Məhkəmə qərarları › İş №15(3-9)-132/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-132/2026

02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-132/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi) qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Hərbi-həkim komissiyasının onun hərbi xidmətə yararlı hesab edilməyi haqqında qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı, həmin iddia ərizəsi ilə yanaşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən onun hərbi xidmətə çağrilmağı barədə inzibati aktın icrası iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması, onun hərbi hissəyə göndərilməyi və çağrış qərarının icrasına yönəlmiş hər hansı inzibati hərəkətlərin həyata keçirilməsi qadağan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan ərizəçi Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizədə qeyd etdiyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdehlər sırasından çıxarılmasını, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin cavabdeh qismində göstərilməsini, tələbimin isə “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)- ****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Maraqlı şəxs “hərbi xidmətə yararlı olması barədə” ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və Azərbaycan Respublikası Maraqlı şəxs üzərinə Ərizəçi hərbi xidmətə çağrılmaması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə tələbi dəqiqləşdirilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan yekun tibbi müayinənin nəticəsinə uyğun olaraq Füzuli rayon çağırış komissiyası tərəfindən ##.##.2026-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Agentlik müayinənin nəticəsi barədə məlumatlandırmamışdır, bu səbəbdən həmin müayinənin nəticəsini mübahisələndirmək hüququndan istifadə edə bilməmişdir. ##.##.2026-cı il tarixdə çağırış barədə SMS bildiriş gəlmişdir. Bundan sonra Agentliyin apardığı müayinənin nəticəsi barədə şikayət vermək hüququndan istifadə edərək ##.##.2026-cı il tarixdə Agentliyə yazılı ərizə ilə müraciət etmiş, ərizəsini qəbul edərkən təkrar müayinəyə çagıraçaqları bildirilmişdir. Xeyli vaxt keçməsinə baxmayaraq təkrar müayinəyə çağrılmamışdır. Müraciətlərinə baxılmasının nəticəsini öyrənmək üçün Agentliyə müraciət etmişlər və ərizələrinə yazılı cavabı təqdim etməyi xahiş etmişdir, onlara cavab verməkdən imtina etmişdirlər. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddianın böyük ehtimalla uğurlu olması ilə əsaslandırmışdır. Qərardaddan Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın kifayət qədər uğurlu olması qənaəti əsaslandırılmamışdır. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Iddiaçının nümayəndəsi və vəkili X1 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə baxış iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda, məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Iş materiallarında olan çağırış vərəqəsinin surətindən görünür ki, Ərizəçi ##.##.2026-cı il tarixdə saat 09:00-da hərbi xidmətə yola düşmək üçün rayon idarəsinə çağırılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin göndərişində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 24-cü maddəsinin qrafa 1, bənd c, C kateqoriyasında qeyd olunan “dəqiqləşdirilməmiş ensefalopatiya” (XBT kodlu G93.4), Cədvəlin 24-cü maddəsinin qrafa 1, bənd d, A kateqoriyasında qeyd olunan “serebral kista” (XBT kodlu G93.0) və 13-cü maddəsinin qrafa 1, bənd e, A kateqoriyasında qeyd olunan “piylənmə” (XBT kodlu E66) halları qeyd edilmişdir ki, həmin xəstəliklərin mövcudluğu hərbi xidmətə yararlı olması ehtimalını şübhə altına atır və qeyd edilən hallar nəzərə alınmadığı təqdirdə gələcəkdə daha ciddi fəsadlara yol açma ehtimalı müəyyən edilir. Beləliklə də hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi, bundan əlavə, ictimaiyyət üçün də real təhlükənin mövcudluğu müəyyən olunur. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Belə olan halda təcili tənzimləməyə ehtiyac vardır. Kollegiya iddianın uğurluluq ehtimalına münasibətdə isə qeyd edir ki, hazırki halda iddianın uğurlu olub-olmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, zərurət olduğu təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi, iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s. cəlb edilmədən mümkün deyildir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar