Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-101/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 5072,63 ABŞ dolları əsas borc, 5516,24 ABŞ dolları faiz borcu, 84,56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11 mart 2019cu il tarixdən, 18 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 67,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10741,38 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “xxxx” ASC-nin xeyrinə 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4540,75 ABŞ dolları əsas borc, 5974,23 ABŞ dolları faiz borcu və 113,06 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 11 mart 2019-cu il tarixdən 23 iyul 2020ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 % dərəcəsi ilə hesablanan 309,94 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10937,94 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, X5 11 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 24 % dərəcəsi ilə 24 ay müddətinə 14300 ABŞ dolları kredit götürmüşdür. 11 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 11 mart 2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 Guliddin oğlu və Cavabdeh3 ilə 11 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən yayınır. 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər onun tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabadeh ilə bank arasında razılıq əldə olunmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, vətəndaş banka müraciət edərək borcunun güzəşt edilməsini istəyib. Bank isə cavabdehə mübahisənin məhkəmədə davam etdirildiyini bildirmişdir. Cavabdeh 2019cu il 26 avqust tarixində 211 dollar pul ödəyib. 26925 dollar ödənişi isə həyata keçirməyib. Ödənişlər həyata keçirilibsə qarşı tərəf çekləri məhkəməyə təqdim etməli idi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ekpert rəyi ilə razı deyildir. Ona faiz borc 20 % dərəcəsi ilə hesablanmışdır. Əsas borcu 3700 dolar olasa da, qarşılığında 10 min dollar pul ödəniş etməsi tələb edilmişdir. Göstərilən faiz dərəcəsi Mərkəzi bankın faiz dərəcəsi ilə bankın daxili qaydaları ilə faiz dərəcəsi müəyyən edilir. Bankın tələb etdiyi məbləğdən daha çox banka ödəniş etmişdir. Gecikdirildiyi və 57 gün əksik olduğuna görə onun müqaviləsi restrukturizasiyaya düşməmişdir. Milli bank tərəfindən iddiaçı lazım olan məktub göndərilmiş və buna görə də ona güzəşt edilməli idi. Lakin bu barədə ona hər hansı bir cavab verilməmişdir. Fərmanın təsir dairəsinə düşmək imkanının olmamasını, ailə tərkibinin nəzərə alınmasını, himayəsində 3 uşağının olmasını, bir uşağının isə universitet tələbəsi olmasının nəzərə alınmasını və bunlar görə faiz borcunun silinməsi və əsas borcun isə hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir müqavilə üzrə 362 gün əsas borcun gecikməsi, 330 gün isə faiz borcunun gecikməsi mövcuddur. Reallıqda borc məbləği 4273 dollardır. Məhkəmədən xahiş edir ki, bank işi geri qaytarsın. Bundan sonra o, restruktruzasiya yolu ilə borcunu hissə-hissə ödəsin Prezidentin qeyd edilən fərmanından sonra bank işçisi ona bildirmişdir ki, məlumat veriləcək. Lakin məlumat verilməmişdir. Əsas borcu ilə razıdır. Bankın hal-hazırki adı dəyişərək “xxxx” ASC olmuşdur.Borcun ödənilməsi üçün bankla danışığa hazırdır də hazıram. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən 22 noyabr 2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı “xxxx” Açıq Səhmdar Cəmiyyətidir. Borc verən bank “xxxx” İKB ASC ilə borc alan Cavabdeh1 oğlu, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 21-M-1-0-287-15 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank borc alana 24 ay müddətinə, illik 27 % olmaqla 14300 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Aylıq ödəniş 455,89 dollar olmaqla ilkin ödəniş tarixi 11 avqust 2015-ci il, sonuncu ödəniş tarixi 11 avqust 2017-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit mənbəyi, ondan istifadə edilməsinə görə hesablanan faizlə, dəbbə pulu borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla, zamin borcalan ilə eyni həcmdə bank qarşısında birgə cavabdehdir. İddiaçı İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanan 11 avqust 2015-ci il tarixli 21-M-1-0-287-15 saylı kredit müqaviləsinə əlavə olan 11 mart 2016-cı il tarixli razılaşmadan və razılaşmaya olan 1 saylı əlavədən görünür ki, kredit müqaviləsinin müddəti dəyişdirilərək 43 ay müəyyən edilmiş, illik faiz dərəcəsi dəyişdirilməklə 24 % dərəcəsi müəyyən edilmiş, müqavilə müddətinin 11 mart 2019-cu ilədək uzadılmış və müqavilənin bağlanma tarixi kimi 11 mart 2019-cu il qeyd edilmişdir.Aylıq ödəniş 499,94 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 11 aprel 2016-cı il, sonuncu ödəniş tarixi 11 mart 2019-cu il müəyyən edilmişdir. 11 avqust 2015-ci il tarixli 21-M-1-0-287-15 saylı kredit müqaviləsinə əlavə olan 11 mart 2016-cı il tarixli razılaşma həmçinin İddiaçı İKB ASC ilə borcalan Cavabdeh1 və zamin olan Cavabdeh3 arasında bağlanmışdır. İddiaçı İKB ASC tərəfindən verilən 11 avqust 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 hesabına 14300 ABŞ dolları köçürülmüşdür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası tərəfindən verilən 03 oktyabr 2019cu il tarixli, 23530 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə 18.06.2019-cu il tarixə 10,447,39 ABŞ dolları əsas, 182,83 ABŞ dolları faiz borcu, 26.08.2019-cu il tarixə 9,930,64 ABŞ dolları əsas, 0,00 ABŞ dolları faiz borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2020-ci il tarixli, 3702 saylı eksper rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə 9.930,64 ABŞ dolları əsas, 270,33 ABŞ dolları faiz borcu vardır. Ekspert rəyində qeyd edilmişdir ki, tərəflər arasında 11 mart 2016-cı il tarixdə 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə əlavə imzalanmışdır. Bu əlavənin şərtlərnə görə kredit müqaviləsi üzrə əlavə imzalanmışdır. Bu əlavənin şərtlərinə görə kredit müqaviləsinin bitdiy tarix 11.03.2019-cu il tarixi, kredit müqaviləsi üzrə faiz dərəcəsi 24 % müəyyən edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş sualda kredit müqaviləsin bitdiyi tarix 11.08.2017-ci il tarix qeyd edildiyindən, əlavənin şərtləri nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstutusiya Məhkməsinin 24 dekabr 2014-cü il tarixli Plenumun qərarına əsasən, kredit müqaviləsinin bitdiyi tarixdən etibarən əsas kredit borc üzrə öhdəliyin yerinə yetirilmədiyinə görə faiz borcu 5 % dərəcəsi ilə hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 17.11.2020-ci il tarixli, 9/4511 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287- 15 №-li kredit müqaviləsi və 11 mart 2016-cı il tarixli “Əlavənin” şərtlərinə müvafiq olaraq X4 banka 11 mart 2019-cu il tarixinə (müqavilə müddətinin sonuna) 10,514,98 ABŞ dolları borcu vardır. Ondan əsas borc üzrə 4.540,75 ABŞ dolları əsas, faiz borcu üzrə 5,974,23 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. 23.07.2020-ci i il tarixə (maliyyə arayışının tarixinə) 9988,89 ABŞ dolları borcu vardır. Bundan əsas borc üzrə 3741,45 ABŞ dolları, faiz borcu üzrə 5974,23 ABŞ dolları faiz borcu, 5 % dərəcəsi ilə 273,31 ABŞ dolları borc müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. “xxxx” ASC tərəfindən verilən 23.07.2020-ci il tarixinə ona maliyyə arayışından görünür ki, Cavabdeh1 11.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4273,33 ABŞ dolları əsas, faiz borcu üzrə 5573,25 ABŞ dolları, cərimə borcu üzrə 113,06 ABŞ dolları, əldən çıxmış fayda olaraq 309,9 ABŞ dolları olmaqlaa, ümumilikdə 9959,64 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəmənin sorğusuna verilən 29 yanvar 2020-ci il tarixli, 16-015-86-2020 saylı cavab məktubunda görünür ki, Cavabdeh1 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu sonuncu devalvasiyanın baş verdiyi dövrə 10000 ABŞ dollarından artıq olduğu üçün kompensasiyaların hesablanması hissəsində 01.03.2019-cu il tarixinə isə qalıq borcu olan 5072,63 ABŞ dolları, gecikdirildiyi günün 360 gündən az olması səbəbindən restrukturizasiya hissəsində fərmanın əhatə dairəsinə düşməmişdir. İddiaçı İKB ASC-nin cavabdehlərə ünvanladığı 10 dekabr 2018-ci il tarixli və 20 iyun 2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclulara 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. 12 dekabr 2018-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir Borc verən bank “xxxx” İKB ASC ilə borc alan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında 11 avqust 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən bank borc alana 24 ay müddətinə, illik 27 % olmaqla 14300 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Aylıq ödəniş 455,89 dollar olmaqla ilkin ödəniş tarixi 11 avqust 2015-ci il, sonuncu ödəniş tarixi 11 avqust 2017-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit mənbəyi, ondan istifadə edilməsinə görə hesablanan faizlə, dəbbə pulu borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla, zamin borcalan ilə eyni həcmdə bank qarşısında birgə cavabdehdir. Daha sonra bank və borcalan Cavabdeh1 arasında 11 mart 2016-cı il tarixində 21-M-1-0-287-15 saylı, 11.08.2015-ci il tarixli kredit müqaviləsinə əlavə saziş imzlanmış, nəticədə kredit müqaviləsinin 1.6-cı bəndinə göstərilmiş 24 ay sözləri 43 ay sözləri ilə əvəz edilmiş, kredit müqaviləsinin 1.8-ci bəndinə göstərilmiş 11 avqust 2017-ci il sözləri, 11.03.2019-cu il sözləri ilə əvəz edilmiş, kreditin bağlanma tarixi isə 11.03.2019-cu il olaraq hesab edilmiş və kredit müqaviləsinin 1.11-ci bəndində göstərilmiş 27 % ifadəsi 24 % ilə əvəz edilərək, kreditin illik faiz dərəcəsi 24 % hesab edilmişdir. Saziş zamin X6 ilə razılaşdırılsa da, digər zamin Cavabdeh2 ilə razılaşdırılmamışdır. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 10937,94 ABŞ dolları borc hesablanmışdır. Sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməmişdir. Məhkəmə tərəfindən cavabdehdən tələb edilən borc məbləğinin müəyyən edilməsi üçün mülki iş üzrə 3 dəfə ekspertiza təyin edilmişdir. Cavabdeh məhkəmə iclasında əsas borc məbləği ilə razılaşmış faiz borcunun isə silinməsini xahiş etmişdir. Həmçinin məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı “xxxx” Açıq Səhmdar Cəmiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lakin məhkəmə tələb edilən əsas borca münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək, sonuncu ekspert rəyini əsas götürərək iddia tələbinin həcmini artırmış və cavabdehdən 4540,75 ABŞ dolları əsas, 5974,23 ABŞ dolları faiz borcunun tutulmasını tələb etmişdir.Sonuncu, yəni 17.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 23 iyul 2020-ci il tarixinə, yəni maliyyə arayışının verildiyi tarixə 3741,45 dollar əsas, 5974,23 dollar faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən əsas və faiz borcunun məbləği 17.11.2020-ci il tarixli ekspert rəyinə uyğun hesablanmalıdır. Odur ki, 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə əsas borc 3741,45 ABŞ dolları, faiz borcu 5974,23 ABŞ dolları həddində müəyyən edilməlidir. Əsas və faiz borcunun müəyyən edilmiş məbləği təqdim edilmiş ekspert rəyi ilə sübut olunur. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Cavabdeh1 ilə Bank arasında bağlanmış kredit kartı müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə 113.06 dolları məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 3 Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun 4 növünü fərqləndirir. Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi alternativ ödənilən dəbbə pulu, yəni, borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü müstəsna dəbbə pulu, yəni, borclu zərərin əvəzini ödəmir, o təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Mülki Məcəllənin 467-ci maddəsində məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Buna görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 11 avqust 2015-ci il tarixli, 21-M-1-0- 287-15 saylı kredit müqaviləsi üzrə 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yuxarıda qeyd edilən ekspertiza tədqiqatı nəticəsində əldən çıxmış faydaya görə illik 5 faizlə hesablanmış borc 273.31 ABŞ dolları təşkil edir. Bu baxımdan həmin məbləğ ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə kredit borcu əsas borca görə 3741,45 ABŞ dolları, faiz borcuna görə 5974,23 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 273.31 ABŞ dolları faiz borcu müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda 11 avqust 2015-ci il tarixli, 21-M- 1-0-287-15 saylı – zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində iddianı qismən X1 münasibətdə əsaslı hesab etsə də, digər zamin Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bağlanmış 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı müqaviləyə əsasən zaminlər borclunun həmin müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, 11 avqust 2015-ci il tarixli müqavilədən sonra 11 mart 2016-cı il tarixində kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında 1 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin saziş (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən Cavabdeh2 razılığı alınmamışdır. Bu isə ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin: -470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Odur ki, işin hallarından da göründüyü kimi zaminlik kredit müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit müqaviləsinə əlavə olaraq bağlanmış saziş isə kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin saziş bağlanarkən Cavabdeh2 razılığı alınmalı olduğu halda onun razılığı alınmamışdır, belə olduğu zaman məhkəmə o qənaətə gəlir ki, ona münasibətdə zaminliyə xitam verilməlidir. Lakin kredit müqaviləsinə əlavə olan 11 mart 2016-cı il tarixli saziş bir tərəfdən bank, digər tərəfdən borcalan Cavabdeh1 Ağamalı oğlu və zamin Cavabdeh3 arasında bağlanmışdır. Yəni zamin Cavabdeh3 kredit müqaviləsinin müddətinin uzadılmasından və faiz dərəcəsinin dəyişməsindən məlumatı olmuşdur. Odur ki, Cavabdeh3 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə 3741,45 ABŞ dolları əsas borc, 5974,23 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, 273,31 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 10038,99 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” ASCyə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Həmçinin aparılmış təkrar ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə(ekspertiza mərkəzinin hesabına) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə 3741,45 (üç min yeddi yüz qırx bir dollar, qırx beş sent) ABŞ dolları əsas borc, 5974,23 (beş min doqquz yüz yetmiş dörd dollar, iyirmi üç sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, 273,31 (iki yüz yetmiş üç manat, otuz bir sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 10038,99 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilsin. İş üzrə təkrar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-101/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-101/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver