Məhkəmə qərarları › İş №2(001)-1062/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1062/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1062/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmiş və işin məhkəmədən kənar iddiaçı ilə razılaşmaq yolu ilə həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-cu il tarixli kredit müqaviləsinə əsasən illik 35 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxx 2020-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2020-cu il tarixli kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dan gec olmayaraq hər ay 144,40 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxx 2020-cu il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1913,80 manat, faiz borcuna görə 159,44 manat, dəbbə borcuna görə 118,86 manat, cəmi 2192,1 manat təşkil edir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin 118,86 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 6,76 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehdan əsas borc üzrə 1913,80 manat, faiz borcu üzrə 159,44 manat, cərimə borcu üzrə 6,76 manat olmaqla, cəmi 2080 manat məbləğində borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 94,89% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 28,47 manat hissəsi Cavabdehdan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan əsas borc üzrə 1913,80 manat, faiz borcu üzrə 159,44 manat, cərimə borcu üzrə 6,76 manat olmaqla, cəmi 2080 (iki min səksən) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28,47 (iyirmi səkkiz manat qırx yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1,53 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar