Məhkəmə qərarları › İş №15(3-9)-115/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-115/2026

05.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-115/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından üçüncü şəxs Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “hərbi həkim komissiyasının Ərizəçi hərbi xidmətə yararlı hesab edilməyi barədə qərarın qanunsuz hesab edilməsi xidmətə yararsız olması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı, həmin iddia ərizəsi ilə yanaşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi-həkim komissiyasının hərbi xidmətə yararlı hesab edilməyi barədə qərarı qanunsuz hesab edilməsi və ləğv olunması, inzibati aktın icrasının dayandırılması barədə cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoyulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan ərizəçi Ərizəçi məhkəməyə ərizə təqdim edərək, “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqi hərbi xidmətə çağrılmamağı öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə tələbi dəqiqləşdirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə 2017-ci ildən çağırışçıdır. Həmin dövrdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsinin Hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirmədən keçərkən onda iki diaqnoz üzrə xəstəlik aşkarlanmışdır. Birincisi - tənəffüs orqanında xəstəlik, yəni ağ ciyərində yırtıq. Ikincisi - sol tərəfli qasıq xaya yırtığı. Onda xəstəliklər aşkarlandığı halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsinin verdiyi hərbi biletinin 12-ci səhifəsində qeyd edilmişdir ki, hərbi xidmətə yararsızdır və 15-ci səhivəsində tibbi müayinələr haqqında məlumatlar yazılmışdır. Ikinci diaqnoz üzrə üçüncü dəfə ## ##### 2026-cı ildə əməliyyat olmuş, birinci diaqnozu üzrə mütamadi müalicə götürmüşdür ki, bronxial astma ətrafa yayılmamışdır. Lakin Bakı şəhərində yerləşən Hərbi-həkim komissiyası hərbiyə yararlı olmağı barəsində qərar qəbul etmişdir. Həmin qərarın nüsxəsinin verilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsində imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddianın böyük ehtimalla uğurlu olması ilə əsaslandırmışdır. Qərardaddan üçüncü şəxs Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi PHŞ apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın kifayət qədər ugurlu olması qənaəti əsaslandırılmamışdır. Prosessual məsələlər Üçüncü şəxs Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi PHŞ-nın nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ərizəçi və cavabdehin nümayəndəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üzrlü səbəb bildirmədən iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 20.3. Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.2. Iddia qaldırılandək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olub-olmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyrimümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.). 4.11. məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. Işin hallarından görünür ki, iddiaçı 2026-cı ilin iyul ayında hərbi xidmətə getməmişdir. Qanunvericiliyin tələbinə əsasən növbəti hərbi çağırış ən tezi cari ilin oktyabr ayında olacaq. Iddiaçının isə ## ######## 2026-cı il tarixdə 30 yaşı tamam olacaqdır. Göründüyü kimi, növbəti hərbi çağırışda iddiaçının artıq 30 yaşı tamam olduğundan o, hərbi xidmətə aparılmayacaqdır. Belə olan halda kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçının əsas iddia tələbi artıq öz əhəmiyyətini itirəcəyindən, eyni zamanda, müvəqqəti xarakterli müdafiə tədbiri də əsas iddia ilə əlaqəli olduğundan əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxdığı şəraitdə təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Belə olan halda isə ərizə mümkünlük şərtlərinə cavab vermir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar