Məhkəmə qərarları › İş №2(001)-1015/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1015/2023

25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1015/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,cc katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə evliliyindən olan xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 160 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılaraq, hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2012-ci ildə el-adət ənənəsi ilə toy edərək ailə qurmuşdur. Birgə evliliklərindən xx.xx.2013-cü il tarixdə X7 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/20 saylı qətnaməsi ilə atalıq müəyyən edilmiş və onun saxlanması üçün cavabdehdən 160 manat məbəğində aliment tutulmuşdur. O, övladı ilə cavabdehdən ayrı yaşayır. Hal-hazırda alimentin məbləğinin artırılması onu yenidən məhkəməyə müraciət etmək qərarına gətirtmişdir. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 160 manat məbləğində alimentin dəyişdirilərək, 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin kifayət qədər imkanı olsa da, öz uşağının saxlanması üçün ona maddi cəhətdən köməklik göstərmir. Uşağın hazırda 10 yaşı var, məktəblidir, məktəbdən əlavə kurslara hazırlıqlara gedir, habelə idmanla məşğul olur. Hazırki tələb etdiyi məbləğ məlum məsələdir ki, uşağın bütün maddi tələbatlarını ödəməyə kifayət etməyəcək, lakin müəyyən qədər ona köməklik olacaq. Uşağı saxlamaq həm ananın həm atanın vəzifəsidir, cavabdeh isə bir ata kimi nə uşağı ilə normal qaydada görüşür, ünsiyyətdə olur nə də ki onun saxlanmasında köməklik göstərir. Uşaq hazırda ata qayğısı belə görmür. Cavabdeh izahat verir ki, o, ikinci dəfə ailə həyatı qurub və iki uşağı var. Cavabdehin ikinci nikahdan olan uşaqları kimi Rəcəbdə onun uşağıdır. Digərlərinə göstərdiyi qayğı və diqqəti Rəcəbə də göstərməlidir. İkinci ailə həyatı qurduğuna görə Rəcəbi diqqətdənkənar saxlamalı deyil. Hazırda uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində olsa da, o, cavabdehin ikinci nikahından olan uşaqlarını nəzərə alaraq, ərizə yazaraq tələb etdiyi alimentin miqdarını azaltmışdır. Buna baxmayaraq cavabdeh prinsip apararaq 200 manatı belə ödəmək istəmir. Hamıya məlumdur ki, respublikada hər bir şeyin qiymətinin yüksəldiyi bir vaxtda 200 manat məbləğlə 10 yaşlı bir uşağa baxmaq da mümkün deyil, bu uşağın məktəbdən əlavə, bayram tədbirlərinə, ekskursiyalara və sair gedir, lazımı dərs ləvazimatları alınır, mütəmadi olaraq həkim yoxlanışlarından keçir. Cavabdeh bütün bunları nəzərə almalı və uşağı üçün tələb olunan alimenti ödəməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahından da 2 uşağı doğulmuşdur. O, hazırda 600 manat məbləğində əmək haqqı alır, ona görə də iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəkdir. Çünki, o, hazırda ikinci nikahından olan uşaqlarının maddi tələbatlarını belə ödəməkdə çətinlik çəkir. Məhkəmə bunu nəzərə almalıdır. Ona verilmiş suallara cavab olaraq isə bildirdi ki, iddiaçının ailəsinin maddi vəziyyəti yaxşıdır, ona görə də alimentin artırılmasını istəmir. O bilsə ki, iddiaçı maddi imkanına görə uşağa baxmaqda çətinlik çəkir, bu halda 200 manat məbləğində alimenti ödəyərdi. Lakin o, iddiaçının ailəsini yaxşı tanıyır, çünki yaxın qohum olublar. Bu səbəbdən də bilir ki, onların imkanı yüksəkdir. Ona görə də uşağa da özləri baxmalıdır. O, hazırda 160 manat ödəyir, 40 manat məbləğində alimentin yüksəlməsi ona ödəməkdə problem yaratmaz, lakin iddiaçı ilə arasındakı prinsipə görə 200 manat məbləğində aliment ödəməyəcəkdir. Onun ərzaq məhsulları Gəncə şəhərindən atası tərəfindən göndərilir, aldığı əmək haqqı ilə də o, ailəsinin digər maddi tələbatlarını ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-942/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı 09 fevral 2013cü il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Rostov-na-Donu şəhərində doğulmuş X6 atasının xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Cavabdeh olmasının müəyyən edilməsi, 09 fevral 2013-cü il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Rostov-naDonu şəhərində doğulmuş X6 doğum haqqında akt qeydində dəyişiklik edilərək, soyadının qrafasında “Əhmədov”, “atası” qrafasında “Cavabdeh” göstərilməsi, bu uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin məbləğinin 02 dekabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. AZ-İİ 201807 nömrəli nikah haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. AZ-İV 094482 və AZ-İV 538280 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə X4r. Bakı 4 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı alimentin artırılması ilə bağlı mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf sessiyada iştirak etməmiş, 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X6 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan iki uşağının dünyaya gəlməsi onun əvvəlki faktiki nikahından doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2020, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar