Məhkəmə qərarları › İş №2(001)-1016/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1016/2021

21.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1016/2021 21.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3, Cavabdeh4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Cavabdeh6 Səbzalı oğlunun iştirakları ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Cavabdeh6 cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh6 cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildə edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məmişov Əlibrahim Əli oğlu və Səmədov X6 rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1B saylı ünvanda yerləşən evin 47,48,49,51 və 52 saylı mənzillərində binanın əsas yük daşıyıcı divarları dağıdılaraq genişləndirilmiş olan pəncərə boşluğunun öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsində yerləşən 1B saylı bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə Bakı şəhər İcra hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Əsasnamə üzrə vəzifələrindən biri Birlik balansında olan mənzil fondunun qorunub saxlanılması və yaşayış fondunun texniki baxışını təmin etmək və bununla da mənzil qanunvericiliyinin tələblərinə nəzarəti həyata keçirməkdir. Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 1B, mənzil 50 ünvanında yaşayan vətəndaş Cavabdeh6 yaşadığı binada sakinlər tərəfindən yaşadıqları mənzillərdə qanunsuz dəyişikliklər edilməsi ilə əlaqədar olaraq müxtəlif orqanlara şikayət xarakterli müraciətlər etmişdir. MKİS-nin əməkdaşları tərəfindən mənzillərə baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən mənzillərlə eyvanlar arasında olan divar sökülmüşdür. Müvafiq icazəverici sənəd mövcud olmadığı üçün cavabdehlərə qanunsuz hərəkətlərə son qoyulması və binanın əsas yükdaşıyıcı divarı sökülərək genişləndirilmiş pəncərə boşluqlarının əvvəlki vəziyyətə qaytarılması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər 47 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1, 48 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2, 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3, 51 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 52 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 halhazıra kimi edilən xəbərdarlıqlara qəti olaraq məhəl qoymamışlar. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 13 aprel 2020-ci il tarixli qərar qanunidir və həmin qərara əsasən mənzillərdə bərpa-gücləndirmə işləri görülməlidir. Mübahisəli bina layihə üzrə yenidən bərpa edilməlidir. Binanın layihəsi isə hal-hazırda onlarda mövcuddur. Odur ki, binadakı vəziyyət həmin layihəyə uyğun yenidən bərpa edilməlidir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, mənzilində edilmiş dəyişikliklər nəticəsində hansı pozuntulara yol verildiyi, hansı bərpa işlərinin görülməli olması ona məlum deyil. Onun evində binada olan daşıyıcı əsas divar götürülməyib. Arakəsmə götürülüb ki, bu da taxtadan və daşdan tikilmiş ola bilər. Hazırda evinin vəziyyəti mənzil məcəlləsinin tələblərinə uyğundur. Əgər mənzilinin hazırki vəziyyəti kiməsə maneçilik törədirsə, qanuni şəkildə mənzilini bərpa etməyə hazırdır.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, mənzilində əsas daşıyıcı divarlar sökülməyib. Arakəsmə isə onun mənzilində əvvəldən götürülmüşdür. Əgər onun mənzilində etdiyi dəyişikliklər maneə yaradırsa, qanuni qaydada bərpa etməyə razıdır.

6. Məhkəmə mülki işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını prosessual qanunvericiliyə(MPM 185) uyğun olaraq mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəs Cavabdeh6 Səbzalı oğlu izahatında bildirmişdir ki, evlərin mövcud layihələrində arakəsmələrin beton konstruksiyadan ibarət olması qeyd edilir. Burada hər hansı digər materiallardan söhbət getmir. Onun evində layihədən kənar heç bir dəyişiklik edilməmişdir. Hazırki iş üzrə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətnin balansına verilmişdir.

9. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 yanvar 2012-ci il tarixli 029 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 saylı sərəncamına əlavə edilmiş siyahı üzrə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bu sərəncamın əlavəsinə uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansına və xidmət dairəsinə qəbul edilmişdir. Həmçinin balansa verilən mənzil fondunun istismarı və sakinlərə yüksək səviyyədə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılmışdır.

10. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2012-ci il tarixli əsasnaməsinə əsasən, birlik ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində, öz fəaliyyətinin məqsədlərinə nail olmaq üçün əmlakının təyinatına uyğun olaraq, sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Birlik həmçinin məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edir.

11. ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh6 (hazırda mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində çıxış edir) yaşadığı binada sakinlər tərəfindən yaşadıqları mənzillərdə qanunsuz dəyişikliklər edilməsi ilə əlaqədar olaraq müxtəlif orqanlara şikayət xarakterli müraciətlər etmişdir. MKİS-nin əməkdaşları tərəfindən mənzillərə baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən mənzillərlə eyvanlar arasında olan divar sökülmüşdür.

12. Müvafiq icazəverici sənəd mövcud olmadığı üçün cavabdehlərə qanunsuz hərəkətlərə son qoyulması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər hal-hazıra kimi edilən xəbərdarlıqlara qəti olaraq məhəl qoymamışdılar. Nəticədə iddiaçı hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

13. Hazırda iddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 1B saylı ünvanda yerləşən evin 47,48,49,51 və 52 saylı mənzillərində binanın əsas yük daşıyıcı divarlarının dağıdılaraq genişləndirilmiş olan pəncərə boşluğunun öz vəsaitləri hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzillərində binanın daşıyıcı divarlarına zərər vurmadıqları qənaətindədirlər. Lakin mənzillərində aparılmış dəyişikliklərin binanın dayanıqlığına hər hansı maneə törətdiyi halda mənzillərinin əvvəlki vəziyyətinə qaytarmağa hazır olduqlarını bildirirlər.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 10/1609 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mk, S.S.Axundov küçəsində yerləşən 1 B saylı evin 49 və 51 saylı mənzillərində aparılmış, tikinti təmir işləri, konstruksiya dəyişiklikləri müvafiq orqanlarla razılaşdırılmadığı üçün, həmin 49 və 51 saylı mənzillərdə aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərindən dəyişiliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisinin rəyi təqdim edilmədiyi üçün, həmin aprılmış tikinti işləri nəticəsində binanın yükdaşıma divarlarının zərər görübgörülməməsini, zərər görmüşdürsə binanı salamatlığı üçün təhlükə olmasını və binanın yükdaşıma sütünları sökülmüşdürsə bərpası və əvvəlki vəziyyətə qaytarılması hansı formada, hansı qaydada, hansı üsulla həyata keçirilməsinə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsində yerləşən 1B saylı evin 52 saylı mənzilinin sakini mənzilə baxış keçirilməsi üçün buraxmadığından və 47, 48 saylı mənzillərin qapıları bağlı olduğundan həmin mənzillər üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

16. Mübahisənin obyektiv həlli üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, 12.08.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınsa da, ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.

17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, mayor X4 tərəfindən ünvan 2 ünvanında yerləşən 47,48,49,51 və 52 saylı mənzillərdə aparılmiş təmir-tikinti işlərində cinayət hadisəsi olmadığından cinayət təqibinin başlanmasının rədd edilməsi barədə 13.04.2020ci il tarixində qərar qəbul edilmişdir.

18. Qərardada qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 12 fevral 2020-ci il tarixli 37/37-01146 saylı məktubuna əlavə edilmiş və 03 fevral 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 47, 48 və 49 saylı mənzillərin hər birində təmir aparılan zaman mətbəx ilə eyvan arasındakı olan yığma dəmir beton divarlar sökülərək, götürülmüşdür. Mənzillərdə çat, zədə və deformasiyalara rast gəlinməmişdir. Görülən işlər binada yaşayan sakinlərin həyatı üçün hal-hazırda real təhlükə yaratmır. Lakin binanın dayanıqlığının və zəlzələyə davamlığının tam təmin olunması üçün həmin sahələrdə layihə əsasında Tikinti Norma və Qaydalarına uyğun bərpa gücləndirmə işləri aparılmalıdır. Nəticədə qərara alınmışdır ki, ünvan 4 ünvanında yerləşən 47,48,49,51,52 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində cinayət hadisəsi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilsin, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 1 B saylı binanın dayanıqlılığının və zəlzələyə davamlılığının tam təmin olunması üçün 47,48,49,51,52 saylı mənzillərdə layihə əsasında Tikinti Norma və Qaydalarına uyğun bərpa gücləndirmə işlərinin aparılması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə təqdimat göndərilsin.

19. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2020-ci il tarixli 27100/31195 saylı tikinti-texniki ekspertiza rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 48 saylı mənzildə təmir aparılan zaman mətbəxlə eyvan arasındakı pəncərə boşluğunun aşağı hissəsi, yataq otağı ilə eyvan arasında olan yığma dəmir beton divarlar sökülərək götürülmüşdür. 52 saylı mənzildə baxış zamanı müəyyən olunmuşdur ki, təmir aparılan mətbəxlə eyvan arasındakı pəncərə boşluğunun aşağı hissəsi, dəhliz hissədə isə iki ədəd divarın bir hissəsi, həmçinin yataq otağı ilə eyvan arasında olan yığma dəmir beton divar sökülərək, götürülmüşdür. 47,49,51 saylı mənzillərin hər birində təmir aparılan zaman mətbəx ilə eyvan arasında olan yığma dəmir beton divarlar sökülərək götürülmüşdür. Mənzillərdə çat, zədə və deformasiyalara rast gəlinməmişdir. Görülən işlər insanların həyatı üçün real təhlük yaratmır. Tədqiq olunan binada aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razıladırılması Qaydaları”nın 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir.

20. Yoxlama materialına əlavə edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30.03.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90-05101-093020 reyestr nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 47 nömrəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** dövlət qeydiyyat nömrəli, 23.06.2010-cu il qeydiyyat tarixli, **********26-05101-093040 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 48 saylı mənzil X2 mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 27.11.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********26-05101-093042 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 49 nömrəli mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 137063 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən 51 nömrəli mənzil Cavabdeh4 xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********* qeydiyyat nömrəli, 07.03.2007-ci il qeydiyyat tarixli, **********26- 05101-093017 reyestr nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 52 nömrəli mənzil Cavabdeh5 xüsusi mülkiyyətindədir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

21. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.

23. Həmin məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.

24. Həmin məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.

25. Həmin məcəlləni 24.2-ci maddəasinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu və s.

26. Həmin məcəllənin 24.4-cü maddəsinə əsasən razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.

27. Həmin məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Həmin məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.

29. Həmin məcəllənin 27.2-ci maddəsinə əsasən Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir.

30. Həmin məcəllənin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir.

31. Həmin məcəllənin 27.5.-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

32. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

33. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir.

35. İddia tələbinin mahiyyətindən və məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Belə ki, mübahisə predmeti olan mənzillərin yerləşdiyi, yəni ünvan 7 ünvanında olan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə Bakı şəhər İcra hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına 145 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir.

36. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsində də onun hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüququnun olması öz təsbitini tapmışdır.(bax 10-cu bənd)

37. Bu səbəbdən üçüncü şəxsin(Cavabdeh6) iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququnun olmaması barədə etirazının dəlilləri əsassız hesab edilməlidir.

38. Göstərilənlərlə bağlı məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını Mənzil Məcəlləsinin 27-ci maddəsi təşkil edir.

39. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına görə cavabdehlərə məxsus mənzillərdə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət edilməməklə və müvafiq icra hakimiyyəti orqanın razılığı alınmadan aparılmışdır. Faktiki vəziyyətin əvvəlki mülkiyyətçilər tərəfindən edilmiş olması halı belə, bu faktın mövcudluğunu aradan qaldırmır.

40. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, mayor X4 tərəfindən qəbul edilən 13.04.2020ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarda da müəyyən edilən hallar hazırki işə münasibətdə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məhkəmə üçün preyudisial əhəmiyyət daşıyır.

41. Belə ki, MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

42. Həmin qərarda isə müəyyən edilmişdir ki, mübahisənin obyektlərində edilmiş dəyişikliklər insanların həyatları üçün hazırda real təhlükə yaratmır, yəni dəyişikliklər nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Lakin gələcəkdə yarana biləcək halların qarşısını almaq məqsədilə layihəyə uyğun bərpa-gücləndirmə işləri aparılmalıdır.

43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

44. Belə ki, irəli sürülən tələb söküntünün əvvəlki vəziyyətə qaytarılması olsa da, işin müəyyən edilmiş hallarından göründüyü kimi bərpa işlərinin aparılması layihə əsasında tikinti normalarına uyğun istənilən qaydada aparıla bilər. Yəni bərpa işlərinin mülkiyyətçilərin öz seçimi(dizayn, interyerinə uyğun şəkildə) ilə layihə əsasında tikinti norma və qaydalarına uyğun aparıla bilməsi istisna deyildir. Çünki əvvəlki vəziyyətə qaytarılmadan belə bərpa-gücləndirmə işlər aparmaq mümkündür. Tətbiq edilən prosessual normalar:

45. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

46. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 8 ünvanda yerləşən evin 47 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1, 48 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2, 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3, 51 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 52 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 üzərinə müvafiq olaraq mənzillərində öz vəsaiti hesabına layihə əsasında, tikinti norma və qaydalarına uyğun bərpa-gücləndirmə işlərinin aparılması vəzifəsi həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

47. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

48. İş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

49. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ünvan 8 ünvanda yerləşən evin 47 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1, 48 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2, 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3, 51 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 və 52 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 üzərinə müvafiq olaraq mənzillərində öz vəsaiti hesabına layihə əsasında, tikinti norma və qaydalarına uyğun bərpa-gücləndirmə işlərinin aparılması vəzifəsi həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar