Məhkəmə qərarları › İş №15(3-9)-133/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-133/2026

02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 15(3-9)-133/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərarın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, inzibati işə baxılıb qurtarana və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin hərbi xidmətə yararlı olması barədə qərarının icrasının dayandırılması və onun hərbi xidmətə çağırılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## #### 2026-cı il tarixli, **(*-*)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının həqiqi hərbi xidmətə cəlb edilməsinin qanunauyğunluğunun yoxlanılması əsas iddia çərçivəsində aydınlaşdırılmalıdır. Həmçinin, məhkəmə icraatının gedişində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizasının keçirilməsi zərurəti istisna edilmir. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir. Ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı mövcuddur. Həmçinin ərizəçi barədə tərtib edilən sənədlərə, eləcə də elektron informasiya sistemindən çıxarışa sənədinə nəzər yetirilən zaman tərəfin bir neçə xəstəlikdən əziyyət çəkdiyi və qeyd edilən xəstəliklər sadə, gözlə görünən, mühüm olmayan xəstəlik deyil, mövcud olduğu təqdirdə şəxsin səhhətində ciddi narahatçılıqlar yaradacaq xəstəliklər olduğu müəyyən edilir. Əldə edilən sənədlərin tədqiqi zamanı ərizəçidə qeyd edilən xəstəliklər üzrə əvvəllər hərbi xidmətə yararsız hesab edildiyi və çağırışının dayandırıldığı müəyyən edilir. Həmin xəstəliklərin mövcudluğu hərbi xidmətə yararlı olması ehtimalını şübhə altına atır və qeyd edilən hallar nəzərə alınmadığı təqdirdə gələcəkdə daha ciddi fəsadlara yol açma ehtimalı müəyyən edilir. Qərardaddan üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmənin qərardadı vətəndaşların həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır. Prosessual məsələlər Ərizəçi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. -40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. -40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Iş materiallarına əlavə edilmiş: -SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, AR Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə Ərizəçi dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab edilməklə möhlət verilmişdir. -Çağırış vərəqəsinin surətindən görünür ki, Ərizəçi ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola düşmək üçün rayon idarəsinə çağırılmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ## ### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, Hərbi Həkim Komissiyasının rəyi - əsas: Səbəbi dəqiqləşdirilməmiş allergik təmas dermatiti, XBT kodu L23.9 ilə, maddə 56, qrafa 1, bənd E, kateqoriya Ç; yanaşı xəstəlik – Dabanın mikozu, XBT kodu B35.3 ilə, maddə 7, qrafa 1, bənd B, kateqoriya Ç; Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı : səfərbərlik: Ç, DTSERA: 0, qərarın növü: Heç bir kateqoriya təsdiqlənmir. -Respublika Dəri-Zöhrəvi Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində bildirilir ki, Ərizəçi L23.9 – Səbəbi dəqiqləşdirilməmiş allergik təmas dermatiti – Diaqnoz: Allergik dermatit, B35.3 – Dabanın mikozu - Diaqnoz: Pəncə mikozu, B35.1 – Dermatofitiyalı onimikoz – Dermatofitiyalı onixiya, Dırnaqların dermatofitozu – Diaqnoz: Onixomikoz aşkar edilir. -Respublika Dəri-Zöhrəvi Mərkəzinin ##.##.2026-cı il tarixli rəyində bildirilir ki, Ərizəçi B35.3 – Dabanın mikozu - Diaqnoz: Pəncə mikozu, L23.9 – Səbəbi dəqiqləşdirilməmiş allergik təmas dermatiti – Diaqnoz: Allergik dermatit aşkar edilir. -Ərizəçi barəsində verilmiş Forma 44-dən müəyyən olunur ki, hərbi həkim komissiyasında müayinələrin nəticələri: Dərinin və dərialtı toxumaların xəstəlikləri: e) dərinin və dərialtı toxumaların kəskin xəstəliklərindən və xroniki xəstəliklərinin kəskinləşməsindən sonrakı müvəqqəti funksional pozulmalar ilə, XBT kodu 56E, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: Ərizəçi əsas xəstəlik – Səbəbi dəqiqləşdirilməmiş allergik təmas dermatiti, XBT kodu L23.9, maddə 56, qrafa 1,bənd E, kateqoriya Ç; yanaşı xəstəlik – Dabanın mikozu, XBT kodu B35.3, maddə 7, qrafa 1, Bənd B, kateqoriya Ç aşkar olunur. -Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi “A-müddətli həqiqi hərbi xidmətə yararlı” olması barədə qərar qəbul edilmişdir. -Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadının surətindən görünür ki, Ərizəçi cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinə qarşı inzibati iş üzrə ekspertiza təyin edilmişdir. Göründüyü kimi ərizəçinin dəri və dərialtı toxumalarında patofunksional pozuntuların olması müvafiq tibb müəssisəsinin müayinə aktı və HHK-nın əvvəlki qiymətləndirmələri ilə təsdiq edilmişdir. Həmin pozuntuların ərizəçinin hərbi xidmətə yararlılıq vəziyyətində olub-olmaması müvafiq ekspertizanın rəyi ilə müəyyən edilə bilər və bu, məhkəmə araşdırmasının zəruriliyini ortaya qoyur. Başqa sözlə, nə qədər ki, şəxsin xidmətə yararlılıq vəziyyəti tədqiq edilməmişdir, bu, onun xidmət zamanı daha ağır duruma düşmək ehtimalı, eyni zamanda hazırki vəziyyətdə xəstəliyin xarakteri və növü nəzərə alınmaqla, digər hərbi qulluqçuların da yoluxması ehtimalı baxımından ilkin tənzimləmənin zəruriliyini labüd edir. Həmçinin nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə cəlb edilməsi həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar