Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-135/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi ərizəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçılar ərizəçi3, ərizəçi2 və ərizəçi1 cavabdeh Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışlar. Ərizəçilər ərizəçi3, ərizəçi2 və ərizəçi1 həmçinin müvvəqqəti xarakterli müdafiə tədbiri üzrə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdeh Cavabdeh üzərinə Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli müvəqqəti təminat qərardadının faktiki icrasını təmin etmək, torpaq sahəsində borclu tərəfindən aparılan qanunsuz yonca biçininin və digər istifadə hallarının qarşısını dərhal almaq vəzifəsinin qoyulması, müvəqqəti təminat tədbirinin icrası çərçivəsində cavabdeh icra qurunun üzərinə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi, sahədəki mövcud faktiki vəziyyətin (yonca əkini, biçin və s. qanunsuz istifadə hallarının) rəsmi qaydada aktlaşdırılması öhdəliyinin qoyulması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçilər ərizəçi3, ərizəçi2 və ərizəçi1 tələbin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh üzərinə mübahisəli torpaq sahəsinin mövcud faktiki vəziyyətinin qanunvericiliyin tələblərinə uyğun qaydada müəyyən edilərək tam və obyektiv şəkildə rəsmi sənədləşdirilməsinin təmin edilməsi vəzifəsinin qoyulması, faktiki vəziyyət müəyyən edilərkən torpaq sahəsində mövcud olan əkinlərin növü, sahəsi, vəziyyəti, torpaq sahəsindən faktiki istifadə halları, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-*/**** nömrəli müvəqqəti təminat tədbiri barədə qərardadının icra vəziyyəti, habelə əvvəlki müəyyən edilmiş hallardan sonra baş vermiş dəyişikliklər tam şəkildə müəyyən edilərək rəsmi sənəddə öz əksini tapması, iddiaçılar tərəfindən təqdim edilmiş ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli videoçəkilişlər və iş materiallarında olan digər sübutlar faktiki vəziyyət müəyyən edilərkən nəzərə alınması və onlara hüquqi qiymət verilməsinin təmin edilməsi və hazırlanmış rəsmi sənəd və ona əlavə edilən materiallar inzibati iş üzrə sübut kimi məhkəməyə təqdim edilməsi” kimi dəyişdirilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda icraatda olan inzibati iş üzrə cavabdeh Cavabdeh hüquqi hərəkətsizliyi nəticəsində ona məxsus 1,66 ha torpaq sahəsinden borclu X1 tərəfindən qanunsuz istifadə bu gün də davam edir və hər keçən gün mülkiyyət hüququnun bərpası çətin olan yeni zərərlər vurulur. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-*/**** nömrəli qanuni qüvvəyə minmiş qərardadı ilə mübahisə mahiyyəti üzrə həll edilənədək cavabdeh X1 ona məxsus torpaq sahəsində hər hansı əkin-biçin və istifadə işlərinin aparılması qadağan edilmişdir. Həmin qərardad üzrə icra sənədi rəsmən Cavabdeh həvalə edilsə də, icra qurumu qərarın icrasını təmin etməmiş, faktiki hərəkətsizlik nümayiş etdirmişdir. Bu hərəkətsizlik nəticəsində borclu şəxs məhkəmə qadağasını açıq şəkildə pozaraq torpaq sahəsindən istifadəni davam etdirmişdir. Belə ki, icra materiallarında olan ##.##.2026-cı il tarixli baxış aktı və Şirvan Regional Ədliyyə Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə torpaq sahəsinin 60 sot hissəsində qanunsuz arpa əkildiyi rəsmi qaydada müəyyən edilmişdir. Sonradan həmin arpa biçilmiş, yerinə çoxillik yonca səpilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli video materiallardan aşkar görünür ki, sahədə qanunsuz olaraq sıx yonca örtüyü yetişdirilmişdir. Hazırda yay mövsümü olduğundan yonca mütəmadi olaraq biçilir və borclu şəxs məhkəmə qadağasını pozmaqla ona məxsus əmlakdan qanunsuz iqtisadi gəlir əldə etməkdədir. Sabirabad Rayon Məhkəməsinin mülki iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minmədiyi üçün hazırkı inzibati iddiaları həmin qətnamənin icrası ilə bağlı deyildir. Onların tələbi cavabdehin qüvvədə olan ##.##.2025-ci il tarixli müvəqqəti təminat qərardadını icra etməməsindən yaranan qanunsuz hərəkətsizliyinə qarşıdır. Hazırkı işdə mülkiyyət hüququna yönəlmiş real təhlükə ehtimal xarakteri daşımır, o artıq baş vermiş və hazırda da davam edən qanunsuz biçin faktları ilə təsdiq olunur. Əgər məhkəmə tərəfindən təxirəsalınmaz müvəqqəti təminat tədbiri görülməzsə, inzibati iş üzrə yekun qərar qəbul edilənədək torpaq sahəsindən qanunsuz istifadə davam edəcək və gələcəkdə qəbul ediləcək məhkəmə qərarının səmərəli icrası qeyrimümkün olacaqdır. Ona görə də ərizənin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsas iddianın mümkünlük şərtlərinin ödənilməməsi halı aşkar mövcud olduğu halda, bu hal həmin işlə bağlı müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin mümkün sayılmamasına səbəb ola bilər. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Qərardaddan ərizəçi ərizəçi3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi ərizəçi3 apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli inzibati iş üzrə çıxardığı ## #### 2026-cı il tarixli qərardadının tam ləğv edilməsini, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Ərizəçi ərizəçi3 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** nömrəli qərarında təsbit edilmişdir ki; 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır 4.9. Daha sonra araşdırmasının nəticəsindən asılı olaraq məhkəmə IPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyrimümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.). 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçilər Sabirabad Rayon Məhkəməsinin qərardadının icrasından narazı qalaraq Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışlar. Hazırkı iş üzrə verilmiş ərizədə isə ərizənin təmini üçün adıçəkilən əsas müəyyən edilməmişdir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə konkret olaraq hər hansı qənaət formalaşmır. Bu nəticə eyni zamanda iş materiallarında mövcud sənədlərlə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən də hasil olmur. Belə ki, iddiaçılar ərizəçi3, ərizəçi2 və ərizəçi1 cavabdeh Cavabdeh qarşı icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) barədə məhkəmədə iddia qaldırmışlar və məhkəmə qərarlarının icrası gedişində cavabdehin hərəkətlərinin qanuni və qanunsuz olması da inzibati məhkəmənin yox, qətnaməni qəbul edən və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aiddir. Beləliklə hazırkı, yəni araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı üçün məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür. Lakin işə baxılarkən bunun üçün müvafiq əsaslar olduğu təqdirdə şəraitin dəyişməsi ilə bağlı sübutlara yenidən qiymət verilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Hazırkı halda ərizənin təmin edilməsi üçün yuxarıda qeyd olunan əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-135/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-135/2026
02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver