Məhkəmə qərarları › İş №2(001)-1022/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1022/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1022/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahları pozulmuşdur. Birgə nigahlarından xx.xx.2021-ci il təvəllüdlü X8 adlı bir övladları vardır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona, yəni İddiaçı ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ hal-hazırda Respublikada mövcud olan bazar qiymətləri ilə müqayisədə, eləcə də uşağın yaşının artması səbəbindən onun saxlanılmasına kifayət etmir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-ci il üçün əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 45/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 üçün tutulan 170 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh əmək haqqısının 586 manat təşkil etdiyini və hazırki vaxtadək aliment borcunun olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-706/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında 19 sentyabr 2019-cu il tarixdə Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 12 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və 02 iyun 2023-cü il tarixdən başlayaraq 26 yanvar 2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün 100 manat pulun Cavabdeh alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2024 saylı 08 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Cavabdeh maraqlı şəxs X3 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilmiş, Cavabdeh ilə X6 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi anası X2 yanında saxlanılması, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü il iyul ayından başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq (hər ayın sonuncu günündən gec olmayaraq) anası - X4 ödənilməsi və xx.xx.2021-ci il təvəllüdlü X7 atası - Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olması qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 450360 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-571/2024 saylı 17 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun müraciətinə İdarə tərindən baxılmış və ona bildirilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X8 atası Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmalıdır. İcra sənədi Şamaxı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraya yönəldilmişdir. Şamaxı rayon İcra və probasiya şöbəsindən təqdim edilmiş arayışda barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Şamaxı Rayon Məhkəməsinə təqdim edildiyi, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat inzibati qaydada cərimə olunduğu qeyd edilmişdir. Bildirilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Əlavə olaraq bildirilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01192 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00-da ALGİ Plazada keçirilmiş ilkin mediasiya sessiyasında X6 və Cavabdeh iştirak etmişlər və X6 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2023-cü il tarixindən 345 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər 19 sentyabr 2019-cü il tarixdə nikaha daxil olmuşlar, onların nikahları Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından 26 yanvar 2021-ci il təvəllüdlü X8 adlı bir övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmənin müvafiq aktına əsasən pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 26 yanvar 2021-ci il təvəllüdlü X5 iddiaçının yanında qalması müəyyən edilmiş və uşağın 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən 100 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2024 saylı 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh maraqlı şəxs X3 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilmiş, tərəflər arasında 22 iyun 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və Cavabdeh 26 yanvar 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyul ayından başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin Xəlilova (Kərimova) Çinarə Əlmusa qızının xeyrinə tutulması qət edilmişdir. Bununla yanaşı, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2024 saylı 08 yanvar 2024-cü il tarixli icra sənədinin icrası başladıqdan sonra ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Cavabdeh alimentin artırılmamasını xahiş etsə də, məhkəmə uşağın mənafeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, cavabdehin kifayət qədər qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən, həmçinin uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15№-li qərarında Plenum alimentin hesablanmasının yeni qaydasını tövsiyyə edərək, müəyyən etmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Bununla yanaşı, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişinində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməli, tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün, iddia tələbi təmin edilməli, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 2(074)- 45/2024 saylı 08 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən 26 yanvar 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği məbləği dəyişdirilərək, alimentin hesablanması ilə bağlı Ali Məhkəmənin tövsiyyə etdiyi qaydalar əsas götürülməklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməli, 26 yanvar 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində (235 / 345 = 0.68) sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarına əsasən müəyyən edilmiş formada, yəni məhkəməyə müraciət edildiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 2(074)-45/2024 saylı 08 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən 26 yanvar 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, alimentin hesablanması ilə bağlı Ali Məhkəmənin tövsiyyə etdiyi yeni qaydalar əsas götürülməklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməli, 26 yanvar 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin yeni məbləğdə tutulması 19 noyabr 2024-cü il tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar