Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 2.463 ABŞ dolları məbləğində əsas, 708,66 ABŞ dolları məbləğində cərimə, cəmi 3.171,66 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun kreditor İddiaçı ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə yazılı etiraz təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5976/2016 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditor İddiaçı ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iş iddia icraatına keçirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. İddiaçı ASC isə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CD/71168/50/28 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 15 ay müddətinə illik 32% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 2.463 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqavilələri üzrə müəyyən edilmiş məbləğlərdə krediti qəbul etmiş və müqavilədə göstərilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini və gecikməyə yol verdiyi halda hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC həmin müqavilə üzrə borc məbləğini xx.xx.2016-cı il tarixə hesablamaqla ilk öncə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2.463 ABŞ dolları məbləğində əsas, 708,66 ABŞ dolları məbləğində cərimə, cəmi 3.171,66 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5976/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə həmin məbləğin tutulması əmr edilmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası qaydasında xx.xx.2015-ci il tarixli, CD/71168/50/28 nömrəli kredit müqaviləsi üzrə mövcud olan əsas borcdan 973,55 ABŞ dolları, mövcud olan cərimə borcu isə ümumiyyətlə silinmişdir. Daha sonra Cavabdeh1 yazılı etirazı əsasında həmin məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı qeyd edilən silinmələri də (kompensasiyanı) nəzərə alıb, cavabdehin kredit müqaviləsi üzrə 1489,45 ABŞ dolları məbləğində borcunun qaldığını göstərir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bu tarixdən sonra həmin müqavilə üzrə hər hansı ödəniş aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası qaydasında mövcud olan əsas borcdan 973,55 ABŞ dolları məbləğində pulun silinməsi nəzərə alınmalı və (2.463 – 973,55 = 1.489,45) qalan 1.489,45 ABŞ dolları məbləğində əsas borc Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) həmin kredit müqaviləsində öz əksini tapmışdır. İddiaçı da kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən kredit müqaviləsi üzrə hesablanmış 708,66 ABŞ dolları məbləğində dəbbə borcunun ödənilməsini tələb etmişdir. Lakin bundan sonra cavabdehin cərimə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası qaydasında silinmişdir və hazırda onun hər hansı cərimə borcu yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Araşdırma zamanı, həmçinin müəyyən edilmişdir ki, iddiaçı “İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, müqavilədə zaminin subsidiar məsuliyyəti, habelə bununla bağlı hər hansı ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən tələb edilən 20 manat məbləğində dövlət rüsumu eyni qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.489,45 ABŞ dolları məbləğində əsas borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.489,45 (bir min dörd yüz səksən doqquz ABŞ dolları, qırx beş sent) ABŞ dolları məbləğində əsas borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver