Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-107/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsinə dair Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddia icraatı qaydasında iddiaçı Ərizəçi cavabdeh “xxxx” X1rşı “cavabdeh həqiqi hərbi xidmətə yararlıdır barədə qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək “yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi Ərizəçi ərizənin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmənin icraatında olan **(*-*)-***/**** saylı işlə əlaqədar olaraq tələbin “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən barəsində qəbul edilmiş hərbi xidmətə yararlı hesab edilməsinə dair tibbi rəyin və həmin rəyə əsaslanaraq Cəlilabad Rayon Çağırış Komissiyası tərəfindən qəbul edilmiş hərbi xidmətə çağırılma barədə qərarın qanunsuz hesab edilərək ləğv olunmasını xahiş edir. Belə ki, o uzun illərdir bel-oma nahiyəsində ciddi sağlamlıq problemlərindən əziyyət çəkir. Həmin xəstəlik səbəbindən dəfələrlə hərbi həkim komissiyalarının müayinəsindən keçmiş, Hərbi biletində aparılmış qeydlərdən görünür ki, müxtəlif tarixlərdə onurğa sütununun xəstəlikləri ilə əlaqədar müayinələrdən keçirilmiş və növbəti tibbi müayinələrin keçirilməsi zəruri hesab edilmişdir. Bu fakt özü göstərir ki, sağlamlıq vəziyyəti uzun müddətdir ki, davam edən və xroniki xarakter daşıyan xəstəliklə bağlı olmuşdur. Iş materiallarına əlavə etdiyi tibbi sənədlərdən görünür ki, ##.##.2025-ci il tarixli "Medican Hospital" tərəfindən verilmiş MRT müayinəsinin nəticəsinə Əsasən L4-L5 fəqərəarası diskdə 2,5 mm ölçüdə posterior santral protruziya, L5- S1 səviyyəsində isə dural kisəni sıxan 7 mm ölçüdə posterior santral disk yırtığı müəyyən edilmişdir. Eyni zamanda fəqərəarası disklərdə degenerativ dəyişikliklər və disk dehidrasiyası aşkar edilmişdir. Bundan əlavə, ##.##.2026-cı il tarixli MRT müayinəsinin nəticəsində xəstəliyin davam etdiyi və daha da ağırlaşdığı müəyyən olunmuşdur. Həmin tibbi rəyə əsasən məndə bel fəqərə sütununda skolioz, L4-L5 səviyyəsində disk protruziyası, L5-S1 səviyyəsində isə 4 mm ölçüdə arxa sol paramedian disk yırtığı, dural kisənin və sol lateral sinir kökcüyünün sıxılması, həmin nahiyədə stabilliyin pozulması, eləcə də L5 fəqərəsinin ön listezi aşkar edilmişdir. Bu diaqnozlar onurğada ciddi struktur dəyişikliklərinin mövcud olduğunu, sinir strukturlarının sıxıldığını və xəstəliyin xroniki xarakter daşıdığını təsdiq edir. O, gündəlik həyatında bel nahiyəsində daimi ağrılar, hərəkət məhdudiyyəti, uzun müddət ayaqüstə qalmaqda və ağır fiziki iş görməkdə çətinlik çəkir. Ağrıların aradan qaldırılması məqsədilə mütəmadi olaraq həkim təyinatı ilə müxtəlif dərman preparatları qəbul edir. Buna baxmayaraq sağlamlıq vəziyyətində ciddi yaxşılaşma baş verməmişdir. ##.##.2026-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə təqdim etdiyi ərizədə də qeyd etmişdir ki, sağlamlıq vəziyyəti hərbi xidmət aparmağa imkan vermir, güclü bel ağrıları və psixoloji problemlərlə yaşayır, müxtəlif dərman preparatları qəbul edir və yenidən obyektiv tibbi müayinədən keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq Cəlilabad rayon çağırış komissiyası tərəfindən ##.##.2026-cı il tarixində barəsində "hərbi xidmətə yararlıdır" qərarı qəbul edilmiş və 2026-cı ilin aprel çağırışına daxil edilməsi qərara alınmışdır. Bu qərar həm faktiki, həm də hüquqi baxımdan əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ## #### 2026-cı il tarixli, **(*- *)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.15-ci bəndinə əsasən Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır Ç hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün 'Xəstəliklər cədvəli nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B", “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin 11-1 -cı hissəsinə uyğun olaraq həyata keçirilir. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Əlavə olaraq bildiririk ki, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə – Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Agentlik tərəfindən bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən, MEIS-də elektron sənəd formasında formalaşdırılan və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunan müvafiq qərar və yekun tibbi müayinəyə dair digər sənədlər üzrə məlumatlar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün onların rəsmiləşdirildiyi gün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir”. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Ərizəçinin tələbi (dəqiqləşdirildikdən sonra) “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” olmuşdur. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi, bundan əlavə ictimaiyyət üçün də real təhlükənin mövcudluğu müəyyən olunur. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda təcili tənzimləməyə ehtiyac vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərdən və iddia ərizəsinin məzmunundan məlum olur ki, ərizəçi Ərizəçi ## ###### 1999-cu il tarixdə anadan olmuşdur. Işdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçi ##.##.2017-ci il və ##.##.2023-cü il tarixlərdə Cəlilabad rayon HHK tərəfindən Xəstəliklər Cədvəlinin İ qrafasının 26c maddəsinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Işdə olan sənədlərdən görünür ki, SHXÇDX tərəfindən qiymətləndirmə aparılaraq ərizəçinin hərbi xidmətə yararlılıq vəziyyəti Xəstəliklər Cədvəlinin İ qrafasının 26-cı maddəsinin “d” bəndinə (periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar) əsasən “Ç” (hərbi xidmətə müvəqqəti yararsızdır), DTSERA tərəfindən “A-3” (müddətli həqiqi hərbi xidmətə yararlı” olaraq qiymətləndirilmişdir. Iddiaçıya 2026-cı ilin iyul ayında hərbi xidmətə yola düşməyi üçün şöbəyə gəlməyi bildirilmişdir. Ərizəçinin (iddiaçının) birinci instansiya məhkəməsində tələbi cavabdehin onun barəsində qəbul etdiyi “həqiqi hərbi xidmətə yararlıdır” qərarının ləğv edilməsi ilə bağlı olmuşdur. Həmin inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Məhkəmə qeyd edir ki, ərizəçinin sağlamlıq vəziyyəti və ona qoyulmuş diaqnoz hər iki qurum tərəfindən yoxlanılmış, əldə olunan nəticə qiymətləndirilmişdir. Işin hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti barədə Səfərbərlik Xidmətinin yerli qurumunun və DTSERA-nın rəyləri fərqlidir. Belə ki, ərizəçi yerli çağırış komissiyasının rəyi ilə C kateqoriyası-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, DTSERA-nın yekun rəyinə əsasən A-3 kateqoriyası - müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Yerli çağırış komissiyasının göndərişi əsasında ərizəçinin sağlamlıq vəziyyəti yoxlanılmış, Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən “L-5-S-1 fəqərəarası disk yırtığı” müəyyən edilmişdir.Həmin diaqnozun mövcudluğu hərbi xidmətə cəlb edilməni istisna edə bilər. Nəticə etibarı ilə məhkəmə kollegiyası ərizəçinin hərbi xidmətə cəlb edilməsinin son yaş həddinə çatmasına kifayət qədər müddətin qalmasını, habelə əsas iş üzrə ekspertiza təyin edildiyini də nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsi dayandırılmalı, müvafiq rəy əsasında sağlamlıq vəziyyətinin təkrar yoxlanılmasının nəticəsindən asılı olaraq hazırkı predmetə yenidən baxılması imkanı dəyərləndirilməlidir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarının 4.1-1-ci bəndinə əsasən istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Həmin Qərarın 4.1-2-ci bəndinə əsasən təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Həmin Qərarın 4.1-3-ci bəndinə əsasən ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Həmin Qərarın 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir”. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin əsasları IPM-in 43.1-ci maddəsində təsbit edilmişdir. Həmin normaya görə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı və ya ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməlidir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alaraq qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iddianın uğurluluq ehtimalı aydın olmalı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli və qeyd edilən əsaslar ərizədə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda aparılan hüquqi dəyərləndirməni işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan tibbi sənədlərdən də göründüyü kimi ərizəçinin hərbi xidmətə yararlılığı ilə bağlı mübahisənin onun xeyrinə həll olunması ehtimalı real və əsaslıdır. Bu baxımdan, əsas iş üzrə iddianın təmin olunması barədə qərarın qəbul edilməsi istisna edilmir. Əgər iddiaçı əsas iş üzrə yekun qərar verilmədən hərbi xidmətə göndərilərsə, sonradan iddia tələbinin təmin olunması barədə qərar qəbul olunduğu halda həmin qərarın icrası çətinləşəcək, hətta faktiki olaraq mümkünsüz olacaqdır. Bu isə həm iddiaçının sağlamlığına potensial zərər vurulması, həm də hüquqlarının müdafiəsinin təmin edilməməsi riski yaradır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mərhələdə iddiaçının sağlamlığının və hüquqlarının qorunması ictimai maraqla müqayisədə daha ağır və geri dönməz nəticələrin qarşısını almağa yönəldiyindən, onun marağı üstün hesab edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı konstitusiyanın qoruma sferası ilə əhatə olunan daha üstün dəyərdir. Hazırkı mübahisəyə münasibətdə həm də məhkəmə icraatı zamanı və ya məhkəmə icraatı nəticəsində iddiaçının hərbi xidmətə yararlı olmasının müəyyən edildiyi təqdirdə, onun hərbi xidmətə çağırılması imkanının tükənmədiyi də nəzərə alınmalıdır. Nəticə etibarilə, ərizəçinin hüquqlarının qorunmasının mümkünsüz və ya xeyli çətinləşməsinin qarşısını almaq və əsas iş üzrə məhkəmə qərarının effektivliyini təmin etmək məqsədilə, müvəqqəti təminat tədbiri olaraq çağırış vərəqəsinin icrası dayandırılmalıdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarının 4.2-ci bəndinin sonuncu cümləsində qeyd edilir ki, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olduğu qənaətinə gəlmişsə, bu halda ərizə təmin edilməlidir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №15(3-9)-107/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-107/2026
06.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver