Məhkəmə qərarları › İş №2(001)-105/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-105/2023

22.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-105/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X18” Şirkətinin nümayəndəsi X11 iştirakları ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X5, “X18” Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) torpaqdan istifadəyə maneənin aradan qaldırılması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 1280 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə X1 ərazi hüdudlarında onun istifadəsinə ayrılmış torpaq sahəsinə Cavabdeh tərəfindən istifadəy yaradılan maneənin aradan qaldırılması və torpaq sahəsinə müdaxilə edilməsinin qadağan edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 1280 saylı, 24 avqust 2006-cı il tarixli qərarı ilə X1 ərazi hüdudlarında X3 istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 500 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları onun adına keçirilmişdir. Həmçinin təklif olunan torpaq sahəsinin situasiya planı da onun adına düzəliş edilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsinə verilmişdir. Torpaq sahəsi alınanda üzərində 2 otaqlı fərdi yaşayış evi olmuşdur. Torpaq sahəsinə dair bütün ödənişlər tərəfindən həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, o torpaq sahəsində olmadığı vaxt 2021-ci ili sentyabr ayında Binəqədi rayonu, Yanar Dağ ərazisində yerləşən və ona məxsus torpaq sahəsinə 13 nəfərlə hücum çəkərək, qanunsuz olaraq Cavabdeh darvazanın kilidini sındıraraq tikinti işləri aparmışdır. Həmin qanunsuz tikili torpaq sahəsini ona satan şəxs tərəfindən sökülmüşdür. Cavabdeh qeyd edilən torpaq sahəsinin özünə aid olduğunu bildirərək daima münaqişə yaradır, torpaq sahəsindən istifadə etməyə maneçilik törədir, torpaq sahəsinə mütəmadi olaraq müdaxilə edir. Halbuki, ona verilən torpaq sahəsi qərarla göstərilən ölçülərinə uyğundur və heç bir əlavə torpaq sahəsi yoxdur. O, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Binəqədi RPİ-nin 43-cü PB-nə şikayət etmişdir. 27 sentyabr 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, özü əvvəl rayonda yaşamışdır. 1 ildir ki, Bakı şəhərindədir. Ona həmin torpaq sahəsi hasardan-hasara göstərilmiş və 5 sot olduğu deyilmişdir. Evi ona makler kimi tanıdığı və 1200 manat xidmət haqqı kimi pul ödədiyi Zülfiqar və Niyazi adlı şəxs göstərmişdir. Rayonda olarkən yoldaşı ona zəng vuraraq, xəbər etmişdir ki, cavabdehin qızı darvazanı deşik-deşik edib. Əslində həmin torpağı 39000 manata Ayazdan almışdır. 1500 manat isə Bələdiyyənin Afiq adlı işçisinə vermişdir. Bələdiyyəyə vergi ödəmək üçün yaxınlaşdıqda ona torpaq sahəsinin 4 sot olduğu deyilib. Bələdiyyədən verilən məlumata etiraz olaraq qeyd etmişdir ki, 4 sot deyilsə də, 5 sotun sənədi verilmişdir. Hesab edir ki, torpağın sənədləşdirilməsi zamanı saxtakarlığa yol verildiyindən, bələdiyyə barəsində xüsusi qərardad çıxarılmalıdır.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, özü əvvəllər Göygöl şəhərində yaşamış, 1 ildir ki, Bakı şəhərinə gəlmişdir. Ona aid olan torpaq sahəsi faktiki olaraq 3,8 sotdur, lakin 5 sot olmalıdır. 540 kv.m torpaq sahəsini 2021-ci ilin iyun ayında X6 və X7 vasitəçiliyi ilə İ qrup gözdən əlil Ayaz adlı şəxsdən almışdır. İlkin olaraq Zülfiqar və Niyaziyə 1200 manat beh vermiş, daha sonra isə həmin şəxslərin iştirakı ilə 39000 manat pulu Ayaza vermişdir. Torpaq sahəsini aldığı şəxslərin və torpaq sahəsinin fotoşəkillərini məhkəməyə təqdim edib. Fotoşəkillərdən də göründüyü kimi hasarı dağılmışdır. Hasarı cavabdeh öz tanışları ilə bir gecədə sökmüşdür. Eyni zamanda bu barədə həmin şəxslərlə telefon danışığı və səs yazıları vardır. Lakin torpaq sahəsinin adına və istifadəsinə verilməsi xx.xx.2006-cı il tarixli qərarla olub. Cavabdeh qanunsuz olaraq torpaq sahəsini zəbt etmişdir. Hasardan hasara torpağın ümumi sahəsi 540 kv.m dir. Faktiki torpaq sahəsi 380 kv.m dir, 120 kv.m torpaq sahəsi əskikdir. Cavabdeh o, torpağı aldıqdan 15 gün sonra ortalığa çıxıb.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildimişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı torpaq sahəsini alarkən ümumiyyətlə torpaqla maraqlanmamışdır.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, həmin ərazi ümumi 20 sotdan ibarət olmuşdur. Qeyd edilən ərazidə onun 2 sot torpaq sahəsi var. Həmin torpaq sahəsini bələdiyyə qərarına əsasən 2006-cı ildə almışdır. Qonşuları ona ümumi torpaq sahəsinin satılması barədə məlumat vermişlər. İddiaçının həmin ərazidə 5 sot torpaq sahəsi var və ona məxsus olan 2 sot torpaq sahəsini də öz ərazisinin tərkibinə qatmaq istəyir. Onun torpaq sahsinin uzunluğu 20 metr 30 santimetrdir, eni isə 8 metrdir.Ümumilikdə onun və iddiaçının torpaq sahəsi hasardan hasara 7 metr təşkil edir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, Cavabdeh da, özünə aid olduğunu iddia etdiyi torpaq sahəsini satın almışdır. Bununla bağlı ödəniş qəbzləri belə vardır. İddiaçının isə həmin torpaq sahəsinə dair ödəniş qəbzi yoxdur. Cavabdeh da torpaq sahəsinə dair bələdiyyə qərarı və planı var. Həmin sənədləri elektron qaydada məhkəməyə təqdim etmişlər.

9. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X8 izahatında bildirmişdir ki, DƏDRX tərəfindən təqdim edilən rəylə razılaşır. Təklif edir ki, tərəflər arasında məsələ barışıq sazişi ilə həll edilsin. Hazırda mübahisə 48 kv.m əhatə edən sahə üstündədir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X8 izahatında bildirmişdir ki iddiaçı iddia edir ki, torpaq sahəsi içərisində tikili ilə birlikdə 2021-ci ildə almışdır və torpaq sahəsinin ümumi sahəsi 5 sot olmuşdur. Lakin 2006-cı ilin arxiv sənədləri onlarda vardır. Bununla bağlı xx.xx.2006-cı il tarixli, 1280 nömrəli torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilmısi haqqında qərarın və kassa mədaxil orderinin qəbzinin təsdiq olunmuş surətini təqdim edib. Həmin məhlə köhnə məhlədir və 50 ildir orada yaşayış vardır. Orada yolların asfaltlanması, bütün işıqlandırma bütün zəruri tədbirlər həyata keçirilmişdir. Lakin tərəflərin torpaq sahəsinin arasında olan hasarın orada nə vaxt tikildiyi onlara məlum deyil. Torpaq sahəsini ölçmüşlər, evlə birlikdə ümumi sahə 542 kv.metr təşkil edir. Ev cəmi 16 kv.m olmaqla, hasardan 1,5 metr küçəyə çıxır. Evdən sonra isə yoldur, evin təxminən 10 kv.m hissəsi yola çıxır, lakin tam olaraq yola çatmır. Ümumi olaraq torpaq 7 sot olmalıdı idi

11. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X18” Şirkətinin nümayəndəsi X15 izahatında bildirmişdir ki, həmin torpaq sahəsinin ümumiyyətlə dövlətin mülkiyyətindədir.

12. Əvvəlki məhkəmə iclasında iştirak edən “X18” Şirkətinin nümayəndəsi X15 izahatında bildirmişdir ki, torpaq sahəsinə dair faktiki koordinatların və kadastrının təqdim olunması ilə bağlı Şirkətin mütəxəsislərinə rəsmi müraciət etmişlər. Mütəxəssilər tərəfindən rəy veriləndən sonra sözügedən torpaq sahəsinin Şirkətin Saziş ərazisi hüdudları daxilində olub-olmaması barədə mövqe bildirə bilərlər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

14. Bakı şəhəri Binəqədi rayonu, X1 xx.xx.2006-cı il tarixli, 1280 saylı qərarından görünür ki, X1 ərazi hüdudlarında vətəndaşlar X3 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutumuş 500 kv.m torpaq sahəsini və ondan istifadə hüquqlarının vətəndaş İddiaçı adına keçirilməsi qərara alınmışdır.

15. X1 AEP seriyalı, 540123 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, Əliyev X4 Ayaz İslaqif oğluna torpağın dəyəri kimi 400 manat ödəniş etmişdir.

16. Bakı şəhəri Binəqədi rayonu, X5 tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, onun xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmış və Binqəədi qəsəbə bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində mülkiyyətinə ayrılmış torpaq sahəsinin nəzarətsizlikdən naməlum şəxslər tərəfindən zəbt olunması iddiası hüquqi müstəvidə məhkəmə qaydasında həyata keçirilə biləcəyi və buna görə də aidiyyəti qaydada iddia ilə çıxış etməsi tövsiyyə edilmişdir.

17. Binəqədi Rİ-nin 43-cü PB-nin təhqiqatçısı polis kapitanı Rəşad Yaqubov tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2021-ci 1 tarixdə vət. İddiaçı 43-cü PB-na ərizə ilə müraciət edərək bildirmişdir ki, Binəqədi rayonu, yanar dağ ərazisində adlı şəxsdən torpaq sahəsi alınmış, bir müdddətdən sonra Ərəstun adlı şəxs sözü gedən torpaq sahəsinin ona aid olduğunu demiş, Orǝstun adlı şəxsin ayaz ona məxsus torpaq torpaq sahəsində olmamağından istifadə edərək darvazanın kilidini sındırmış.yeni bir kilid qoymuş, Ərəstun adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ərizə xx.xx.2021-ci il tarixdə HK-1.N=1963 sayda icraatıma daxil olmuşdur.Material tərəfimdən öyrənilərkən məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi "Xəzər" marketin arxasındayaşayan Cavabdeh ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2021ci il tarixdə saat 16:31-də Azərbaycan Respublikası DİN-nin "102" xidmətinə zəng edərək Ayaz adlı şəxsin ona məxsus torpaq sahəsini zəbt etməsini bildirmiş, material araşdırılması üçün HK-1.N= 1400 sayda qeydə alınaraq araşdırılması 43-cü PB-nin təhqiqatçısı polis mayoru Rza Nəzərova həvalə olunmuşdur. Məlumatın yoxlanılması zamanı Nəcəfov X10 RPİ-nin 43-cı PB-nə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2006-ci il tarixdə Səyavuş adlı şəxsdən 2500 ABŞ dollarına "Vulkan" dağın ətəyindən 2 sot torpaq sahəsi almış və qəfildən Səyavuş vəfat etdiyindən onun oğlu Ayaz isə həmin torpağı başqa bir şəxsə satmışdır. Bu zaman o Ayaza iradını bildirmiş, Ayaz isə bu torpaqlar "atamın olub" deyərək cavab vermişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilib materiala əlavə olunmuşdur. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki xx.xx.2006-cü il tarixdə tanışı və dostu olan Səyavuş adlı şəxsdən Binəqədi rayonu, Xırdalan şossesində yerləşən 5 sotluq torpaq sahəsindən 2 sotunu 2500 ABŞ dollarına almış və Səyavuş iki il bundan əvvəl qəflətən dünyasını dəyişmişdir. Səyavuşun 40 mərasimi zamanı həmin torpaq sahəsi barədə qardaşı ona Səyavuşun birinci ailəsinin vəfat etməsi, ikinci ailəsi ilə isə problemlərinin olması səbəbi ilə mülkü mübahisə düşə biləcəyini əsas gətirərək Binəqədi qəsəbəsindəki ev barəsində onun ailəsinə bir söz deməmiyi xahiş etmişdir. Bu zaman Səyavuşun bacısı oğluna onun torpaq və evini gətirib göstərmiş və onlar həmin evi satacaqlarını demişlər. Bundan sonra o həmin şəxslərə 2 sot torpaq sahəsinin özünün olduğunu demiş, buna görə də torpağın problemli olmayan adama satılmasını xahiş etmişdir. İmkansızlıqdan eləcə də həmin torpaqda su və kanalizasiya sisteme də olmadığından ev tika bilməmişdır. Təxminən 13- 14 gün bundan əvvəl Ayaz adlı şəxs onun torpağını da zəbt edərək, özlərinə məxsus evə qatıb satmışlar. Xəbəri eşitdikdən sonra ona iradını bildirərək "mənim bu torpağa aid sənədlərim var, nə üçün belə etmisən" demiş, o isə öz növbəsində "bizdən istifadə etmisən, sənin orada torpağın yoxdur" cavabı vermişdir. Buna görə də bu məsələ ilə bağlı şikayət etmək qərarına gəlmişdir. Təxminən 3-4 gün əvvəl bələdiyyənin arxitektoru ilə də həmin ərazidə olmuş və bələdiyyə işçisi torpağın ona aid olduğunu təsdiq etmişdir. Həmin torpağın ona aid olduğunu orada yaşayan qonşularda təsdiq edə bilər.

18. Araşdırma zamanı X12 izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsinin ona atasından miras qaldığını bilirmişdir. Həmin şəxslər əvvəllər onun atası ilə dostluq etmiş və atası dünyasını dəyişdikdən sonra Ərəstun adlı şəxs bundan istifadə edib torpağa göz qoymuşdur. Onun iddia etdiyi torpaq sahəsinin onların torpağı ilə üst-üstə düşməməsi sənədlərdə və torpaq sahəsinin planında da açıq aydın göstərilmişdir. Ayaz qeyd etmişdir ki, atasıvəfat etdikdən bir müddət sonra həmin şəxs ona yaxınlaşıb guya atasınınrəhmətə getməmişdən əvvəl torpağın iki sotunu pay verdiyini demişdir. Həmin şəxs onun gözdən əlil olmasından istifadə edib torpağını ələ keçirmək istəmişdir. Atası ona və qohumlarına heç vaxt belə bir söz deməmişdir. Vətəndaş atasının yeganə övladı olduğunu da qeyd etmişdir. Qonşularda o torpağın atasına məxsus olduğunu təsdiq edə bilər. Hazırda bir aydır ki torpağı adını unutduğu şəxsə satdığını, torpağın sənədlərinin həmin şəxsdə olduğunu, lakin Binəqədi Bələdiyyəsindən həmin sənədlərin surətini arxivdən çıxara biləcəyini qeyd etmişdir. Həmin torpağın notariat sənədi olmadığı üçün, Bələdiyyə sənədi ilə 38500 manata satmışdır. Toplanılmış material xx.xx.2021-ci il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd olunmuş, tərəflərə mülki qaydada Binəqədi rayon məhkəməsinə müraciət etmələri izah olunmuşdur.

19. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis kapitanı X14 tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin X12 ilə Cavabdeh arasında uzun müddətdir baş vermiş münaqişənin olması nəzərə alınmaqla və gələcəkdə baş verə biləcək hər hansı bir problemin qarşısının alınması üçün hər iki şəxsin münaqişəli şəxs kimi qeydiyyata alınmaları üçün aidiyyəti üzrə sahə inspektoruna həvalə edilməklə göndərilməsi və s. qərara alınmışdır.

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli, №3309648/7-1221 saylı məktubdan görünür ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə Ərəstun adlı şəxsin yaşadığı ünvana gələrək aralarında olan torpaq məsələsinə görə onu və həyat yoldaşını narahat və təhqir etməsi barədə DİN-nin 102 xidməti və Binəqədi RPİnin 43-cü PB-nə ünvanladığı ərizə araşdırılmış, bildirilir ki, Ərəstun adlı şəxs ilə aralarınızda yaranan mübahisə zamanı həmin şəxsin inzibati hüquqpoma əməli törətməsi sübuta yetməmişdir. Aralarında yaranan mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Mülki mübahisələrin həlli üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi nəzərə çatdırılmışdır.

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli , xx.xx.2021-ci il tarixli cavab məktublarında sonuncuya müraciətinin mülki xrakterli olması səbəbindən ərizəsinin icra edilməməsi və məhkəməyə müraciət etməsi barədə məlumat verilmişdir.

22. Binəqədi rayonu, Binəqədi qəsəbə Bələsdiyyəsi tərəfindən verilən AEP seriyalı, 540120 saylı 2006-cı ilin dekabr ayı üçün nəzərdə tutulmuş kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh tərəfindən torpağın dəyəri qismində 160 manat ödəniş edilmişdir.

23. Bakı şəhəri X1 xx.xx.2006-cı il tarixli, 2345 saylı qərarından görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Bununla bağlı torpağın planı da verilmişdir.

24. Torpaqların alğı-satqısı haqqında aktdan görünür ki, bu akta görə X5 ərazisində Cavabdeh, xx.xx.2006-cı il tarixində Binəqədi X5nə müraciətinə baxılmış, ona X5 ərazisində 200 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 2345 nörməli qərar qəbul edilmiş, müqabilində “Kapital Bank”ın 2 saylı hesabına 160 manat haqq ödənilmişdir.

25. X5 tərəfindən Cavabdeh verilən 479 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, həqiqətən də X5 tərəfindən 2345 saylı, xx.xx.2006-cı il tarixli qərarla onun istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsinin sənədləri X1 arxivində qorunub saxlanılır. Arayış Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verilir.

26. Binəqədi RPİ-nin 43-cü PB-nn təhqiqatçısı polis mayoru Rza Nəzərov, vət. Cavabdeh müraciəti əsasında toplanmış HK-1/1400 saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığından rədd edilməsi qərara alınmışdır.

27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfində verilən mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə 652 kv.m təşkil etməklə dövlət mülkiyyəti torpağıdır. Göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Sözügedən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qərardadın ikinci sual üzrə isə təqdim edilmiş cizgilərdə təqdiq istinadla, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sahələrin mövqeyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

28. İddiaçı 2021-ci ildə maklerlərin göstərdiyi 5 sot torpaq sahəsini və torpaq sahəsində yerləşən fərdi yaşayış evini almaq qərarına gəlmişdir. Bu əsasla 39000 manat ödəməklə Ayaz adlı şəxsdən torpaq sahəsini almışdır və torpağın sənədləşdirilməsi üçün 1500 manat məbləğində pulu Bələdiyyənin işçisi olan Afiq adlı şəxsə ödəmişdir. Nəticədə 500 kv.m torpaq sahəsinin onun adına keçirilməsi barədə X1 xx.xx.2006-cı il tarixli, 1280 saylı qərarı ona təqdim edilmişdir. Bundan 15 gün sonra cavabdeh ortaya çıxmış və həmin torpaq sahəsinin 200 kv.m ona məxsus olduğunu bildirmişdir. Bununla bağlı isə X1 xx.xx.2006-cı il tarixli, 2345 saylı qərarını göstərmişdir. Tərəflər arasında torpaqla bağlı mübahisə yaranmışdır.

29. Mübahisə ilə bağlı məhkəmə tərəfində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən rəy alınmışdır. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, baza məlumatlarına əsasən faktiki göstərilən sahə 652 kv.m təşkil etməklə dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda göstərilən torpaq sahəsi Binəqədi Oyl neft şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bununla yanaşı hər iki Bələdiyyə qərarına əsasən ayrılmış torpaq sahələrinin cizgilərində dəqiq istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sahələrin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır.

30. Lakin məhkəmə iclasında Bələdiyyənin nümayəndəsinin və tərəflərin iştirakı ilə həmin cizgilərə baxış keçirildiyi zaman ayrılmış torpaq sahələrinin eyni ərazidə yerləşdiyi və kəsişdiyi nəzəri olaraq qəbul edilmişdir.

31. Tərəflər arasında hal-hazırda olan mübahisə onunla bağlıdır ki, Bələdiyyənin nümayəndəsinin və tərəflərin iştirakı ilə faktiki sahəsinin 540 kv.m olduğu müəyyən edilmiş torpaq sahəsinə dair 2 Bələdiyyə qərarı mövcuddur. Hansı ki, iddiaçıya 500 kv.m, cavabdehə isə 200 kv.m ayrılması nəzərdə tutulmuşdur. Hazırda cavabdeh həmin torpaq sahəsində yarım hasar qaldırmaqla özünə məxsus hesab etdiyi hissəni qismən(120 kv.m) ayırmışdır. İddiaçı isə bununla razılaşmayaraq onun torpaq sahəsinin 500 kv.m olduğunu bildirməklə cavabdehin müdaxiləsini qanunsuz hesab edir. Cavabdeh isə öz növbəsində əksini iddia edir. Bələdiyyənin nümayəndəsi isə torpaq sahəsinin bir-hissəsinin əslində yola düşdüyünü və iddiaçının evinin yola düşən çıxıntısının proyeksiyasında olan torpaq sahəsinin də əslində 500 kv.m tərkibinə aid olduğunu ehtimal etmişdir. Yəni mütəxəssis rəyində qeyd edilən 652 kv.m sahə ehtimal olunur ki, buna əsaslanmışdır.

32. Lakin qeyd edilməlidir ki, bununla belə ümumi torpağın ərazisinin 700 kv.m təşkil etmədiyi aşkardır.

33. Bundan başqa iddiaçı torpaq sahəsini 2021-ci ildə aldığını, lakin ona hansı əsasla 2006-cı ilə dair sənəd verildiyini bilmir. Ehtimal edir ki, Bələdiyyə orqanının işçisi qanunsuz hərəhətə yol vermişdir və bu mübahisədə təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edir. İddiaçı eyni zamanda cavabdehə torpaq sahəsinin ayrılması barədə Bələdiyyə qərarının mötəbərliyinə şübhə ilə yanaşır və bunu onunla əsaslandırır ki, əgər həqiqətən də cavabdeh 2006-cı ildə torpaq sahəsini almış idisə 15 il ərzində həmin torpaq sahəsində heç bir iş görməməsi inandırıcı deyildir. Eyni zamanda onun gəlişindən sonra cavabdehin ortaya çıxması şübhələrini daha da qüvvətləndirir. Cavabdeh və nümayəndəsi isə həmin hissədə bildirir ki, onlar qanuni şəkildə 2006-cı ildə torpaq sahəsini almışlar və imkan olmadığı üçün hər hansı iş görülməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

34. Məhkəmə hesab edir ki, irəli sürülən iddia tələbinin qanuni əsasını mülki məcəllənin sahibliyin müdafiəsi ilə bağlı normaları təşkil edir.

35. İddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur.

37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124).

40. Bununla yanaşı Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

41. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: 1)hüquq mənasında sahibliyin müdafiəsi; 2) fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir.

42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar).

43. Göründüyü iddiaçı Bələdiyyə qərarı ilə ona ayrıldığını iddia etdiyi torpaq sahəsindən istifadə etməsinə cavabdehin mane yaratdığını bildirir və nəticədə sahibliyinin cavabdehin özbaşınalığı ilə pozulduğunu iddia edir.

44. Bununla bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, cavabdehin qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyi pozması müəyyən edilmir. Belə ki, iddiaçının torpaq sahəsindən istifadəyə dair olduğu kimi, cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməsinə dair Bələdiyyə qərarı mövcuddur və iddiaçı faktiki sahiblikdən özbaşına olaraq məhrum edilməmişdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

46. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

47. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

48. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

49. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

50. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

51. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

52. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

53. Odur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmədiyindən tələbi əsassızdır.

54. Bununla yanaşı qeyd edilməlidir ki, ayrı-ayrı şəxslərə ayrılması nəzərdə tutulan torpaq sahəsinin müəyyən hissədə kəsişməsi, torpaq sahəsinin ayrılması barədə Bələdiyyə qərarlarından birinin və ya hər ikisinin həqiqiliyini şübhə altına alır, hansı ki, Bələdiyyə Qərarlarının etibarlılığına hüquqi qiymət verilməsi mülki məhkəmənin səlahiyyətlərinə aid deyildir.

55. Eyni zamanda qeyd edilməlidir ki, hazırki qətnamə gələcəkdə eyni tələb üzrə, yeni əsaslarla iddia verilməsini istisna etmir.

56. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırki məhkəmə araşdırması zamanı sənədlərin saxtalaşdırılması və digər cinayətin əlamətləri müəyyən olunduğundan xüsusi qərardad qəbul edilməklə prokurora məlumat verilməlidir. Tətbiq edilən prosessual normalar:

57. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

58. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

59. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

60. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

61. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

62. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X5, “X18” Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) torpaqdan istifadəyə maneənin aradan qaldırılması barədə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

63. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X5, “X18” Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) torpaqdan istifadəyə maneənin aradan qaldırılması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar