Məhkəmə qərarları › İş №15(3-9)-92/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-92/2026

29.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-92/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi İmanov Kamil Seymur oğlunun Azərbaycan Respublikası Üçüncü şəxs qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, ərizəçi İmanov Kamil Seymur oğlunun, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi İmanov Kamil Seymur oğlunun müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından Azərbaycan Respublikası Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Ərizəçiyə məxsus seriya SX 0699029 hərbi biletdən görünür ki, İmanov Kamil Seymur oğlu ##.##.2022-ci il tarixdə xəstəliklər cədvəlinin İ qrafasının 11C maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktıdan görünür ki, İmanov Kamil Seymur oğlu ##.##.2025-ci il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-də müayinə olmuş, ona “D56.3-Talassemiya əlamətlərinin daşıyıcılığı” diaqnozu təyin olunmuşdur. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, İmanov Kamil Seymur oğluna “11C-Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları:-c) qanyaradıcı sistemin funksilarının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşənn və 56E- Dərinin və dərialtı toxumaların xəstəlikləri:-e) dərinin və dərialtı toxumaların kəskin xəstəliklərindən və xroniki xəstəliklərinin kəskinləşməsindən sonrakı müvəqqəti funksional pozulmalar” diaqnozu qoyulmuş, o, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, Agentlikdə qiymətləndirilmə nəticəsində barəsində heç bir kateqoriya ilə təsdiqlənməməsi barədə qərar qəbul edilmiş, TSERA-da geri dönüşdən sonra Xidmətin yerli bölməsi tərəfindən hərbi xidmətə yararlıq barədə qərar qəbul edilmişdir. Çağırış vərəqəsindən görünür ki, İmanov Kamil Seymur oğlu Azərbaycan Respublikası Üçüncü şəxs tərəfindən ## #### 2026-cı il tarixə həqiqi hərbi xidmətə yola düşmək üçün Xidmətin Lerik rayon şöbəsinə çağırılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İmanov Kamil Seymur oğlunun cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsin və Azərbaycan Respublikası Üçüncü şəxs qarşı “hərbi xidmətə çağırışla əlaqədar təkrar tibbi müayinələrdən keçirilməyi və məhkəmə qərarı qanuni qüvvəyə minənədək hərbi xidmətə çağırılmasına məhdudiyyət qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Xidmətin Lerik rayon şöbəsinin cavabdehlər sırasından çıxarılmasını və onun üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan əsas iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, həqiqi hərbi xidmətə çağırılmaması öhdəliyinin Üçüncü şəxs üzərinə qoyulmasını xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, qan çatışmazlığı və yüksək arterial təzyiqlə əlaqədar səhhətində ciddi narahatlıqlar mövcuddur. 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağmş üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılsa da, aparılmış tibbi müayinə nəticəsində səhhəti ilə əlaqədar olaraq hərbi xidmətə yararsız hesab edilmişdir. Üçüncü şəxs tərəfindən ona 35 yaşına qədər hər 3 ildən bir məcburi tibbi müayinədən keçməli olduğu bildirilmiş və bu müddət ərzində mütəmadi olaraq tibbi müayinələrə cəlb olunaraq hər dəfə səhhəti ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilmişdir. Sonuncu dəfə 2026-cı ilin yanvar aylarında Üçüncü şəxs tərəfindən tibbi müayinəyə cəlb olunmuş, müayinənin nəticəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, həmin qurumda ilkin müayinədən sonra əlavə tibbi yoxlamalara ehtiyac olduğu bildirildiyindən, başqa tibb müəssisəsinə yönləndirilmiş, həmin xəstəxanada aparılmış müayinədən sonra nəticələrin daha sonra təqdim ediləcəyi qeyd olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yekun tibbi rəyinə əsasən isə hərbi xidmətə yararlı hesab edilmişdir. Lakin uzun müddətdir ki, qan çatışmazlığı və yüksək arterial təzyiq xəstəliklərindən əziyyət çəkir, bu xəstəliklər daimi halsızlıq, başgicəllənmə, tez yorulma, ürəkdöyünmə, arterial təzyiqin kəskin dəyişməsi və digər ciddi sağlamlıq problemləri yaradır ki, bu da gündəlik həyat fəaliyyətinə və sosial adaptasiyasına ciddi şəkildə mənfi təsir göstərir. Bu səbəbdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəsində verilmiş qərarın qanunsuz və əsassız olduğunu hesab edərək və həmin qərarın ləğv edilməsi məqsədilə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı (hakim Hilal Nəcəfov) ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqi hərbi xidmətə çağrılmaması öhdəliyi Üçüncü şəxs üzərinə qoyulmuşdur. Həmin qərardaddan narazı qalan Xidmətinin Lerik rayon şöbəsi apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edirlər ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*- *)-***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır. Əlavə olaraq bildirirlər ki, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Etirazlar: Şikayətə etirazın dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Üçüncü şəxsin nümayəndəsi A.A.Süleymanlı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Ərizəçi Ə.M.Xanməmmədov ərizənin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li Qərarı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi ərizəni təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir. Ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı mövcuddur. Həmçinin, ərizəçi barədə tərtib edilən sənədlərə, eləcə də elektron informasiya sistemindən çıxarışa sənədinə nəzər yetirilən zaman tərəfin bir neçə xəstəlikdən əziyyət çəkdiyi və qeyd edilən xəstəliklər sadə, gözlə görünən, mühüm olmayan xəstəlik deyil, mövcud olduğu təqdirdə şəxsin səhhətində ciddi narahatçılıqlar yaradacaq xəstəliklər olduğu müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən edilir ki, İmanov Kamil Seymur oğlu (bundan sonra - ərizəçi) ##.##.2022-ci il tarixdə xəstəliklər cədvəlinin İ qrafasının 11C maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Ərizəçi ##.##.2025-ci il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-də müayinə olmuş, ona “D56.3-Talassemiya əlamətlərinin daşıyıcılığı” diaqnozu təyin olunmuşdur. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, İmanov Kamil Seymur oğluna “11C-Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları:-c) qanyaradıcı sistemin funksilarının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşənn və 56E- Dərinin və dərialtı toxumaların xəstəlikləri:-e) dərinin və dərialtı toxumaların kəskin xəstəliklərindən və xroniki xəstəliklərinin kəskinləşməsindən sonrakı müvəqqəti funksional pozulmalar” diaqnozu qoyulmuş, o, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, Agentlikdə qiymətləndirilmə nəticəsində barəsində heç bir kateqoriya ilə təsdiqlənməməsi barədə qərar qəbul edilmiş, TSERA-da geri dönüşdən sonra Xidmətin yerli bölməsi tərəfindən hərbi xidmətə yararlıq barədə qərar qəbul edilmişdir. Çağırış vərəqəsindən görünür ki, İmanov Kamil Seymur oğlu Azərbaycan Respublikası Üçüncü şəxs tərəfindən ## #### 2026-cı il tarixə həqiqi hərbi xidmətə yola düşmək üçün Xidmətin Lerik rayon şöbəsinə çağırılmışdır. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliyinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. Kollegiya bildirir ki, hazırda ərizəçinin hüquqi marağı onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikasının Üçüncü şəxs qadağan edilməsindən ibarətdir. Hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu məsələsinin qiytmətləndirilməsi mümkün deyil, bu tibbi dəyərləndirmə tələb edilir. Ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, ərizəçi ##.##.2004-cü il təvəllüdlüdür, onun 22 yaşı var. Əsas iş üzrə ##.##.2026-cı il tarixdə ekspertiza təyin edilmişdir. Məhkəmə icraatının gedişində onun hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və ərizəçi hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsur və çatışmazlıq gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə, belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. Həmçinin, bir xüsusata da diqqət yetirilməlidir ki, ##.##.2022-ci il tarixdə inzibati orqan ərizəçinin xəstəliyini xəstəliklər cədvəlinin İ qrafasının 11C maddəsi ilə qiymətləndirərək, onu “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab etmiş, hazırki yoxlama zamanı da Xidmətin yerli bölməsi tərəfindən ərizəçinin xəstəliyi yenə də xəstəliklər cədvəlinin İ qrafasının 11C maddəsi ilə qiymətləndirilmişdir. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı konstitusiyanın qoruma sferası ilə əhatə olunan daha üstün dəyərdir. Hazırkı mübahisəyə münasibətdə həm də məhkəmə icraatı zamanı və ya məhkəmə icraatı nəticəsində iddiaçının hərbi xidmətə yararlı olmasının müəyyən edildiyi təqdirdə, onun hərbi xidmətə çağırılması imkanının tükənmədiyi də nəzərə alınmalıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 15(102)- 441/2025, ##.##.2023-cı il tarixli 15(102)-512/2025 və ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərarlarında mövqe eyni olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar