Məhkəmə qərarları › İş №2(001)-1087/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1087/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1087/2020 16.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı QSC X11 Təşkilatının Cavabdehlər Star-3 X3 və Cavabdeh2 qarşı xx.xx.1999-cu il tarixli 620 saylı kredit müqaviləsi üzrə borca görə 236 257,96 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı QSC X11 Təşkilatı cavabdehlər Star-3 X3 və Cavabdeh2 qarşı xx.xx.1999-cu il tarixli 620 saylı kredit müqaviləsi üzrə borca görə 236257,96 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı X6 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, Azərbaycan Beynəlxalq Bankı X7 məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar X9 Kredit Təşkilatına keçmişdir.Həmin Sərəncamın icrası ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Star-3 X1rşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC X11 Təşkilatına təhvil verilmişdir. Akta əsasən Star-3 İKF-nin təhvil-təslim olunan tarixəAzərbaycan Beynəlxalq Bankı ASC-yə cəmi 236257,96 manat (əsas borc 236257,96 manat; faiz borcu 0,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehləAzərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış xx.xx.1999-cu il tarixli 620 nömrəli kredit müqaviləsinə əsasən yaranmış, xx.xx.2019-cu il tarixə cavabdeh Star-3 İKF-nin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 236257,96 manat məbləğində təşkil edir. Cavabdeh Star-3 İKF və Cavabdeh2 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyildir. Star-3 İstehsal-Kommersiya Firmasına ayrılan kreditin qaytarılması ilə bağlı Cavabdeh2 ilə hər hansı bir təminat müqaviləsi bağlanmasa da, iddiaçı hesab edir ki, Cavabdeh2 Star-3 İstehsal-Kommersiya Firmasının direktoru olması, Firmanın hal-hazırda fəaliyyət göstərməməsi səbəbindən borc hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Kredit müqaviləsi üzrə sonuncu ödənişin nə vaxt aparılması barədə hər hansı bir sübutu o, məhkəməyə təqdim edə bilmir. Cavabdehin mübahisəyə iddia müddətinin təbiqi ilə bağlı ərizəsi ilə razılaşmır, hesab edir ki, tələb hüququ üzrə sənədlər xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktına əsasən iddiaçıya 2018-ci ildə verildiyindən müddət ötürülməmişdir. Ona görə də cavabdehlər Star-3 İstehsal-Kommersiya Firmasından və Cavabdeh2 236 257,96 manat kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC X11 Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Star-3 X2 direktoru Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Star-3 İKF arasında kredit müqaviləsi xx.xx.1999-cu il tarixdə bağlanmış və müqavilənin 2.1-ci bəndinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Star-3 İKF-yə 3 182 000 000 AZM məbləğində kredit xətti açılmışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən kreditin ilk ödənişi tarixindən etibarən kredit 1 il müddətinə verilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən borcalan bu sazişdə nəzərdə tutulmuş şərtlərlə aldığı və layihəni həyata keçirmək üçün istifadə etdiyi vəsaiti 1 il ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən müəyyən olunur ki, müqavilə xx.xx.1999-cu il tarixdə bağlanmış və onun icra müddəti xx.xx.2000ci il tarixdə bitmişdir. Yəni cavabdeh müəssisə krediti xx.xx.2000-ci il tarixə qədər banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Deməli iddia müddətinin axımı xx.xx.2000-ci il tarixdə başlanmış və xx.xx.2003-cü il tarixdə bitmişdir. Lakin Azərbaycan Beynəlxalq Bankı ASC göstərilən 3 illik iddia müddəti ərzində məhkəmədə iddia qaldırmamış və bu səbəbdən borcu tələb etmək hüququnu itirmişdir. Müqavilənin bağlandığı tarixdən 20 il keçdikdən sonra İddiaçı QSC BOKT borcun qaytarılması tələbi ilə iddia qaldırmış və buna əsas kimi borcu tələb etmək hüququnun Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən onlara güzəşt edildiyini göstərmişdir. İddia müddəti keçdiyinə görə İddiaçı QSC BOKT-un iddia tələbi tamamilə əsassızdır. Ona görə də iddia müddətinin keçməsi ilə bağlı İddiaçı QSC BOKT-un iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Star-3 X4 arasında bağlanmış xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana ilk ödəniş tarixindən etibarən 1 il müddətinə, yəni xx.xx.2000-ci il tarixədək qaytarmaq, illik 17% ödəmək şərti ilə 3 182 000 000 AZM məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Star-3 X4 arasında bağlanmış xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə xx.xx.2000-ci il tarixli əlavə müqavilədən müəyyən olunur ki, tərəflər 2 074 101 800 AZM məbləğində vaxtı keçmiş əsas borcun ödəmə vaxtının 12 ay uzadılaraq son ödəniş tarixinin xx.xx.2001-ci il tarixinə təyin olunması barədə razılığa gəlmişlər. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər, qarantiyalar, veksellərin alışı üzrə borc qalığı, borcların təminatı olan girov, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında tərtib olunan xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktından müəyyən olunur ki, rəhbəri Cavabdeh2 olan Star-3 X4 ilə bağlanan xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə təminatı təsdiq edən sənədlər yoxdur, kreditin istifadəsi 2009-cu ildən əvəlki müddətə təsadüf etdiyi üçün bankın təqdim etdiyi kredit və cari hesablardan çıxarışlarda məbləğin istifadəsi əks olunmamışdır. İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktları əsasında Star-3 X2 İddiaçı QSC-yə 236257,96 manat borcu yaranmışdır. İddiaçı QSC BOKT-un Star-3 X3 ünvanladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, BOKT borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC BOKT-un Star-3 X2 direktoru Cavabdeh2 ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, BOKT borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Star-3 X4 arasında bağlanmış xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə əsasən bank borcalana ilk ödəniş tarixindən etibarən 1 il müddətinə, yəni xx.xx.2000-ci il tarixədək qaytarmaq, illik 17% ödəmək şərti ilə 3 182 000 000 AZM məbləğində təminatsız kredit verməyi öhdəsinə götürmüş, daha sonra tərəflər xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsinə baladıqları xx.xx.2000-ci il tarixli əlavəyə əsasən 2 074 101 800 AZM məbləğində vaxtı keçmiş əsas borcun qaytarılmasını 12 ay uzadılaraq son ödəniş tarixinin xx.xx.2001-ci il tarixinə təyin olunması barədə razılığa gəlmişlər. Daha sonra xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə tələb Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən iddiaçıya güzəşt edilmiş, bu müqavilə üzrə tərəflərin tərtib etdikləri xx.xx.2018-ci il tarixli S-149 saylı təhvil-təslim aktında rəhbəri Cavabdeh2 olan Star-3 X4 ilə bağlanan xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsi üzrə təminatı təsdiq edən sənədlərin olmadığı, kreditin istifadəsi 2009-cu ildən əvəlki müddətə təsadüf etdiyi üçün bankın təqdim etdiyi kredit və cari hesablardan çıxarışlarda məbləğin istifadəsinin əks olunmadığı qeyd olunmuş, məhkəmə iclasında iddiaçının nümayəndəsi öhdəliklərin nə vaxtdan icra olunmaması barədə sübutunun olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya xx.xx.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən cavabdeh Star-3 X2 xx.xx.1999-cu il tarixli № 620 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri hələ güzəşt edilərkən tələb üzrə iddia müddəti ötürüldüyündən, Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında hər hansı bir öhdəliyi olmadığından, İddiaçı QSC X11 Təşkilatının cavabdeh Star-3 X1rşı iddia tələbi iddia müddətinin ötürülməsi səbəbindən, Cavabdeh2 qarşı tələbi isə eyni zamanda əsassız olması səbəbindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının tələbləri təmin edilmədiyi üçün onun ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı QSC X11 Təşkilatının Star-3 X3 və Cavabdeh2 qarşı xx.xx.1999-cu il tarixli 620 saylı kredit müqaviləsi üzrə borca görə 236257,96 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar