Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1015/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X3, Cavabdeh Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4195.66 manat əsas, 1239.20 manat faiz borcu olmaqla, cəmi 5434.86 manat borcun və 74.75 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında başlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 29% olmaqla 6.000 manat məbləğində kredit verilmişdir. Həmçinin borcun təminatı kimi digər cavabdehlə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə və maliyyə arayışı təqdim edərək, iddia ərizəsi məhkəməyə ünvanlandıqdan sonra cavabdeh tərəfindən banka heç bir ödəniş edilmədiyindən, iddia tələbini artıraraq cavabdehlərdən 4195,66 manat əsas, 1800,27 manat faiz borcu olmaqla, cəmi 5995,93 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Səmədov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi qismən qəbul etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 4195,66 manat əsas, 1800,27 manat faiz borcu olmaqla, cəmi 5995,93 manat borcu mövcuddur. - kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 101840-510372/3 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi üçün 24 ay müddətinə, illik 29% olmaqla, 6.000 manat məbləğində kredit verilmişdir və cavabdeh götürdüyü kreditə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 332.40 manat ödəməyi öz üzərinə götürmüşdür. - zaminlik müqaviləsində görünür ki, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə İddiaçı ASC arasında Cavabdeh1 kredit borcunun təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. - cavabdehlərə İddiaçı ASC tərəfindən borcun tam olaraq 5 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2478 saylı ekspert rəyinə əsasən, xx.xx.2019-cu il tarixli, 101840-510372/3 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh1 hesabdan çıxarış məlumatlarına əsasən banka 4960,56 manat əsas, 849,43 manat faiz borcu olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 4195,66 manat məbləğində əsas borc və 849,43 (faiz ekspert rəyinə əsasən) manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdeh də (zamin) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 iddiaçı-kreditor "xxxx" ASC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4195,66 manat əsas, 849,43 manat faiz borcu olmaqla, cəmi 5045,09 manat (beş min qırx beş manat doqquz qəpik) məbləğində borc və 74.75 (yetmiş dörd manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1015/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1015/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver