləsinin 109.8-ci maddəsində nəzərdə tutulan məhdudiyyətdən kənarda saxlanılmış mallar kateqoriyasına aid olduğunu göstərən hüquqi əsas müəyyən edilmir. Buna görə də, hazırkı mərhələdə işdə olan materiallar mübahisələndirilən qərarda Vergi Məcəlləsinin 109.8-ci maddəsinin tətbiqinin açıq şəkildə əsassız və ya hüquqa zidd olması barədə nəticəyə gəlməyə imkan vermir. Kollegiya həmçinin qeyd edir ki, ərizəçinin əvvəlki dövrlərdə vergi orqanının eyni əməliyyatlara irad bildirməməsinə istinad etməsi də hazırkı mərhələdə qanuni etimad prinsipinin pozulduğunu müəyyən etməyə kifayət etmir. İş materiallarında vergi orqanının Vergi Məcəlləsinin 109.8-ci maddəsinin hazırkı məzmununun qüvvəyə mindiyi dövrdən sonra eyni faktiki və hüquqi hallara münasibətdə davamlı olaraq fərqli yanaşma tətbiq etdiyini göstərən sübut yoxdur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, hazırkı mərhələdə aparılan qiymətləndirmə əsas iddia üzrə yekun hüquqi nəticə deyildir. Əsas işə mahiyyəti üzrə baxılarkən tərəflərin təqdim etdiyi bütün sübutlar araşdırılmalı, Vergi Məcəlləsinin 109.8-ci maddəsinin konkret əməliyyatlara tətbiqi, alış aktlarının hüquqi xarakteri, mübahisəli malların həmin normada nəzərdə tutulan istisnalara aid olub-olmaması, eləcə də inzibati orqanın əvvəlki praktikasının qanuni etimad prinsipinə təsiri tam həcmdə qiymətləndirilməlidir. Müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icraatda isə məhkəmənin vəzifəsi həmin məsələləri mahiyyəti üzrə həll etmək deyil, işdə mövcud olan ilkin materiallar əsasında əsas iddianın uğurluluq ehtimalını qiymətləndirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, işin hazırkı mərhələsində mövcud materiallar mübahisələndirilən əlavə vergi hesablamasının hüquqi əsasının aşkar şəkildə aradan qalxdığını və ya Vergi Məcəlləsinin 109.8-ci maddəsinin hazırkı münasibətlərə tətbiqinin istisna olunduğunu göstərmir. Əksinə, mübahisələndirilən qərarın konkret qanun normasına və həmin normada nəzərdə tutulan hallara əsaslandığı görünür. Ərizəçinin istinad etdiyi əməliyyatların şəffaf aparılması, ödənişlərin bank vasitəsilə həyata keçirilməsi, əvvəlki vergi dövrlərində irad bildirilməməsi və mübahisəli qərarın cəmiyyətin maliyyə vəziyyətinə təsiri barədə dəlillər təcililik şərtinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşısa da, həmin hallar özlüyündə əsas iddianın böyük ehtimalla uğurlu olmasını müəyyən etməyə kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə ilkin təcili tənzimləmə zərurəti mövcuddur, lakin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün tələb olunan ikinci şərt müəyyən edilmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin ərizəni təmin etməmək barədə gəldiyi nəticə son nəticə etibarilə düzgündür. Bununla belə, həmin nəticənin əsaslandırılması təcililiyin olmaması ilə deyil, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində əsas iddianın böyük ehtimalla uğurlu olmasının müəyyən edilməməsi ilə bağlıdır. Şərtlərin qanunvericilikdə məcmu şəkildə nəzərdə tutulması səbəbindən onlardan birinin mövcud olmaması müvəqqəti müdafiə tədbirinin tətbiqini istisna edir. Hazırkı halda təcililik şərti təmin olunsa da, əsas iddianın uğurluluq ehtimalı tələb olunan səviyyədə müəyyən edilmədiyindən, mübahisələndirilən inzibati aktın icrasının dayandırılması üçün hüquqi əsas yaranmır. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ziddiyyətli maraqların ayrıca qiymətləndirilməsinə zərurət yoxdur. Belə qiymətləndirmə təcililik şərtinin mövcud olduğu, lakin ilkin araşdırmanın nəticələrinə əsasən iddianın uğurluluq ehtimalı barədə aydın nəticəyə gəlmək mümkün olmadığı hallarda aparılır. Hazırkı işdə isə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində əsas iddianın böyük ehtimalla uğurlu olmasını təsdiq edən kifayət qədər əsas müəyyən edilməmişdir. Buna görə də, hazırkı işdə ziddiyyətli maraqların ayrıca qiymətləndirilməsini zəruri edən əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-64/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-64/2026
04.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver