Məhkəmə qərarları › İş №2(001)-102/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-102/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-102/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetlərinə yönəldiləsi tələbinə dair ilkin, Cavabdeh2, Cavabdeh3un, Cavabdeh4 və X3 İddiaçı ASCyə qarşı müqavilələrin etibarsız hesab edilməsi və öhdəliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada bankın xeyrinə 25R000001319 saylı kredit razılaşması üzrə 31825,73 ABŞ dolları əsas, 14516,88 ABŞ dolları faiz, 33091 ABŞ dolları cərimə borcu olmaqla cəmi 79433,61 ABŞ dolları, 25R000001734 saylı kredit razılaşması üzrə 17408,94 ABŞ dolları əsas, 8278,2 ABŞ dolları faiz, 18007,21 ABŞ dolları cərimə borcu olmaqla cəmi 43694,35 ABŞ dolları, 25R000003529 saylı kredit razılaşması üzrə 40916,58 ABŞ dolları əsas, 19914,15 ABŞ dolları faiz və 43014,6 ABŞ dolları cərimə borcu olmaqla cəmi 103845,33 ABŞ dolları, 3 kredit razılaşması üzrə ümumilikdə 226973,29 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 7 nömrəli evin 20 saylı mənzilinə və Bərdə rayonu Mustafağalı kəndində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X3 qaylı mülkiyyətində olan 0,14 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə (fərdi yaşayış evinin göstəriciləsi 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 217,3 kvm.etr, Liter B-də 1 mərtəbəli, 102,8 kv.metr olan Təs*-damı) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 25L000000817 saylı X6nin təminat üsulu kimi bank ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 25S000002110 saylı, Cavabdeh4 ilə bank arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 25S000002109 saylı, Cavabdeh2 ilə bank arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 25S000001628 saylı zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərə xitam verilməsi, Cavabdeh2 ilə bank arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 25M000000212 saylı, Cavabdeh3, Cavabdeh4 və X5 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli 25M000000220 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 nömrəli X6nə əsasən, sonuncuya 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli, 25R000001319S saylı sazişlə kreditin müddəti xx xxxxxx 2018-ci il tarixədək, xx xxxx 2016-cı il tarixli, 25R000001319SA saylı sazişlə isə xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Bundan başqa, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşmasına əsasən, bank tərəfindən sonuncuya aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli, 25R000001734S saylı sazişə əsasən, kreditin müddəti xx xxxx 2018-ci il tarixədək, xx xxxx 2016-cı il tarixli, 25R000001734SA saylı sazişə əsasən isə faiz dərəcəsi xx xxxx 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Bundan başqa, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşmasına əsasən, bank tərəfindən sonuncuya aylıq 1,5 faiz hesablanmaqla 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli, 25R000003529S saylı sazişə əsasən, kreditin müddəti xx xxxxxx 2017-ci il tarixədək, xx xxxx 2016-cı il tarixli, 25R000003529SA saylı sazişə əsasən isə faiz dərəcəsi xx xxxx 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. X6 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmçinin, X6 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25M000000212 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 7 nömrəli evin 20 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, X6 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X5 iddiaçı ilə bağladıqları xx xxxxxx 2014-cü il tarixli, 25M000000220 saylı ipoteka müqaviləsi əsasında paylı mülkiyyətlərində olan, Bərdə rayonu, Mustafağalı kəndində yerləşən 0,14 ha.torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişlər. Cavabdeh1 kredit müqavilələri üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən 1-ci müqavilə üzrə 31825,73 ABŞ dolları əsas, 14516,88 ABŞ dolları faiz, 33091 ABŞ dolları cərimə borcu olmaqla cəmi 79433,61 ABŞ dolları, 2-ci müqavilə üzrə 17408,94 ABŞ dolları əsas, 8278,2 ABŞ dolları faiz, 18007,21 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 43694,35 ABŞ dolları, 3-cü müqavilə üzrə isə 40916,58 ABŞ dolları əsas, 19914,15 ABŞ dolları faiz, 43014,6 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 103845,33 ABŞ dolları, hər 3 kredit razılaşması üzrə cəmi 226973,29 ABŞ dolları məbləğində borcu yaranmışdır. X1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi Vəkil ilk iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, bank tərəfindən borc məbləği əsassız şişirdilmiş, ipoteka predmeti olan əmlaklar real dəyərindən aşağı qiymətləndirilmişdir. Bundan başqa, kredit razılaşmalarının şərtlərinə müxtəlif tarixli sazişlərlə dəyişikliklər edilərək kreditin müddəti zaminlərin məlumatları olmadan uzadılmışdır ki, bu, yolverilməzdir. Belə ki, zaminlik müqavilələri X6 və həmin müqavilənin ayrılmaz hissəsi hesab edilən kredit razılaşlamarına şamil edilmişdir. Belə olan halda isə zaminlərə qarşı iddia müddəti bank tərəfindən buraxılmış hesab edilməlidir. Digər tərəfdən, bankla cavabdehlər arasında bağlanmış ipoteka müqavilələri də etibarsız hesab edilməlidir, belə ki, qanunun tələblərinə əsasən, ipoteka müqaviləsində ipoteka müqavilələri X6nin təminatı kimi bağlanmış, X6ndə isə kreditin məbləği, müddəti, faiz dərəcəsi, valyutası və s. kimi mühüm şərtlər yetərli dərəcədə aydın göstərilməmişdir. X6ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Ona görə də, müqavilə şərtləri aydın ifadə olunalıdır. Bağlanmış ipoteka müqavilələrində X6ndə nəzərdə tutulmuş kredit faizləri, öhdəliklərinin hissə-hissə icra olunması, ipoteka müqaviləsinə müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb borc məbləğlərinin məhkəmə tərəfindən dəqiqləşdirilərək Cavabdeh1 tutulması, zaminlik müqavilələrinə xitam verilməsi və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə həm iddiaçı, həm də digər iddiaçılar Cavabdeh4 və X3 nümayəndəsi Cavabdeh3 ilk iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək Vəkil izahatına uyğun izahat vermişdir. İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 nömrəli X6nə əsasən, sonuncuya 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli, 25R000001319S saylı sazişlə kreditin müddəti xx xxxxxx 2018-ci il tarixədək, xx xxxx 2016-cı il tarixli, 25R000001319SA saylı sazişlə isə xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşmasına əsasən, bank tərəfindən sonuncuya aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli, 25R000001734S saylı sazişə əsasən, kreditin müddəti xx xxxx 2018-ci il tarixədək, xx xxxx 2016-cı il tarixli, 25R000001734SA saylı sazişə əsasən isə faiz dərəcəsi xx xxxx 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşmasına əsasən, bank tərəfindən sonuncuya aylıq 1,5 faiz hesablanmaqla 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli, 25R000003529S saylı sazişə əsasən, kreditin müddəti xx xxxxxx 2017-ci il tarixədək, xx xxxx 2016-cı il tarixli, 25R000003529SA saylı sazişə əsasən isə faiz dərəcəsi xx xxxx 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. - Maliyyə arayışlarından görünür ki, 25R000001319 saylı, xx.xx.2013 tarixli kredit razılaşması üzrə xx.xx.2019 tarixə 31825,73 ABŞ dolları əsas, 14516,88 ABŞ dolları faiz, 33091 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə borcun məbləği 79433,61 ABŞ dolları; 25R000003529 saylı, xx.xx.2014 tarixli kredit razılaşması üzrə xx.xx.2019 tarixə 40916,58 ABŞ dolları əsas, 19914,15 ABŞ dolları faiz, 43014,6 ABŞ dolları cərimə borcu olmaqla ümumi borcun məlbəği 103845,33 ABŞ dolları; 25R000001734 saylı, xx.xx.2014 tarixli kredit razılaşması üzrə xx.xx.2019 tarixə 17408,94 ABŞ dolları əsas, 8278,2 ABŞ dolları faiz, 18007,21 ABŞ dolları cərimə borcu olmaqla ümumi borcun məbləği 43694,35 ABŞ dolları təşkil edir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 saylı X6 və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2013-cü il tarixli, 25S000001628 saylı zaminlik müqaviləsi bağlanmışdır. - İddiaçı QSC ilə Cavabdeh3 arasında xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 saylı X6 və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2014-cü il tarixli, 25S000002110 saylı zaminlik müqaviləsi bağlanmışdır. - İddiaçı QSC ilə Cavabdeh4 arasında xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 saylı X6 və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2014-cü il tarixli, 25S000002109 saylı zaminlik müqaviləsi bağlanmışdır. - MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 7 saylı evin 20 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Mustafağalı kəndində 0,14 ha. torpaq sahəsi üzərində ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh4, ¼ hissədə Cavabdeh3 və ¼ hissədə X3 pay hüququ tanınmış, həmin torpaq sahəsində olan fərdi yaşayış evi isə tam olaraq Cavabdeh1 mülkiyyətindədir. - İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 saylı X6 və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2013-cü il tarixli, 25M000000212 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 7 saylı evin 20 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X5 arasında xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 saylı X6 və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2014-cü il tarixli, 25M000000220 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Bərdə rayonu, Mustafağalı kəndində 0,14 ha. ölçülü, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X3 paylı mülkiyyətləri olan torpaq sahəsi və həmin torpaq sahəsində olan, tam olaraq Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Borc məbləğinin, həmçinin ipoteka predmeti olan əmlakların bazar dəyərinin dəqiq müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6168/2019 saylı qərardadına əsasən, iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 2807 saylı rəyində göstərilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən xx xxx 2019-cu il tarixdə əsas borc 32872,52 ABŞ dolları, faiz borcu 17678,11 ABŞ dolları, cərimə borcu 4089,8 ABŞ dolları; xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən xx xxx 2019-cu il tarixdə əsas borc 17408,71 ABŞ dolları, faiz borcu 10357,85 ABŞ dolları, cərimə borcu 2217,89 ABŞ dolları; xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən xx xxx 2019-cu il tarixə əsas borc 43268 ABŞ dolları, faiz borcu 20943,44 ABŞ dolları, cərimə borcu 5193,7 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin halları ilə müəyyən olunur ki, xx xxxxxx 2013-cü il tarixli kredit razılaşması (birinci razılaşma) üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği iddia tələbində həmin razılaşma üzrə göstərilmiş əsas və faiz borcunun məbləğindən çoxdur. Bu hal xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması (üçüncü razılaşma) üzrə borc məbləğlərində də müşahidə olunur. Yalnız xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması (ikinci razılaşma) üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddia tələbində göstərilən məbləğdən azlıq təşkil etidiyindən məhkəmə hesab edir ki, iddianın birinci və üçüncü razılaşmalar üzrə əsas və faiz borcuna, ikinci razılaşma üzrə isə yalnız faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin olunmasında tələbdən kənara çıxma halı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarında cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hazırki halda hər üç kredit razılaşması üzrə cərimənin məbləği ekspert tərəfindən hesablandığından iddia cərimə borclarının tutulması hissəsində ekspert rəyinə uyğun təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir:  hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə);  əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Mülki Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər. Qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Hazırki halda işin halları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25S000001628 saylı, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25S000002110 saylı və İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25S000002109 saylı zaminlik müqavilələri xx xxxxxx 2013-cü il tarixli, 25L000000817 saylı X6 və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun, yəni Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xx xxxxxx 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə xx xxxx 2016-cı il tarixli, 25R000003529SA saylı sazişin bağlanmasından zamin Cavabdeh2 məlumatlı olmasını, hətta razılaşmaya imza etməsini bildirsə də, təqdim olunmuş razılaşma nəzərdən keçirilərkən məlum olur ki, xx xxxx 2016cı il tarixdə, yəni razılaşmadan 1 gün sonrakı tarixdə tərtib olunmuş ödəniş planı xx xxx 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən imzalanmışdır. Bu isə onu göstərir ki, bank ilə əsas borclu arasında razılaşma imzalanarkən zamin Cavabdeh2 razılığı əldə olunmamışdır. Beləliklə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış X6 və kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı məsuliyyəti öz üzərilərinə götürsələr də, həmin kredit razılaşmalarına sonradan bank və Cavabdeh1 tərəfindən imzalanmış müxtəlif tarixli sazişlərlə dəyişiklik edilməsi barədə onların razılığı müəyyən edilməmişdir. Buna görə də, kredit razılaşmalarında dəyişiklik edilməsinə dair bankla Cavabdeh1 arasında imzalanmış sazişlərdə göstərilən şərtlər zaminlərə tətbiq olunmamalı, zaminlərin öhdəlikləri kredit razılaşmalarının müddətlərinin bitdiyi tarixədək müəyyən olunmalıdır. Belə olan halda, xx xxxxxx 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsi üzrə öhdəliklərin icra vaxtı zaminlərə münasibətdə xx xxxxxx 2016-cı il tarixdə, xx xxxxxx 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşması müqaviləsi üzrə öhdəliklərin icra vaxtı xx xxxxxx 2017-ci il tarixdə, xx xxxxxx 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması müqaviləsi üzrə öhdəliklərin icra vaxtı isə xx xxxxxx 2017-ci il tarixdə bitməsi nəzərə alınmaqla bankın zaminlərə qarşı iddia müddəti ən geci xx xxxxxx 2018-ci il tarixədək müəyyən edilir. Kreditor hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2019-cu il tarixdə müraciət etdiyindən İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25S000001628 saylı, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25S000002110 saylı və İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25S000002109 saylı zaminlik müqavilələrinə xitam verilməli, iddia borcun tutulması hissəsində onlara münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsi üzrə 31825,73 ABŞ dolları əsas, 14516,88 ABŞ dolları faiz, 4089,8 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50432,41 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşması üzrə 17408,71 ABŞ dolları əsas, 8278,2 ABŞ dolları faiz, 2217,89 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 27904,8 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə isə 40916,58 ABŞ dolları əsas, 19914,15 ABŞ dolları faiz, 5193,7 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 66024,43 ABŞ dolları olmaqla hər 3 kredit razılaşması üzrə ümumilikdə 144361,64 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə ilk iddianın tələbin ipoteka predmetinə yönəldilməsi və bununla bağlı digər hissələrinə münasibətdə qeyd edir ki, ipoteka müqavilələrinin bağlanması üçün X6ndə mühüm şərtlər yetərli dərəcədə aydın göstərilməlidir. X6ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka oyanın razılığı alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 10.5-ci maddəsinə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarixgöstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. - 10.6-cı maddəsinə əsasən, ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, ipoteka müqavilələrində əsas öhdəliyin mahiyyəti aydın göstərilməli olduğu halda İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25M000000212 saylı, eləcə də İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X5 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 25M000000220 saylı ipoteka müqavilələrində Cavabdeh1 bank tərəfindən ayrılmış kredit xəttinin ümumi məbləği və müddəti göstərilmiş, verilmiş kreditin konkret məbləği, faizləri və ödəniş qaydası konkretləşdirilməmiş, bank ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmaları və həmin razılaşmalara dəyişiklik edilməsinə dair sazişlər “ipoteka qoyan”lar tərəfindən razılaşdırılmamış, onların prosessual iştirakları təmin edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, sözügedən ipoteka müqavilələri etibarsız hesab edilməli, beləliklə, ilk iddia tələbin ipoteka predmetinə yönəldilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi hissəsində rədd, qarşılıqlı iddia isə bu və zaminlik müqavilələrinə xitam verilməsi hissəsində, beləliklə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyinə görə “İddiaçı» QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən tutularaq Cavabdeh2 ödənilməli, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 45 manat məbləğində hissəsi iddiaçıdan, 75 manat məbləğində hissəsi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsi üzrə 31825,73 ABŞ dolları əsas, 14516,88 ABŞ dolları faiz, 4089,8 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50432,41 ABŞ dolları; xx xxxxxx 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşması üzrə 17408,71 ABŞ dolları əsas, 8278,2 ABŞ dolları faiz, 2217,89 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 27904,8 ABŞ dolları; xx xxxxxx 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə isə 40916,58 ABŞ dolları əsas, 19914,15 ABŞ dolları faiz, 5193,7 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 66024,43 ABŞ dolları olmaqla hər 3 kredit razılaşması üzrə ümumilikdə 144361,64 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 25L000000817 saylı X6nin təminat üsulu kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 25S000002110 saylı, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 25S000002109 saylı, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 25S000001628 saylı zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərə xitam verilsin. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 25M000000212 saylı, Cavabdeh3, Cavabdeh4 və X5 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli 25M000000220 saylı ipoteka müqavilələri etibarsız hesab edilsin. İlk iddia üzrə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 45 manat məbləğində hissəsi İddiaçı QSC-dən, 75 manat məbləğində hissəsi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar