Məhkəmə qərarları › İş №e-2(3-8)-1189/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1189/2026

23.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1189/2026 23.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh 8314,77 AZN (səkkiz min üç yüz on dörd manat, yetmiş yeddi qəpik) manat maddi zərərin, 300 (üç yüz) manat hüquqi yardım xərcinin və 107 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Cavabdeh maddi zərərin əvəzi olaraq 10685.05 manat, 250 manat hüquqi yardım xərci və 122 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı İddiaçı MMC həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək həmin qərardad ləğv edilərək buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iclas təyin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi, apellyasiya şikayəti vermə müddəti buraxılmadığından, təmin edilməməsi, Cavabdeh tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət daxilində verildiyinin müəyyən edilməsi qərara alınmışdır. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, qətnamənin ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsinin rəsmi təqdimetmə hesab edilməli olduğunu bildirmişdir. Şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10- 1.3-cü maddəsinə əsasən "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması elektron kabinet vasitəsilə həyata keçirilir; 135.6-cı maddəyə görə bu qaydada yerləşdirilmiş sənəd, 135.5-ci maddəyə əsasən, rəsmi qaydada verilmiş hesab edilir; 10-1.5-ci maddəyə görə bu qaydada təqdim edilmiş sənədin digər qaydada (yəni poçtla) verilməsi tələb oluna bilməz. Bu normalardan aydın olur ki, "Elektron məhkəmə" sisteminə qoşulmuş tərəflər üçün elektron kabinet vasitəsilə çatdırılma əsas və üstün üsuldur, poçt vasitəsilə göndərmə isə bunu əvəz edən müstəqil, yeni bir çatdırılma anı yaratmır. Qərardadda mübahisəsiz qəbul edilir ki, qətnamə "Elektron məhkəmə" informasiya sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Məhkəmə bu faktı yalnız ona görə rəsmi təqdimat kimi qəbul etməmişdir ki, cavabdehin fərdi kabinetinin həmin tarixdə "aktiv" olduğuna dair ayrıca təsdiq yoxdur. Lakin kabinetin nə vaxt aktivləşdiyi cavabdehin öz nəzarətində olan hərəkətdir; əks yanaşma qəbul edilərsə, hər bir tərəf öz elektron kabinetini qeydiyyatdan keçirməyi və ya aktivləşdirməyi gecikdirməklə prosessual müddətləri qeyri-müəyyən müddətə uzada bilər ki, bu da MPM-in 10-1.3, 135.5 və 135.6-cı maddələrinin məqsədini tamamilə əhəmiyyətsiz edər. Bu səbəbdən apellyasiya şikayəti vermə müddəti məhz ##.##.2026-cı il tarixdən, sistemə yerləşdirmə anından hesablanmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhz özünün elektron kabinetə ##.##.2026-cı il tarixdə daxil ola bilmədiyini, yəni kabinetin ona həmin tarixdə real olaraq əlçatan olmadığını iddia edir – deməli, bu halı sübut etmək yükü cavabdehin üzərindədir, İddiaçı MMCnin yox. Cavabdeh bu barədə heç bir sübut (kabinetin texniki qeyri-mövcudluğu, sistemin xətası və s.) təqdim etməmişdir; mövcud olan yeganə məlumat – EMİS-də qeydə alınmış ##.##.2026cı il "aktivləşmə" tarixi – kabinetin əvvəldən mövcud olmadığını deyil, sadəcə cavabdehin ona nə vaxt daxil olduğunu göstərir. Bu sübut çatışmazlığının İddiaçı MMC-nin əleyhinə şərh edilməsi MPM-in 77.1-ci maddəsində təsbit olunmuş sübutetmə yükünün bölgüsü qaydasının pozulmasıdır. Qərardadda göstərilir ki, "Konstitusiya Məhkəməsi Plenumunun prosessual müddətlərin bərpası ilə bağlı hüquqi mövqeyinə görə də, müddətin bərpası məsələsi qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması faktının mövcudluğu ilə şərtlənir". Bu ifadədə hansı konkret Qərara (tarixi, nömrəsi, iş adı) istinad edildiyi göstərilməmişdir. Məhkəmə aktının əsaslandırılması yalnız mücərrəd, mənbəyi göstərilməyən "hüquqi mövqe" ifadələrinə deyil, konkret, yoxlanıla bilən istinadlara əsaslanmalıdır ki, tərəflər onun düzgünlüyünü qiymətləndirə və şikayət hüququndan effektiv istifadə edə bilsinlər. Belə qeyri-müəyyən istinad, xüsusilə qərardadın nəticəsi üçün əhəmiyyətli olan bir məsələdə, əsaslandırma çatışmazlığı təşkil edir. MPM-in 133-cü maddəsi məhkəməyə yalnız iki nəticədən birinə gəlmək səlahiyyəti verir: buraxılmış müddəti bərpa etmək (133.1) və ya bərpadan imtina etmək (133.5). Qərardadla məhkəmə bu səlahiyyətdən kənara çıxaraq, əlavə olaraq, ayrıca bənd şəklində, cavabdehin ##.##.2026-cı il tarixdə verdiyi apellyasiya şikayətinin "qanunla müəyyən edilmiş müddət daxilində verildiyini" müstəqil şəkildə müəyyən etmişdir. Apellyasiya şikayətinin vaxtında verilibverilmədiyi məsələsi MPM-in 363-cü maddəsinə əsasən apellyasiya şikayətinə baxılması prosesində qiymətləndirilməli olan məsələdir. Müddətin bərpası proseduru çərçivəsində məhkəmənin bu məsələ üzrə əlavə, müstəqil hüquqi nəticəyə gəlməsi MPM-in 133-cü maddəsi ilə müəyyən edilmiş səlahiyyət hüdudlarını aşır. Qərardadda aşağıdakı, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır: "Elektron məhkəmə" informasiya sistemində sənədin ##.##.2026-cı il tarixdə yerləşdirilməsi ilə həmin sənədin konkret istifadəçinin (cavabdehin) fərdi elektron kabinetində əks olunması arasındakı texniki və hüquqi əlaqə heç aydınlaşdırılmamış, sadəcə "etibarlı məlumat yoxdur" ifadəsi ilə kifayətlənilmişdir; cavabdehin elektron kabinetinin ##.##.2026-cı il tarixədək niyə aktiv olmadığı – sistemin özünün texniki səbəbindənmi, yoxsa cavabdehin qeydiyyatı vaxtında tamamlamamasından irəli gəldiyi – araşdırılmamışdır– qərardad "Konstitusiya Məhkəməsi Plenumunun prosessual müddətlərin bərpası ilə bağlı hüquqi mövqeyi"nə istinad etsə də, hansı konkret Qərara (tarix, nömrə, iş adı) istinad edildiyi göstərilməmişdir ki, bu, istinadın yoxlanılmasını qeyri-mümkün edir. Cavabdehin elektron kabinetinin ##.##.2026-cı il tarixdə fəaliyyətsiz olduğu, yaxud qətnamənin ona həmin tarixdə real olaraq əlçatan olmadığı barədə iş materiallarında heç bir sübut yoxdur – mövcud olan yalnız EMİS sistemində "aktivləşmə" tarixi kimi qeydə alınan ##.##.2026-cı il tarixidir ki, bu da kabinetin mövcud olmaması ilə deyil, cavabdehin özünün ona vaxtında daxil olmaması ilə izah oluna bilər. Bu fərqin sübut yükünü daşıyan tərəf – yəni cavabdehin özü – bunu aydınlaşdırmamış, məhkəmə isə bu sübut çatışmazlığını, əksinə, İddiaçı MMC-nin əleyhinə şərh etmişdir. Qərardadın nəticəsi ("bərpa ediləcək buraxılmış müddət mövcud deyildir") iş materiallarında mübahisəsiz olan bir hala – qətnamənin "Elektron məhkəmə" sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirildiyinə – uyğun gəlmir. Məhkəmə bu faktı təkzib etməmiş, sadəcə onu hüquqi əhəmiyyətdən məhrum saymışdır, halbuki MPM-in 10-1.3, 135.5 və 135.6cı maddələri məhz bu cür yerləşdirmənin özünü rəsmi təqdimat kimi tanıyır. Nəticədə qərardadın hüquqi nəticəsi onun əsaslandığı normativ bazaya uyğun gəlmir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, qətnamə cavabdeh Cavabdeh ##.##.2026cı il tarixdə poçt vasitəsilə təqdim edilmiş, cavabdehin elektron kabineti isə ##.##.2026-cı il tarixdən aktiv olmuşdur. Cavabdeh apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə təqdim etmişdir. İş materiallarında qətnamənin ##.##.2026-cı il tarixdə məhz cavabdehin elektron kabinetində yerləşdirildiyini və bu barədə ona elektron qaydada məlumat verildiyini təsdiq edən sübut mövcud deyildir. Qətnamənin yalnız “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi onun həmin tarixdə cavabdehə rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Qətnamənin cavabdehə ##.##.2026-cı il tarixdə rəsmi qaydada təqdim edilməsi və apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə verilməsi nəzərə alındıqda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində nəzərdə tutulmuş bir aylıq müddətin buraxılmadığı barədə ##.##.2026-cı il tarixli qərardadda gəlinmiş nəticə əsaslıdır. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşır və hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Qeyd olunan Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar