Məhkəmə qərarları › İş №15(3-8)-69/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-69/2026

10.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-69/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:

1. Iddiaçı Ərizəçi adına TJ-14 adlı taxta qayıq AŞA 8044 bort nömrəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 və X4 Xidmətində qeydiyyatdan keçirilmiş, ona ##.##.2022-ci il tarixdə AA***** nömrəli Gəmi Bileti və AA****** nömrəli texniki talon verilmişdir. Həmin sənədlərdə qayığın əsas ölçüləri – uzunluğu 8,90 m, eni 2,60 m, bort hündürlüyü 1,10 m kimi göstərilmiş, gəminin sahibi Ərizəçi qeyd edilmişdir.

2. ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və cavabdeh Xidmətin əməkdaşlarının iştirakı ilə Pərviz Xankişiyevin istifadəsində olan üzmə vasitələrinə birgə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Birgə baxış aktında qara rəngli qayığın faktiki ölçülərinin 8,9 x 2,6 x 1,1 m olduğu və həmin göstəricilərin AŞA 8044 bort nömrəsi ilə Ərizəçi adına qeydiyyatda olan TJ-14 adlı üzmə vasitəsinin sənədlərindəki ölçülərlə eynilik təşkil etdiyi göstərilmişdir. Həmin aktda ərazidə başqa – boz rəngli, “Bayda” tipli üzmə vasitəsinin də olduğu, onun faktiki ölçülərinin 8,5 x 2,2 x 0,9 m təşkil etdiyi, AA***** nömrəli Gəmi Biletində AŞA 8380 bort nömrəsi altında qeydiyyata alınmış “EN-15” adlı bayda tipli üzmə vasitəsinin ölçülərindən (uzunluğu 9,1 m, eni 2,8 m, bort hündürlüyü 1,15 m) fərqləndiyi, həmin boz rəngli qayığın bayda tipli olduğu və istismarına icazə verilmədiyi qeyd edilmişdir. Aktda P.Xankişiyevin müxtəlif vaxtlarda müxtəlif üzmə vasitələrini AŞA 8044 və AŞA 8380 bort nömrələri ilə istismar etməsi və mühərrikləri bir üzmə vasitəsindən sökərək digərinə yerləşdirməsi barədə hal da qeydə alınmışdır.

3. Pərviz Xankişiyev AŞA 8044 bort nömrəli kiçikhəcmli gəminin konstruksiya dəyişikliyi ilə əlaqədar təkrar dövlət qeydiyyatına alınması ilə bağlı ## ###### 2026-cı il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 və X4 Xidmətinə müraciət etmişdir. Ərizədə təkrar qeydiyyatın səbəbi kimi gəminin təmir olunması, parametrik göstəricilərinin 8,50 x 2,20 x 0,90 m-ə dəyişməsi və sükan qurğusunun uzaqdan idarəetməyə keçirilməsi göstərilmişdir.

4. Qeyd olunan taxta qayığa cavabdeh tərəfindən texniki baxış keçirilmiş və bununla bağlı ## ###### 2026-cı il tarixli “Kiçik həcmli gəmilərin texniki baxışdan keçirilməsinə dair Akt” tərtib edilmişdir. Həmin aktda gəminin əvvəlki göstəriciləri sırasında uzunluq 8,90 m, en 2,60 m və bort hündürlüyü 1,10 m qeyd olunmuş, texniki baxış nəticəsində isə əsas ölçülər 8,50 x 2,20 x 0,90 m, tutum 13,46 kub.m, sükan qurğusu uzaqdan idarəetmə kimi göstərilmişdir. Aktda texniki baxışın ümumi nəticəsi “qismən yararlı” qeyd edilmiş və üzmə üçün konkret məhdudiyyətlər müəyyən olunmuşdur.

5. Bundan sonra TJ-14 adlı taxta qayığa AŞA 8044 bort nömrəsi və 044 reyestr nömrəsi saxlanılmaqla ##.##.2026-cı il tarixdə yeni – AA***** nömrəli gəmi bileti və AA****** nömrəli texniki talon verilmiş, yeni sənədlərdə gəminin ölçüləri 8,50 x 2,20 x 0,90 m göstərilmişdir. Gəmi Biletində gəminin təyinatı “Gəzinti” kimi qeyd edilmişdir.

6. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi cavabdeh Xidmətə ## ###### 2026-cı il tarixli məktub ünvanlayaraq, ## #### 2025-ci il tarixli birgə baxış aktına istinadla Pərviz Xankişiyevin 2024–2025-ci illər ərzində müxtəlif üzmə vasitələrini eyni sənədlərlə və saxtakarlıq yolu ilə istismar etdiyini, buna görə də FHN-in müvafiq xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunduğunu qeyd etmişdir. Bununla yanaşı, sənədlərin yenilənməsi zamanı konstruktiv dəyişikliklərin edildiyi göstərilsə də, reallıqda belə dəyişikliyin aparılmadığı və Xidmətin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri pozularaq AŞA 8044 bort nömrəli üzmə vasitəsinə aid Gəmi Bileti və texniki talonun yeni seriya nömrələri ilə ## #### 2025-ci il tarixdə keçirilmiş birgə baxış zamanı qeydiyyatsız və “Bayda” tipli kimi təsbit edilmiş P.Xankişiyevin digər üzmə vasitəsinə verildiyi bildirilmişdir. Sonda göstərilən neqativ halların aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsi və nəticəsi barədə Sahil Mühafizəsinə məlumat verilməsi xahiş olunmuşdur.

7. Bundan sonra cavabdeh Xidmət ## #### 2026-cı il tarixli rəsmi xəbərdarlıq məktubu ilə iddiaçının ##.##.2026-cı il tarixli AŞA 8044 bort nömrəli gəminin konstruksiya dəyişikliyi ilə əlaqədar təkrar qeydiyyata alınması ilə bağlı müraciətindəki çatışmazlıqların gəminin konstruksiya dəyişikliyini və texniki parametrlərini əks etdirən layihə sənədi və sxemin təqdim edilməsinin - aradan qaldırılması üçün “Inzibati icraat haqqında” Qanunun 32.4-cü maddəsinə uyğun olaraq 10 (on) iş günü müddət müəyyən etmişdir.

8. Pərviz Xankişiyev ## ##### 2026-cı il tarixdə Xidmətə əlavə sənədlər təqdim etmişdir.

9. Cavabdeh ## ##### 2026-cı il tarixli, *-**-**/*-X-**-**/**** nömrəli bildirişi ilə bildirmişdir ki, gəminin konstruksiya dəyişikliyini və texniki parametrlərini əks etdirən mədaxil qəbzləri və sxem müvafiq fəaliyyət növü üzrə xüsusi razılığı (lisenziyası) olan ixtisaslaşmış təşkilat tərəfindən hazırlanmamışdır. Qeyd olunanlara əsasən “Inzibati icraat haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən müraciətdəki çatışmazlıqların müəyyən olunmuş müddətdə aradan qaldırılmadığı müraciətin baxılmamış saxlanılması, müraciət üzrə başlanılmış inzibati icraata xitam verilməsi və gəminin mövcud konstruksiya dəyişikliyi ilə istismarının təhlükəsizlik qaydalarına zidd olduğu əsası ilə qadağan edilməsi qərara alınmışdır.

10. Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 və X4 Xidmətinə qarşı, (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti üçüncü şəxs qismində göstərilməklə), iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2026-cı il tarixli, *-**-**/*-X-**-**/**** nömrəli Bildirişi ilə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini və AŞA 8044 bort nömrəli gəminin texniki talonunun qüvvədə qalmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. Iddiaçı, həmçinin, ## ##### 2026-cı il tarixdə məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək yekun məhkəmə aktı qüvvəyə minənədək texniki talon və Gəmi Biletinin qüvvədə qalmasının təmin edilməsini, Bildirişlə yaradılmış məhdudiyyətin dayandırılmasını və üçüncü şəxs tərəfindən AŞA 8044 bort nömrəli gəminin dənizə buraxılmasının təmin olunmasını xahiş etmişdir.

12. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadları ilə əsas inzibati iş və onunla bağlı müvəqqəti xarakterli müdafiə tədbirinə dair ayrıca icraat ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

13. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı balıqçılıq fəaliyyəti ilə məşğuldur, gəminin dənizə buraxılmaması onun fəaliyyətini faktiki olaraq mümkünsüz edir və ailəsinin maddi təminatına mənfi təsir göstərir. Ərizəçi konstruktiv dəyişikliklərə dair çertyoj və layihə sənədlərini, görülmüş işlərin və ödənişin təsdiqinə dair sənədləri cavabdehə təqdim etdiyini, gəmi sənədlərinin isə əvvəlcə elə cavabdehin özü tərəfindən verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırda ilkin təcili tənzimləmə zəruriliyi müəyyən olunmamaqdadır. Belə ki, ərizəçi mübahisələndirilən inzibati aktların ləğvi barədə iş mahiyyəti üzrə həll edilənədək müvəqqəti xarakterli müdafiə tədbiri qismində texniki talon və gəmi biletinin qüvvədə qalması və ona məxsus AŞA **** saylı gəminin dənizə buraxılmasına icazə verilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, ərizəçinin tələbi ilkin təcili tənzimləmə tədbirinin tətbiqini şərtləndirən real və qaçılmaz təhlükənin mövcudluğunu təsdiq etmir. Eyni zamanda, hazırkı iş üzrə ərizəçi mübahisələndirilən inzibati aktın icrasının davam etdirilməsi nəticəsində onun hüquqlarının qorunmasının gələcəkdə mümkün olmayacağını və ya xeyli dərəcədə çətinləşəcəyini təsdiq edən konkret hallara istinad etməmiş, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən hazırkı iş üzrə aidiyyəti sübutlar mövcud olmadan, müvafiq mütəxəssis rəyi alınmadan, zəruri olduğu halda ekspertiza tədqiqatı həyata keçirilmədən, təqdim edilən hazırkı sənədlər üzrə iddianın böyük ehtimalla uğurluluğun aydın olmasından söhbət gedə bilməz. Eləcə də, ziddiyyətli maraqlar baxımından da aparılan qiymətləndirmə baxımından qeyd edilməlidir ki, ərizənin təmini üçün əsas mövcud olmamışdır.

16. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunmasını xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

17. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun balıqçılıq fəaliyyəti ilə məşğul olmasını, bu fəaliyyətin ailəsinin maddi təminatı üçün əhəmiyyətini, gəmi sənədlərinin cavabdehin özü tərəfindən verilməsini və təqdim etdiyi texniki sənədləri lazımi qaydada qiymətləndirməmişdir. Şikayətçi balıq ovu ilə bağlı mövsümi məhdudiyyətin ## ######## 2026-cı il tarixdən aradan qalxacağını, məhkəmə baxışının davam etdiyi müddətdə gəmidən istifadə edə bilməməsinin həmin mövsümdə fəaliyyət imkanını itirməsinə səbəb olacağını bildirərək ilkin təcili tənzimləmə zərurətinin mövcud olduğunu qeyd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, müraciət əsasında iddiaçının AŞA 8044 bort nömrəli gəmisi qeydiyyata alınmışdır. Bundan sonra Dövlət Sərhəd Xidməti məlumat verərək təqdim edilən gəminin Sərhəd Xidmətinin dayanacağında olduğunu, iddiaçının isə başqa gəmini təqdim etdiyini bildirmişdir. Iddiaçının gəminin üzərinə AŞA 8044 bort nömrəsini yazdığı müəyyən edilmiş, ölçülərin yoxlanılması məqsədilə komissiya təşkil edilərək yerində baxış keçirilmiş və təqdim olunan gəminin qeydiyyatda olan gəmi olmadığı müəyyən edilmişdir. Dəyişikliklə əlaqədar iddiaçıdan real gəminin layihə sənədi tələb olunsa da, həmin sənəd müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Nümayəndə, həmçinin, AŞA 8044 bort nömrəli gəminin əvvəldən qeydiyyatda olduğunu, iddiaçının isə başqa gəmini təqdim edərək təkrar qeydiyyatla bağlı müraciət etdiyini bildirmişdir. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən aşkar edilmiş üç gəmidən birinin cavabdeh orqanda AŞA 8044 bort nömrəsi ilə qeydiyyatda olan gəmi olduğu, digər iki gəminin üzərində də AŞA 8044 nömrəsinin yazıldığı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

20. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada - neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada - tədbirlər görülə bilər.

21. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2025-ci il tarixli, ** nömrəli qərarı:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: “4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.” 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.”;

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X6 və X4 Xidmətinin nəzarətində olan gəmilərin, onların dayanması üçün bazaların (qurğuların) qeydiyyatı, uçotu, texniki nəzarəti və gəmisürənlərin bu gəmiləri idarə etmək hüququ üçün attestasiya Qaydaları”:

8. Gəmilərin qeydiyyatı aşağıdakı sənədlərin təqdim edilməsi əsasında aparılır: 1) gəmi sahibinin ərizəsi, ərizədə gəmi haqqında əsas məlumatlar, yaxud dayandığı yer, müəssisənin, idarənin, təşkilatın adı və ünvanı, onların idarə tabeçiliyi, yaxud gəmi sahibinin familiyası, adı, atasının adı, anadan olduğu il, daimi yaşayış və iş yeri; 2) gəminin satın alınmasının, yaxud alınmasının qanuniliyini təsdiq edən sənədlər (mağazaların hesabları, əmtəə çekləri, material arayışları, alqı-satqı, bağışlamaq müqavilələri, varislik barədə şəhadətnamə və s.); 3) gəminin ilkin texniki yoxlanması və qeydiyyatı haqqının ödənilməsi, müəyyən olunmuş dövlət rüsumunun ödənilməsi haqqında qəbzlər; 4) zavodda qayrılmış gəminin texniki pasportu və satılması haqqında ticarət təşkilatının qeydi olan mühərrikin texniki pasportu, fərdi şəkildə qayırılmış və ya yeni avadanlıqla təchiz edilmiş (başqa şəklə salınmış) gəmilər üçün isə detalların (materialların) alındığını təsdiq edən sənədlər və gəmi qayırılması üçün Azərbaycan Respublikası X6 və X4 Xidmətinin normativlərinə və texniki tələblərinə müvafiq texniki sənədlər. Gəmilərin fərdi qayırılması və yeni şəklə salınmasının layihələri əvvəlcədən Azərbaycan Respublikası X6 və X4 Xidməti ilə razılaşdırılmalı və qeydə alınmalıdır.

9. Qeydə alınarkən gəmiyə gəmi nömrəsi və gəmi sahibinə gəmi bileti verilir. Gəmilərin yenidən qeydə alınması

13. Gəmilər aşağıdakı hallarda yenidən qeydə alınırlar: 1) gəmi sahibi daimi yaşayış yerini dəyişdikdə (müəssisə yerini dəyişdikdə); 2) gəminin (məxsusluğu) sahibi dəyişdikdə; 3) gəminin başqa şəklə salınması nəticəsində gəmi biletindəki qeydlər dəyişdikdə.

14. Gəmilərin yenidən qeydə alınması onun sahibinin yazılı ərizəsi, gəmi bileti, pasport və ya onu əvəz edən digər sənəd əsasında aparılır.

15. Gəmi yenidən qeydə alındıqda yeni gəmi nömrəsi ilə birlikdə gəmi sahibinə yeni gəmi bileti verilir. Gəmilərə texniki nəzarət

28. Gəmilərin texniki nəzarəti və onların təsnifatı Azərbaycan Respublikası X6 və X4 Xidmətinin mövcud , normativlərinə və tələblərinə uyğun şəkildə həyata keçirilir və Azərbaycan Respublikası X6 və X4 Xidmətinin su nəqliyyatı ixtisası üzrə orta və ya ali texniki təhsilli işçiləri tərəfindən aparılır. Texniki nəzarət Azərbaycan Respublikası X6 və X4 Xidməti gəmilərinin üzməyə yararlığının texniki ilkin və illik yoxlanılmasından və xüsusi baxışlardan ibarətdir.

29. Gəminin üzməyə yararlığının illik texniki yoxlanışı zamanı gəminin əsas elementlərinin dəyişməzliyi, onun texniki vəziyyəti, avadanlığın yerində olması və təchizatın müəyyən edilmiş normalara uyğunluğu yoxlanılır, istismar şərtləri dəqiqləşdirilir və texniki talon verilir və ya akt tərtib olunur, həmin aktda gəminin üzməyə yararlığını təmin edən və icrası məcburi olan şərtlər və normalar yazılır.

30. Gəmilərə texniki xüsusi baxışlar qəzalar vaxtı tikilərkən, yeni şəklə salınarkən, təmir, tam icradan çıxma zamanı gəminin ətraf mühitə normadan artıq zərərli təsiri aşkar edilərkən keçirilir.

23. Nazirlər Kabinetinin həmin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik həcmli gəmilərdən və onların dayanması üçün bazalardan (qurğulardan) istifadə Qaydaları”:

15. Kiçik həcmli gəmilər yalnız qeydiyyatdan keçdikdən, nömrə aldıqdan, illik texniki yoxlamadan, həmin gəmi sürücülərinin Azərbaycan Respublikası kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyində müəyyən edilmiş qaydada attestasiyasından və biliklərin yoxlanmasından sonra üzməyə buraxılırlar.

17. Hər bir gəmi texniki cəhətdən saz vəziyyətdə, Azərbaycan Respublikası kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən müəyyən gəmi üçün qoyulmuş və onun düzgün istifadəsini, su obyektlərinin təmiz saxlanmasını və üzmə təhlükəsizliyini təmin edən aşağıdakı şərtlərə, norma və tələblərə əməl edilməklə istismar olunmalıdır: üzmə rayonu, sahildən uzaqlaşma, onun üzməsinə imkan verən dalğaların hündürlüyü, suya oturuşu, suüstü hissəsi, mühərriklərin maksimum gücü və sayı, yelkənlərin yol verilən sahəsi, yükgötürmə, sərnişingötürmə həddi, gəminin xilasetmə və yanğından mühafizə vasitələri, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı üzrə.

24. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 və X4 Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.31. kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; ...

4. Xidmətin hüquqları 4.0. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.0.2. kiçikhəcmli gəmilərin istismarına qadağa qoymaq, onları dayanacaqlara və uzunmüddətli saxlanma yerlərinə yerləşdirmək; 4.0.4. texniki normativ sənədlərdə göstərilən tələblərə əməl etməyən kiçikhəcmli gəmiləri saxlamaq, gəmi sürücülərinin kiçikhəcmli gəmiləri idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqələrini və gəmiyə verilmiş qeydiyyat sənədlərini yoxlamaq və aşkar olunmuş pozuntuların qarşısını almaq üçün tədbirlər görmək; 4.0.5. istismar təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə, çay və dəniz gəmiçiliyi təhlükəsizliyinə təminat verməyən kiçikhəcmli gəmilərin istismarını qadağan etmək; ...

25. Inzibati Prosessual Məcəllə:

Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdn çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

26. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

27. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

28. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə sənədləri birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Ilk növbədə, qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsas iddia üzrə məhkəmə müdafiəsinin əvəzlənməsinə və ya əsas mübahisənin mahiyyəti üzrə həllinə xidmət etmir. Bu institutun məqsədi əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək mövcud hüquqi vəziyyətin qorunmasını və həmin aktın gələcəkdə səmərəli icrasını təmin etməkdən ibarətdir. Bu baxımdan, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən, ilk növbədə, belə tədbirlə qorunması tələb olunan hüquq və ya qanuni marağın əsas iddia çərçivəsində məhkəmə müdafiəsinə yararlı olub-olmadığı müəyyən edilməlidir.

30. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə prosessual normaların tələblərinə, eləcə də, Ali Məhkəmə Plenumunun müəyyən etdiyi hüquqi mövqeyə əsasən, qiymətləndirmə əvvəlcə ilkin təcili tənzimləmənin zəruriliyinə münasibətdə aparılmalı, təcililik şərtinin mövcudluğu müəyyən edildikdə iddianın böyük ehtimalla uğurlu olub-olmaması yoxlanılmalı, təcililik şərtinin ödənildiyi halda iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda isə ziddiyyətli maraqlar hərtərəfli qiymətləndirilməlidir.

31. Birinci instansiya məhkəməsi iş üzrə təcili tənzimlənmə zərurətinin mövcud olmadığı və iddianın uğurluluq ehtimalının aydın olmadığı səbəbindən ərizəni rədd etmişdir.

32. Kollegiya birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşsa da, ilkin təcili tənzimləmənin zəruri olmadığı barədə mövqeyi ilə razılaşmır və ilk növbədə həmin şərtin mövcudluğuna qiymət verilməsini zəruri hesab edir.

33. Belə ki, bu hissədə nəzərə almaq lazımdır ki, gəminin istismarına mübahisələndirilən qadağa AŞA 8044 bort nömrəsi ilə təqdim olunan üzmə vasitəsinin dənizə çıxmasını bütövlükdə istisna edir. Iddiaçı isə həmin gəmidən gəlir gətirən balıqçılıq fəaliyyəti üçün istifadə etdiyini, fəaliyyətin mövsümi xarakter daşıdığını və 01 sentyabr tarixindən sonra balıq ovu imkanının yarandığını, belə şəraitdə əsas iş üzrə məhkəmə baxışının davam etdiyi müddətdə gəmidən istifadənin tam itirilməsinin sonradan eyni formada bərpasını mümkünsüz edə biləcəyini bildirmişdir.

34. Kollegiya hesab edir ki, hazırkı işdə gəminin istismarına qoyulmuş qadağanın davam etməsi və iddiaçının həmin gəmidən mövsümi xarakter daşıyan fəaliyyəti üçün istifadə etdiyini bildirməsi nəzərə alınmaqla, ilkin təcili tənzimlənmə zərurətinin mövcudluğunu qəbul etmək mümkündür.

35. Lakin Plenumun 4.1-1-ci bəndinə əsasən, təcililik şərtinin mövcudluğu özözlüyündə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün kifayət etmir. Belə tədbirin tətbiqi üçün, həmçinin, əsas iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilməlidir. Buna görə də, hazırkı iş üzrə əsas qiymətləndirmə iddianın uğurluluq ehtimalına münasibətdə aparılmalıdır.

36. Bu qiymətləndirmə işə mahiyyəti üzrə yekun baxışı əvəz etmir; lakin iş üzrə ilkin sübutlar əsasında mübahisələndirilən qadağanın faktiki və hüquqi əsaslarının nə dərəcədə qanunamüvafiq olduğunu müəyyən etməyə imkan verməlidir.

37. Hazırkı mübahisədə iddianın uğurluluğunun qiymətləndirilməsi baxımından nəzərə almaq lazımdır ki, apellyasiya baxışı zamanı təqdim edilmiş materiallar AŞA 8044 bort nömrəsi ilə 2026-cı ilin yanvar ayında sənədləşdirilmiş üzmə vasitəsinin 2025-ci ildə həmin nömrə ilə qeydiyyatda olmuş fiziki gəmi ilə eyni olub-olmamasını mübahisəli edir.

38. ## #### 2025-ci il birgə baxış aktı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin aktda qara rəngli qayığın 8,9 x 2,6 x 1,1 m ölçülərinin AŞA 8044 nömrəsi ilə iddiaçının adına qeydiyyatda olan TJ-14 gəmisinin sənədləri ilə eynilik təşkil etdiyi göstərilmişdir. Eyni baxış zamanı ayrıca boz rəngli, “Bayda” tipli üzmə vasitəsi müəyyən edilmiş və onun ölçüləri daha fərqli - 8,5 x 2,2 x 0,9 m kimi qeydə alınmışdır.

39. Bununla yanaşı, təkrar qeydiyyat ərizəsində AŞA 8044 gəmisinin “təmir olunması” nəticəsində ölçülərinin məhz 8,50 x 2,20 x 0,90 m-ə dəyişdirildiyi göstərilmişdir. Başqa sözlə, 2026-cı ildə təmir nəticəsində AŞA 8044 gəmisinə aid edildiyi bildirilən yeni ölçülər ## #### 2025-ci il tarixdə başqa - boz rəngli üzmə vasitəsinin faktiki ölçüləri kimi artıq qeydə alınmış göstəricilərlə üst-üstə düşür.

40. ## ###### 2026-cı il texniki baxış aktı da bu ziddiyyəti aradan qaldırmır. Əksinə, həmin aktın giriş hissəsində gəminin əvvəlki əsas göstəriciləri 8,90 m uzunluq, 2,60 m en və 1,10 m bort hündürlüyü kimi göstərildiyi halda, texniki baxış nəticəsində əsas ölçülər 8,50 x 2,20 x 0,90 m kimi müəyyən edilmişdir. X2 də həmin yeni ölçülər göstərilmiş, lakin AŞA 8044 bort nömrəsi və 044 reyestr nömrəsi saxlanılmışdır.

41. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin məktubunda 2026-cı ilin yanvarında verilmiş yeni Gəmi Bileti və texniki talonun ## #### 2025-ci il birgə baxışı zamanı qeydiyyatsız “Bayda” kimi müəyyən edilmiş digər üzmə vasitəsinə verildiyi açıq şəkildə bildirilmişdir. Bu məktub əsas iş üzrə yekun sübut sayılmasa da, məktubdakı mövqe birgə baxış aktındakı ölçülərlə 2026-cı il sənədlərindəki ölçülərin uyğunluğu, eləcə də foto materiallarda zahiri baxımdan fərqli üzmə vasitələrinin görünməsi ilə birlikdə götürüldükdə gəminin fiziki identikliyi barədə ciddi və obyektiv şübhə yaradır.

42. Maddi hüquq normaları həmin şübhənin hüquqi əhəmiyyətini artırır.

43. Belə ki, Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların yuxarıda qeyd olunan 8-ci bəndi başqa şəklə salınmış gəmi üzrə texniki sənədlərin Xidmətin normativ və texniki tələblərinə uyğun olmasını, layihənin isə dəyişiklik edilməzdən əvvəl Xidmətlə razılaşdırılmasını və qeydə alınmasını tələb edir. 13-cü bənd başqa şəklə salınma nəticəsində gəmi biletindəki məlumatlar dəyişdikdə yenidən qeydiyyatı, 15-ci bənd isə yenidən qeydiyyat zamanı yeni gəmi nömrəsinin və yeni gəmi biletinin verilməsini nəzərdə tutur. 30-cu bənd gəmi yeni şəklə salınarkən və təmir edilərkən xüsusi texniki baxışın keçirilməsini tələb edir.

44. Bu normalar baxımından işin iki mümkün faktiki versiyasına münasibətdə iddiaçının mövqeyi üçün əlavə suallar yaradır.

45. Belə ki, əgər iddiaçının bildirdiyi kimi 2026-cı ildə kontruksiya dəyişikliyi nəticəsində sənədləşdirilmiş üzmə vasitəsi həqiqətən əvvəlki AŞA 8044 gəmisidirsə və sadəcə onun konstruksiyası dəyişdirilibsə, bu halda qaydaların tələbinə müvafiq olaraq dəyişiklik layihəsinin əvvəlcədən Xidmətlə razılaşdırılması və qeydə alınması, xüsusi texniki baxışın keçirilməsi və gəmi biletindəki əsas göstəricilər dəyişdiyinə görə yenidən qeydiyyatın Qaydaların 15-ci bəndinə uyğun olaraq yeni gəmi nömrəsi verilməklə aparılması tələb olunurdu. Hazırkı materiallarda bu tələblərin hamısının yerinə yetirildiyini təsdiq edən sənədlər yoxdur; əksinə, yeni sənədlərdə əvvəlki AŞA 8044 nömrəsi saxlanılmışdır.

46. Ikinci halda isə əgər 2026-cı ildə AŞA 8044 nömrəsi ilə sənədləşdirilmiş üzmə vasitəsi ## #### 2025-ci ildə ayrıca qeydiyyatsız “Bayda” kimi müəyyən edilmiş digər fiziki qayığıdırsa, bu halda məsələ sadəcə əvvəlki gəminin konstruktiv dəyişdirilməsi deyil, başqa üzmə vasitəsinin əvvəlki gəminin identifikasiya məlumatları ilə qeydiyyata alınması ehtimalına çevrilir.

47. Qaydaların 9, 12, 18 və 26-cı bəndlərinə görə gəmilər üçün yaradılmış qeydiyyat sisteminin məqsədi hər bir konkret fiziki gəminin ayrıca identifikasiyasını və uçotunu təmin etməkdir. Bu sistem bir gəminin bort nömrəsinin faktiki olaraq başqa üzmə vasitəsinə keçirilməsini nəzərdə tutmur.

48. Beləliklə, iş materiallarındakı ziddiyyət gəminin yalnız texniki yararlılığı ilə deyil, qeydiyyat predmetinin özünün müəyyənliyi ilə bağlıdır. Müvəqqəti müdafiə mərhələsində məhkəmənin texniki talonun və Gəmi Biletinin qüvvəsini faktiki bərpa etməsi üçün həmin sənədlərin hansı fiziki gəmini hüquqi cəhətdən identifikasiya etdiyi barədə kifayət qədər aydınlıq olmalıdır. Hazırkı materiallar isə belə aydınlıq yaratmır.

49. Cavabdehin gəminin istismarına təhlükəsizlik məqsədilə qadağa qoymaq səlahiyyəti Xidmət haqqında Əsasnamənin 4.0.2, 4.0.4 və 4.0.5-ci yarımbəndlərində nəzərdə tutulmuşdur. Həmin səlahiyyətin konkret halda əsaslı həyata keçirilib-keçirilməsinin qiymətləndirilməsi isə gəminin identikliyi, konstruktiv dəyişikliklərin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və dəyişdirilmiş üzmə vasitəsinin təhlükəsiz istismara yararlılığı ilə bağlı hallardan asılıdır.

50. Iş materiallarında ## ###### 2026-cı il texniki baxış aktında gəminin “qismən yararlı” göstərilməsi də ayrıca nəzərə alınmalıdır. “Qismən yararlı” qeydi özlüyündə gəminin istismarının bütövlükdə qadağan olunmasını zəruri etmir, çünki aktda müəyyən məhdudiyyətlər daxilində üzmə şərtləri də göstərilmişdir. Bununla belə, bu sənəd gəminin identikliyi və konstruktiv dəyişikliklərin əvvəlcədən razılaşdırılması barədə yaranmış ziddiyyətləri aradan qaldırmadığından cavabdehin təhlükəsizliklə bağlı mövqeyinin açıqaşkar əsassız olduğunu söyləməyə imkan vermir.

51. Kollegiya, həmçinin, gəminin X2 təyinatının “Gəzinti” göstərildiyini nəzərə alır.

52. Iddiaçı isə təcililiyin möcudluğunu və müdafiə marağını balıqçılıq fəaliyyəti ilə əsaslandırır.

53. Xidmət haqqında Əsasnamənin 3.0.31-ci yarımbəndi gəmilərin öz təyinatı üzrə istismarına nəzarəti Xidmətin vəzifəsi kimi müəyyən etdiyindən, gəminin kommersiya balıqçılığı məqsədilə istifadə edilə bilməsi də əsas işdə ayrıca hüquqi qiymətləndirilməli məsələdir.

54. Göstərilənlər birlikdə qiymətləndirildikdə kollegiya əsas iddianın böyük ehtimalla uğurlu olacağına dair aydın və əsaslandırılmış proqnoz formalaşdırmaq imkanında deyildir. Iş üzrə əlavə materiallar gəminin fiziki identikliyi, təkrar qeydiyyatın düzgün aparılması, konstruktiv dəyişikliklərin əvvəlcədən razılaşdırılması və təhlükəsizliyinin təsdiqi barədə mühüm ziddiyyətlər ortaya çıxarır.

55. Bu səbəbdən, Plenumun 4.1-1-ci bəndinə uyğun olaraq ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsinə keçilməlidir.

56. Ziddiyyətli maraqların qiymətləndirilməsi zamanı, ilk növbədə, iddiaçının mülkiyyətində olan gəmidən istifadə etmək, məhkəmə baxışının davam etdiyi müddətdə əmlakdan faydalanma imkanını itirməmək və bildirdiyi mövsümi fəaliyyəti həyata keçirmək marağı nəzərə alınmalıdır. Gəminin istismarına tam qadağa qoyulması onun əmlakdan faktiki istifadə imkanına əhəmiyyətli müdaxilədir və müəyyən mövsümün itirilməsi sonradan eyni formada geri qaytarılmaya bilər.

57. Lakin bu fərdi maraq qarşısında insanların həyatı və sağlamlığı, dənizdə üzmə təhlükəsizliyi, sərhəd sahəsində üzmə vasitələrinin düzgün identifikasiyası və dövlət qeydiyyat sisteminin etibarlılığı ilə bağlı yüksək əhəmiyyətli ictimai maraqlar dayanır. Hazırkı işdə təhlükəsizlik marağı abstrakt xarakter daşımır. Iş materiallarında eyni AŞA 8044 nömrəsinə aid edilən sənədlərdə fərqli ölçülər, 2025-ci ildə ayrıca müəyyən edilmiş başqa “Bayda” tipli üzmə vasitəsi, 2026-cı il təkrar qeydiyyatında həmin digər qayığın ölçüləri ilə üstüstə düşən göstəricilər və Dövlət Sərhəd Xidmətinin bununla bağlı konkret araşdırma materialları mövcuddur.

58. Mümkün nəticələrin geri dönməzliyi də balansda həlledici əhəmiyyət daşıyır. Müvəqqəti tədbir tətbiq edilmədiyi, lakin əsas iddia sonradan təmin edildiyi halda ərizəçinin müəyyən dövr ərzində gəmidən istifadə edə bilməməsi ilə bağlı nəticələr əsasən iqtisadi xarakter daşıyır və ölçülə biləndir. Əksinə, identikliyi və konstruktiv təhlükəsizliyi barədə ciddi suallar qalan gəminin məhkəmənin müvəqqəti qərardadı əsasında dənizə buraxılması nəticəsində insan həyatı və sağlamlığına zərər vurularsa, həmin nəticə faktiki olaraq geri qaytarıla bilməz.

59. Bundan əlavə, ərizəçinin tələb etdiyi tədbirin xarakteri də nəzərə alınmalıdır. Texniki talon və Gəmi Biletinin “qüvvədə qalmasının” təmin edilməsi və üçüncü şəxs Dövlət Sərhəd Xidmətinin üzərinə gəmini dənizə buraxmaq barədə pozitiv vəzifə qoyulması sadəcə mövcud faktiki vəziyyətin passiv qorunmasına yönəlmir. Belə qərardad identikliyi və qeydiyyatının qanuniliyi mübahisəli olan üzmə vasitəsinin faktiki istismarını məhkəmə qərarı ilə bərpa etmiş olardı.

60. Ali Məhkəmə Plenumunun 6.11-ci bəndinə görə müvəqqəti müdafiə əsas iddia üzrə yekun hüquqi vəziyyəti qabaqcadan yaratmamalıdır. Hazırkı halda gəminin dənizə buraxılmasının məhkəmə qaydasında təmin edilməsi əsas işdə araşdırılmalı olan “hansı fiziki gəminin AŞA 8044 nömrəsi ilə qanuni qeydiyyatda olması”, “konstruktiv dəyişikliklərin qanunvericiliyə uyğun həyata keçirilməsi” və “dəyişdirilmiş gəminin təhlükəsiz istismara yararlı olması” məsələlərini faktiki olaraq əvvəlcədən iddiaçının xeyrinə həll etmək riski yaradır.

61. Kollegiya, bu baxımdan, hesab edir ki, iddiaçının əmlakdan istifadə və mümkün iqtisadi fəaliyyət marağı mühüm olsa da, hazırkı materiallarda gəminin identikliyi və təhlükəsizliyi barədə mövcud olan konkret şübhələr fonunda ictimai təhlükəsizlik marağı daha ağır çəkiyə malikdir. Məhkəmənin müvəqqəti tədbirlə gəminin dənizə buraxılmasını əmr etməsi bu mərhələdə mütənasib müdafiə vasitəsi sayıla bilməz.

62. Nəticə etibarilə, kollegiya təcililik şərtinin mövcudluğunu qəbul etsə də, əsas iddianın böyük ehtimalla uğurlu olub-olmasının hazırkı mərhələdə aydınlaşdırılmasının mümkün olmadığı, bu qeyri-müəyyənlik şəraitində aparılmış ziddiyyətli maraqların qiymətləndirilməsinin isə ictimai təhlükəsizlik marağının üstün tutulmasını tələb etdiyi qənaətinə gəlir.

63. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri həmin nəticənin ləğv edilməsinə əsas vermir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar