Məhkəmə qərarları › İş №2(001)-1003/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1003/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1003/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və cavabdehdən əsas borc üzrə 4578,93 manat, faiz borcu üzrə 2890,97 manat olmaqla, ümumilikdə 7496,90 manat məbləğində kredit borcu və ödənilmiş 94,70 manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “**-BC- ***” qeydiyyat nişanlı “Nissan X Trail” minik markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaiti kifayət etmədikdə qalan borc məğləbinin cavabdehdən tutularaq iddiaçının xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 08 M saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 24% tətbiq edilməklə, 24 ay müddətinə 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “**-BC-***” qeydiyyat nişanlı “Nissan X Trail” minik markalı avtomobil xx.xx.2013-cü il tarixdə, 08 M saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı QSC BOKT tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Ağayev iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəni müdafiə edərək, İddiaçı QSC BOKT tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli akta əsasən, Cavabdeh 4578,93 manat əsas, 2890,97 manat faiz borcu olmaqla, cəmi 7469,90 manat borcu problemli aktivlərin satın alınması ilə bağlı "xxxx" ASC-dən İddiaçı QSC BOKT-a keçmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 08 M nömrəli İddiaçı QSC Borc müqaviləsinə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 24 ay müddətinə, illik 24% olmaqla, ümumi olaraq 5000 manat məbləğində kredit verilmiş, sonuncu götürüyü kredit üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hər ay 264,36 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2013-cü il tarixli 08 M saylı İpoteka Müqaviləsinə əsasən, Cavabdeh borcunun təminatı kimi sonuncu özünə məxsus “**-BC-***” qeydiyyat nişanlı “Nissan X Trail” minik markalı avtomobili iddiaçı-bank qarşısında ipoteka ilə yüklü etmişdir. - xəbərdarlıq bildirişlərindən görünür ki, Cavabdeh banka olan borcunu 10 (on) gün müddətində ödəməyi, ödəməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə "xxxx" ASC Nizami filialına 4578,93 manat, faiz borcu üzrə 2890,97 manat olmaqla, ümumilikdə 7469,90 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Mülki Məcəllənin: - 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. - 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir.Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur.Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Mülki Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (Mülki Məcəllənin 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (Mülki Məcəllənin 399.4-cü maddəsi). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Beləliklə, müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi olmuş və bunun əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bu müddəti habelə iddia müddətinin axımın kəsilməsinə əsas ola biləcək hər hansı başqa hala dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 382-ci maddəsinin adında iddia müddətinin ümumiyyətlə bərpasından bəhs olunsa da, həmin maddənin məzmununda ancaq fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpası mümkün sayılır. Başqa sözlə, orada hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpası imkanı müəyyən edilməmişdir. İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir(ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a) Beləliklə, əgər iddia müddətini hüquqi şəxslər ötürərsə, onda ötürmənin üzrlü səbəblərlə bağlılığından asılı olmayaraq, iddia müddəti bərpa edilmir. Belə ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Beləliklə, məhkəmə müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu və bu müddətin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, cavabdehdən borcun tutulmasına dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. -224.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar