Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1073/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 637,91 manatın dövlət nəfinə tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 637,91 manatın dövlət nəfinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bakı şəhər Probasiya İdarəsinin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli 1(011)-119/2019 saylı hökmü ilə Cavabdeh 02 il müddətinə azadlığın məhdudlaşdırılması və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm üzrə göstəriş icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək və sair vəzifələr üzərinə qoyulmuş, 30.12.2019-cu il tarixdə protokol tərtib edilməklə Cavabdeh istifadə qaydaları izah olunmaqla elektron nəzarət vasitə tətbiq edilmişdir. Həmin vaxt 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq, 1 ədəd enerji bankı, 1 ədəd siqnal ötürücüsü, 1 ədəd adaptor Cavabdeh təhvil verilmişdir. Lakin edilmiş xəbərdarlığa baxmayaraq 19.04.2021-ci il tarixdə Cavabdeh ona təhkim edilmiş elektron nəzarət vasitəsinə müdaxilə edərək onu açmış və bununlada onu yararsız hala salmışdır. Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş vəzifələri lazımi qaydada icra etməməsi səbəbindən elektron nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və nəticədə dövlətə 637,91 manat maddi ziyan dəymişdir. Ona görə də Cavabdeh yararsız hala düşmüş elektron nəzarət vasitəsinə vurulmuş 637,91 manat maddi ziyanın tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, onun istifadəsinə verilən qolbağa görə dövlətə vurulan 637,91 manat maddi ziyanı hissə-hissə dövlət büdcəsinə ödəyəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli 1(011)-119/2019 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 309.1 və 313- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzasının icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 30.12.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Cavabdeh təyin edilmiş cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən elektron nəzarət vasitəsini zədələmək və ya digər üsulla yararsız hala salmaqla bağlı maddi məsuliyyəti izah edilmişdir. 29.10.2021-ci il tarixli texniki rəydən müəyyən olur ki, Cavabdeh təhkim olunmuş elektron qolbağın kəmər keçən hissəsi qırılmış, nasazlığın aradan qaldırılması zamanı təmirin mümkün olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin 13.11.2018-ci il tarixli D-8/196 nömrəli məktubundan müəyyən olunur ki, elektron qolbağın (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) 01 ədədinin qiyməti 637,91 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla dövlət mülkiyyətində olan və cavabdehə təhkim olunmuş elektron nəzarət vasitəsinin (qolbağın) yararsız hala düşməsi nəticəsində dövlətə 637,91 manat maddi ziyan dəyməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehə qarşı maddi ziyan tələbini əsaslı hesab edib iddia ərizəsini təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 637,91 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 667,91 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1073/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1073/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver