Məhkəmə qərarları › İş №e-2(3-9)-778/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-778/2026

25.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-778/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Füzuli Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (ASC) və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək 5156,65 ABŞ dolları əsas, 2360,43 ABŞ dolları faiz, 5100,35 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 743,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi borc 13360,47 ABŞ dollarının və iş üzrə ödənilmiş 158,14 manat dövlət rüsumunun cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli ******** saylı kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10200 ABŞ dolları məbləğdə kredit verilmişdir. cavabdeh2 kredit verilərkən cavabdeh1 ilə bank arasında ##.##.2015-ci il tarixli ********/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə ## #### 2015-ci il tarixdə *** saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 10013 ABŞ dolları təşkil edir. Kreditin müddəti 53 ay təyin edilir. Əlavə sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin kredit müqaviləsinə ## ###### 2017-ci il tarixdə ** nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12952,26 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Əlavə sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə ##.##.2025-ci il tarixli **-*/*-B-**-****/**** saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Füzuli Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh1 ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi və zaminlik müqaviləsinə ##.##.2017-ci il tarixli əlavə saziş üzrə zaminliyinə xitam verilməsi və ona qarşı qaldırılmış iddia tələbinin rədd edilməsi, cavabdeh2 1 ABŞ dolları 1,40 manat hesablanmaqla 5156,65 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) əsas və ödənilmiş 107,66 manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 50,48 manatının ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi, iş üzrə ekspertiza xərci olan 126 manat məbləğində pulun cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından əvvələ təsadüf edir. İddiaçı ##.##.2014-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanına düşməsini etiraf edir. Məhkəmə zamin cavabdeh1 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh ##.##.2015-ci il tarixli kredit müqaviləsi və ## ###### 2017-ci il tarixli kredit müqaviləsi ürə əlavə saziş üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, müqavilə üzrə 5156,65 ABŞ dolları əsas borcun cavabdeh2 tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdeh2 iddia müddətinin tətbiqi ilə əlaqədar ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehlə iddiaçı arasında bağlanmış ##.##.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi ##.##.2022-ci il müəyyən edilmişdir. İddiaçı tərəfindən ##.##.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən iddia müddəti ötürülməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 425-ci, 470.1., 472.2-ci, 477.0.4-cü-ci 739.1-ci, 739.2-ci, 739.3-cü, 740.1-ci, 740.2-ci, 740.3-cü, 740.4-cü, 740.5-ci, 740.6-cı, 740.8-ci, 742.1-ci, 742.5-ci, 742.5.2-ci, 743.2-ci, 744.1-ci, 745.5ci, 746.1-ci, 746.3-cü və 747-5.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən ləğv prosesində olan “xxxx” ASC apellyasiya şikayəti verərək onun qismən - mübahisələndirilən hissələrdə (faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və “1 ABŞ dolları 1.40 manat hesablanmaqla”) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən borcun hesablanmasında ödəniş günü qüvvədə olan rəsmi məzənnə əsas götürülməli idi, lakin məhkəmə müqavilə şərtlərinin pozulması faktını müəyyən etmədiyindən ümumi olaraq 1 ABŞ dolları = 1.4 AZN məzənnəsini tətbiq etməklə, ödənişin hansı tarixdə baş verəcəyini və həmin tarixdə hansı məzənnənin mövcud ola biləcəyini də nəzərə almamışdır. Ödəniş tarixi – məzənnənin müəyyən edilməsi üçün əsas meyardır. Kredit münasibətlərində məzənnənin müəyyənləşdirilməsi yalnız ödənişin həyata keçirildiyi günə əsasən mümkündür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 13.360,47 ABŞ dolları təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Füzuli Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara və həmçinin Problemli Kredit Məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışa düzgün diqqət yetirməmişdir. Məhkəmə Problemli Kredit Məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışın düzgün qiymətləndirilməməsi nəticəsində borc məbləğinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi halda, səhvən həmin siyahıya düşdüyünü ehtimal edərək 5156,65 ABŞ dolları əsas borcu təmin etmiş, digər borc tələblərini (faiz, cərimə, Kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğini) təmin etməmişdir. Bu da nəticədə Bankın maraqlarına toxunan əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsi işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. Qətnamədən cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən Mülki Məcəllənin göstərilən maddi normaları düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddianı qismən təmin edərək borcu əsas borca münasibətdə təmin edərək dəbbə və faiz borcunu tutmamışdır. Məhkəmə faizi və cərimə borcunu əsas borcunun olmamasınından deyil, Prezidentin müvafiq fərmanından irəli gələn bəzi məslələrin tənzimlənməsi ilə bağlı tətbiq etmişdir. Əslində isə mövcud fərmana əsasən cavabdehin borcu tamamilə ödənilmişdir. Onun banka heç bir şəkildə borcu olmadığı üçün faiz və cərimə borcu da olmamalı idi. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ##.##.2014-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına düşməsini etiraf edir. Yəni hazırkı borcun ödənilməsi üzrə dövlət tərəfindən banka vəsait ödənilmişdir. Bank da öz növbəsində əsas borcu bağlayaraq faizi və cərimə borcunu silməli idi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli ******** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətə illik 27 faiz dərəcəsi ilə 10200 ABŞ dolları məbləğdə kredit verilmişdir. “xxxx” ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh1 cavabdeh2 bank qarşısındakı öhdəliklərinə zamin durmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ## #### 2015-ci il tarixli *** saylı əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 10013 ABŞ dolları təşkil etmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ## ###### 2017-ci il tarixli kredit müqaviləsi ürə əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 12952,26 ABŞ dolları hesablanmış, Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD (ABŞ dolları) = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilmiş və kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka ##.##.2025ci il tarixə 5156,65 ABŞ dolları əsas, 2360,43 ABŞ dolları faiz, 5100,35 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 743,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13360 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mərkəzi Bankına problemli kreditləri kompensasiyası ilə bağlı internet portalına sorğu göndərilmiş və sorğuya cavab olaraq əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh2 ləğv prosesində olan “xxxx” ASC-yə # #### 2019-cu il tarixinə əsasə kredit borcu 13948,81 manat müəyyən edilmiş, 5282,50 manat borcun azaldılmasına yönəldilərək qalıq borc məbləği - əsas kredit borcu 8766,31 manat müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 158,14 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, “xxxx” ASC ilə cavabdeh2 arasında olan ## ###### 2017-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişdə və ona əlavə edilmiş ***T********S** nömrəli ödəniş cədvəlində “borcalan cavabdeh2” qrafasındakı imzalar - cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 465.1-ci maddəsinə əsasən borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. MM-in 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Bununla yanaşı, məhkəmə tərkibi əsas borcun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyi qənaətindədir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalına edilmiş sorğunun nəticələrindən müəyyən olunur ki, cavabdeh2 ləğv prosesində olan “xxxx” ASC qarşısında # #### 2019-cu il tarixinə kredit borcu 13948,81 manat təşkil etmiş, həmin məbləğin 5282,50 manat hissəsinin borcun azaldılmasına yönəldilməsi nəticəsində əsas kredit borcunun qalıq məbləği 8766,31 manat müəyyən edilmişdir. Həmin borcun illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə, o cümlədən 1 il güzəşt müddəti olmaqla restrukturizasiya olunması təklif edilmişdir. Göründüyü kimi, borcalanın əsas kredit borcunun kompensasiya tədbirləri nəzərə alınmaqla 8766,31 manat təşkil etdiyi müəyyən edilir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, iddia tələbi əsas borca dair hissədə yalnız 8766,31 manat məbləğ təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları şikayətçilərin özlərinə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Ləğv prosesində olan “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən - cavabdeh2 1 ABŞ dolları 1,40 manat hesablanmaqla 5156,65 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) əsas borcun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək cavabdeh2 8766 (səkkiz min yeddi yüz altmış altı) manat 31 (otuz bir) qəpik məbləğdə pul vəsaiti ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar