Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-67/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, ərizəçi Ərizəçi İbiş oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi İbiş oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı 2-ci dərəcə müddətsiz əlilliyin ləğvi tarixindən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçinin “2-ci qrup “müddətsiz” əlilliyin ləğv edilməsi üzrə hərəkətlərin cavabdeh orqana qadağan edilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Ərizəçi İbiş oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “”Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ona 2-ci qrup (müddətsiz) əlilliyin ləğvi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizəçi Ərizəçi İbiş oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı 2-ci dərəcə müddətsiz əlilliyin ləğvi tarixindən bərpa edilməsi” tələbinə dair iş üzrə “2-ci qrup “müddətsiz” əlilliyin ləğv edilməsi üzrə hərəkətlərin cavabdeh orqana qadağan edilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iş üzrə cavabdeh qismində iştirak edən “xxxx” publik hüquqi şəxsinin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində Cavabdeh publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası tərəfindən cavabdeh “xxxx” publik hüquqi şəxsi (VÖEN: **********) hüquqi varis olan Cavabdeh publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edilir. Daha sonra ərizəçi apellyasiya baxışında müvəqqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dəqiqləşmə təqdim edərək cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh orqan - AR ƏƏSMN-nin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1999-cu il tarixdən malik olduğu "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" 2-ci qrup (müddətsiz) əlilliyin ləğv edilməsini bildirmişdir. Belə ki, AR ƏƏSMN-nin elektron portalından TSEK-dən sonuncu müayinə dair məlumat vərəqinə əsasən ərizəçiyə ## ##### 2026-cı il tarixdən başlayaraq "əlillik təyinatından imtina edilmiş və səbəb kimi-diaqnoz əllik əlaməti təyin etməməsi barədə qərar qəbul edilməsi göstərilmişdir. Qeyd edirlir ki, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçərkən Qarabağda döyüş zonasında ağır yaralanaraq bədənin müxtəlif yerlərində travma almışdır. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.1996-ci il tarixli Qərarına əsasən aldığı xəsarətlər “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır". Sonradan əlillik təyin olunması ilə bağlı TSEK-ə göndərilmiş, orada isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" əliillik təyin edilmişdir. Beləcə olaraq DSMF tərəfindən ərizəçiyə 1999-ci ildən başlayaraq müharibə əlili kimi əmək pensiyası ödənilməyə başlanılmışdır. Ötən illər ərzində ərizəçi hər il TSEK müayinəsindən keçmiş və əlilliyi bir daha da təsdiq edilmişdir. Nəhayət olaraq TSEK-in ##.##.2008-ci il tarixli 5029№-li Qərarına əsasən ərizəçiyə 2-ci qrup olmaqla "müddətsiz" olaraq əlillik təyin edilmişdir. Beləcə ötən 26 il ərzində davamlı olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup əlil kimi əmək pensiyası və daha sonra təsis olunan müharibə veteranı təqaüdünü almışdır. Hazırda malik olduğu müddətsiz əlilliyin ləğvi, onun maddi təminatı olan əmək pensiyasının eləcədə aylıq təqaüdün dayandırılması ərizəçinin maddi durumunu çıxılmaz vəziyyətə salmışdır. Eyni zamanda hazırda cavabdeh - AR ƏƏSMN-nin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, 1999cu il tarixdən malik olduğu "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" 2-ci qrup (müddətsiz) əlilliyin ləğv edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, müddətsiz əlilliyin bərpa edilməsi tələbi üzrə həmən məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri: Cavabdeh ərizəyə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti ##.##.2008-ci il tarixində Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazibütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədarmüddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz "DSMF məlumatlarına əsasən PAS" olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-C-****/**** nömrəli məktub əsasında ##.##.2026-cı il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Buna baxmayaraq vətəndaş əyani müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyinin əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2026-cı il tarixindən "Diaqnozəlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin ##.##.2026-cı il tarixli qərar əsasında müəyyən edilir ki, Ərizəçi İbiş oğlu barəsində əlillik verilməsindən imtina edilmişdir. Göründüyü kimi ərizəçinin ərizəsi Sumqayıt İnzibati Məhkəməsinə daxil olana qədər ərizəçi barəsində qərar qəbul edimiş və hal-hazırda onun hüquqi marağı artıq mövcud deyildir. Belə olan halda iddiaçının ərizəsi əsasında ona 2-ci qrup əlilliyin ləğv edilməsinə dair hər hansı hərəkətlərin qadağan edilməsi əhəmiyyətsizdir. Ona görə də ərizə mümkün sayılmamaldır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: Apellyasiya şikayətinin dəlilləri. Ərizəçi apellyasiya şikayətini müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə eyni məzmunda əsaslandırmışdır. Eyni zamanda ərizəçi apellyasiya şikayətinə əlavəsində qeyd etmişdir ki, əmək pensiyası və aylıq sosial ödənişlər onun və ailəsinin yeganə dolanışıq vasitəsi olmuş, həmin ödənişlərin dayandırılması ailəsinin maddi vəziyyətini ağırlaşdırmışdır. Ərizəçi kredit öhdəliyinin mövcudluğunu, kreditin ilkin məbləğinin 16.000 manat, əsas borc üzrə qalığın 9.241,40 manat, cədvəl üzrə ödənişin isə 477,59 manat olduğunu, həmçinin qızı İlahə Qəhrəmanlının 2025/2026-cı tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani bakalavriat təhsilinə qəbul olunduğunu göstərən sənədlər təqdim etmiş və bu halların təcililiyin qiymətləndirilməsi zamanı nəzərə alınmasını xahiş etmişdir. b) Cavabdeh apellyasiya şikayətinə etirazında qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlər hazırkı iş üzrə mövcud deyildir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtləri məcmu halda mövcud olmalıdır. Bu zaman təcililik şərti ilkin şərt olmaqla, ərizəçi tərəfindən konkret işin hallarına uyğun şəkildə əsaslandırılmalı və müvafiq sübutlarla təsdiq edilməlidir. Hazırkı halda isə ərizəçi onun hüquqlarının qorunmasının mümkünsüz olacağına və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinə səbəb ola biləcək real və təxirəsalınmaz təhlükənin mövcudluğunu əsaslandırmamışdır. Həmçinin bildirmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirləri mahiyyət etibarilə müvəqqəti xarakter daşımalı, əsas iddia üzrə mübahisənin qabaqcadan həll edilməsinə, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək yekun qərarın məzmununun əvvəlcədən müəyyən olunmasına və şəxslər üçün yekun hüquqi vəziyyətin yaradılmasına gətirib çıxarmamalıdır. Bununla yanaşı, belə tədbirlər tətbiq edilərkən tərəflərin və ictimai maraqların ədalətli balansı, habelə mütənasiblik prinsipinin tələbləri nəzərə alınmalıdır. Qeyd edir ki, cavabdehin ## ##### 2026-cı il tarixli qərarı ilə Ərizəçi İbiş oğluna əlillik təyin edilməsindən imtina edilmiş və həmin qərar ərizəçinin müvəqqəti xarakterli müdafiə barədə ərizəsinin Sumqayıt İnzibati Məhkəməsinə daxil olmasından əvvəl qəbul edilmişdir. Buna görə də ərizəçinin qarşısının alınmasını tələb etdiyi hərəkət artıq baş vermiş, bununla da həmin tədbirin tətbiqinə yönəlmiş hüquqi maraq aradan qalxmışdır. Cavabdehin mövqeyinə görə, belə olan halda 2-ci qrup əlilliyin ləğv edilməsinə dair hər hansı hərəkətlərin qadağan edilməsini nəzərdə tutan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi artıq hüquqi və faktiki əhəmiyyət daşımadığından ərizə mümkün sayılmamalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilkin təcili tənzimləməni zəruri edən hər hansı hal müəyyən edilmədiyindən və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə real ehtiyac mövcud olmadığından ərizənin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, ərizəyə dəqiqləşmə barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin əlillik vəziyyəti ##.##.2008-ci il tarixli tibbi-sosial ekspertiza qiymətləndirilməsi ilə müəyyən edilmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müddətsiz təyin olunmuşdur. Həmin qiymətləndirmədə diaqnoz “DSMF məlumatları əsasında PAS” kimi göstərilmişdir. İş materiallarında olan sənədlərdən, həmçinin ərizəçinin hərbi xidmət zamanı aldığı xəsarətlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirildiyi görünür. Sonradan əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə ərizəçi ##.##.2026-cı il tarixində əyani müayinəyə dəvət edilmiş, lakin müayinədə iştirak etməmişdir. Bundan sonra mövcud sənədlər və digər məlumatlar əsasında Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2026-cı il tarixli, *******0002 nömrəli qərarı ilə əlillik verilməsindən imtina edilmiş, imtina səbəbi kimi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Ərizəçinin bildirdiyinə görə və daha sonra iş materialları ilə müəyyən edildiyi kimi, həmin qərarın nəticəsi olaraq iddiaçıya ödənilən əmək pensiyası və aylıq sosial ödənişlər dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən ilk növbədə təcililik şərtinə qiymət verilməlidir. İnzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında verilmiş izahların məzmununa görə, təcililik abstrakt ehtimallarla deyil, məhz ərizəçinin fərdi vəziyyətinə münasibətdə hüquqi və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, yarada biləcəyi real nəticələr və həmin nəticələrin sonradan aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı işdə təcililik yalnız ərizəçinin aylıq sosial ödənişdən məhrum olması faktı ilə məhdudlaşmır. Mübahisələndirilən qərar uzun illər ərzində mövcud olmuş və ##.##.2008ci ildən müddətsiz müəyyən edilmiş ikinci dərəcəli əlillik statusuna və həmin statusla bağlı formalaşmış hüquqi vəziyyətə birbaşa təsir göstərmişdir. Üstəlik, həmin qərarın nəticələri artıq icra olunmağa başlamış, ərizəçinin əmək pensiyası və digər aylıq sosial ödənişləri dayandırılmışdır. Buna görə də mövcud təhlükə gələcəkdə baş verməsi qeyri-müəyyən olan ehtimal deyil, ərizəçinin cari hüquqi və faktiki vəziyyətinə real və davam edən təsir göstərən haldır. Kollegiya bu xüsusda nəzərə alır ki, ərizəçi sosial ödənişlərin onun və ailəsinin yeganə dolanışıq vasitəsi olduğunu bildirmiş və bu dəlili təsdiq etmək məqsədilə maddi öhdəliklərinə dair sənədlər təqdim etmişdir. Təqdim olunmuş kredit məlumatından kreditin ilkin məbləğinin 16.000 manat, əsas borc üzrə qalığın 9.241,40 manat, cədvəl üzrə ödənişin isə 477,59 manat olduğu görünür. Bundan başqa, iş materiallarına ərizəçinin qızı İlahə Qəhrəmanlının 2025/2026-cı tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani bakalavriat təhsilinə qəbul olunduğunu göstərən sənəd əlavə edilmişdir. Bu hallar birlikdə qiymətləndirildikdə, sosial ödənişlərin dayandırılmasının ərizəçinin yalnız şəxsi gündəlik ehtiyaclarına deyil, mövcud kredit öhdəliklərinin və ailəsinin, o cümlədən təhsil alan övladının zəruri xərclərinin vaxtında qarşılanmasına da birbaşa təsir göstərdiyi aydın olur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əsas iddia sonradan təmin ediləcəyi halda ödənilməmiş pul məbləğlərinin geriyə hesablanması hüquqi baxımdan mümkün olsa belə, mübahisənin davam etdiyi dövrdə ərizəçinin gündəlik yaşayış xərclərinin, kredit öhdəliklərinin və ailəsinin cari, o cümlədən təhsil ilə bağlı xərclərinin vaxtında qarşılanmamasından yarana biləcək nəticələrin sonradan yalnız pul ödənişi ilə tam aradan qaldırılması həmişə mümkün olmaya bilər. Xüsusilə, kredit öhdəliyinin vaxtında icra edilməməsi və ailənin cari ehtiyaclarının ödənilməsinin gecikməsi öz xarakterinə görə sonradan geriyə ödənişlə aradan qalxmayan faktiki nəticələr yarada bilər. Məhz bu hal İPMin 43.1.1-ci maddəsində nəzərdə tutulmuş əvvəlki vəziyyətin bərpasının xeyli dərəcədə çətinləşməsi meyarı baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, əlilliyin müddətsiz müəyyən edilməsi onun qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda təkrar qiymətləndirilməsini özü-özlüyündə istisna etmir. Həmçinin ərizəçinin ##.##.2026-cı il tarixində təyin olunmuş əyani müayinədə iştirak etməməsi də əsas iddia üzrə hüquqi qiymət verilməli olan haldır. Lakin konkret halda təkrar qiymətləndirməyə cəlb edilmənin əsasları, əyani müayinədə iştirak etməmənin hüquqi nəticələri, mövcud tibbi və digər sənədlərin yetərli olub-olmaması, eləcə də ##.##.2026-cı il tarixli qərarın hüquqa uyğunluğu əsas iddia üzrə tam və hərtərəfli araşdırılmalı olan məsələlərdir. Müvəqqəti xarakterli müdafiə icraatında həmin məsələlər barəsində yekun nəticəyə gəlinməsi bu icraatın təyinatına uyğun olmazdı. Beləliklə, ərizəçinin 1999-cu ildən əlilliklə bağlı sosial təminat alması, ##.##.2008-ci ildən ikinci dərəcəli əlilliyinin müddətsiz müəyyən edilməsi, bu hüquqi vəziyyətin uzun müddət davam etməsi, mübahisələndirilən qərarın nəticələrinin artıq onun cari maddi təminatına təsir göstərməsi, habelə kredit və ailə ilə bağlı davamlı maliyyə öhdəliklərinin mövcudluğu əsas mübahisənin hələ mahiyyəti üzrə həll edilməməsi ilə birlikdə qiymətləndirildikdə, kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri görülmədiyi halda ərizəçinin hüquqlarının sonradan qorunmasının və əvvəlki vəziyyətin bərpasının xeyli dərəcədə çətinləşməsi təhlükəsi mövcuddur. Odur ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmə zərurəti mövcuddur. Təcililik şərtinin mövcudluğu müəyyən edildikdən sonra məhkəmə kollegiyası İPM-in 43.1.2-ci maddəsi baxımından ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını ilkin araşdırmanın imkan verdiyi həddə qiymətləndirir. Ali Məhkəmə Plenumunun müvəqqəti xarakterli müdafiəyə dair izahlarının mahiyyətinə görə, bu mərhələdə məhkəmə əsas iddia üzrə aparılmalı olan tam araşdırmanı əvəz etməməli, işin həmin anında mövcud olan ilkin sübutlar və hüquqi vəziyyət əsasında əsaslandırılmış proqnoz formalaşdırmalıdır. Hazırkı işdə ilkin sübutlardan görünür ki, ərizəçinin ikinci dərəcəli əlilliyi ##.##.2008ci il tarixli rəsmi tibbi-sosial ekspertiza qiymətləndirilməsi ilə müddətsiz müəyyən edilmiş və həmin hüquqi vəziyyət uzun müddət qüvvədə olmuşdur. Bununla yanaşı, iş materiallarında ərizəçinin hərbi xidmət zamanı aldığı xəsarətlərin ##.##.1996-cı il tarixli *** nömrəli qərarla hərbi travma kimi qiymətləndirildiyini göstərən sənəd mövcuddur. Digər tərəfdən, ##.##.2026-cı il tarixli yeni qərar ərizəçinin əyani müayinədə iştirak etmədiyi şəraitdə mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli hesab edilən digər məlumatların qiymətləndirilməsi əsasında qəbul edilmişdir. Bu iki hüquqi vəziyyət arasındakı ziddiyyətin həlli əvvəlki və sonrakı tibbi sənədlərin, ərizəçinin faktiki funksional vəziyyətinin, tətbiq edilmiş meyarların və inzibati icraatın əsaslarının mahiyyəti üzrə araşdırılmasını tələb edir. Kollegiya həmçinin nəzərə alır ki, ##.##.2026-cı il tarixli qərarda əlillik verilməsindən imtinanın səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” kimi göstərilmişdir. Halbuki iş materiallarında ərizəçinin hərbi xidmət zamanı aldığı xəsarətlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirildiyini, uzun illər ərzində ona əlillik təyin olunduğunu və ##.##.2008-ci il tarixdən ikinci dərəcəli əlilliyinin müddətsiz müəyyən edildiyini təsdiq edən məlumatlar mövcuddur. Bu baxımdan, uzun müddət qüvvədə olmuş əvvəlki qiymətləndirmədən fərqli olaraq hazırda əlillik əlamətlərinin mövcud olmadığı nəticəsinə hansı konkret tibbi və faktiki hallara əsasən gəlindiyi, habelə həmin nəticənin qəbul edilməsi üçün işdə olan sənədlərin yetərli olub-olmadığı əsas iddia üzrə araşdırılmalı məsələdir. Məhkəmə kollegiyası bu xüsusda “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərini də nəzərə alır. Həmin normaya əsasən, TSEK-in əlilliyin qiymətləndirilməsi barədə qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir və müayinənin nəticələrinə əsasən əvvəlki qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir. Beləliklə, qüvvədə olan əlillik təyinatının yenidən qiymətləndirilməsi üçün əvvəlki TSEK qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu mühüm ilkin hüquqi şərt kimi çıxış edir. Hazırkı iş üzrə cavabdeh ərizəçinin “əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə” əyani müayinəyə dəvət edildiyini bildirsə də, məhz Ərizəçi İbiş oğlu barəsində ##.##.2008-ci il tarixli qərarın düzgünlüyünü şübhə altına alan konkret əsaslı sübutun nədən ibarət olduğunu açıqlamamışdır. İş materiallarından əvvəlki əlillik təyinatı ilə bağlı hansı yeni tibbi məlumatın, sənədlər arasında hansı ziddiyyətin, hansı faktiki uyğunsuzluğun və ya digər konkret halın aşkar edildiyi müəyyən olunmur. Ərizəçinin müəyyən risk qrupuna daxil edilməsinə ümumi istinad özlüyündə əvvəlki əlillik təyinatının düzgünlüyünü şübhə altına alan fərdiləşdirilmiş sübut kimi qəbul edilə bilməz. Eləcə də ərizəçinin təyin edilmiş əyani müayinədə iştirak etməməsi, əyani müayinəyə cəlb olunma üçün qanunvericiliyin tələb etdiyi ilkin hüquqi əsasın mövcud olub-olmamasının yoxlanılması zərurətini aradan qaldırmır. Məhkəmə kollegiyası mübahisəyə ilkin hüquqi qiymət verərkən onu da nəzərə alır ki, ərizəçinin ##.##.2008-ci il tarixdən ikinci dərəcəli əlilliyinin müddətsiz müəyyən edilməsi ona müəyyən hüquqlar verən və həmin hüquqları təsdiq edən, başqa sözlə, mahiyyət etibarilə əlverişli inzibati akt olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə görə, maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən akt əlverişli inzibati akt hesab olunur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən isə inzibati akt qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa əsasla qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır. Buna görə 2008-ci ildə qəbul edilmiş qərarın uzun müddət qüvvədə qalması və ərizəçinin həmin qərardan irəli gələn hüquqlardan faktiki istifadə etməsi onun hüquqi nəticələrinin aradan qaldırılmasına qiymət verilərkən nəzərə alınmalı hallardandır. Bununla yanaşı, əvvəlki əlverişli inzibati aktın qanuni və ya qanunsuz olması barədə yekun qiymətin əsas iddia üzrə verilməli olmasından asılı olmayaraq, “İnzibati icraat haqqında” Qanun onun ləğvi üçün bir illik müddət məhdudiyyəti müəyyən etmişdir. Belə ki, Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt onun ləğvini şərtləndirən halların məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər; 67.6.1-ci maddədə nəzərdə tutulmuş rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olunması halı bu qaydadan istisnadır. Qanunun 68.4-cü maddəsi də qanuni inzibati aktın onun ləğvini şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə biləcəyini nəzərdə tutur. Bu müddətin hesablanması üçün həlledici olan ##.##.2008-ci il tarixli inzibati aktın qəbulundan nə qədər vaxt keçməsi deyil, onun ləğvini şərtləndirdiyi iddia edilən halların inzibati orqana nə vaxt məlum olmasıdır. Lakin iş materiallarından 2008-ci il tarixli qərarın ləğv edilməsini şərtləndirən konkret halın nədən ibarət olduğu aydın olmadığı kimi, həmin halın cavabdehə hansı tarixdə məlum olduğu da görünmür. Cavabdehin “müxtəlif risk qrupları üzrə araşdırma” aparılmasına ümumi istinadı həmin halların yaranma və ya aşkar edilmə tarixini müəyyən etməyə imkan vermir. Bundan əlavə, ərizəçinin 2008-ci il tarixli inzibati aktın qəbul edilməsinə rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə nail olması barədə iş materiallarında hər hansı məlumatın olduğu görünmür. Buna görə bir illik müddətə münasibətdə qanunda nəzərdə tutulmuş istisnanın hazırkı mərhələdə tətbiqinə əsas verən hal da müəyyən edilmir. Əvvəlki inzibati aktın hüquqi xarakteri, onun ləğvinə əsas verdiyi iddia olunan halların mahiyyəti və həmin halların cavabdehə məlum olma vaxtı əsas iş üzrə tam və hərtərəfli araşdırılmalıdır. Beləliklə, bir tərəfdən ərizəçinin müddətsiz əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların konkret olaraq nədən ibarət olduğunun iş materiallarından müəyyən edilməməsi, digər tərəfdən isə uzun müddət qüvvədə olmuş əlverişli inzibati aktın ləğvini şərtləndirən halların nə vaxt aşkar edildiyinin və qanunla nəzərdə tutulmuş bir illik müddətə riayət olunub-olunmadığının aydın olmaması mübahisəli qərarın hüquqa uyğunluğu ilə bağlı ciddi araşdırma tələb edən məsələlərin mövcud olduğunu göstərir. Bu hallar müvəqqəti xarakterli müdafiə icraatında mübahisələndirilən inzibati aktın qanunsuzluğu barədə yekun nəticəyə gəlməyə əsas verməsə də, ərizəçinin əsas iddiasını ilkin baxışda açıq-aşkar əsassız hesab etməyə də imkan vermir. Məhz bu səbəblərə görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını qəbul etmək üçün kifayət edən ilkin hüquqi və faktiki əsaslar vardır. Bu nəticə əsas iddianın mütləq təmin ediləcəyi mənasına gəlmir və ##.##.2026-cı il tarixli inzibati aktın hüquqa uyğunluğu barədə qabaqcadan yekun hüquqi mövqe ifadə etmir. O, yalnız müvəqqəti xarakterli müdafiə mərhələsində əsas iddia üzrə irəli sürülən tələbin real hüquqi perspektivə malik olduğunu və işin mahiyyəti üzrə hərtərəfli araşdırılmasını tələb etdiyini göstərir. Belə olan halda məhkəmə kollegiyası ziddiyyətli fərdi və ictimai maraqların hərtərəfli və mütənasib qiymətləndirilməsini də zəruri hesab edir. Bir tərəfdən cavabdehin əlillik təyinatlarının qanunvericiliyə və tibbi meyarlara uyğunluğunun yoxlanılması, əsassız sosial ödənişlərin qarşısının alınması və dövlət resurslarının qanuni əsaslarla istifadəsinə dair ictimai marağı, digər tərəfdən isə ərizəçinin uzun müddət mövcud olmuş müddətsiz ikinci dərəcəli əlillik statusunun, həmin statusdan irəli gələn cari sosial təminatının və ailəsinin zəruri yaşayış ehtiyaclarının əsas iddia həll edilənədək qorunması marağı mövcuddur. Kollegiya qeyd edir ki, mübahisələndirilən ##.##.2026-cı il tarixli qərarın icrasının müvəqqəti dayandırılması əsas iddianı qabaqcadan həll etmir, ərizəçiyə yekun olaraq əlillik hüququ vermir və cavabdehin apardığı təkrar qiymətləndirmənin mahiyyəti üzrə qanunsuz olduğunu müəyyən etmir. Bu tədbir yalnız mübahisəyə yekun hüquqi qiymət verilənədək ##.##.2026-cı il tarixli qərarın ərizəçi üçün doğurduğu əlverişsiz hüquqi nəticələrin müvəqqəti olaraq qarşısının alınmasına və həmin qərardan əvvəl mövcud olmuş hüquqi vəziyyətin qorunmasına xidmət edir. Odur ki, cavabdehin və ictimai marağın məruz qaldığı məhdudiyyət müvəqqəti və geri dönən xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın müvəqqəti xarakterli müdafiə barədə ərizə məhkəməyə daxil olanadək qəbul edilməsi səbəbindən ərizəçinin hüquqi marağının artıq mövcud olmaması barədə yanaşmasını əsaslı hesab etmir. Doğrudur, ərizəçinin ilkin tələbi “2-ci qrup müddətsiz əlilliyin ləğv edilməsi üzrə hərəkətlərin cavabdeh orqana qadağan edilməsi” kimi ifadə olunmuş və həmin vaxt əlillik verilməsindən imtina barədə qərar artıq qəbul edilmişdir. Lakin bu hal ərizəçinin müvəqqəti hüquqi müdafiəyə olan marağını aradan qaldırmırdı. Belə ki, mübahisəli qərarın hüquqi nəticələri davam etməkdə, ərizəçinin əlillik statusuna bağlı sosial ödənişlər dayandırılmaqda və əsas iddia həmin hüquqi vəziyyətin bərpasına yönəlməkdədir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərardadından sonra, apellyasiya baxışı zamanı ərizəçi müvəqqəti xarakterli müdafiə barədə tələbini dəqiqləşdirərək cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu dəqiqləşmə ilkin ərizənin hüquqi məqsədini dəyişmir, əksinə, artıq qəbul edilmiş inzibati akt nəzərə alınmaqla həmin məqsədi mövcud faktiki vəziyyətə uyğun hüquqi müdafiə formasında ifadə edir. Ərizəçinin əvvəldən güddüyü məqsəd əsas mübahisə həll edilənədək müddətsiz ikinci dərəcəli əlillik statusunun ləğvindən doğan əlverişsiz nəticələrin qarşısının alınması olmuşdur. Kollegiya hesab edir ki, bu prosessual ardıcıllıq mühüm əhəmiyyət daşıyır. Birinci instansiya məhkəməsi ərizənin ifadə formasını əsas götürərək tələb olunan hərəkətin artıq baş verdiyi və buna görə hüquqi marağın aradan qalxdığı nəticəsinə gəlmiş, lakin qərarın qəbul edilməsindən sonra onun davam edən hüquqi nəticələrinə qarşı müvəqqəti müdafiəyə ehtiyacın olub-olmadığını qiymətləndirməmişdir. Halbuki İPM-in 13-cü maddəsində nəzərdə tutulan hüquqi yardım prinsipi və İPM-in 52-ci maddəsindən irəli gələn yanaşma məhkəmədən proses iştirakçısının əldə etmək istədiyi hüquqi nəticəni aydınlaşdırmağı tələb edir. Bu baxımdan, artıq qəbul edilmiş qərarın icrasının dayandırılmasının mümkün hüquqi müdafiə vasitəsi olub-olmaması araşdırılmadan ərizənin hüquqi marağın olmaması səbəbindən mümkün sayılmaması əsaslı hesab edilə bilməz. Apellyasiya baxışında verilmiş dəqiqləşmə əsas iddia ilə müvəqqəti müdafiə tədbirinin hüquqi məqsədlərinin fərqli olduğunu da aydın göstərir. Əsas iddia ilə ərizəçi müddətsiz ikinci dərəcəli əlilliyinin ləğvindən əvvəlki tarixdən bərpa edilməsinə dair yekun hüquqi nəticə əldə etmək, müvəqqəti müdafiə vasitəsilə isə həmin mübahisə həll edilənədək ##.##.2026-cı il tarixli qərarın icrasının müvəqqəti dayandırılmasına və onun doğurduğu əlverişsiz nəticələrin müvəqqəti olaraq aradan qaldırılmasına nail olmaq istəyir. Müvəqqəti xarakterli müdafiə icraatının məqsədinin əsas iddia üzrə yekun qəraradək şəxsin subyektiv hüquqlarının qorunması olduğu da işdə tətbiq edilən hüquqi mövqedə ayrıca təsbit edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yalnız inzibati aktın ərizədən əvvəl qəbul edilməsi faktına əsaslanaraq hüquqi marağın aradan qalxması barədə gəldiyi nəticə əsaslı sayıla bilməz. Apellyasiya baxışında tələbin dəqiqləşdirilmiş məzmunu göstərir ki, ərizəçinin müvəqqəti müdafiəyə marağı mübahisəli qərarın davam edən hüquqi və maddi nəticələrinin əsas iddia üzrə yekun qəraradək qarşısının alınmasına yönəlmişdir. Mübahisəli qərarın icrasının müvəqqəti dayandırılması əsas iddianın qabaqcadan təmin edilməsi deyil, əsas iddia üzrə səmərəli məhkəmə müdafiəsinin mümkünlüyünü yekun qəraradək qoruyan prosessual tədbirdir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, əsas iddia sonradan təmin ediləcəyi halda ödənilməmiş sosial ödənişlərin geriyə hesablanması mümkün olsa belə, mübahisənin davam etdiyi dövrdə həmin ödənişlərin olmaması səbəbindən ərizəçinin gündəlik yaşayış xərclərini, kredit üzrə cədvəl ödənişlərini və ailəsinin cari, o cümlədən təhsil alan övladının ehtiyaclarını vaxtında qarşılaya bilməməsindən doğan bütün nəticələrin sonradan pul ödənişi ilə tam kompensasiya edilə biləcəyi əvvəlcədən qəbul oluna bilməz. Bu hal müvəqqəti müdafiənin preventiv xarakterini və təcililik şərtini daha da gücləndirir. Ziddiyyətli maraqlar müqayisə edildikdə, mübahisələndirilən qərarın icrasının müvəqqəti dayandırılması nəticəsində cavabdeh və dövlət üçün yaranan vəziyyət müvəqqəti xarakter daşıdığı və əsas iddia üzrə yekun qərardan sonra hüquqi nəticələri yenidən tənzimlənə bildiyi halda, tədbirin tətbiq edilməməsi ərizəçi üçün əsas dolanışıq mənbəyinin olmaması, kredit öhdəliklərinin vaxtında icra edilməsinin çətinləşməsi və ailəsinin cari yaşayış və təhsil ehtiyaclarının qarşılanmaması ilə bağlı daha ağır, dərhal baş verən və sonradan tam aradan qaldırılması çətin nəticələr yarada bilər. Buna görə məhkəmə kollegiyası hazırkı mərhələdə ərizəçinin hüquqlarının müvəqqəti qorunmasına üstünlük verilməsini mütənasib hesab edir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmənin zəruriliyi işin konkret və fərdi halları, xüsusilə uzun müddət mövcud olmuş müddətsiz əlillik statusunun ləğvindən sonra sosial ödənişlərin dayandırılması, ərizəçinin kredit öhdəliklərinin və ailə xərclərinin mövcudluğu ilə əsaslandırılmış, İPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulan təcililik meyarı və 43.1.2-ci maddə baxımından maddi tələbin mövcudluğu ehtimalı ilkin araşdırma həddində müəyyən edilmişdir. Seçilmiş müdafiə tədbiri əsas iddia üzrə yekun nəticəni qabaqcadan müəyyən etmədən ərizəçinin mövcud hüquqi vəziyyətinin qorunmasına xidmət etdiyindən mübahisənin predmetinə uyğun, zəruri və məqsədə mütənasibdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin müstəqil prosessual təyinatını, mübahisəli qərarın ərizəçinin hüquqi vəziyyətinə davam edən təsirini və hazırkı işdə təcililiyi yaradan konkret halları lazımi qaydada nəzərə almamışdır. Apellyasiya şikayətində və ona əlavə edilmiş sənədlərdə irəli sürülən dəlillər, habelə apellyasiya baxışında edilmiş dəqiqləşmə birinci instansiya məhkəməsinin ərizəçinin hüquqi marağının aradan qalxması barədə qənaətini təkzib edir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ##.##.2026-cı il tarixli qərarın icrasının dayandırılması ərizəçiyə yeni əlillik statusunun təyin edilməsi və ya əsas iddia üzrə tələb olunan hüququn yekun şəkildə tanınması demək deyildir. Mübahisəli qəraradək ərizəçinin ##.##.2008-ci ildən müddətsiz ikinci dərəcəli əlillik statusu mövcud olmuşdur. Buna görə həmin qərarın icrasının əsas mübahisə həll edilənədək dayandırılması yalnız qərarın doğurduğu əlverişsiz hüquqi nəticələrin müvəqqəti olaraq neytrallaşdırılmasına və əvvəlki hüquqi vəziyyətin qorunmasına xidmət edir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin səmərəli olması üçün mübahisəli qərarın icrasının dayandırılması formal xarakter daşımamalı, həmin qərarın ərizəçinin əvvəlki əlillik statusundan irəli gələn hüquqlarına əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək mənfi təsir göstərməsinin qarşısını almalıdır. Əks halda, qərarın icrası dayandırılsa belə, onun hüquqi nəticələri faktiki olaraq davam edər və müvəqqəti müdafiə real qoruma təmin etməzdi. Bununla belə, belə müvəqqəti qoruma əsas iddianın mahiyyəti üzrə əvvəlcədən həll edilməsi və ərizəçiyə yekun hüququn verilməsi kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, iddiaçının hazırkı tələbinə dair e-*-*(*-*)-****/**** nömrəli inzibati iş (əsas iddia üzrə) hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 58, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən Ərizəçi İbiş oğlu barədə qəbul edilmiş ##.##.2026-cı il tarixli, *******0002 nömrəli qərarının icrası e-*- *(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh həvalə edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-67/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-67/2026
02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver