Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-859/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X1, Cavabdeh iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 10000 manat məbləğdə maddi ziyanın, 2000 manat dəyərində mənəvi ziyanın, cəmi 12000 manat pulun və ödənilmiş 126.40 manat dövlət rüsumunun tutularaq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Vilvan kəndində anadan olmuş və hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 2009-cu ildə Atif Məhərrəmov adlı şəxsdən alğı-satqı yolu ilə kənd ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi almış və daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarış almışdır. Adına verilmiş çıxarışla eyni vaxtda qeyd olunan torpaq sahəsinin plan və ölçüsü barədə sənəd də verilmişdir. Qeyd olunan sənədlər ona verilməmişdən əvvəl DƏDRX-nin Lənkəran ərazi idarəsinin mütəxəssisləri aldığı 0.06 ha torpaq sahəsini naturada yerini göstərərək həmin torpaq sahəsinin koordinatlarını, döngə nöqtələrini və onlar arasındakı məsafələrini göstərmişlər. Bundan sonra tərəfindən həmin 0.06 ha torpaq sahəsi çəpərə alınmışdır. Həmin 0.06 ha torpaq sahəsində ev inşa edə bilmədiyindən bir hissəsində sitrus ağacları - portağal, naringi və limon ağacları əkmişdir. Qalan hissəsində isə yay aylarında kartof, soğan, pomidor və xiyar əkmişdir. 2022-ci ildən isə Cavabdeh həmin 0.06 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun kənarı ilə daş hasar çəkmiş və qapı qoyaraq özünə məxsus iribuynuzlu mal-qaranı həmin qapıdan çölə buraxmış və onun malqarası da mülkiyyətində olan həmin 0.06 ha torpaq sahəsinə daxil olaraq sitrus ağaclarının yarpaqlarını və meyvələrini yeyərək ona ziyan vurmuşdur. Cavabdeh eyni zamanda imkan vermir ki, o həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərinə dəmir qapı qoysun. Qapı qoya bilmədiyi üçün mal-qara həm sitrus ağaclarına və həm də orada yay aylarında təsərrüfat aparmağına maneçilik törətməklə ona ziyan vururlar. Bununla bağlı dəfələrlə ona bildirsə də, heç bir nəticəsi olmur. Onun bu hərəkətlərindən artıq xəstəlik tapıb və böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirib. Cavabdeh bu qanunsuz hərəkətləri nəticəsində o artıq 3 ildir ki, özünə məxsus torpaq sahəsindən sərbəst şəkildə istifadə edərək orada nə əkin işləri apara bilir, nə də əkdiyi sitrus ağaclarından bar götürə bilir. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126.40 manat məbləğdə dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı yalnız iddia ərizəsində ona ziyan və zərərin vurulmasını bildirib sübut qismində bir ədəd disk təqdim etmiş, qeyd edilən görüntülərdə yağış yağdığı zaman çəkiliş aparıldığı görünsə də, görüntü tam olmamaqla qeyd edilən görüntü əsasında hansı faktın, faktı təsdiq etsə belə, ziyanın miqdarı, harada, nə vaxt çəkilməsi və s. kimi halları təsdiq edə bilmir. Bundan başqa, iddiaçı 10000 manat maddi, 2000 manat mənəvi zərər tələb etsə də, iddia ərizəsində göstərilmiş ümumi ifadələrdən başqa ziyanın haradan, hansı miqdarda əmələ gəlməsi, ziyanın nəyin əsasında hesablanmasını sübut edə bilməmişdir. İşin faktiki hallarından və əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında uzun müddətdir ki, məhkəmə çəkişmələri mövcuddur. Qəbul edilmiş məhkəmə qətnamələri isə əksər hallarda hazırkı iddiaçının tələblərinin təmin edilməməsi ilə nəticələnmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı maddi ziyan və mənəvi zərər tələbinə dair iddia mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 60-cı, 71ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 il müddət olar ki, öz torpaq sahəsində heç bir əkin işləri apara bilmir. Cavabdehin qanunsuz əməlləri nəticəsində sitrus ağacları məhv olur. Həmçinin kənd təsərrüfatı məhsullarını əkə bilmir. Qanuna görə hakim mütəxəssis və ya ekspert rəyi tələb olunan işlərdə öz hüquqi mülahizəsinə uyğun qərar verə bilməz. Belə ki, qaldırdığı iddada həqiqətən də ziyanın dəyib-dəyməməsinin müəyyən edilməsi üçün hakim ekspert rəyi almaqdan ötrü iş üzrə özü ekspertiza təyin etməli idi. Yalnız ekspertin rəyindən sonra ziyan dəyməmişsə, iddia rədd edilməli idi. İş üzrə çoxsaylı sübutları olmuşdur. Videoçəkiliş və fotoşəkillərdə cavabdehə məxsus iribuynuzlu mal-qaranın təsərrüfatına girərək ağaclarını məhv etdiyi görünür. Belə olan halda, iddia tam əsaslı olmuşdur. Cavabdeh tərəf məhkəməyə fotogörüntülər təqdim etmişdir. Həmin fotoşəkillərə görə başqa qonşunun mal-qarası onun həyətinə girmiş və həmin mal-qaranın sahibi həyətindən öz heyvanlarını çıxararkən cavabdeh tərəf onun fotoşəkillərini çəkmişdir. Əgər həmin digər şəxsin də mal-qarası ziyan vurmuş olsaydı, həmin şəxsi də məhkəməyə verərdi. Bundan əlavə, məhkəmə ona təqdim etdiyi fotoşəkilləri göstərərək hansı mal-qaranın cavabdehə məxsus olduğunu da aydınlaşdırmamışdır. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin ərazidən təsərrüfat fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən sitrus meyvələri, pomidor, xiyar, kartof və digər məhsullar yetişdirirdi. Baş vermiş hadisə nəticəsində təsərrüfat fəaliyyətinə ciddi zərər dəymiş, xüsusilə sitrus bitkilərinə əhəmiyyətli ziyan vurulmuşdur. Hazırda həmin təsərrüfat fəaliyyətini əvvəlki qaydada davam etdirə bilmir və bu səbəbdən gəlir əldə etmək imkanı da məhdudlaşmışdır. Göstərilənlərə əsasən dəyən ziyanın ödənilməsini xahiş edir. İddiaçı nümayəndəsi vəkil X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, nümayəndə olaraq hazırkı mülki işə yeni qoşulmuşdur. İş üzrə əhəmiyyətli halların müəyyən edilməsi və dəymiş zərərin düzgün hesablanması məqsədilə mütəxəssis rəyinin alınması üçün müvafiq qaydada müraciət etmişlər. Mütəxəssis rəyinin alınmasında məqsəd həmin ağacların məhsulvermə qabiliyyətinin, normal şəraitdə nə qədər məhsul verə biləcəyinin, həmin məhsuldan əldə edilməsi mümkün olan gəlirin və nəticə etibarilə dəymiş maddi zərərin müəyyən edilməsidir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəfindən iddiaçıya hər hansı zərər vurulmamışdır. Ona məxsus mal-qara iddiaçının torpaq sahəsinə keçməmiş və həmin sahədə hər hansı zərər törətməmişdir. İddiaçı özünə məxsus torpaq sahəsində öz heyvanlarını otarmışdır. İddiaçının ona qarşı irəli sürdüyü tələbləri əsassız hesab edir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. ##.##.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lənkəran rayonunun Vilvan kəndində yerləşən 0.06 ha sahəsi olan torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. ##.##.2009-cu il tarixli MH 0014267 seriyalı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayonunun Vilvan kəndində yerləşən 0.06 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərindəki mülkiyyət hüququ İddiaçı məxsusdur. Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qətnaməsindən görünür ki, Lənkəran rayonunun Vilvan kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə və digər həyətyanı torpaq sahələrinə gedən yolun İddiaçı tərəfindən zəbt olunmuş hissəsinin zəbtdən azad edilməsi, İddiaçı tərəfindən gediş-gəliş yolundan istifadəyə edilən maneələrin aradan qaldırılması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun və mütəxəssis rəyi üçün ödənilmiş 311 manatın İddiaçı alınaraq Cavabdeh verilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğdə pulun İddiaçı tutularaq Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəf cavabdehin hərəkətləri nəticəsində ona 10000 manat maddi və 2000 manat mənəvi zərər vurulmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş materiallarında olan sübutların məcmusu iddiaçının tələb etdiyi maddi və mənəvi zərərin cavabdeh tərəfindən vurulduğunu müəyyən etməyə imkan vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə nəticəsi işin müəyyən edilmiş faktiki hallarına və sübutların qiymətləndirilməsi qaydalarına uyğundur. Apellyasiya şikayətinin həmin nəticəni dəyişdirməyə əsas verən dəlilləri müəyyən edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə qətnaməni yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-859/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-859/2026
22.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver