Məhkəmə qərarları › İş №15(3-9)-116/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-116/2026

05.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-116/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddia icraatı qaydasında iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “Azərbaycan Respublikası Cavabdeh onun həqiqi hərbi xidmətə yaralı olmağı barədə ədalətsiz qərarı ləğv edilməsi, məhkəmənin yekun qərarı çıxarılanadək hərbi xidmətə çağırılmamağı barədə Azərbaycan Respublikası Cavabdeh qadağa qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan ərizəçi Ərizəçi ərizənin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmənin icraatında olan **(*-*)-***/**** saylı işlə əlaqədar olaraq tələbin “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə tələb dəyişdirilmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ## ####### 2000-ci ildə Salyan şəhərində anadan olmuşdur. 2018-ci ilin oktyabr ayında Cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, lakin “III dərəcəli varikosel, Xarici babasil düyününün trombozu, 12 barmaq bağırsaq soğanağının yarım kəskin xorası, Eroziv qastrit, Diodenit, Kataral ezofaqit” diaqnozları ilə əlaqədar Hərbi Həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə xəstəliklər cədvəlinin İ qrafasının 72-ci maddəsinin "a" bəndinə (funksiyaların mühüm dərəcədə pozulması ilə) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı olduğu müəyyən edilərək, ona hərbi bilet təqdim edilmişdir. Hər 3 (üç) ildən bir Hərbi-Həkim komissiyasından keçirilmiş, kompleks müalicələr almışdır. Uzunmüddətli müalicələr almasıma baxmayaraq, səhhətində irəliləyiş yoxdur, əksinə getdikcə dahada pisləşir. Sonuncu dəfə aparılan müayinələrdən sonra HərbiHəkim Komissiyasına təqdim olunmuş və həmin komissiyanın ##.##.2024-cü il tarixli qərarı ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ###### 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Xəstəliklər cədvəlinin No 1) 72-ci maddəsinə (əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. Hazırda Azərbaycan Respublikasının Cavabdeh hərbi uçotdadır. Artıq 3 (üç) dəfə Hərbi Həkim Komissiyasından keçmiş və hər dəfədə təyin olunmuş diaqnoz təsdiqlənmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Cavabdeh hərbi xidmətə göndəriləcəyi bildirilir. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddianın böyük ehtimalla uğurlu olması ilə əsaslandırmışdır. Qərardaddan Azərbaycan Respublikası Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın kifayət qədər uğurlu olması qənaəti əsaslandırılmamışdır. Prosessual məsələlər: Ərizəçi Ərizəçi məhkəmə kolllegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kolllegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda, məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Iş materiallarında olan: SX ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi ##.##.2018-ci il tarixdə SHXÇDX-nin Salyan rayon şöbəsinin HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 72 c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2021-ci il müəyyən edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). Ərizəçi ##.##.2021-ci il tarixdə SHXÇDX-nin Salyan rayon şöbəsinin HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 72 c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2024-cü il müəyyən edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). Azərbaycan Respublikası Cavabdeh ## #### 2026-cı il tarixli məktubundan görünür ki, ##.##.2000-ci il təvəllüdlü Ərizəçi 2018-ci ilin oktyabr çağırışına cəlb olunmuş, hərbi həkim komissiyasından keçmişdir. Komissiya zamanı səhətində problemlər aşkarlandığından çağırışçı aidiyyəti üzrə Salyan rayon Mərkəzi Xəstəxanasına “Böyrək daşı xəstəliyi” diaqnozu ilə əlavə müayinəyə göndərilmişdir. Daxil olmuş “sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktlarına əsasən çağırışçı rayon hərbi həkim komissiyası tərəfindən ARNK-nin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 72b mad. İ qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilərək barəsində yekun qərar verilməsi üçün SHXÇDX-nin Mərkəzi Hərbi Həkim Komissiyasına (MHHK) yönləndirilmişdir. Daha sonra çağırışçının MHHK-da əyani müayinəsi təmin olunmuş və MHHK-nın yekun qərarına əsasən çağırışçı Ərizəçi ARNK-nin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 72c mad. İ qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunaraq, hərbi vəzifəlilərin ehtiyyatına verilmişdir. ##.##.2021-ci il tarixdə təkrar tibbi komissiyadan keçərək yenidən eyni diaqnozla “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilərək hərbi vəzifəlilərin ehtiyyatında saxlanılmışdır. ##.##.2024-cü il tarixdə yenidən təkrar müayinəyə cəlb olunmuş, lakin vətəndaş komissiyaya gəlmədiyindən yalnız ##.##.2026-cı il tarixdə yenidən Salyan rayon Mərkəzi Xəstəxanasına əlavə müayinə üçün “sol böyrəyin hidronefrozu” diaqnozu ilə göndəriş verilmişdir. Daxil olmuş “sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktlarına əsasən çağırışçı rayon hərbi həkim komissiyası tərəfindən ARNK-nin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 65c mad. İ qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilərək barəsində yekun qərar verilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) yönləndirilmişdir. Daha sonra çağırışçının DTSERA-də əyani müayinəsi təmin olunmuş və DTSERA-nın yekun qərarına əsasən çağırışçı Ərizəçi ARNK-nin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 65ç mad. İ qrafasına əsasən “müddətli həqiqi hərbi xidmətə yararlı” hesab olunaraq, müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün çağırış bölməsinə ötürülmüşdür. Çağırışçı Ərizəçi sağlamlıq vəziyyətinin müayinəsi üçün SHXÇDX-nin Salyan rayon şöbəsinə dəvət olunmuş və nəticə olaraq çağırışçı paralel xəstəliklərinin olduğunu bildirmiş, əlavə müayinələr üçün müraciət etmişdir. Çağırışçının müraciəti nəzərə alınaraq Xidmətin MHHK-da əyani müayinəsi təmin olunmuş və MHHK-ı tərəfindən çağırışçıya Milli Onkologiya Mərkəzində “Sağ epididimda anexogen kista?” diaqnozu ilə göndəriş verilmişdir. Daxil olmuş “sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktlarına əsasən çağırışçı Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ARNK-nin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 65ç və 42d mad. İ qrafasına əsasən “sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız” kimi şəhadətləndirilərək barəsində yekun qərar verilməsi DTSERA yönləndirilmişdir. Daha sonra çağırışçının DTSERA-də əyani müayinəsi təmin olunmuş və DTSERA-nın yekun qərarına əsasən çağırışçı Ərizəçi ARNK-nin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 65ç mad. İ qrafasına əsasən “müddətli həqiqi hərbi xidmətə yararlı” hesab olunmuşdur. DTSERA-nın yekun rəyini rəhbər tutaraq çağırışçı Ərizəçi 2026-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməsi nəzərdə tutulur. Beləliklə də hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi, real təhlükənin mövcudluğu müəyyən olunur. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Belə olan halda təcili tənzimləməyə ehtiyac vardır. Kollegiya iddianın uğurluluq ehtimalına münasibətdə isə qeyd edir ki, hazırki halda iddianın uğurlu olub-olmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, zərurət olduğu təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi, iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s. cəlb edilmədən mümkün deyildir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar