Məhkəmə qərarları › İş №2(001)-1048/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1048/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1048/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 5089131/F №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə cavabdehin banka əsas borc üzrə 2190,63 manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 138,23 manat olmaqla cəmi 2328,86 manat borcu yaranmışdır. Cavabdeh öhdəliklərini icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2020-ci il tarixdə cəmi 60 manat məbləğində ödənilmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli 5089131/F №-li kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2190,63 manat, faiz borcu üzrə 138,23 manat olmaqla cəmi 2328,86 manat kredit borcunun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2020-ci il tarixə təyin olunan məhkəmə hazırlıq iclasında Cavabdeh iddia ərizəsini qəbul etdiyini, banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 5089131/F saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 22 % ödəmək şərti ilə 2500 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən kreditorun bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli 5089131/F saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2500 manat, faiz borcuna görə 614,87 manat olmaqla cəmi 3114,87 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və kredit müqaviləsinə xitam verilərək kredit borcunun tam olaraq ödənilməsinin tələb olunacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 5089131/F saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə əsas borca görə 2190,63 manat, faiz borcuna görə 138,23 manat olmaqla cəmi 2328,86 manat borcu vardır. Borclu kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə 60 manat olmaqla aparmış, ümumilikdə əsas borca görə 309,37 manat, faiz borcuna görə 310,87 manat ödəmiş etmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh xx.xx.2019-cu il tarixli 5089131/F saylı kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi nəticəsində İddiaçı ASC-yə əsas borca görə 2190,63 manat, faiz borcuna görə 138,23 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, əsas borca görə 2190,63 manat, faiz borcuna görə 138,23 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair tələblərini əsaslı hesab edib, iddia ərizəsini tam həcmdə təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 5089131/F saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 5089131/F saylı kredit müqaviləsi üzrə əsas borca görə 2190,63 manat, faiz borcuna görə 138,23 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2358,86 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar