Məhkəmə qərarları › İş №2(001)-1067/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1067/2022

15.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1067/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan 30.09.2009-cu il təvəllüdlü X2, 14 yanvar 2011-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Nazim oğlu ilə 02 may 2009-cu ildə 43 № ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 30.09.2009-cu il təvəllüdlü X4 və 14 yanvar 2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(001)- 2934/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmış və saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Cavabdeh 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün aliment miqdarı az tutulmuşdur. O, övladları ilə cavabdehdən ayrı yaşayır. Hal-hazırda alimentin miqdarının 193 manat olması və cavabdehin azadlığa çıxması onu yenidən məhkəməyə müraciət etmək qərarına gətirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına iştirak etməmişdir və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(001)- 2934/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X10 arasında 02 may 2009-cu il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 463 nömrə ilə qeydə alınmış nikahın pozulması,30 sentyabr 2009-cu il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 anaları X5 yanında qalması,30 sentyabr 2009-cu il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 18.08.2010-cu il tarixli, AZ-İİ seriyalı 511044 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 30.09.2009-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2727 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X7r. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 19.10.2011-ci il tarixli, AZ-İİ seriyalı 773068 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 14.01.2011-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 3743 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X7r. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyar şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 391413 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 27 avqust 2021-ci il tarixində 140 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından yetkinlik yaşına çatmamış 30 sentyabr 2009-cu il təvəllüdlü X4 və 14 yanvar 2011-ci il təvəllüdlü X9 oğlu doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(001)-2934/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların ananın yanında saxlanması müəyyən edilmiş və onların saxlanması üçün cavabdehdən hər iki uşaq üçün 150 manat olmaqla, 300 manat məbləğində aliment tutulmuşdur. Məhkəmənin 13.07.2021-ci il tarixli, 2(001)-2934/2021 saylı qətnaməsi çıxarılan zaman cavabdeh cəzaçəkmə müəsisəsində olmuşdur. Hazırda iddiaçı cavabdehin azadlıqda olduğunu əsas gətirməklə, uşaqlar üçün tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X8 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi aliment məbləği müəyyən edildikdən sonra məhkəmə alimentin artırılması məsələsinə baxarkən ilk olaraq tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qanunvericilikdə nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Həmçinin cavabdeh artıq cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Məhkəmə əvvəla qeyd edir ki, tərəflərin razılığı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(001)-2934/2021 saylı qətnaməsi ilə aliment məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə həmin tarixdən sonra, yəni hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxtadək, yəni 16.12.2021-ci il tarixinədək keçən 5 ay ərzində tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu baxımdan məhkəmə iş materiallarını nəzərdən keçirib qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin mübahisə ilə bağlı qətnamə qəbul etdiyi vaxtdan keçən müddət ərzində tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər-hansı dəyişik olmamışdır. Belə ki bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiq baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Mübahisəyə bu aspektdən yanaşıldıqda müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(001)-2934/2021 saylı qətnaməsi ilə cavabdehdən aliment tutulması qət edilən zaman cavabdeh cəzaçəkmə müəssisəsində olmuşdur. Belə olan halda onun aliment ödəmək üçün kifayət qədər maddi vəsaitinin olmadığı nəzərə alınaraq, aliment məbləği 300 manat sabit pul məbləğində müəyyən edilmişdir. Cavabdeh hazırda azadlığa çıxmış olsa belə, ödənilməmiş aliment borcundan qalığının qalması şübhəsizdir. Belə olan halda, hazırda aliment məbləğinin artırıldığı təqdirdə cavabdehin aliment borcunun yığılması heç bir halda uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Belə hal aliment ödəyən şəxsin maddi vəziyyətinə də köklü şəkildə təsir edəcəkdir. Yəni cavabdehin ödəməli olduğu alimentin məbləğinin artırılması onun maddi vəziyyətinin pisləşməsinə gətirib çıxarmaqla icra qaydasında digər sanksiyalar tətbiq olunmasına gətirib çıxaracaqdır. Bu isə mövcud olan öhdəliklərinin yerinə yetirilməsinə, həmçinin aliment öhdəliklərinin vaxtı-vaxtında icra edilməsinə mane olacaqdır. Məhz bu baxımdan alimentin artırılması uşaqların təminat səviyyəsinin artmasına yardım etməyəcəkdir. Bundan başqa məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılması barədə tələb hazırki halda əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar