Məhkəmə qərarları › İş №2(001)-1043/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1043/2023

08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1043/2023 08.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və s. tələbinə dair mülki işə 08 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi, habelə, ünvan 1 ünvanından axıdılan suyun qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S,Axundov küçəsi, 5 saylı evin 37 saylı mənzilində yaşayır. Mənzil onun mülkiyyətindədir. Mənzildə yaşadığı dövrdə üst mərtəbədə, 39 saylı mənzildə yaşayan qonşusu – Cavabdeh tərəfindən dəfələrlə mənzilinə suyun axması nəticəsində iddiaçının yaşadığı mənzil yararsız hala düşmüşdür. Mənzil-Kommunal İstismar Sahəsinin nəzarətçiləri tərəfindən tərtib edilmiş 15 dekabr 2022-ci il tarixli aktda iddiaçının mənzilinə üst qonşu tərəfindən suyun axıdılması öz əksini tapmışdır. Həmçinin, suyun axması fotoçəkilişlə qeydiyyata da alınmışdır. İddiaçı mənzilin təmiri üçün 1000 manat pul tələb edir. Həmçinin, bundan sonra suyun axıdılmasının qarşısının alınması cavabdehə öhdəlik kimi müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, ekspert mənzillərə baxış keçirdikdən sonra suyun axıdılmasının onun mənzilindən baş verdiyini müəyyənləşdirmiş, bundan sonra ekspertin tutduğu iradlar aradan qaldırılmış, yəni su axıdılmasının qarşısı alınmışdır. Mülki iş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S,Axundov küçəsi, 5 saylı evin 37 saylı mənzili İddiaçı mülkiyyətindədir. - 106 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 15 dekabr 2022-ci il tarixli aktda göstərilmişdir ki, .....mənzil 37 ünvanında yaşayan vətəndaş İddiaçı mənzilinə baxış keçirilmiş və məlum olmuşdur ki, S.S.Axundov 5, mənzil 39-dan (ev sahibi Cavabdeh) baş verən axıntı nəticəsində mənzil 37-nin mətbəx, hamam, dəhliz hissəsinə ciddi ziyan dəymişdir. Mənzil 39-da yaşayan vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Məhkəmənin 25 yanvar 2023-cü il tarixli, 2(001)-1043/2023 saylı qərardadına əsasən, İddiaçı məxsus mənzilə suyun axmasının həmin ünvanda yerləşən 39 saylı mənzillə səbəbli əlaqəsinin olub-olmamasının, dəymiş ziyanın nədən ibarət olması və zərərin aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunun müəyyənləşdirilməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 5 saylı evin 37 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar və tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, 106 saylı MKİS əməkdaşları tərəfindən tərtib olunmuş 15 dekabr 2022-ci il tarixli Aktda göstərilənləri, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, mənzilin iddiaçının mənzilinin üstündə yerləşdiyini, o cümlədən cavabdehin mənzilinin mətbəx otağında qabyuyanın (rakvina) kanalizasiya xəttində qüsurun mövcud olduğunu, eləcə də faktiki olaraq kanalizasiya borusundan su axdığını nəzərə alaraq, 37 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 39 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Həmçinin, qeyd olunur ki, su sızma nəticəsində 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 433 manat məbləğində olduğu müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır,amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən halları ilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S,Axundov küçəsi, 5 saylı evin 37 saylı mənzilinə həmin binanın 39 saylı mənzilindən su axıdıldığı müəyyən edilir. İddiaçı mənzilinin təmirinə 1000 manat pul tələb olunduğunu bildirərək, dəymiş zərərin əvəzini bu cür qiymətləndirsə də, ekspert rəyi ilə mənzilin təmirinə 433 manat tələb olunduğu göstərilmiş, bu məbləğin 1000 manat olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 433 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərnaycan Respublikasının Mülki Məcəlləsinin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçıya vurulmuş zərərin əvəzi tutulmaqla cavabdehə mənzilindən suyun axıdılmasının qarşısının alınması üçün tədbirlər görülməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Habelə, iş üzrə epskertiza xərci 50 manat təşkil edir. Ekspert rəyi ilə cavabdehin təqsiri sübuta yetirildirindən, ekspertiza xərci cavabdehdən aidiyyəti üzrə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 433 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S,Axundov küçəsi, 5 saylı evin 37 saylı mənzilinə Cavabdeh məxsus, həmin binanın 39 saylı mənzilindən suyun axıdılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı Cavabdeh üzərinə öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutulararaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar