Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1048/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdehnın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 2009-cu ildə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından 15.05.2007-ci il təvəllüdlü və 06.01.2009-cu il təvəllüdlü iki uşaqları olmuşdur. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, azyaşlı uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların saxlanması üçün hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat aliment tutulması qət edilmişdir. Nikahları pozulduqdan sonra cavabdeh cəmi 10 ay alimenti ödəmişdir. Sonra söz vermişdir ki, əgər iddiaçı aliment istəməsə, uşaqları ilə birlikdə yaşadıqları evi onun adına keçirəcək. Lakin bu günə kimi nə alimenti ödəyir, nə də ki, evi iddiaçının adına keçirmişdir. Hər dəfə də yeni bəhanə gətirib aldadır. Sonrakı illər dövlət qanunu ilə alimentin miqdarı artırılaraq bir uşaq üçün sabit pul məbləğində 117 manat, 137 manat, 154 manat. 160 manat, 170 manat və 2021ci ildən isə 175 manat müəyyən edilmişdir. İddiaçı cavabdehin sözünə inanıb alimentin artırılmasını tələb etməmişdir. Artıq ona inanmır. Həm də iki uşağı maddi cəhətdən təmin etmək iddiaçı üçün çətinlik yaradır. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, məhkəməyə müraciət etdiyi vaxtdan Cavabdeh ümumi uşaqları - 15.05 2007-ci il təvəllüdlü X4 və 06.01.2009-cu il təvəllüdlü X1 üçün təyin edilmiş 206 manat alimentin miqdarını artıraraq, sabit pul məbləğində hər ay, hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat pulun onun xeyrinə tutulması, həmçinin alimentin hər ay üçun 206 manat hesablandığı əvvəlki 3 illik dövr üzrə ödəmədiyi alimentin hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdehlə nikahları pozulduqdan bir müddət sonra aralarında belə razılığa gəlmişlər ki, cavabdeh aliment ödəməyəcək və bunun əvəzinə yaşadıqları evi onun adına keçirəcək. Ondan sonra o, notariat qaydasında alimentdən imtina etdi. Razılaşmalarından sonra kifayət qədər vaxt keçsə də, cavabdeh evi hələ də onun adına keçirməyib. Ev özbaşına tikilidir, yalnız bələdiyyə sənədləri var. O, uşaqları ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh evi onun adına keçirmədiyinə və o, uşaqları tək saxlamağa çətinlik çəkdiyinə görə, hal-hazırda alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəllər bu barədə nə cavabdehə, nə də ki, məhkəməyə müraciət etməyib. Məhkəmə iclasında iştirak edən Cavabdehnın nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, tərəflər 2016-cı ildə aralarında razılığa gəlmiş və iddiaçı həm notariat qaydasında, həm də icra şöbəsinə ərizə ilə müraciət edərək, alimentdən imtina etmiş və icra işinə xitam verilməsini xahiş etmişdir. Yəni hal-hazırda hər hansı icra sənədi üzrə tutulan aliment mövcud deyil və tutulmayan alimentin məbləğinin artırılması da mümkün deyil. İddaçı aliment tələb etmək fikrində olduğu təqdirdə ya müvafiq ərizə ilə icra şöbəsinə, ya da ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Bundan əlavə, cavabdehin iddiaçı ilə razılığa gələnədək hər ay alimenti ödəməsinə dair qəbzlər məhkəməyə təqdim edilib. Eyni zamanda əvvəlki dövr üçün aliment yalnız o halda tələb edilə bilər ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını sübut etsin. Hazırkı iş üzrə iddiaçı bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia ərizəsi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 09.12.2016-cı il tarixli notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 145-də yerləşən 95 saylı evin müqabilində keçmiş həyat yoldaşı Cavabdeh aliment tələb etmir. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə yazdığı ərizədən görünür ki, o, alimentdən imtina etmiş və icra işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli, 8(006)-7/2017 saylı qərardadından görünür ki, iş üzrə tələbkar X3 09.12.2016-cı il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək, aliment üzrə tələbinin olmadığını bildirmiş, ona görə də icra məmuru tərəfindən icra sənədi üzrə icra icraatına xitam verilməsi məhkəmədən xahiş edilmiş, həmin qərardadla təqdimat təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2014-cü il tarixli, 2(006)-4786/2014 saylı icra sənədinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-cü maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin məzmunundan göründüyü kimi, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi yalnız məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra mümkündür. Hazırkı işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən imtina etmiş və icra sənədi üzrə icra icraatına xitam verilmişdir. İddia ərizəsinin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Yəni iddiaçı üç illik müddət üçün alimentin tutulmasını məhkəmədən xahiş etdiyi halda, aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını sübut etməli idi. Lakin iddaçı nəinki bunu sübut etməmiş, hətta məhkəmə iclasında məhkəməyə bildirmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək evin onun adına keçiriləcəyini gözləyirdi və ona görə də, aliment tələb etmirdi. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1048/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1048/2022
27.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver