Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-906/2026 29.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əliyev Qasım Vəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, Həşimov İlham Hüseyn oğlunun nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən Həşimov İlham Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti Həşimov İlham Hüseyn oğlu və cavabdeh1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 5488.09 ABŞ dollarının, bundan 1664.71 ABŞ dolları əsas, 507.68 ABŞ dolları faiz, 3081.56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 234.14 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 113.30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Beyləqan filialı ilə Həşimov İlham Hüseyn oğlu arasında bağlanmış ## ####### 2014-cü il tarixli ***/** saylı kredit müqaviləsinə əsasən cavabdehə təsərrüfatın genişləndirilməsi məqsədi ilə 24 ay müddətinə illik 28% dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Həşimov İlham Hüseyn oğluna kredit verilərkən cavabdeh1 ilə Bank arasında eyni tarixli ZM-***/** nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit borcalana təsərrüfatın genişləşdirilməsi məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Həşimov İlham Hüseyn oğlu vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Kredit müqaviləsi üzrə bağlanmış ## ### 2015-ci il tarixli *** saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi 5283.72 dollar, ## ###### 2017-ci il tarixli * saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi 7190.79 dollar təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ## ###### 2022-ci il tarixədək təşkil etmişdir. Əlavə sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehlərə şifahi müraciət olunmasına və ## #### 2025-ci il tarixli **-*/*- H-**-****/**** saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Həşimov İlham Hüseyn oğlu və cavabdeh1 müştərək qaydada 1664.71 ABŞ dolları məbləğdə əsas borc, 507.68 ABŞ dollar məbləğdə faiz borc, 100 ABŞ dollar məbləğdə cərimə borcu və Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 234.14 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 2506.53 ABŞ dolları məbləğdə pulun, ekspertiza tədqiqatı üçün çəkilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 62.61 manat məbləğdə pulun “xxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə Həşimov İlham Hüseyn oğlunun iddiaçı təşkilatdan kredit götürməsi, cavabdeh1 həmin kreditə zamin durması, cavabdehlərin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə qismən sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Göründüyü kimi, heç bir müstəsna hal olmadığına görə məhkəmə ekspert rəyində qeyd olunmuş rəqəmləri deyil, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş borc məbləğini əsas götürür. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. 3081.56 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Оna görə də, məhkəmə dəbbə pulunun 100 ABŞ dolları məbləğində saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci, 386.1-ci, 427.3-cü, 442-ci, 448.1, 462.1-ci, 465.2-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-ci və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Həşimov İlham Hüseyn oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Problemli Kreditlərin Kompensasiyasına əsasən vətəndaşa çatan hissənin 0.00 manat, Restrukturizasiya məbləğinin də 0.00 manat, qalıq borcunun isə 2830.00 manat olması birbaşa qeyd olunmuşdur. Bu hala məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Mülki işin materiallarına əlavə edilmiş ## ####### 2014-cü il tarixli ***/** nömrəli kredit müqaviləsinin 24 aylıq müddətinin ## ####### 2016-cı il tarixində bitəndən sonra faizin və cərimənin hesablanmasının qanuna zidd olması halına heç bir əhəmiyyət verilməmişdir. Həşimov İlham Hüseyn oğlunun nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə 2014-cü ildə bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanının təsiri dairəsinə düşür. Həmin Fərmana əsasən ## ###### 2015-ci il və ## ###### 2015-ci il tarixlərə kompensasiya hesablanmış, restrukturizasiya məbləği isə 0 manat olmuşdur. Portal çıxarışlarında 2830 manat borcun qaldığı göstərilmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, portal çıxarışı sistemə təqdim edilsə də, həmin sənəd məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin iddia müddətinin keçməsi məsələsi məhkəmə tərəfindən müzakirə edilməmişdir. Belə ki, müqavilə 2014-cü ildə bağlanmış, iddia isə 2026-cı ildə qaldırılmışdır. Restrukturizasiya üzrə güzəştli müqavilənin 5 il müddətinə bağlanması nəzərdə tutulmuşdur. 2830 manat borc məbləği ilə razıdır. Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ## ####### 2014-cü il tarixli ***/** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor 24 ay müddətinə illik 28 faiz olmaq şərti 6370 ABŞ dolları məbləğdə krediti Həşimov İlham Hüseyn oğluna vermişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. ## ####### 2014-cü il tarixli ZM-***/** nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. ****** saylı Kredit müqaviləsinə ## ###### 2017-ci il tarixli 02 Əlavə Sazişin surətindən görünür ki, tərəflər borcalanın kreditor qarşısındakı borc öhdəliyi 7190.79 ABŞ dolları olması şərti ilə kreditin restrukrizasiya edilməsinə razılaşmışlar. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2017-ci il tarixli *-*(***)-****/** saylı qərarının surətindən görünür ki, "xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən icra olunmuş ## #### 2025-ci il tarixli **-*/*-H-**-****/**** saylı məktubdan görünür ki, “xxxx” ASC ilə Həşimov İlham Hüseyn oğlu arasında bağlanmış ## ####### 2014-cü il tarixli, ***/** saylı kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixinə 1664.71 ABŞ dolları əsas, 507.68 ABŞ dolları faiz, 3081.56 ABŞ dolları cərimə və illik 5 faiz ilə əsas məbləğə hesablamış faiz məbləği 234.14 ABŞ dolları məbləğində borcu yaranmışdır. ## #### 2025-ci il tarixli **-*/*-H-**-****/**** saylı xəbərdarlıq məktubunun surətlərindən görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacaqları təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. ## ###### 2025-ci il tarixli ************ nömrəli Mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan “xxxx” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin 113.30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli */**** saylı ekspert rəyindən görünür ki, Həşimov İlham Hüseyn oğlunun müqavilə bitən müddətə, yəni ## #### 2025-ci il tarixə, əsas borc üzrə 1833.73 ABŞ dolları, faiz borcu üzrə 1070.83 ABŞ dolları müəyyən olunmuşdur. Problemli Kreditlərin Kompensasiyasına dair sorğu məlumatlarından görünür ki, Həşimov İlham Hüseyn oğlunun # #### 2019-cu il tarixə əsas kredit borcu 6334,64 manat, borcun ödənilməsinə yönəldilən məbləğ 3504,64 manat olmaqla, qalıq borcun məbləği 2830 manat müəyyən olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Bununla yanaşı, məhkəmə tərkibi borc məbləğinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyi qənaətindədir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalına edilmiş sorğunun nəticələrindən müəyyən olunur ki, Həşimov İlham Hüseyn oğlunun ləğv prosesində olan “xxxx” ASC qarşısında # #### 2019cu il tarixə kredit borcu 6334,64 manat təşkil etmiş, həmin məbləğin 3504,64 manat hissəsinin borcun azaldılmasına yönəldilməsi nəticəsində əsas kredit borcunun qalıq məbləği 2830 manat müəyyən edilmişdir. Göründüyü kimi, borcalanın borcunun kompensasiya tədbirləri nəzərə alınmaqla 2830 manat məbləğ təşkil etdiyi müəyyən edilir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək Həşimov İlham Hüseyn oğlundan 2830 (iki min səkkiz yüz otuz) manat məbləğdə pul vəsaiti ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə tərkibi MPM-in 107-ci və 115-ci maddələrinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şəxsin özünə aid edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */**** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat məbləğdə pul vəsaiti Həşimov İlham Hüseyn oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunsun. Həşimov İlham Hüseyn oğlundan 2830 (iki min səkkiz yüz otuz) manat məbləğdə pul vəsaiti ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */**** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat məbləğdə pul vəsaiti ləğv prosesində olan Həşimov İlham Hüseyn oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-906/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-906/2026
29.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver