Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-137/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 2023-ci il gəlir vergisi üzrə "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, 3-21-2- */*-******/**** saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi Şirvan Inzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, mahiyyəti üzrə mübahisələndirilən qərarın icrasının dayandırılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ümumiyyətlə sahibkarlıq fəaliyyəti olmadığı halda ona gəlir vergisi hesablanmışdır. Həmçinin ona məxsus olan və ailəsinin yeganə dolanacaq mənbəyi olan MERCEDES BENZ C 200 MINIK markalı **NT*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. Belə ki, ##.##.2025-ci il tarixli, *********** nömrəli əmlakın siyahıya alınması barədə qərara əsasən ##.##.2026-cı il tarixdə 6000 manat dəyərində əmlakı siyahıya alınmış, müvafiq olaraq, həmin avtonəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Maraqlı şəxs ərizə üzrə etiraz dəlilləri təqdim etməmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## #### 2026-cı il tarixli, **(*-*)- ***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti mahiyyəti üzrə baxılan iddianın uğurluluq ehtimalı baxımından onunla əsaslandırmışdır ki, qərar üzrə hesablanan vergi borcu ilə qərarın əsaslandırma hissəsində qeyd edilən hallar uyğunsuzluq təşkil edir, istinadlar natamamdır və araşdırma səthi aparılmışdır. Eyni zamanda ilkin tənzimləmənin zəruriliyi ilə bağlı göstərmişdir ki, ərizəçinin mülkiyyətində olan avtomobil üzərinə qoyulmuş məhdudiyyət onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə təsir göstərə bilər. Həmin nəqliyyat vasitəsindən özünün və ailəsinin gündəlik tələbatlarını ödəməsi məqsədilə istifadə olunduğunu, bu məhdudiyyətlərin iddiaçı üçün müəyyən çətinliklər yarada biləcəyi hallar nəzərə alınmalıdır. Qərardaddan Azərbaycan Respublikasının Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, ərizəçinin eyni tələblə bağlı ərizəsinə Şirvan Inzibati Məhkəməsində əvvəllər bir dəfə baxılaraq, ərizə təmin edilməmiş, həmin qərardad apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, ərizəçi sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirsə də, qeyd olunur ki, uçot-baza məlumatlarına əsasən o, 2007ci ildən kişi geyimlərinin satışı ilə məşğul olmuşdur, hazırda sahibkarlıq fəaliyyəti dayandırılmışdır. 2023-cü il ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrə əsasən İ rüb 600 manat, II rüb 600 manat, III rüb 112 manat, IV rüv 0 manat göstərmiş, lakin onun kart hesabına 380.186,80 manat vəsait daxil olmuşdur. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. -40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. -40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Məhkəmə kollegiyası hazırki ərizə üzrə təcili tənzimləmənin zəruriliyi və verilmiş iddianın ugurluluq ehtimalı baxımından aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Ərizəçi icrasının dayandırılmasını tələb etdiyi qərarın əsassız olmasını, bununla da iddianının uğurlu olmasını şərh etmiş, eyni zamanda mübahisələndirilən qərarın icrası nəticəsində hüquqlarının qorunmasının mümkün olmayacağını və ya xeyli çətinləşəcəyini mülkiyyətində olan və ailəsinin yeganə dolanacaq mənbəyi olan avtonəqliyyat vasitəsinin siyahıya alınması nəticəsində hüquqlarının məhdudlaşdırıması ilə əsaslandırmışdır. Qeyd olunur ki, ərizəçinin hazırki ərizə ilə eyni məzmunlu ərizəsi Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-**/**** nömrəli qərardadı ilə təmin edilməmiş, qərardaddan ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-*)-*/**** nömrəli qərardadı ilə təmin edilməmiş, həmin qərardad Ali Məhkəmənin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin məzmunu və tərəfin məhkəmə iclasında verdiyi izahatla hazırki eyni adlı ərizə üzrə dəlillər mahiyyətcə eyni olmaqla, yeganə fərqli, yaxud yeni əsas kimi qeyd olunmuş hal iddiaçının mülkiyyətində olan avtonəqliyyat vasitəsinin siyahıya alınması ilə bağlıdır. Yəni, əvvəlki ərizədə ilkin tənzimləmənin zəruriliyi əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının xəbərdarlıq məktubunun olması ilə bağlı idisə, hazırki halda həmin əmlakın siyahıya alınmış olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda da vergi orqanı tərəfindən ərizəçinin hüququna müdaxilə edilməmişdir ki, bu hal mübahisələndirilən qərarın icrası nəticəsində hüquqlarının qorunmasının mümkün olmayacağını və ya xeyli çətinləşəcəyini güman etmək üçün kifayət etmir. Belə ki, ərizəçiyə məxsus minik avtomobilinin siyahıya alınması onun məişət səviyyəsində maddi durumunun çətinləşməsinə səbəb ola biləcək hal deyil. Yəni, əmlakın siyahıya alınması sadəcə vergi borcunun gələcək təminatı xarakterini daşımaqla, istənilən halda həmin əmlakın satılması üçün məhkəmə araşdırmasını və müvafiq qərarın qəbul edilməsini tələb edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ilkin tənzimləmənin nə dərəcədə zəruri olmasına və iddianın uğurluluq ehtimalına düzgün qiymət verməmiş, uğurluluq ehtimalını yalnız mübahisələndirilən qərarın əsaslandırma hissəsində qeyd edilən halların uyğunsuzluq təşkil etməsi, istinadların natamam olması və araşdırmanın səthi aparılması ilə əsaslandırsa da, qeyd olunan halların konkret nədən ibarət olmasını və bunun uğurluluq ehtimalı ilə bağlılığını şərh etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: -11.12-ci bəndinə əsasən Inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər. -11.15. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. -11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. -11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. -11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. -11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. -12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ərizənin təmin edilməsi hissəsində ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-137/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-137/2026
09.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver