Məhkəmə qərarları › İş №2(104)-177/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-177/2025

08.09.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-177/2025 08.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: mülkiyyətçi hüquqları; subyektiv hüquq Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları

1. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X10 ##.##.1983-cü il tarixdə nikah bağlamışlar və nikah bağlandıqdan sonra arvada “Şirinova” soyadı verilmişdir.

2. ##.##.2023-cü il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər XDS Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli * saylı protokol qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi məqsədilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. ##.##.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 ##.##.2002-ci il tarixdə ölmüşdür.

4. Gəncə şəhəri * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli *** saylı məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı, ## ##### 2002-ci il tarixdə vəfat etmiş əri X6 miras qalmış Gəncə şəhəri, SadıIIı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən İddiaçı mərhum X6 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X6 adına Gəncə şəhəri, SadıIIı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış və ya Çıxarış verilməsinə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.

5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinin ## ###### 2023-cü il tarixli Daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə bildirişdən görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən torpaq sahəsi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığı müəyyən edilmişdir. Həmçinin, ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərarından görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı əqdin bağlanmış hesab edilməsi barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə dəyişiklik edilmiş, iddia qismən təmin edilmiş, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı sahədə yerləşən (hazırkı ünvanı ünvan 3 kv.metr torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına dair X7 ilə İddiaçı Firudin qızı arasında icra edilmiş ## ###### 1989-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, qalan hissədə iddia təmin olunmamışdır.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ##### 1989-cu il tarixli X4 qərarı ilə mərhum əri X6 mülkiyyətinə verilmiş Gəncə şəhəri Sadıllı qəsəbəsi məhəllə D-8 sahə 20 ünvanında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd olunan ünvanda yerləşən ona məxsus evin qonşuluğundakı evdə yaşayır. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən torpaq sahəsi onun mərhum əri X6 adına verilmiş, 0.04 ha həyətyanı torpaq sahəsi ilə bağlı X6 qeyd olunan torpaq sahəsinin verilməsinə dair ## ##### 1989-cu il tarixli X4 (XDS) tərəfindən qərar qəbul edilmişdir. Bununla bağlı ##.##.2023-cü il tarixli Arxiv Arayışı ona təqdim olunmuşdur. Torpaq sahəsinin hüquqların Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəflərindən cəhd göstərilərək X6 adına arayışın verilməsinə görə DƏDKR-in * saylı Ərazi Idarəsinə müraciət etsələr də, idarə tərəfindən bunun mümkün olmaması bildirilmişdir. Belə ki, qeyd olunan torpaq sahəsində ölçü işlərinin aparılması ilə bağlı tərəflərindən DƏDKR-in * saylı Gəncə Ərazi Idarəsinə müraciət olunmasına baxmayaraq, cavabdeh Cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törədilir. Buna görə də * saylı Gəncə Ərazi Idarəsi tərəfindən Daşınmaz əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən imtina xarakterli bildiriş verilmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda cavabdehin bu cür davranışı onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Buna görə də dəfələrlə manenin aradan qaldırılması ilə bağlı cavabdehə bildirsə də, buna narazılığını və bunun mümkün olmamasını bildirmişdir.

9. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçının əri X6 istifadəsinə verilməsinə dair ##.##.1989-cu il tarixli XDS tərəfindən qərar qəbul edilmişdir. Elə həmin ildə Cahangir, iddiaçı da olmaqla 6 nəfər tərəfindən imzalanan akt (şəhadətnamə) əsasında torpaq sahəsini 8000 manata babası mərhum X11. Həmin dövrdə torpaq sahəsinin alqı-satqısını notariat qaydasında rəsmiləşdirmək mümkün olmamışdır. X8 2016-cı ildə vəfat etməmişdən bir qədər əvvəl torpaq sahəsini X9. Babası həmin vaxt vəfat etdiyinə görə torpağın alqısatqısını rəsmiləşdirmək üçün lazım olan sənədlər əldə edilmədiyindən alqı-satqı notariat qaydasında rəsmiləşdirilməmişdir. Bundan sonra Hacıyeva Dursun həmin torpaq sahəsində ev tikdirmək üçün Gəncə şəhəri Kəpəz rayon IH Başçısının ##.##.2017-ci il tarixli **** saylı Sərəncamı ilə icazə almışdır. Hazırda onun torpaq sahəsində yarımçıq tikilmiş evi vardır. Torpaq sahəsinin bağlı darvazası yoxdur. Iddiaçı cəmi bir dəfə onun anası nümayəndə2 Əlibala qızı ilə birlikdə yaşadığı həmin torpaq sahəsinin qonşuluğunda yerləşən evlərinə gəlib DƏDRX- nin əməkdaşları ilə torpaq sahəsində ölçmə işlərini aparmaq istədiklərini bildirmişdir. Həmin vaxt o, evdə olmadığından anası ona cavab vermişdir ki, torpaq sahəsi iddiaçının özünün də iştirakı ilə 1989-cu ildə onun həyat yoldaşı tərəfindən atasına satılmışdır. Atası isə onu 2016-cı ildə başqa şəxsə satmışdır. Artıq torpaq sahəsi onların mülkiyyətində hesab edilmir. 35 ildir ki, onlar torpaq sahəsindən istifadə etmirlər, vergisini də ödəmirlər. Başqasının torpaq sahəsində ölçmə işləri apara bilməzlər. S

10. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia təmin edilərək, Gəncə şəhər XDS Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli * saylı protokol qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması; Həmin işlərin aparılmasına maneə törədilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 67.3, 68 və 84-cü maddələrinə, «Torpaq islahatı haqqqında» Qanunun 9-cu maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ####### 2010-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nin 2.3.3 və 5.3-cü bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 4.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhəri Sadıllı qəsəbəsi D-8 məhəllə, ** nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDSK-nin ## ##### 1989-cu il tarixli * saylı protokol qərarı əsasında X6 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Cahangir Şirinov həmin vaxtı iddiaçı İddiaçı ilə rəsmi nikahda olmaqla Gəncə şəhəri Əli Bayramov küçəsi bina 75, mənzil33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 2 nömrəli ünvandakı evdə yaşamışlar. Onlar həmin torpaq sahəsində ev tikmədən torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov onun atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri Korlar Idarəsində işlədikləri üçün torpağın alqı-satqısı barədə öz aralarında sövdələşmişlər və razılaşmışlar. Tərəflər 1989-cu ildə ünvan 1 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqısatqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxtı alıcı tərəfdən o, Güləliyev Rəhman, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X1, satıcı tərəfdən X6, arvadı İddiaçı və onun atası X5 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında Şəhadətnamə (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Bundan sonra, yəni 1989-cu ildən torpağa dair sahiblik və istifadə hüququ alıcı tərəfə keçmişdir. Alıcı tərəf həmin torpaqda 1994-cu ildən ev tikməyə başlamışdır. Sonradan tikilini yarımçıq saxlasalar da, hal-hazırda, yəni 35 il ərzində torpağa sahibliyi və həqiqi mülkiyyətçiliyi alıcı tərəf həyata keçirməkdədir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Onun vəfatına qədər onun tərəfindən həmin torpaqla bağlı heç bir tələb irəli sürülməmişdir. Cahangirin vəfatından keçən 20 il ərzində də, cavabdeh İddiaçı tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə qaldırılmamışdır. Son vaxtlar iddiaçı tərəf * saylı Gəncə Ərazi Idarəsinə müraciət edib torpağa dair şəhadətnamə yaxud çıxarış almaq istəyərkən, onlara izah edilmişdir ki, torpağa dair ilkin sənəd mərhum Cahangir Şirinovun adına olduğuna görə, ilkin rəsmiləşmə onun adına olmalıdır. Bundan sonra iddiaçı tərəf cavabdehə müraciət etmiş, cavabdeh bunun üçün onlardan əlavə böyük miqdarda pul tələb etdiyinə görə razılaşma pozulmuş, mübahisə yaranmışdır. 2023-cü ildə cavabdeh İddiaçı torpağı vərəsəlik qaydasında öz adına rəsmiləşdirib, iddiaçı tərəfin əlindən almaq fikrinə düşmüşdür. O, notariusdan məktub alıb, ölmüş şəxsin adına sənəd almaq üçün * saylı Gəncə Ərazi Idarəsinə müraciət etmişdir. * saylı Gəncə Ərazi Idarəsi torpaq sahəsinə dair mübahisə olmasını və həmin torpaq sahəsinin yeri və ölçüsü barədə sənəd olmadığına görə ona ##.##.2023-cü il tarixli imtina cavabı vermişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı manenin aradan qaldırılması ilə bağlı Gəncə şəhər Məhkəməsində iddia qaldırmış, məhkəmənin ##.##.2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuşdur. Qeyd etdiklərindən görünür ki,mübahisəli torpaq sahəsi ilə bağlı, tərəflər arasında alqı-satqı əqdi ## ###### 1989-cu il tarixdə tam icra olunmuşdur. Yəni, həmin torpaq sahəsinə ilkin hüquqverici sənəd əldə etmiş Cahangir Şirinov və onun arvadı İddiaçı öz yaşadıqları Gəncə şəhəri, Təbriz küçəsi **A nömrəli evdə, torpağa dair alıçı tərəf olan Əlibala Güləliyev və onun oğlu Rəhman Güləliyevdən 8000 manat almış və torpağın istifadə və sahibliyini alıcı tərəfə vermişlər. Alqı-satqı əqdi tərəflərin iradəsi və razılaşması əsasında baş tutmuş və onlar iradə ifadələrini həmin gün 6 nəfərin iştirakı ilə tərtib etdikləri şəhadətnaməni (aktı) imza etməklə təsdiq etmişlər. Razılaşmışlar ki, gələcəkdə lazım olduğu vaxtda torpağın alqı satqısının notariusda sənədləşməsini həyata keçirəcəklər. Hazırda satıcı tərəfdən Cahangir Şirinov vəfat etmiş, onun arvadı İddiaçı isə əqdin notariat təsdiqindən boyun qaçırmaqla yanaşı razılaşmanı və öhdəliyini pozaraq, həmin torpağa dair notariat təsdiqi üçün əlavə pul tələb etmiş, buna nail olmadıqda torpağın sənədləşməsini öz adına keçirmək istəyindədir. Işin həmin hallarından görünür ki, cavabdeh tərəfin niyyəti iddiaçı tərəfə ziyan vurmaq məqsədi ilə mülki hüquqlardan sui-istifadə etməkdir. Mülki Məcəllənin 16 və 560-cı maddələrinə əsasən şəxslərin mülki hüquqdan sui-istifadə etməklə başqalarına zərər yetirmək niyyəti ilə həyata keçirdikləri hərəkətlər qadağan edilir və etibarsız sayılır. Hesab edir ki, cavabdeh tərəfin 1989-cu ildən satdıqları torpaq sahəsinə dair həmin hərəkətləri qanunla qadağan olunan hərəkət olmaqla, etibarsızdır. Cavabdeh yalnız 1989-cu ildə aldıqları 8000 manatın hazırki dəyərini iddiaçı tərəfə qaytarmaqla, icra etdikləri əqdi pozmaq istədiyini alıcı tərəfə bəyan etməklə, iddia qaldırmalı olduğu halda, 35 il əvvəl satdıqları torpağı sair yolla öz adına rəsmiləşdirməklə qanunla qadağa olunan hərəkətə yol verməkdədir. Mülki qanunvericilik isə, bu hərəkətləri qadağan etməklə bərabər, bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığını tanımışdır. Ona görə də, iddiaçı tərəfin öz imzası ilə təsdiq etdiyi aktdakı öhdəliyi pozub, alqı-satqını təsdiq etdirməkdən boyun qaçırmaqla yanaşı, aldıqları pulun dəyərini qaytarmadan torpağa dair öz adlarına vərəsəlik qaydasında sənəd almağa dair hərəkətləri hüquqdan sui-istifadə ilə başqasına zərər vurma niyyətinə xidmət etdiyindən etibarsızdır. Tərəflər daşınmaz əmlak olan torpağın alqı-satqı müqaviləsini tam icra etdikləri 1989-cu ildə notariatda ona görə təsdiq etdirə bilməmişlər ki, həmin dövrün qanunvericiliyinin tələbinə əsasən, bu əqd yalnız Şirinovlar tərəfindən həmin torpaqda ev tikildikdən sonra notariatda təsdiq edilə bilərdi. Ona görə də, razılaşmışlar ki, alıcı tərəfindən ev tikildikdən sonra notariatda rəsmiləşdirsinlər. X12 vəfat etmiş, İddiaçı isə bu razılaşmanı pozaraq, əqdin notariat təsdiqindən yayınmışdır. Məhkəmə qeyd etmişdir ki, guya Şirinovların 1996-cı il tarixli qanundan sonra torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Bu doğru nəticə deyildir. Çünki, Şirinovlar onlara fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi 7 aydan sonra öz iradələrinə əsasən satmışlar. Onların həmin torpaq sahəsini satmaları işin mübahisə olunmayan halıdır. Satdıqları, özgəninkiləşdirdikləri, fərdi ev tikmədikləri və qanuni əsaslarla istifadə etmədikləri torpaq sahəsinə onların mülkiyyət hüququ gözlənilən sayıla bilməz. Ona görə də, hesab edir ki, Şirinovların həmin torpaq sahəsinə 1996-cı il qanundan sonra mülkiyyət hüquqları yaranmamışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh Cavabdeh hərəkətləri guya iddiaçı İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik yaratdığından, yəni İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri ölcmə işlərinin aparılmasına müdaxilə olduğundan aradan qaldırılmalıdır. Tamam yanlış nəticədir. Çünki, həmin torpaq sahəsini Şirinovlar satmaqla özgəninkiləşdirmişlər. Bu işin mübahisəsiz halıdır. Onların özgəninkiləşdirdikləri torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə aldırmaq hüquqları yoxdur. Ona görə də, hüquqları olmayan hərəkətə müdaxilə, qanunsuz sayıla bilməz və qadağa edilə bilməz. Məhkəmə mübahisəyə baxarkən nəzərdən qacırmışdır ki, iddiaçının həmin mübahisəli torpaq sahəsinə dair vərəsəlik almaq üçün notariusa müraciət edib, * saylı Ərazi Idarəsindən mərhumun adına arayış ya çıxarış verilməsi üçün məktub almaqda məqsədi ərinin və özünün mülkiyyət hüququ yaranmayan torpaq sahəsinə qanunsuz hüquq əldə etmək olmuşdur. Notarius məktubunda qeyd etmişdir ki, Sadıllı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (qeyri müəyyən əmlak) guya mirasdır. Vərəsə İddiaçı həmin əmlakın hüquqmüəyyənedici sənədlərini təqdim etməmişdir. Ona görə də, həmin torpaq sahəsinə dair mərhum Cahangir Şirinovun adına çıxarış verilmişdir. Məhkəmə qətnamədə notariusun həmin əsassız və qanunsuz məktubuna istinad etmiş, lakin yaranmış mübahisə üzrə işin hallarını və notariusun məktubunu müzakirə etməmişdir. Bunu etmək məhkəmənin vəzifəsi olduğu halda, məhkəmə həmin məktubun əsaslılığına toxunmamışdır. Məhkəmə ona görə məktubu müzakirə edib, əsaslılığına qiymət verməli idi ki, həmin məktub əsasında Ərazi Idarəsi torpağı müayinə edib, mərhumun adına Çıxarış verməklə digər tərəfin qanunla qorunan hüquqlarını pozmuş olacaqdı. Bir daha diqqətə çatdırır ki, notariusun 2002-ci ildə (22 il əvvəl) ölmüş şəxsin hüquqverici sənədləri olmayan torpağını miras sayıb, mərhumun adına Çıxarış verilməsini xahiş etdiyi məktubunu əsassız və səlahiyyətsiz müraciət olduğuna məhkəmə göz yummaqla, düzgün nəticəyə gəlməmişdir. Hesab edir ki, notarius 22 il əvvəl vəfat etmiş şəxsin vərəsəsinin müraciətinə baxarkən hüquqmüəyyənedici sənədi olmayan ünvanı və yerləşmə yeri qeyri-müəyyən olan, zəbt olunması, özgəninkiləşdirilməsi bilinməyən, üzərində həmin şəxslərə yaxud başqalarına məxsus tikililər olub-olmamadığı bilinməyən torpaq sahəsinə dair Ərazi Idarəsindən yerində müayinə və ətraflı Arxiv arayışı tələb etmək əvəzinə, mərhumun adına Çıxarış verilməsini tələb etməkdə qanunsuzluğa yol vermiş, məhkəmə isə bunun üstündən keçmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabdeh Cavabdeh məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

19. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X6 ilə X10 ##.##.1983-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. XDS Icraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli * saylı protokol qərarı ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsi X6 fərdi yaşayış evinin tikintisi məqsədilə verilmişdir. Daha sonra isə həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına dair X7 ilə İddiaçı Firudin qızı arasında ## ###### 1989-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra isə X6 ##.##.2002-ci il tarixdə vəfat etmişdir. Iddiaçı İddiaçı Firudin qızı həmin əmlaka hüququnu daşınmaz əmlakın dölət reyestrində qeydə aldırmaq istədiyini, lakin ölçmə işləri aparılmasına cavabdehin maneçilik yaratdığını əsas göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələblərinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

36. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

37. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Bu kontekstdə kollegiya vurğulayır ki, iddiaçı İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik olan şəxs deyildir.

39. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

40. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

41. Işin hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə XDS Icraiyyə Komitəsinin müvafiq protokol qərarı ilə iddiaçının mərhum ərinə verilmişdir.

42. Iddiaçı İddiaçı isə mərhum ərinin qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin əmlak üzərində vərəsəlik hüququ olduğuna əsaslanaraq, həmin əmlaka hüququ olduğunu iddia edir.

43. Kollegiya göstərir ki, cavabdeh Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin işin həlli hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından, o işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Nəticədə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına dair X7 ilə İddiaçı Firudin qızı arasında icra edilmiş ## ###### 1989-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir.

44. Bu halda isə, iddiaçının həmin torpaq sahəsinə hər hansı əmlak hüquqlarının mövcud olması müəyyən edilmir.

45. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı halda iddiaçını mübahisəli əmlaka dair subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyildir.

46. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya vurğulayır ki, mübahisəli əmlaka dair iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına da zərurət yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ölçmə işlərinə qoyulan manenin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar