Məhkəmə qərarları › İş №2(001)-1008/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1008/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1008/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili Vəkil, Cavabdeh MTK-nın qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi ziyanın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 10,68 kv.m və 3,32 kv.m olan 2 balkon sahəsinin və əlavə hesablanmış 4,56 kv.m sahənin, ümumilikdə 18,6 kv.m sahənin dəyərini təşkil edən 26.040 manat məbləğində pulun, mala işlərinə görə 3.500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 10,68 kv.m və 3,32 kv.m olan 2 balkon sahəsinin və əlavə hesablanmış 4,56 kv.m sahənin, eyni zamanda ekspert rəyinə əsasən əlavə olaraq hesablanmış 20 kv.m sahənin, toplamda 38,6 kv.m sahəsinin dəyərini təşkil edən 1.400 x 38,6 = 54.040 manat məbləğində pulun, mala işlərinə görə 2.833 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 56.903 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın qanuni təmsilçisi X4 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MTK İddiaçı ilə bağlanmış 28 fevral 2014-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş və iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahəyə uyğun, yəni 210 kv.m sahədə mənzil inşa edərək təhvil vermişdir. Belə ki, mübahisəli mənzil 13-cü mərtəbədə yerləşir. Həmin mənzildən bir neçə mərtəbə aşağıda yerləşən bir sıra mənzillərə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu halı təsdiq edən müvafiq çıxarışlarda həmin mənzillərin sahəsinin ümumi ölçüsünün 201,30 kv.m. olduğu göstərilmişdir. Belə olan halda bu mənzillərdən yuxarıda yerləşən mübahisəli mənzilin ümumi sahəsinin 191,44 kv.m. və ya ekspert rəyində göstərildiyi kimi 190,20 kv.m. olması qeyri-mümkündür. Həmin mənzillərin sahəsinin 201,30 kv.m. göstərilməsi də mülkiyyət hüququnu dövlət qeydiyyatına almış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bu sahəni tənzimləyən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə olan balkonların sahəsini 0,3 azaltma əmsalına vurmaqla hesablaması ilə bağlıdır. Belə ki, balkonların sahəsi 10,8 kv.m. və 4,2 kv.m. olmasına baxmayaraq, qeyd edilən əmsala uyğun olaraq balkonların sahəsinin ölçüsü müvafiq olaraq 3,2 kv.m. və 1,3 kv.m. kimi göstərilmişdir. Digər tərəfdən mübahisəli mənzilin sahəsi ondan aşağıda yerləşən mənzillərdən ölçüsü baxımından bir dəqər də böyük olmalıdır. Belə ki, 12-ci - 13-cü mərtəbələrdən başlayaraq, mənzillərin dayaq divarlarının qalınlığı azalır. Bu da həmin mənzillərin ölçüsünün artmasına səbəb olur. Həmçinin, iddiaçının mənzili artıq təmir edilmişdir. Bu da həmin mənzilin sahəsinin ölçüsünün azalmasına səbəb olur. Belə ki, təmir zamanı divarlarlar üzərində görülən suvanma, mala işlərinin qalınlığı divarların əyrilik dərəcəsindən asılı olaraq 2-3 sm artıq ki, bu da nəticədə mənzilin ümumi sahəsinin bir neçə kv.m. azalmasına səbəb olur. Bununla belə, iddiaçıya onunla bağlanmış müqavilədə göstərilən sahəyə uyğun sahə təhvil verilmişdir. Bu səbəbdən iddia tələbini bu hissədə əsassız hesab edir. İddia tələbini mala işlərinin görülməsinə çəkilmiş xərcin əvəzinin tutulması hissəsində də əsassız hesab edir. Belə ki, mübahisəli mənzilin yerləşdiyi binanın hər hansı mənzilində cavabdeh tərəfindən mala işləri görülməmişdir və bu işlər cavabdeh tərəfindən yerinə yetirilməli deyil. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti X5 09.07.2021ci il tarixli, 10/1469 nömrəli ekspert rəyini müdafiə edərək, bildirmişdir ki, mənzildə aparılan suvanma işlərinin dəyəri bu işlərin görülməsi vaxtı əsas götürülməklə müəyyən edilmişdir. Mübahisəli mənzilin sahəsi ölçülərkən bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə olan balkonlar 0,3 azaltma əmsalına vurulmaqla hesablanmış və nəticədə ümumi sahəsi 10,78 kv.m. və 4,2 kv.m. olan balkonların sahəsi müvafiq olaraq 3,2 kv.m və 1,3 kv.m. kimi hesablanmışdır. Nəticədə mənzilin sahəsinin 190,2 kv.m. olduğu müəyyən edilmişdir. Eyni zamanda, qeyd etmişdir ki, 12-ci - 13-cü mərtəbələrdən başlayaraq, mənzillərin dayaq divarlarının qalınlığı azalır və nəticədə həmin mənzillərin ümumi sahəsi 1-2 kv.m. artmış olur. Mənzillərdə suvanma işlərinin aparılması isə həqiqətən də mənzilin divarlarların 2-3 sm qalınlaşmasına səbəb olur. Bunun nəticəsində də mənzilin ümumi sahəsi 4-5 kv.m azalır. Məhkəmə, tərəflərin izahatını, habelə məhkəmə ekspertinin ekspert rəyi ilə bağlı izahını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh ”Halal” MTK tərəfindən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Cavabdeh ”Halal” MTK ilə İddiaçı arasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 05-5 bina nömrəli müqaviləyə əsasən cavabdeh inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m. olan, 4 otaqlı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin müqavilə ilə şərtləndirilmiş dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilmiş və mənzil ona təhvil verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulduğunu və müqavilə ilə müəyyən edilmiş sahədən az ölçüdə mənzilin təhvil verildiyini, habelə cavabdeh tərəfindən bu barədə öhdəlik götürülməsinə baxmayaraq, mənzilin daxilində mala işlərinin görülmədiyini və nəticədə həmin işləri öz şəxsi vəsaiti hesabına gördüyünü iddia edir və ilk olaraq mənzilin 205,44 kv.m., yəni 4,56 kv.m. az olduğunu, bundan əlavə əsassız olaraq 10,68 kv.m. və 3.32 kv.m. sahədən ibarət 2 balkonun sahəsinin də ümumi sahəyə daxil edildiyini bildirməklə, ona təhvil verilməyən (10,68 + 3,32 + 4,56 = 18,6) 18,6 kv.m. ölçüdə sahənin dəyərini təşkil edən (1.400 manat x 18,6 kv.m. = 26.040 manat) 26.040 manat məbləğində pul vəsaitinin, habelə mala işləri üçün tərəfindən ödənilmiş 3.500 manat məbləğində pul vəsaitin əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında aparılmış məhkəmə texniki-tikinti ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2021-ci il tarixli, 10/1469 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, H.Salmani küçəsi, 1197-ci məhəllə, 1 saylı evin 1-ci giriş, 13-cü mərtəbsində yerləşən 69 saylı mənzilində aparılmış görülmüş mala işlərinin ümumi dəyəri 2.833 manat məbləğindədir, mənzilin faktiki sahəsi isə 190,2 kv.m. təşkil edir. Tərəflər arasında bağlanmış 28.02.2014-cü il tarixli müqavilədə mənzilin ölçüləri (ayrı-ayrı tikililərin ölçüləri, eni, uzunluğu və s.) qeyd olunmadığından, həmin müqavilədə göstərilən sahə ilə sözügedən mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanmış ümumi sahəsi arasında yaranmış fərqin səbəbini müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Ekspert rəyindən sonra iddiaçı iddia tələbini ekspert rəyini əsas götürməklə dəqiqləşdirmiş və hazırda cavabdehdən ona təhvil verilməyən (10,68 + 3,32 + 4,56 + 20 = 38,6) 38,6 kv.m. ölçüdə sahənin dəyərini təşkil edən (1.400 manat x 38,6 kv.m. = 54.040 manat) 54.040 manat məbləğində pul vəsaitinin, habelə görülmüş mala işlərinin dəyərinin əvəzi olaraq 2.833 manat məbləğində pul vəsaitin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçıya müqavilə üzrə müəyyən edilmiş ölçüdə mənzilin təhvil verildiyini, həmin mənzildən bir neçə mərtəbə aşağıda yerləşən mənzillərlə bağlı verilmiş çıxarışlarda həmin mənzillərin sahəsinin ümumi ölçüsünün 201,30 kv.m. olduğunu, belə olan halda bu mənzillərdən yuxarıda yerləşən mübahisəli mənzilin ümumi sahəsinin bu sahədən az olmasının qeyri-mümkün olduğunu, həmin mənzillərin sahəsinin 201,30 kv.m. göstərilməsinin də mülkiyyət hüququnu dövlət qeydiyyatına almış müvafiq orqanın bu sahəni tənzimləyən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə olan balkonların sahəsinin 0,3 azaltma əmsalına vurmaqla hesablaması ilə bağlı olduğunu, balkonların sahəsinin 10,8 kv.m. və 4,2 kv.m. olmasına baxmayaraq, qeyd edilən əmsala uyğun olaraq balkonların sahəsinin ölçüsünün müvafiq olaraq 3,2 kv.m. və 1,3 kv.m. kimi göstərildiyini, 12-ci - 13-cü mərtəbələrdən başlayaraq, mənzillərin dayaq divarlarının qalınlığının azaldığını, bu halın həmin mənzillərin ölçüsünün artmasına səbəb olduğunu, iddiaçının mənzilinin artıq təmir edildiyini, o cümlədən mənzildə suvanma, mala işlərinin görüldüyünü, bu baxımdan həmin mənzilin sahəsinin ölçüsünün bir neçə kv.m. azaldığını, mübahisəli mənzilin yerləşdiyi binanın hər hansı mənzilində cavabdeh tərəfindən mala işlərinin görülmədiyini və bu işlərin cavabdeh tərəfindən yerinə yetirilməli olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın: 2-ci bəndinə əsasən balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır; 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, iddia tələbi “mənzilin müqavilədə göstərilən sahədən əskik olması ilə baglı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə uyğun olaraq ona 210 kv.m. sahəsi olan mənzilin təhvil verilmədiyini, mənzildə olan 10,68 kv.m. və 3,32 kv.m. ölçüdə balkonların da əsassız olaraq təhvil verilmiş sahəyə daxil edildiyini və nəticədə ondan təhvil verilməmiş 38,6 kv.m. sahənin də dəyərinin əsasız olaraq alındığını bildirir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində yaşayış binalarında mənzillərin ümumi sahəsinə daxil olan sahələrin siyahısı göstərilmişdir. Bu siyahıya balkon daxil edilməsə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndində balkon yuxarıda göstərilən maddədə qeyd edilən terras kimi mənzilin ümumi sahəsinə daxil edilən bir sahə kimi qeyd edilmiş və mənzilin ümumi sahəsinin hesablanması zamanı bu sahələrin də xüsusi hesablanması qaydası müəyyən edilmişdir. Bununla belə, balkonlar da mənzillərin ümumi sahəsinə daxil olan bir sahədir və bu səbəbdən əsaslı olaraq cavabdeh tərəfindən mənzilin ümumi sahəsinə daxil edilmişdir və real olaraq iddiaçıya təhvil verilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının bu sahənin mənzilin ümumi sahəsinə daxil edilməli olmaması ilə bağlı dəlilləri ilə razılaşmır və onları əsassız hesab edir. Mənzilin ümumi sahəsinin iddiaçı tərəfindən təqdim edilmiş sxemdə 205,44 kv.m., ekspert rəyində isə 190,2 kv.m. göstərilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mübahisəli mənzil 13 mərtəbədə yerləşir. Həmin mənzildən bir neçə mərtəbə aşağıda yerləşən və cavabdehin qanuni təmsilçisi X3 məxsus olan 9 saylı və 21 saylı mənzillərlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlarda bu mənzillərin hər birinin ümumi sahəsinin 201,30 kv.m. olduğu göstərilmiş və hesablama yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq mənzillərdə olan 2 ədəd balkonun sahəsinin 0,3 azaltma əmsallarına vurulmaqla aparılmışdır. Həmin balkonların real sahəsi də nəzərə alındığı təqdirdə qeyd edilən mənzillərlə bağlı tərtib edilmiş plana (texniki pasporta) əsasən onların hər birinin ümumi sahəsi (31,8 +24 +23+47,2+23,5+20,5+8,1+3,7+5,5+9,5+10,8+4,2=211,8) 211,8 kv.m. təşkil edir ki, bu ölçü də müqaviləyə əsasən təhvil verilməli olan sahənin (210 kv.m.) ölçüsündən də artıqdır. Hər bir halda, həmin mənzillərlə eyni girişdə, eyni tərəfdə, alt-üst vəziyyətdə yerləşən iddiaçıya məxsus mübahisəli mənzilin fərqli qaydada və fərqli sahədə inşa edilməsi tikinti qaydaları və şərtləri baxımından qeyri-mümkündür və mübahisəli mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınan zaman onun sahəsi də eyni qaydada hesablanacaq və iddiaçıya veriləcək çıxarışda mənzilin məhz 201,30 kv.m. sahədə olduğu göstəriləcəkdir. Digər tərəfdən iddiaçının mənzilinin yerləşdiyi mərtəbədə aşağıda olan mərtəbələrlə müqayisədə dayaq divarının qalınlığının cuzi olsa da azalması müşahidə olunur (bu halı bilavasitə tikinti normalarından və tikinti işindən məlumatlı olan həm cavabdeh tərəf, həm də məhkəmə eksperti bildirir). Bu da iddiaçının sahəsinin ən azı 1-2 kv.m. artmasına səbəb olur. Digər tərəfdən iddiaçının mənzili təmirlidir və onun mənzilində suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnmişdir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin ən azı 5 kv.m. azalmasına səbəb olur (həm cavabdeh, həm də məhkəmə eksperti bu mövqeydən çıxış edir. Həmçinin, bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa da hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür). Bununla belə, mübahisəli mənzilin ümumi sahəsinin iddiaçının istinad etdiyi sxemdə göstərildiyi kimi 205,44 kv.m., xüsusilə də ekspert rəyində göstərildiyi kimi 190,2 kv.m. olması qeyrimümkündür. Məhkəmə ekspert rəyi ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mənzilin planı ilə müqayisədə ekspert rəyində balkonlar istisna olmaqla bütün digər sahələrin daha az ölçüdə olduğu göstərilmişdir. Lakin mənzil daxili bütün sahələrin ölçüsündə fərqin yarandığı bir halda, yalnız balkonlarda bu fərqin yaranmaması texniki şərtlər baxımından qeyri-mümkündür. Belə bir yanaşmanın sərgilənməsi ən azı tikinti qaydaları ilə ziddiyyət təşkil edir. Belə ki, həmin sahələrin tələb olunan ölçüdən az olması səbəbləri balkonların sahəsində də özünü biruzə verməli idi. Bu səbəbdən məhkəmə ekspert rəyini bu hissədə mötəbər sübut kimi qəbul etmir. Məhkəmə ekspert rəyi ilə bağlı o halı da qeyd edir ki, həmin rəydə də balkonların sahəsi hesablanarkən 0,3 azaltma əmsalı tətbiq edilmişdir. Həmin balkonların da real sahəsi nəzərə alındığı təqdirdə ekspert rəyinə əsasən mübahisəli mənzilin ümumi sahəsi (29,2+7,7+17,5+21,6+22,5+22,1+18,9+46,2+10,78+4,2=200,68) 200,68 kv.m. təşkil edir. Görülmüş suvanma işləri nəticəsində divarın qalınlaşması və nəticədə ümumi sahənin ən azı 5 kv.m. azalması nəzərə alındığı halda, ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi təxminən (200,68 + 5 = 205,68) 206 kv.m. təşkil etmiş olur. Nəticədə həm iddiaçının təqdim etdiyi sxemdə (205,44 kv.m.), həm də ekspert rəyində göstərilən sahə ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə demək olar ki, eynilik təşkil edir (məhkəmə bu halı müqayisə üçün qeyd edir və artıq yuxarıda nümayiş etdirilmiş hüququ mövqeyi baxımından məhkəmə ekspertinin rəyini və həmin sxemi əsas götürüb, sahənin bir neçə kv.m. ölçüdə az təhvil verilməsi qənaətinə gəlmir). Məhkəmə iddia tələbinin “mala işlərinin görülməsinə sərf edilmiş vəsaitin əvəzinin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Bu baxımdan cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ümumi təmir quraşdırma işlərinin görülməsi, o cümlədən yaşayış sahəsinin daxilində mala (suvanma) işlərinin yerinə yetirilməsini təmin etməli idi (müqavilənin 1.2-ci bəndi). Bu baxımdan müqavilənin dəyərini təşkil edən məbləğə həmçinin, bu işlərin görülməsi üçün ödənilməli olan muzd da daxil edilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və mənzili inşa edərək, iddiaçıya təhvil versə də, mənzilin daxilində mala (suvanma) işlərini görməmiş və iddiaçı bu işi öz şəxsi vəsaitləri hesabına gördürmüşdür. İddiaçı da məhz bu hala istinad edərək, müqaviləyə əsasən cavabdeh tərəfindən yerinə yetirilməli olan bu işin şəxsi vəsaiti hesabına icra etdirdiyini iddia edir və bu işi yerinə yetirən şəxslər tərəfindən tərtib edilmiş aktları təqdim edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Ekspert rəyində bu işlərin ümumi dəyərinin 2.833 manat təşkil etdiyi göstərilmişdir. Bununla belə, sifarişçi (alıcı) qismində çıxış edən iddiaçı podratçı qismində çıxış edən cavabdehə podrat müqaviləsində şərtləşdirilmiş pulu, o cümlədən qeyd edilən işlərin görülməsi üçün muzdu ödəməsinə baxmayaraq, cavabdeh həmin müqavilədə nəzərdə tutulan işi icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Nəticə etibarı ilə podratçı tərəfindən görülmüş işlər müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə və kəmiyyətə uyğun gəlməmiş, qüsurlu olmuşdur. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən görülməli olan bu işi öz qüvvəsi və üçüncü şəxsləri cəlb etməklə, şəxsi vəsaitlər hesabına icra etmişdir. Bu iş müqavilədən kənar qaydada, yəni əlavə olaraq görülməli iş deyil və bilavasitə müqavilədən irəli gəlir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçı tərəfindən görülmüş bu işin dəyərini ona ödəməlidir. Məhkəmə, iddia üzrə tələb edilən məbləğin ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə eynilik təşkil etdiyini nəzərə alıb və ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, mübahisəli mənzildə görülmüş mala (suvanma) işlərinin dəyəri 2.833 manat məbləğində müəyyən edilməli və məhz bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh ””Halal” MTK-dan İddiaçı xeyrinə 2.833 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 20 manat hissəsi İddiaçı, 80 manat hissəsi isə cavabdeh ”Halal” MTK-dan tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ”Halal” MTK-dan İddiaçı xeyrinə 2.833 (iki min səkkiz yüz otuz üç) manat manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat hissəsi İddiaçı, 80 (səksən) manat hissəsi isə cavabdeh ”Halal” MTK-dan tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar