Məhkəmə qərarları › İş №15(3-9)-70/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-70/2026

03.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-70/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətə yararlı olması barədə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmaması vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 10 ildən artıqdır ki, sağ daban sümüyünün kistası diaqnozu ilə hərbi xidmətə aparılmır və ona hər dəfə 3 il olmaqla 3 dəfə möhlət hüququ verilmişdir. Lakin, sonuncu dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçmək üçün göndərilmiş, həkim müayinəsindən keçmiş və həqiqi hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Bunun əsasında ona çağırış vərəqəsi verilmişdir. Hal-hazırda Şirvan Inzibati Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən onun haqqında qəbul edilmiş hərbi xidmətə yararlı barədə qərarının ləğv edilməsi barədə iddia qaldırmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Nuriyev) ## ##### 2026-cı il tarixli, **(*-*)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati iş üzrə ekspertiza təyin edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi 2017, 2020 və 2023-cü illərdə həqiqi hərbi xidmətə çağırışdan hər dəfə üç il olmaqla möhlət hüququ verilmişdir. Beləliklə də, hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi, bundan əlavə ictimaiyyət üçün də real təhlükənin mövcudluğu müəyyən olunur. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Belə olan halda təcili tənzimləməyə ehtiyac vardır. Məhkəmə iddianın uğurluluq ehtimalına münasibətdə isə qeyd edir ki, hazırki halda iddianın uğurlu olub-olmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, zərurət olduğu təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Qərardaddan üçüncü şəxs Azərbaycan Respublikası Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Həmçinin məhkəmənin qərardadı vətəndaşların həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır. Prosessual məsələlər Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. -40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. -40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş çağırış vərəqəsindən görünür ki, Ərizəçi ## ##### 2026-cı il tarixdə hərbi xidmətə çağırılmışdır. -SX ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi ## ##### 2017-ci il tarixdə (təkrar tibbi müayinənin vaxtı ## ##### 2020-ci il müəyyən edilmişdir) və ## ###### 2023-cü il tarixdə (təkrar tibbi müayinənin vaxtı ## ###### 2026-cı il müəyyən edilmişdir) SHXÇDX- nin Mərkəzi HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 68 c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). -Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ## ##### 2026-cı il tarixli rəyindən görünür ki, Ərizəçi sağ daban sümüyündə 20x25 mm ölçüdə kistik lezyona bağlı keçirilmiş sintetik dolğu materialı ilə osteoplastika əməliyyatından sonrakı vəziyyət qeyd edilir. Daban sümüyünün ön aşağı hissəsi deformasiyalı görünüşdədir. Daban sümüyündə Axil tendonunun daban sümüyü birləşmə yerində osteofitik itilənmə - Axil tendonunun kalsifik tendinozisi aşkar edilir. Daban sümüyünün qonşuluğunda mmlik ossifik kölgəliklər izlənilir. -Ərizəçi barəsində verilmiş forma 44 - ilkin təsvirdə qeyd edilmişdir ki, hərbi həkim komissiyasında müayinələrin nəticələri: funksiyanın pozulmasına səbəb olan və (və ya) hərbi geyim formasını, ayaqqabı və sursat gəzdirilməsini çətinləşdirən ətrafların qazanılmış deformasiyaları : - c) funksiyaların cüzi dərəcədə pozulması ilə, XBT kodu 62C. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ## #### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, Hərbi Həkim Komissiyasının rəyi - əsas: Pəncənin anadangəlmə deformasiyaları, XBT kodu Q66 ilə, maddə 61, qrafa 1, bənd D, kateqoriya Ç; yanaşı xəstəlik : Skolioz, XBT kodu M41, maddə 59, qrafa 1, bənd Ç, kateqoriya A, Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı : səfərbərlik: Ç, DTSERA: A- 3, qərarın növü: Fərqli kateqoriya üzrə təsdiq, status: daha yüngül qiymətləndirilir. -Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi barəsində MHHK sədrinin yekun qərarı : Yastıayaqlılıq və ayağın digər deformasiyaları: - ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda, maddə 61Ç, Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): - ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda. -X3 ## ###### 2026-cı il tarixli sağlamlıq vəziyyətinin müayinə aktında qeyd edilmişdir ki, Ərizəçi “M41 – Skolioz – Onurğanın döş tipli sola doğru İ (birinci) dərəcəli skoliozu, Q66.8 – Pəncənin digər anadangəlmə deformasiyaları – Sağ pəncənin əyripəncəliliyi, M20.0 – Barmaqların deformasiyaları – Sağ pəncənin İ barmağının valqus deformasiyası, M85.4 – Sümüyün tək kistası – Sağ daban sümüyünün kistasına görə aparılmış cərrahi əməliyyatdan sonraki vəziyyət, Z98.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər – sağ daban sümüyünün kistasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət” aşkar edilir. -Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hərbi xidmətə yararlı olması barədə qəbul edilmiş qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Göründüyü kimi ərizəçinin sümük-əzələ sistemində patofunksional pozuntuların olması müvafiq tibb müəssisəsinin müayinə aktı və HHK-nın əvvəlki qiymətləndirmələri ilə təsdiq edilmişdir. Həmin pozuntuların ərizəçinin hərbi xidmətə yararlılıq vəziyyətində olub-olmaması müvafiq ekspertizanın rəyi ilə müəyyən edilə bilər və bu, məhkəmə araşdırmasının zəruriliyini ortaya qoyur. Başqa sözlə, nə qədər ki, şəxsin xidmətə yararlılıq vəziyyəti tədqiq edilməmişdir, bu, onun xidmət zamanı daha ağır duruma düşmək ehtimalı baxımından ilkin tənzimləmənin zəruriliyini labüd edir. Həmçinin nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə cəlb edilməsi həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin ##.##.1998-ci il təvəllüdlü olması baxımından məhkəmə icraatı zamanı və ya icraat nəticəsində iddiaçının hərbi xidmətə yararlı olmasının müəyyən edildiyi təqdirdə, onun hərbi xidmətə çağırılması imkanının tükənmədiyi, həmçinin Inzibati Prosessual Məcəllənin 44.1 və 44.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun olaraq, məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirini şərtləndirən hallar aradan qalxdığı halda öz qərardadını ləğv etmək və ya dəyişdirmək imkanı da nəzərə alınmalıdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar