Məhkəmə qərarları › İş №2(001)-1033/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1033/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1033/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” Bakı Filialının Cavabdeh qarşı “kreditin, kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X4” Bakı Filialı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.410,81 manat (bundan 7.588,23 manat əsas (vaxtı keçmiş kredit) borcu və 855,58 manat faiz boru) və 30 manat dövlət rüsumunun “X4” Bakı filialının xeyrinə tutulması və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş **-VB-*** qeydiyyat nömrəli, 2019-cu il buraxılışı, qara rəngli, mühərrik 1031685, Ban XTA212140L2380410 markalı avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması və əldə olunan vəsaitdən “X4” Bakı filialına olan borcun ödənilməsi, qalan məbləğin isə avtomobilin sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli 87 AV nömeəli Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 % ödəmək şərti ilə 24 ay müddətinə 9.100 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli 87 Aİ nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündan 1 ay sonradan başlayaraq hər ay həmin günü ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 458,72 manat ödəməli idi. Müqavilənin 4.2-ci maddəsinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas borcalanın ssuda və ya vaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər-hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq, borcalan xx xxxxxxx 2020-cı il tarixə bank 4.757,52 manat ödəniş yerinə yetirməli idi. Lakin, xx xxxxxxx 2020-cı il tarixədək borcalan tərəfindən banka 2.500 manat kredit borcu üzrə ödəniş həyata keçirilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borcalan banka illik 29% ödəməlidir. Cavabdehə dəfələrlə müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Bank və ipoteka qoyan arasında imzalanmış xx xxxxxx 2019cu il tarixli 87 Aİ nömrəli ipoteka müqaviləsinə əsasən borcalanın Kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra olunmasının təmiatı kimi, ipoteka qoyan **-VB-*** qeydiyyat nömrəli, 2019-cu il buraxılışı, qara rəngli, mühərrik 1031685, Ban XTA212140L2380410 markalı avtomobil ipoteka kimi təqdim edilmişdir. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ipoteka saxlayana dəyən zərərlər və həmçinin ipoteka saxlayan tərəfindən ipoteka predmetinə ödəniş yönəldilməsilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Bu müqavilənin 4.4-cü bəndinə əsasən borcalan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə ipoteka saxlayanın ödənişi ipoteka predmetinə və həmin maddənin 3-cü hissəsinin tələblərinə görə, müqavilənin 4.1-cü bəndinin 3 və 4 abzaslarında göstərilmiş öhdəliklər yerinə yetirilmədikdə girov ilə təmin olunmuş öhdəliklərin müddətindən asılı olmayaraq ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır, borcalan ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, iptoteka saxlayanın alış qiymətinə bu müqavilənin 3.1-cü bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil etməklə ipoteka predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəlmək hüququ vardır. Həmçinin bu müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq, ipoteka saxlayanın ipoteka predmetini öz adma keçirərkən alış qiymətinin müəyyən edilməsi zamanı bu əqdin həyata keçirilməsi gününə müəyyən edilmiş qiymətdən çıxış edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “X4” Bakı Filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 19% dərəcəsi ilə avtomobil almaq məqsədi ilə 9.100 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. “X4” Bakı Filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 87 Aİ saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi “VAZ 21214” markalı, mühərrik 1031685, ******* ban, rəngi qara, ili 2019 olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh “X4” Bakı Filialından 9.100 manat məbləğində kredit vəsaiti götürmüşdür. AD 748738 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “LADA 21214 Urban” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. “X4” Bakı Filialının Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, Cavabdeh borcunu ödənilməsi təklif edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir; xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsi üzrə 7.588,23 manat məbləğində əsas borc, 822,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8.410,81 manat məbləğində borcu var. xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuş, nəticədə Banka 7.588,23 manat məbləğində əsas borc, 822,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8.410,81 manat məbləğində borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “tutmanın girov əmlaka yönəldilməsi, girovun hərracda satılması, hərracdan əldə olunan vəsaitdən borcun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir; 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 10.2-ci maddənin ikinci cümləsində “Daşınmaz əşyanın ipotekası haqqında müqavilə” sözləri “İpoteka müqaviləsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalı, notariat qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır. Lakin, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 87Aİ nömrəli ipoteka müqaviləsi qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Belə ki, qeyd edilən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış ipoteka müqaviləsi etibarsız sayıldığından və buna görə də hüquqi nəticələrə səbəb olmadığından hazırki iddia tələbi “tutmanın girov əmlaka yönəldilməsi, girovun hərracda satılması, hərracdan əldə olunan vəsaitdən borcun ödənilməsi” hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsi üzrə 7.588,23 məbləğində əsas borc, 822,58 manat məbləğində faiz borcu olmaqla, cəmi 8.410,81 manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı “X4” Bakı Filialına ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, 87 AV nömrəli kredit müqaviləsi üzrə 7.588,23 (yeddi min beş yüz səksən səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 822,58 (səkkiz yüz iyirmi iki manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8.410,81 (səkkiz min dörd yüz on manat, səksən bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq iddiaçı “X4” Bakı Filialına ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar