Məhkəmə qərarları › İş №e-2-2(3-9)-184/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-184/2026

30.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-184/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdehlərdən cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə X3 müraciət edərək, ***R********** saylı krеdit razılaşması üzrə 25796,42 manat krеdit bоrcu, 2464,76 manat faiz bоrcu və 804,86 manat cərimə olmaqla, ümumilikdə 29066,04 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 177,2 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər (borc alan) cavabdeh2 və (zaminlər) cavabdeh1, cavabdeh3 ilə arasında bağlanmış ##.##.2025-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh2 120 ay müddətinə 250000 manat krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh2 iddiaçı ilə ##.##.2025-ci il tarixdə bağladığı ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh2 götürdüyü krеdit bоrcundan 4203,58 manat ödəmiş, 25796,42 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 156 gün üçün hesablanmış faiz borcu 2464,76 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 156 gün üçün hеsablanmış cərimə 804,86 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 25763,45 manat əsas borc, 2464,76 manat faiz borcu, 804,86 manat cərimə olmaqla, ümumilikdə 29033,07 manat məbləğində pul vəsaitinin və 177,1 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin 50 manatının İddiaçı QSC-dən, 250 manatının isə cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən cavabdeh2 apellyasiya şikayəti verərək 2464,76 manat faiz borcu, 804,86 manat cərimə borcu hissələrdə ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin **/*** saylı, ##.##.2026-cı il tarixli rəyi ilə ilə cavabdeh2 ##.##.2025-ci il tarixli ***R********** saylı kredit müqaviləsinin şərtləri üzrə banka olan borcu ##.##.2025-ci il tarixə əsas borcu 25763,45 manat, faiz borcu 2912,7 manat, ##.##.2026-cı il tarixədək əsas borcu 25763,45 manat, faiz borcu 4707,55 manat müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli, **/*** saylı ekspert rəyində faiz borcun iddiada tələb olunan məbləğdən artıq olması qeyd edilsə də, məhkəmə qeyd edilən rəyi sübut növü kimi qəbul etmiş və verilmiş tələblər üzrə qətnamə çıxarmışdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən işin faktiki halları qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Ekspert rəyində qeyd edilən faiz məbləğinin iddiaçı tərəfindən tələb edilən faiz məbləğindən artıq olmasını nəzərə alıb təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, məhkəmə bunu etməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavadbehlər iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə məbləği hissələrdə ləğv edilərək, həmin hissələrdə iddianın təmin olunmamasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən faiz və cərimə borcu hissələrdə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. Kreditor İddiaçı QSC ilə borc alan cavabdeh2 və zaminlər cavabdeh3 və cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən borc alana faktiki illik faiz dərəcəsinin yuxarı həddi 45% müəyyən olunmaqla 120 ay müddətinə 250000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.17-ci bəndinə əsasən kredit alan bu müqaviləni imzlamaqla bəyan edir ki, bu müqavilə çərçivəsində hər dəfə kredit ayrılan zaman zamin və (və ya) girov qoyana məlumat verilməsinə razılıq verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə əsasında kredit verilməsi və qaytarılması hər bir kredit sazişinə uyğun olaraq həyata keçirilir. İddiaçı QSC ilə cavabdeh2 arasında ##.##.2025-ci il tarixdə bağlanmış ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh2 30000 manat məbləğində kredit vəsaiti illik 22 faiz olmaqla, 18 ay müddətinə verilmişdir. ##.##.2025-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, iddiaçı İddiaçı QSC tərəfindən cavabdeh cavabdeh2 30000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh2 ***R********** saylı, ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə 25796,42 manat əsas borc, 2464,76 manat faiz borcu, 804,86 manat cərimə olmaqla, cəmi 29066,04 manat məbləğində kredit borcu vardır. İddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubları göndərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının **/*** saylı, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, cavabdeh2 ##.##.2025-ci il tarixli ***R********** saylı kredit müqaviləsinin şərtləri üzrə banka olan borcu ##.##.2025-ci il tarixə əsas borc üzrə 25763,45 manat, faiz borcu üzrə 2912,7 manat, ##.##.2026-cı il tarixədək əsas borc üzrə 25.763,45 manat, faiz borcu üzrə 4707,55 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində təşkil edir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü müqavilə müddəti ərzində hesablanan əsas borc, faiz borcu hissədə tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdə olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən kredit razılaşması üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh cavabdeh2 həmin razılaşma üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin və razılaşmanın şərtlərinə uyğun olaraq iddiaçının cavabdehə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan maliyyə arayışında və hesabdan çıxarışlarda əksini tapan məlumatlardan müəyyən olunur ki, cavabdeh2 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı ##.##.2025-ci il tarixinə hesablanan faiz və cərimə məbləğini tələb edə bilərdi. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin tarixə hesablanan əsas borc və faiz borcunun məbləğlərinin müəyyən olunması sualı qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən ##.##.2025-ci il tarixli ***R********** saylı kredit müqaviləsinin şərtləri üzrə banka olan borc ##.##.2025-ci il tarixə əsas borc üzrə 25763,45 manat, faiz borcu üzrə 2912,7 manat müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın rəyi və MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla əsas borc və faiz borcu hissələrdə mübahisəyə düzgün, qanuni qiymət verilmişdir. Apellyasiya şikayətinin dəlillərini cərimə məbləğinə aid hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Formalaşmış məhkəmə təcrübəsinə əsasən cərimə məbləği manatla ifadə olunan əsas borc məbləğinin 5-7 faizi hissədə müəyyən olunur. Hazırki halda təmin olunan və cavabdeh tərəfindən mübahisələndirilməyən əsas borcun məbləği 25763,45 manat təşkil edir. Formalaşan məhkəmə təcrübəsi nəzərə alınsa əsas borc məbləğinə münasibətdə ödənilməli olan cərimə məbləği 5 faizlə 1288 manat təşkil edər. Lakin hazırki halda iddiaçı cərimə üzrə 804 manat tələb etmişdir. Bu baxımdan kollegiya cərimə məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən mübahisələndirilən hissələrdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti (2464,76 + 804,86 = 3269,62) 3269,62 manat təşkil edir ki, həmin məbləğ 10000 manatdan azdır. Odur ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlnılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar