Məhkəmə qərarları › İş №15(3-9)-84/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-84/2026

29.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-84/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi üçüncü şəxs İsbarov Seymur Əzizxan oğluna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə, iddianın böyük ehtimalla uğurlu olmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, ərizəçi Ərizəçi, üçüncü şəxs İsbarov Seymur Əzizxan oğlunun iştirakları ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından İsbarov Seymur Əzizxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: “Torpağa mülkiyyət hüququna dair” JN-0070 KOD ******** saylı dövlət aktından görünür ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə Ərizəçi və ailə üzvlərinə Cəlilabad rayonu, Məlikqasımlı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 5.56 ha torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu, Məlikqasımlı kəndi ərazisində yerləşən 3.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İsbarov Seymur Əzizxan oğlu və digərlərinin ümumi birgə mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə ************ reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestində qeydə alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı İsbarov Seymur Əzizxan oğlunun cavabdeh Ərizəçi qarşı Cəlilabad rayonu Məlikqasımlı kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Ərizəçi tərəfindən zəbt olunmuş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Məlikqasımlı kəndində iddiaçı İsbarov Seymur Əzizxan oğlunun və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 3.72 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.5252 ha hissəsindən çıxarılması və 0.5252 ha torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsə qarşı iddia ərizəsi və iddianın dəyişdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “## ##### 2024-cü il tarixli 806013115224 və ************ reyestr nömrəli çıxarışların ləğv edilməsi və Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## ##### tarixli ** nömrəli qərarı ilə verilmiş cizgidə (bir planşet və sərhədlər daxilində ) 26 il istifadəsində olan 4.48 ha torpaq sahəsi üzrə dövlət aktına əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İsparov Seymur Əzizxan oğlu zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin, Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Cəlilabad rayonu, Məlikqasımlılı kəndi ərazisində yerləşən JN-0070 seriyalı, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə Ərizəçi və ailə üzvlərinə ayrılmış 5.56 ha torpaq sahəsindən faktiki sahibliyində və istifadəsində olan 3.50 ha hissəsindən İsparov Seymur Əzizxan oğluna verilmiş 0.5225 ha torpaq sahəsinə İsparov Seymur Əzizxan oğluna müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsini, onun tərəfindən törədilən maneələrin aradan qaldırılması”nı xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi İsparov Seymur Əzizxan oğlu tərəfindən əkilib-becərilməyə ciddi cəhdlər edilir. Torpaq sahəsi daima onun istifadəsində olmuşdur. Hazırda İsparov Seymur Əzizxan oğlu tərəfindən istifadə edilir, son 2025-ci ildə onun tərəfindən 60 sot həmin sahə əkilmişdi, lakin İsparov Seymur Əzizxan oğlu tərəfindən 60 sot əkdiyi torpaq sahəsindəki arpa biçilib qanunsuz olaraq aparılmışdır. 1998-ci ildən 2025-ci il də daxil olmaqla tərəfindən həmin torpaq sahəsi əkilibbecərilmişdir. Torpaq sahəsinə dair 5.56 ha təşkil etməklə JN-0070 kod ******** saylı ## ##### 1999-cu il tarixli dövlət aktı var. Dövlət Aktı 7 nəfər ailə üzvünə bərabər şəkildə bölünməklə Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ##### tarixli ** nömrəli qərarı ilə verilmiş, müvafiq koordinatlar göstərilməklə Cəlilabad Rayon Torpaq şöbəsinin müdiri D.Əhədov, Dövlət Yerquruluşu Layihə institutunun müdiri V.Quliyev tərəfindən imzalanmışdır. Dövlət Aktında müvafiq koordinatlarla təsbitlənən 5.56 ha torpaq sahəsinin tərkibində hazırda mübahisəli hesab olunan 60 sot torpaq sahəsi də vardır. Vətəndaş İsparov Seymur Əzizxan oğlu həmin torpaq sahəsini 2026-cı ildən qeyri-qanuni istifadə edir. 2025-ci ildə həmin 60 sot torpaq sahəsini o, əkmişdir, lakin qanunsuz olaraq zor gücünə həmin arpa sahəsini vətəndaş İsparov Seymur Əzizxan oğlu biçib aparmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı (hakim Amilya Hüseynova) ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Cəlilabad rayonu, Məlikqasımlılı kəndi ərazisində yerləşən JN-0070 seriyalı, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə Ərizəçi və ailə üzvlərinə ayrılmış 5.56 ha torpaq sahəsindən faktiki sahibliyində və istifadəsində olan 3.50 ha hissəsindən İsparov Seymur Əzizxan oğluna verilmiş 0.5225 ha torpaq sahəsinə İsparov Seymur Əzizxan oğluna müəyyən hərəkətlərin edilməsi qadağan edilmiş, onun tərəfindən törədilən maneələr aradan qaldırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan üçüncü şəxs İsbarov Seymur Əzizxan oğlu apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsində kənd təsərrüfatı məhsulu, yəni noxud bitkisi əkilmiş, məhsulun gübrələnmə və s. işləri aparılmalıdır. Bu kimi işlərin dayandırılması isə mümkün deyildir. Əgər bu işlərin aparılması dayandırılarsa məhsula ciddi ölçüdə ziyan dəymə ehtimalı vardır. Mübahisələndirilən qərardadda qeyd edilir ki, qərardadın qəbul edilməsində məqsəd iddia gələcəkdə təmin edilərsə onun icrasının qeyri-mümkün olması ehtimalıdır. Hesab edir ki, bu ehtimalda əsassızdır. Belə ki, torpaq sahəsindən istifadə edilməsi iddianın gələcəkdə icrasını hansı formada çətinləşdirə biləcəyi özüdə inandırıcı deyil. Mübahisə predmeti olan torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyəti olmaqla dövlət tərəfindən müvafiq çıxarış verilmiş, hətta torpaq sahəsinin onlara aid olmasını təstiq edən qanun qüvvəsini almış Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsidə mövcuddur. Apellyasiya şikayətinə etirazlar: Etiraz onunla əsaslandırılmışdır ki, İsbarov Seymur Əzizxan oğlu tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilən çıxarış həqiqəti əks etdirmir. Belə ki , üçüncü şəxsə məxsus çıxarış ##.##.2024 -cü il tarixdə verilmiş və 3.72 ha torpaq sahəsini əhatə edir. Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi isə ##.##.2025-cü il tarixdə qəbul edilmişdir. Deməli, mübahisə edilən və müvəqqəti təminat tədbiri görülən qərardadla qadağa qoyulan 0.5225 ha torpaq sahəsi 3.72 ha torpaq sahəsinin tərkibinə daxil deyil. Bundan əlavə, adlı siyahıda İsbarov Seymur Əzizxan oğlunun torpaq sahəsi 3.72 ha olmaqla, onun torpaq sahəsi ilə qonşu deyil, uzaqda yerləşir. Sözügedən 3.50 ha torpaq sahəsindən 30 il ərzində fasiləsiz və etirazsız sahiblik və istifadə hüququnun həyata keçirmişdir. Həmin müddət ərzində heç bir dövlət orqanı tərəfindən irad, təklif və xəbərdarlıq almamışdır. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxs S.Ə.İsbarov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisəli 0.5225 ha torpaq sahəsində noxud əkmişdir. Lakin qarşı tərəf imkan verməmiş, əkin məhv olmuşdur. Hazırda mübahisəli torpaq sahəsində heç nə yoxdur. Tərəflər arasında 0.5225 ha torpaq sahəsi ilə bağlı olan mübahisəyə Cəlilabad Rayon Məhkəməsində baxılmış və xeyrinə qətnamə qəbul edilmişdir. Sonda S.Ə.İsbarov apellyasiya şikayətinin təmin edilməsini və ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçi Ərizəçi ərizəyə və apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsindən məlumatı olmamış və qətnamədən şikayət etməmişdir. Sonda Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixdə qəbul edilmiş ** nömrəli qərarı: 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, hazırkı halda gələcəkdə iddianın uğurluluq ehtimalını indidən müəyyən etmək mümkün deyildir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə, qeyd olunmalıdır ki, işin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadəsində olmuş və digər işlər görülmüşdür. Məhkəmənin qənaətinə görə cavabdeh və İsparov Seymur Əzizxan oğlu tərəfindən ərizəçinın ərizəsində göstərilən hallar və hərəkətlər baş verdiyi təqdirdə ərizəçinın əmlakına ziyan dəyə bilər ki, gələcəkdə qərarın onun xeyrinə olacağı təqdirdə, ərizəçinın hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər İşin hallarından müəyyən edildi ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə Ərizəçi və ailə üzvlərinə Cəlilabad rayonu, Məlikqasımlı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 5.56 ha torpaq sahəsi verilmiş və bununla bağlı “Torpağa mülkiyyət hüququna dair” JN-0070 KOD ******** saylı dövlət aktı tərtib edilmişdir. Cəlilabad rayonu, Məlikqasımlı kəndi ərazisində yerləşən 3.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İsbarov Seymur Əzizxan oğlu və digərlərinin ümumi birgə mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə ************ reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestində qeydə alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İsbarov Seymur Əzizxan oğlunun cavabdeh Ərizəçi qarşı Cəlilabad rayonu Məlikqasımlı kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Ərizəçi tərəfindən zəbt olunmuş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Məlikqasımlı kəndində iddiaçı İsbarov Seymur Əzizxan oğlunun və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 3.72 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.5252 ha hissəsindən çıxarılması və 0.5252 ha torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. Ərizəçinin hüquqi marağı əsas işə mahiyyəti üzrə baxılanadək mübahisəli 0.5225 ha torpaq sahəsinə münasibətdə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsindən ibarətdir. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hesab edir ki, mübahisəli 0.5252 ha torpaq sahəsi ona və ailə üzvlərinə Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş torpaq sahəsinin tərkibinə daxil olan torpaq sahəsidir. İllərlədir ki, həmin torpaq sahəsindən istifadə etmişdir. Hazırda isə buna manelər var. Torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi qəbul ediləcək məhkəmə qərarının icrasında çətinlik yarada bilər. Bundan başqa, torpaq sahəsindən istifadə etməməsi (əkməməsi) nəticəsində zərər dəyə bilər. Təcililik şərti mövcuddur. Məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmir. Belə ki, mabahisəli torpaq sahəsinə münasibətdə Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi var. Həmin qətnamə ilə iddiaçı İsbarov Seymur Əzizxan oğlunun cavabdeh Ərizəçi qarşı Cəlilabad rayonu Məlikqasımlı kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Ərizəçi tərəfindən zəbt olunmuş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Məlikqasımlı kəndində iddiaçı İsbarov Seymur Əzizxan oğlunun və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 3.72 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.5252 ha hissəsindən çıxarılması və 0.5252 ha torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Təbii ki, qeyd edilənlər işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində gəlinən nəticədir. Plenum qərarının 11.22-ci bəndinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurlu olmadığı qənaətinə gəlir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilməsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar