Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-71/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qarşı “qərarın icrasının dayandırılması, həqiqi hərbi xidmətə çağırılmasına qadağa qoyulması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: Ərizəçi (iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin Abşeron rayon (şəhər) çağırış komissiyasının iddiaçı Ərizəçi barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli “hərbi xidmətə yararlıdır” qərarı (inzibati akt) ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada təkrar hərbi-həkim müayinəsindən (təkrar şahidləndirmədən), o cümlədən zərurət yarandıqda stasionar müayinədən keçirilməsi və nəticəsinə uyğun olaraq hərbi xidmətə yararlılıq dərəcəsinin yenidən müəyyən edilməsi vəzifəsi qoyulması, məhkəmə xərcləri cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qarşı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdehin iddiaçı Ərizəçi barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli “hərbi xidmətə yararlıdır” qərarının icrasının dayandırılması, həmin müddət ərzində cavabdehə və onun vəzifəli şəxslərinə iddiaçının həqiqi hərbi xidmətə yola salınmasına yönəlmiş hərəkətlərin edilməsi qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi, cavabdeh Abşeron rayon (şəhər) çağırış komissiyasının barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli “hərbi xidmətə yararlıdır” qərarının mübahisələndirilərək ləğv edilməsi və təkrar hərbi-həkim müayinəsinin keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərildiyi kimi, barəsində üzvi emosional labil pozuntu (F06.6) diaqnozu qoyulmuş, EEQ müayinələrində beynin bioelektrik aktivliyinin diffuz pozğunluğu və paroksizmal fəallıq aşkar edilmiş, psixiatrik müalicə (Escita) təyin olunmuşdur. Bundan başqa, əvvəllər HHK tərəfindən Xəstəliklər Cədvəlinin 88-ci maddəsi ilə barəmdə “dinc dövrdə yararsız” qərarı verilmişdir. Buna baxmayaraq, yekun müayinə zamanı bu hallar hərtərəfli araşdırılmadan “hərbi xidmətə yararlıdır” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 40.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı mövcud vəziyyətin dəyişməsi nəticəsində iddiaçının hüquqlarının həyata keçirilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda məhkəmə iddiaçının ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə tədbirləri görə bilər. Hazırki işdə müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün əsaslar mövcuddur: mübahisələndirilən qərarın icrası, yəni 2026-cı ilin iyul çağırışında həqiqi hərbi xidmətə yola salınması halında iddia tələbinin sonradan təmin edilməsi öz əhəmiyyətini itirmiş olacaq, hüquqlarının bərpası mümkünsüzləşəcək və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Bundan başqa, səhhətindəki psixonevroloji pozuntular (üzvi psixi pozuntu, paroksizmal fəallıq) nəzərə alınmadan hərbi xidmət şəraitinə cəlb olunması həyat və sağlamlığı üçün real təhlükə yaradır və bu cür zərər sonradan bərpa edilə bilməyən nəticələrə səbəb ola bilər. Məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə müvəqqəti müdafiə tədbiri, bir qayda olaraq, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək tətbiq edilir. Ərizəyə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. (hakim: Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qərardadın 3-cü bəndində məhkəmənin özü ərizədə irəli sürülmüş təcililik əsaslarını tam şəkildə əks etdirmişdir: mübahisələndirilən qərarın icrası, yəni 2026cı ilin iyul çağırışında həqiqi hərbi xidmətə yola salınma halında iddia tələbinin sonradan təmin edilməsinin öz əhəmiyyətini itirəcəyi; hüquqların bərpasının mümkünsüzləşəcəyi və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi; səhhətdəki psixonevroloji pozuntular (üzvi psixi pozuntu, paroksizmal fəallıq) nəzərə alınmadan hərbi xidmət şəraitinə cəlb olunmanın həyat və sağlamlıq üçün real təhlükə yaratması. Eyni aktın 14-cü bəndində isə məhkəmə, heç bir izah vermədən, «ərizəçi tərəfindən ilkin təcililik şərti işin hallarına istinad edilməklə əsaslandırılmamışdır» qənaətinə gəlmişdir. Bir aktın təsviri hissəsində sadalanan konkret faktiki əsasların mövcudluğu ilə həmin aktın əsaslandırıcı hissəsində onların «yoxluğu» barədə nəticə arasındakı ziddiyyət aradan qaldırılmamışdır. Qeyd edilməlidir ki, Ali Məhkəmə Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarının 4.2-ci bəndinə (##.##.2025-ci il tarixli ** saylı Qərarla edilmiş redaksiyada) əsasən, ərizənin təcililiyə dair «hər hansı əsaslandırma aparılmadan» təqdim edilməsi ilə ərizəçinin təcililiyə dair dəlillər təqdim etməsi bir-birindən fərqləndirilir. Hazırkı işdə ərizə konkret faktiki hallara — iyul çağırışına, qüvvədə olan çağırış qərarına və sənədləşdirilmiş psixonevroloji diaqnoza — istinadla əsaslandırılmışdır. Təcililik şərti obyektiv olaraq mövcuddur və bu, işin hallarından açıq-aşkar görünür Mübahisə predmeti olan inzibati akt icraya yönəlmiş, birdəfəlik və dönməz nəticə doğuran aktdır: çağırışçının həqiqi hərbi xidmətə yola salınması ilə mövcud vəziyyət geri qaytarıla bilməyəcək şəkildə dəyişir. Bu halda: — iddianın predmeti faktiki olaraq itir: artıq xidmətə yola salınmış şəxs barəsində «yararlıdır» qərarının sonradan ləğv edilməsi onun keçdiyi müddəti, ona dəymiş sağlamlıq zərərini və itirilmiş vaxtı bərpa etmir; — təkrar hərbi-həkim müayinəsinin keçirilməsi tələbi öz praktiki mənasını itirir, çünki müayinə çağırış mərhələsinə deyil, artıq başqa hüquqi statusa (hərbi qulluqçu statusuna) aid olacaqdır; — üzvi psixi pozuntusu (F06.6) və paroksizmal fəallığı olan şəxsin, psixiatrik müalicə (Escita) fonunda, hərbi xidmət şəraitinə — fiziki və psixoemosional yüklənməyə, silahla təmasa, gərgin rejimə — cəlb olunması onun həyatı və sağlamlığı üçün real və bərpası mümkün olmayan risk yaradır. Məhz belə vəziyyət Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 4.1-4-cü bəndində nəzərdə tutulan «əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətin olması» halıdır. Qərardadın 11-ci bəndində istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli Qərarına görə də müvəqqəti müdafiə tədbirinin məqsədi «bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır». Məhkəmə bu hüquqi mövqeyi qərardadda sitat gətirsə də, hazırkı işə tətbiq etməmişdir. Əlavə olaraq, təcililik həm də çağırışın müddətli xarakteri ilə şərtlənir: 2026-cı ilin iyul çağırışı davam edir, cavabdeh tərəfindən iddiaçının yola salınması istənilən gün baş verə bilər və bu, məhkəmənin iddia üzrə mahiyyət üzrə qərar qəbul etməsini gözləmir. Məhkəmə, uğurluluq ehtimalını «qeyri-müəyyən» hesab etdiyi halda, qanunla tələb olunan ziddiyyətli maraqların qiymətləndirilməsini aparmamışdır Bu, qərardadın ən ciddi hüquqi qüsurudur. Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 4.1-1-ci bəndinə (##.##.2025-ci il tarixli ** saylı Qərarla edilmiş redaksiyada) əsasən: «Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir». Eyni tələb İPM-in 41.2-ci maddəsinin ikinci cümləsində də təsbit edilmişdir. Məhkəmə 15-ci bənddə birbaşa yazmışdır ki, «hazırki işdə iddianın uğurluluq ehtimalı qeyri-müəyyəndir». Bu qənaətə gəldikdən sonra məhkəmə ərizəni rədd etmək deyil, ziddiyyətli maraqları — iddiaçının maraqlarını, cavabdehin maraqlarını və ictimai maraqları — hərtərəfli qiymətləndirmək və bu qiymətləndirmənin nəticələrini qərardadda əks etdirmək öhdəliyi daşıyırdı. Qərardadda belə bir qiymətləndirmənin aparıldığını göstərən bir cümlə də yoxdur. Halbuki maraqların tarazlaşdırılması aşkar şəkildə iddiaçının xeyrinədir: tədbirin tətbiqi ictimai maraqlara yalnız o dərəcədə toxunur ki, bir şəxsin çağırışı növbəti çağırış dövrünə keçir — bu, dövlət üçün bərpa oluna bilən və cüzi nəticədir. Tədbirin tətbiq edilməməsi isə iddiaçı üçün həyat və sağlamlıq hüququna (Konstitusiyanın 27 və 41-ci maddələri) və səmərəli məhkəmə müdafiəsi hüququna (Konstitusiyanın 60- cı maddəsi) bərpası mümkün olmayan müdaxilə deməkdir. Üstəlik, sağlamlıq vəziyyətinə görə xidmətə yararsız olan şəxsin sıralara cəlb edilməsi ictimai maraqlara da (hərbi hissədə təhlükəsizlik, digər hərbi qulluqçular üçün risk) cavab vermir. İddianın uğurluluq ehtimalı «qeyri-müəyyən» deyil, yüksəkdir: hərbihəkim ekspertizası tam və hərtərəfli aparılmamışdır Qərardadın 13-cü bəndində məhkəmə Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.15-ci bəndini — yararlılıq kateqoriyalarını — sitat gətirmiş, lakin bu normadan hazırkı iş üçün heç bir nəticə çıxarmamışdır. Halbuki məhz həmin Əsasnamə iddianın ilk baxışda (prima facie) əsaslı olduğunu göstərir: İddiaçı barəsində əvvəllər hərbi-həkim komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 88-ci maddəsi ilə «dinc dövrdə hərbi xidmətə yararsız» (C kateqoriyası) rəyi verilmişdir. Bu rəy qüvvədən düşməmiş, ləğv edilməmiş və hər hansı yuxarı komissiya tərəfindən yenidən baxılmamışdır. Eyni şəxs barəsində eyni sağlamlıq göstəriciləri fonunda birbaşa əks məzmunlu — «hərbi xidmətə yararlıdır» (A kateqoriyası) — rəyin verilməsi üçün sağlamlıq vəziyyətinin obyektiv yaxşılaşdığını təsdiqləyən tibbi sənəd tələb olunur. İş materiallarında belə bir sənəd yoxdur. İddiaçı barəsində üzvi emosional labil pozuntu (F06.6) diaqnozu qoyulmuş, EEQ müayinələri ilə beynin bioelektrik aktivliyinin diffuz pozğunluğu və paroksizmal fəallıq aşkar edilmiş, psixiatr tərəfindən dərman müalicəsi (Escita) təyin olunmuşdur. Bu göstəricilər dinamik müşahidə və ixtisaslaşdırılmış müəssisədə stasionar müayinə tələb edir; belə anamnez mövcud olduqda çağırış komissiyasının ambulator qaydada, bir günlük baxışla «yararlıdır» rəyi verməsi hərbi-həkim ekspertizasının məqsədinə və qaydalarına ziddir. Mübahisələndirilən ##.##.2026-cı il tarixli qərarda hansı həkim-mütəxəssislərin (psixiatr, nevropatoloq) şəxsi baxış keçirdiyi, hansı tibbi sənədlərin öyrənildiyi, əvvəlki «dinc dövrdə yararsız» rəyinin nə üçün nəzərə alınmadığı və EEQ nəticələrinə nə üçün hüquqi qiymət verilmədiyi göstərilməmişdir. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun inzibati aktın əsaslandırılmasına dair tələblərinin, habelə inzibati orqanın işin bütün hallarını hərtərəfli və obyektiv araşdırmaq vəzifəsinin pozulmasıdır. Beləliklə, işin hüquqi hallarının ilkin araşdırılması İPM-in 41.2-ci maddəsi baxımından iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmək üçün kifayət edir: mübahisələndirilən inzibati akt tam aparılmamış tibbi müayinənin nəticəsi kimi qəbul edildiyindən ilk baxışda hüquqa uyğun deyil. Vurğulamaq istərdik ki, bu mərhələdə tələb olunan tam sübutluluq deyil, Plenumun 11.19 və 11.27-ci bəndlərində göstərildiyi kimi, yalnız «ilk baxışda» (prima facie) hüquqa uyğunluq barədə ilkin qənaətdir. Məhkəmə isə əslində ərizəyə mahiyyət üzrə baxış standartını tətbiq edərək, «tələblərin və halların müəyyən edilməsi müvafiq araşdırma tələb edir» qeydi ilə ərizəni rədd etmişdir. Bu yanaşma müvəqqəti müdafiə institutunu mənasız edir: əgər hər bir halda «araşdırma tələb olunur» əsası ilə ərizə rədd olunarsa, İPM-in 40—43-cü maddələri heç vaxt tətbiq oluna bilməz. Araşdırma prinsipi və yardım etmə vəzifəsi yerinə yetirilməmişdir İnzibati məhkəmə icraatında məhkəmə işin faktiki hallarını rəsmi qaydada araşdırmaq və tərəflərə yardım etmək vəzifəsi daşıyır. Məhkəmə iddiaçının səhhəti barədə mübahisəni həll etmək üçün əhəmiyyət kəsb edən sənədləri — çağırışçının şəxsi işini, hərbi-həkim ekspertizası materiallarını, əvvəlki HHK rəyinin əsasını təşkil edən sənədləri — cavabdehdən tələb etmək imkanına malik olduğu halda, bunu etməmiş, sonra isə hüquqi vəziyyətin «qeyri-müəyyən» olmasını ərizəçinin əleyhinə şərh etmişdir. Araşdırılmamış halın qeyri-müəyyənliyi ərizəçinin üzərinə yük kimi qoyula bilməz. Bundan başqa, əgər məhkəmə ərizədəki əsaslandırmanı yetərsiz hesab edirdisə, yardım etmə vəzifəsinə uyğun olaraq ərizəçiyə əlavə dəlil və sübut təqdim etmək imkanı verməli idi. Bunun əvəzinə məhkəmə cavabdehin iştirakı və hər hansı etirazı olmadan, ərizəni bir iclasda rədd etmişdir. Mütənasiblik prinsipi pozulmuşdur Plenumun ** nömrəli Qərarının 6.10-cu bəndinə əsasən, müvəqqəti müdafiə tədbirləri ilə bağlı qərar qəbul edilərkən mütənasiblik prinsipinin tələbləri nəzərə alınmalı, şəxslərin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı və aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Hazırkı işdə bütün yük tamamilə iddiaçının üzərinə qoyulmuşdur: o, mübahisə həll olunmamış, sağlamlığına dair iddiaları yoxlanılmamış halda xidmətə yola salınmaq riski ilə üz-üzə qalır. Bu, ədalətli balansın açıq-aşkar pozulmasıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəçinin vəkili ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə ərizəçinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması (-) 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. (-) Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk öncə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə mübahisənin həlli əsas iddianın mahiyyəti üzrə həllini ehtiva etməsə də, əsas iddiaya bağlıdır və onun uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən, iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Hazırkı iş üzrə təcililik şərtinə münasibətdə kollegiya nəzərə alır ki, ərizəçi barəsində ##.##.2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə yararlılıq barədə qərar qəbul edilmiş və onun 2026-cı ilin iyul çağırışında həqiqi hərbi xidmətə göndəriləcəyi bildirilib. Ərizəçi isə həmin qərarın qanuniliyini mübahisələndirməklə yanaşı, səhhəti ilə bağlı psixonevroloji pozuntuların mövcud olduğunu və hərbi xidmətə göndərildiyi halda sağlamlığına əhəmiyyətli zərər dəyə biləcəyini göstərmiş, bu mövqeyini tibbi sənədlərlə əlaqələndirmişdir. Belə vəziyyətdə ərizəçinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək həqiqi hərbi xidmətə yola salınması onun faktiki və hüquqi vəziyyətini əhəmiyyətli şəkildə dəyişə, sonradan əvvəlki vəziyyətin bərpasını xeyli dərəcədə çətinləşdirə bilər. Buna görə də kollegiya hesab edir ki, hazırkı işdə ilkin təcili tənzimləmənin zəruriliyi barədə dəlillər konkret işin hallarına istinadla irəli sürülmüş və təcililik şərti mövcuddur. Bu səbəbdən ərizənin məhz təcililik əsaslandırılmadığına görə mümkün sayılmaması və ya bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Bununla belə, təcililik şərtinin mövcudluğu müvəqqəti xarakterli müdafiə tədbirinin birbaşa tətbiqinə səbəb olmur. Ali Məhkəmə Plenumunun izahlarından və İPM-in 41.2-ci maddəsinin məzmunundan irəli gəldiyi kimi, təcililik müəyyən edildikdən sonra əsas iddianın böyük ehtimalla uğurlu olub-olmaması qiymətləndirilməli, uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda isə tərəflərin və ictimai maraqların ziddiyyətli nisbəti hərtərəfli qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünübgörünməməsi məsələsini həll etməlidir. İş materiallarından görünür ki, ərizəçi Ərizəçi ##.##.1996-cı il tarixdə anadan olmuşdur. O, əsas iddia üzrə Abşeron rayon (şəhər) çağırış komissiyasının ##.##.2026cı il tarixli “hərbi xidmətə yararlıdır” qərarının ləğv edilməsini və cavabdehin üzərinə təkrar hərbi-həkim müayinəsinin keçirilməsi vəzifəsinin qoyulmasını tələb edir. Ərizəçinin təqdim etdiyi bildirişdən isə müəyyən olunur ki, həmin qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində təkrar aparılmış yekun tibbi müayinənin nəticələrinə uyğun olaraq qəbul edilmişdir. Kollegiya bu xüsusata xüsusi əhəmiyyət verir. Belə ki, ərizəçinin iddia və şikayətlərində irəli sürdüyü əsas etirazlar mahiyyətcə onun sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməməsinə, əvvəlki hərbi-həkim komissiyası rəylərinin, F06.6 diaqnozunun, EEQ nəticələrinin və digər tibbi sənədlərin nəzərə alınmamasına aiddir. Halbuki iş materiallarından görünən mövcud hüquqi vəziyyətdə ##.##.2026-cı il tarixli rayon çağırış komissiyası qərarından əvvəl çağırışçının yekun tibbi müayinəsi Agentliyin tibbi qiymətləndirmə mexanizmi çərçivəsində aparılmış və həmin müayinənin nəticəsi sonrakı çağırış komissiyası qərarının tibbi əsasını təşkil etmişdir. Qanunvericiliyin çağırışçıların yekun tibbi müayinəsinə dair tənzimləmələrinə görə, yekun tibbi müayinə üzrə tibbi qiymətləndirmə komissiyasının qəbul etdiyi qərar ayrıca rəsmiləşdirilir və həmin qərardan inzibati qaydada müvafiq Apellyasiya Şurasına və ya məhkəməyə şikayət verilməsi mümkündür. Hazırkı işdə isə ərizəçi əsas iddia ilə yalnız Abşeron rayon (şəhər) çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarını mübahisələndirmiş, həmin qərarın qəbuluna bilavasitə əsas olmuş yekun tibbi müayinə üzrə qərarı ayrıca mübahisələndirməmişdir. X1 Komissiyasına müraciət etməsi də rayon çağırış komissiyasının qərarından verilmiş şikayət xarakteri daşıyır və Agentliyin yekun tibbi müayinə üzrə qərarının ayrıca mübahisələndirilməsini əvəz etmir. Bu baxımdan, hazırkı mərhələdə məhkəmənin yalnız ##.##.2026-cı il tarixli qərarın icrasını dayandırmaqla ərizəçinin irəli sürdüyü tibbi xarakterli etirazları əvvəlcədən həll etməsi faktiki olaraq qüvvədə olan və ayrıca mübahisələndirilməmiş yekun tibbi müayinə qərarının hüquqi nəticələrinin də aradan qaldırılmasına gətirib çıxara bilər. Müvəqqəti xarakterli müdafiə icraatının məqsədi isə əsas mübahisənin nəticəsini qabaqcadan həll etmək və ya ayrıca qüvvədə olan inzibati qərarın nəticələrini həmin qərar mübahisələndirilmədən neytrallaşdırmaq deyildir. Bu hal əsas iddianın böyük ehtimalla uğurlu olması barədə hazırkı mərhələdə müsbət və kifayət qədər aydın proqnoz formalaşdırılmasına mane olur. Kollegiya ərizəçi tərəfindən təqdim edilmiş tibbi sənədlərin mövcudluğunu da nəzərə alır. Həmin sənədlər ərizəçinin səhhəti ilə bağlı şikayət və diaqnostik göstəricilərinin olduğunu ilkin olaraq təsdiq edə bilər. Lakin bu sənədlərin özlüyündə konkret olaraq hansı hərbi xidmətə yararlılıq kateqoriyasını şərtləndirdiyi, əvvəlki 2015 və 2019-cu il hərbihəkim komissiyası rəylərinin hazırkı sağlamlıq vəziyyətinə hansı təsiri göstərdiyi və 2026cı ildə aparılmış yekun tibbi müayinənin nəticəsinin tibbi və hüquqi baxımdan düzgün olubolmadığı əsas iş üzrə hərtərəfli araşdırma tələb edən məsələlərdir. Müvəqqəti müdafiə mərhələsində məhkəmə tibbi qiymətləndirmə komissiyasını əvəz etməklə yararlılıq kateqoriyasını özü müəyyən edə bilməz. Bu səbəbdən işdə olan ilkin sübutlar əsas iddianın aşkar surətdə əsassız olduğunu göstərməsə də, eyni zamanda onun böyük ehtimalla uğurlu olacağı barədə kifayət qədər aydın nəticəyə gəlməyə də imkan vermir. Belə vəziyyətdə kollegiya ziddiyyətli maraqların qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin araşdırmanın aparılmasına baxmayaraq iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması hazırki halda inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinmək məsələsi ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra nəticəyə gəlinərək qərardad qəbul edilə bilər. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqlarının nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də cəmiyyətin maraqlarına vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. Hazırkı işdə ərizəçinin marağı onun sağlamlığının qorunması və mübahisə mahiyyəti üzrə həll edilənədək həqiqi hərbi xidmətə göndərilməməsindən ibarətdir. Bu maraq mühüm və nəzərə alınmalı maraqdır. Digər tərəfdən, müddətli həqiqi hərbi xidmətə çağırış dövlətin müdafiə qabiliyyətinin və hərbi hazırlığının təmin edilməsinə xidmət edən ictimai əhəmiyyətli prosesdir. Üstəlik, hazırkı mərhələdə ərizəçinin hərbi xidmətə yararlılığı barədə çağırış komissiyasının qərarının əsasını təşkil edən aktual yekun tibbi qiymətləndirmə mövcuddur və həmin qiymətləndirmə ayrıca mübahisələndirilməmişdir. Kollegiya qeyd edir ki, maraqların tarazlaşdırılması zamanı ərizəçinin yaşı da xüsusi əhəmiyyət daşıyır. Ərizəçi ##.##.1996-cı il tarixdə anadan olduğundan hazırda 29 yaşındadır və ##.##.2026-cı il tarixdə 30 yaşı tamam olur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Ərizəçinin tələb etdiyi tədbirin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək tətbiqi, əsas iş üzrə icraatın onun 30 yaşının tamam olmasından sonraya keçəcəyi halda, sonradan iddia rədd edilsə belə, çağırış imkanının geri qaytarılması mümkün olmayan nəticənin yaranmasına səbəb ola bilər. Başqa sözlə, hazırkı işdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi yalnız mövcud vəziyyətin qorunması ilə məhdudlaşmaya, ərizəçinin çağırış yaşı həddinə çox yaxın olması səbəbindən əsas mübahisənin nəticəsini faktiki olaraq əvvəlcədən müəyyən edən hüquqi nəticə doğura bilər. Bu hal özü-özlüyündə ərizəçinin hərbi xidmətdən yayınmaq niyyətinin olması barədə nəticəyə gəlməyə əsas verməsə də, mütənasiblik və ziddiyyətli maraqların qiymətləndirilməsi zamanı nəzərə alınmalı obyektiv hüquqi nəticədir. Beləliklə, bir tərəfdən təcililik şərti mövcud olsa da, digər tərəfdən əsas iddianın böyük ehtimalla uğurlu olması hazırkı ilkin araşdırma mərhələsində aydın müəyyən edilmir. Xüsusilə də mübahisəli çağırış qərarının tibbi əsasını təşkil edən yekun tibbi müayinə üzrə qərarın ayrıca mübahisələndirilməməsi bu ehtimalı zəiflədir. Digər tərəfdən, ərizəçinin 30 yaş həddinə yaxın olması nəzərə alındıqda tədbirin tətbiqi sonradan bərpa edilə bilməyən nəticə doğurmaqla ictimai marağa əhəmiyyətli müdaxilə edə bilər. Bu hallar birlikdə qiymətləndirildikdə, müvəqqəti müdafiə tədbirinin tətbiqinin hazırkı mərhələdə mütənasib olmadığı qənaəti yaranır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təcililik şərtinin mövcud olmaması barədə əsaslandırması ilə razılaşmasa da, iş üzrə digər hüquqi və faktiki halların, əsas iddianın uğurluluq ehtimalının qeyri-müəyyənliyinin və ziddiyyətli maraqların nisbətinin qiymətləndirilməsi nəticəsində müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi haqqında nəticəni düzgün hesab edir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 40, 41, 58, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-71/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-71/2026
04.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver