Məhkəmə qərarları › İş №2(001)-1093/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1093/2021

08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1093/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 51235 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 51235 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının başlıqda “avtomobil tələbi barədə” adlandırdığı, lakin nəticə etibarılə pul tələbi barədə olan iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “X17 Azərbaycan” QSC ilə arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 213/003 nömrəli kredit müqaviləsinə əsasən 2009- cu il buraxılış ili olan, 4JGBF86E99A506633 ban nömrəli, **- VE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli "Mersedes Benz-GL 550" markalı nəqliyyat vasitəsini ipoteka ilə yüklü edilməsi şərtilə illik 16% olmaqla 51386 ABŞ dolları məbləğində kredit götürülməsi barədə razılığa gəlmişlər. İddiaçı kreditlə əlaqədar ödənişləri vaxtlıvaxtında ödəyirdi, lakin gözlənilməz hal kimi iş yerindəki ixtisarlarla bağlı işini itirdiyindən və yeni iş tapa bilmədiyindən ödənişləri edə bilmədi və avtomobili sataraq banka olan borcu ödəmək qərarına gəlmişdir. Buna görə də, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən avtosalonun işçisi Elçinin köməyi ilə müştəri tapdı. X2 (*ad iddia ərizəsində səhv göstərilib) bütün öhdəlikləri üzərinə götürərək, banka olan borcu qəbul etməklə nəqliyyat vasitəsini müvafiq qaydada rəsmiləşdirilməsi üçün bütün səlahiyyətləri etibarnamə ilə ona verilməsini istədiyindən iddiaçı razılaşaraq, ona Yasamal rayonu 14 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixli etibarnamə vermişdir. Həmin şəxslə müvafiq sənədləşmə işlərinin aparılması üçün banka getdilər, bankda sənədləşmə işləri üçün xeyli vəsait (3200 manat) tələb olunduğundan, Əliyev Elman (*ad iddia ərizəsində yenidən səhv yazılıb) sənədləşməni daha sonra özü həll edəcəyini bildirmişdir. Lakin həmin şəxs heç bir rəsmiləşdirmə aparmadan iddiaçının adından banka borcun bir hissəsini ödəmiş və nəqliyyat vasitəsini etibarnamə ilə başqa şəxsə satmışdır. Bir müddət sonra bank tərəfindən iddiaçıya borcunun olmasını və hazırda ödənilmədiyi bildirilmişdir. Əldə etdiyi məlumata əsasən növbəti alıcılar borc məbləğindən heç bir ödəniş etməmişlər. Bundan başqa sözügedən avtomobil başqa şəxsin istifadəsində olan zaman, yəni faktiki olaraq həmin avtomobili iddiaçı idarə etmədiyi müddətdə iddiaçıya dəfələrlə Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələri ilə protokollar tərtib olunaraq, qeydiyyatda olduğu ünvana bildiriş gəlmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası DİN-nə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə “Mersedes Benz GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması istiqamətində sorğular göndərmişdir. Lakin sorğulara lazımi cavablar almamışdır. İddiaçı barəsində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası İXM-nin müxtəlif maddələri ilə protokol tərtib olunduqdan sonra belə qənaətə gəldi ki, Bakı şəhəri 14 saylı notariat kontorunda Cavabdeh vermiş olduğu ümumi etibarnaməni ləğv etdirsin. xx.xx.2014-cü il tarixdə ərizə yazaraq, həmin etibarnaməni ləğv etdirmişdir. Etibarnamə ləğv olunan zaman mövcud olan hüquqlar da ləğv olunmalı idi, lakin Cavabdeh etibarnamə ilə əldə etdiyi əmlakı (nəqliyyat vasitəsini) iddiaçıya qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, o avtomobili satıb. Bank iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8156/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixli 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dollar əsas borc. 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 ABŞ dollar (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X17” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mersedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “X17” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8156/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qərardadı İddiaçı məxsus “Mersedes Benz-GL550” markalı **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qüvvədə olan qətnamədə nəzərdə tutulmuşdur ki, həmin əmlak hərrac vasitəsilə satılaraq, satışdan əldə edilən vəsait hesabına banka olan borc ödənilsin və artıq qalan vəsait İddiaçı ödənilsin. Lakin Cavabdeh əmlakı qaytarmadığından həmin vaxt avtomobilin hərracda satılması mümkün olmamışdır. “Mersedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı əldə edərkən avtomobilin bank tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Avtomobilə xx xxxxxx 2013-cü il tarixdə 70000 ABŞ dolları qiymət qoyularaq 40000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2014-cü il tarixdə yəni 1 il 3 ay sonra etibarnamə ilə cavabdeh X5 (*ad yenidən səhv yazılıb) satmışdır. Sənədləşdirmə işini cavabdeh öz üzərinə götürmüşdür. Lakin cavabdeh avtomobili öz adına rəsmiləşdirmədən etibarnamə ilə üçüncü şəxslərə vermişdir. Göründüyü kimi 70000 ABŞ dolları dəyərində olan avtomobil saz vəziyyətdə bocluya verilmişdir. xx.xx.2020-ci il tarixdə, yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb icra və probasiya şöbəsinə təhvil verildikdən sonra X3 Mərkəzində “Mersedes Benz GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilərək, ilkin satış qiyməti 35000 manat (20588 ABŞ dolları) təşkil etdiyi məlum olmuşdur. Halbuki, 2014-cü il tarixdə həmin əmlakın dəyəri onun indiki qiymətindən qat-qat artıq olacaqdır və onun satışı ilə “xxxx” QSC-yə olan iddiaçının borcu tam ödənilə bilərdi və məhkəmə qərarında qeyd edildiyi kimi qalan vəsait iddiaçıya qaytanla bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsi 2014-cü ildən bəri icrasız qalmışdır. Beləliklə, cavabdeh vaxtında avtomobili qaytarsaydı avtomobilin 1 il sonrakı qiyməti maksimum 10000 ABŞ dolları azala və avtomobil 60000 ABŞ dollarına satıla bilərdi. Cavabdehin təqsiri ücbatından nəinki 13626 ABŞ dolları vəsaiti iddiaçıya qaytarıldı, hətta avtomobil 35000 manata, yəni 20588 ABŞ dollarına hərracda satışa çıxarılıb. 46374.51 ABŞ dolları - 20588 ABŞ dolları = 25786 ABŞ dolları məbləğində borc qalır. Belə olan halda iddiaçıya 60000 ABŞ dolları - 35000 manat, yəni 20588 ABŞ dolları = 39412 ABŞ dolları və həmin məbləğin 5% həcmində illik 1970.60 ABŞ dolları X 6 il = 11823.60 ABŞ dolları, ümumilkdə 51235 ABŞ dolları zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, avtomobili xx.xx.2014-cü il tarixdə Bakı şəhərinin Yasamal rayonundan “Kaktus” restoranının yanında olan avtosalondan 5-6 ABŞ dolları pul ödəyərək almışdır. Etibarnaməni ona iddiaçı verib və etibarnamənin sonradan nə vaxt ləğv edilməsindən xəbərsizdir. O, avtomobili alandan sonra banka yaxınlaşmış və bankda ona məlum olmuşdur ki, avtomobilə görə banka pul ödənilmədiyindən faizlər yığılıb və ödənişlərin yenidən cədvələ salınması üçün ilkin olaraq gözləmədiyi qədər böyük məbləğ ödənilməlidir. Eyni zamanda bankda ona bildirdilər ki, iddiaçının avtomobili ona satmaq hüququ yoxdur və avtomobilin özgəninkiləşdirilməsi üçün ilkin olaraq bankın razılığı alınmalı idi. Bundan sonra o, avtomobili aldığı avtosalona qaytarmış və ödədiyi pulu geri almışdır. Avtomobili onda cəmi 3-4 gün qalmışdır. Bütün bunlar iddiaçının da iddia ərizəsində adını qeyd etdiyi X9 vasitəçiliyi ilə baş vermişdir. Bir neçə gün sonra avtosalondan onunla əlaqə saxlanılmış, avtomobilə yeni müştəri tapıldığını və onun adına artıq İddiaçı tərəfindən verilmiş etibarnamə olduğundan, ondan həmin adamın adına etibarnamə verilməsi xahiş edilmiş, o da həmin etibarnaməni vermişdir. Bundan sonra 7 il ərzində ona bir dəfə də olsun həmin avtomobillə bağlı müraciət edilməmiş, avtomobilin harada olması ondan soruşulmamışdır. Belə olan halda hal-hazırda iddiaçının hansı əsaslarla ondan 51235 ABŞ dolları tələb etməsi ona aydın deyil. Məhkəmə tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş, adı iddia ərizəsində qeyd olunan X9 xx xxxx 2021-ci il tarixli məhkəmə baxış iclasında izahatında məhkəməyə bildirdi ki, o, Bakı şəhərinin Yasamal rayonundan “Kaktus” restoranının yanında olan, xüsusi bir adı olmayan avtosalonda işlədiyi zaman tanışı Cavabdeh dedi ki, avtosalonda yaxşı maşın var, o da avtosalona gəlib maşına baxıb bəyəndi. O, Cavabdeh 6000 ABŞ dolları alıb İddiaçı verdi, İddiaçı də Kamalın adına etibarnamə verdi. O, Cavabdehla birlikdə avtomobilə görə ödəniş etmək üçün banka getdi. Bankda direktor onlara bildirdi ki, tək etibarnamə üzrə onlardan ödənişi götürə bilməz, ödəniş etmək üçün alqı-satqı müqaviləsi olmalıdır, yalnız avtomobilin mülkiyyətçisindən ödənişi götürə bilər. Eyni zamanda bankda məlum oldu ki, avtomobilə dair ödənişlərdə də gecikmələr var. Bundan sonra onlar avtosalona qayıtdı və Cavabdeh avtomobili avtosalona təhvil verdi. Bu əməliyyatlar nəticəsində Cavabdeh hələ 2800 ABŞ dolları ziyan da etdi. Bir müddət sonra avtomobilə başqa alıcı tapıldı və Cavabdeh ona etibarnamə verilməsi xahiş edildi. Həmin etibarnamənin kimin adına verilməsi onun artıq yadında deyil, lakin həmin məlumatların hamısı notariat kontorunun bazasında saxlanılır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx Azərbaycan” QSC məhkəməyə yazılı izahatını göndərmiş və həmin izahata iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(011)- 8156/2014 saylı qətnaməsinin surətini əlavə etmişdir. İzahat onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə “xxxx Azərbaycan” QSC ilə İddiaçı arasənda 213/003 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı xx.xx.2017 ci İl tarixinədək, 36 ay müddətinə, 16 % olmaqla, 51386 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcalanın 213/003 saylı kredit müqaviləsindən irəli gələn ğhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixində “xxxx Azərbaycan” QSC ilə “İpoteka qoyan” “Borcalan” İddiaçı arasında ipoteka (girov) müqaviləi bağlanmışdır. Bağlanmış ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus 2009-cu il buraxılış tarixli BAN nömrəsi 4JGBF6E99A506633 olan, **-VE-*** d.q.n., ağ rəngli, "Mersedes Benz-GL550" markalı avtomobil “xxxx Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalan sonradan kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etmədiyi üçün “xxxx Azərbaycan” QSC məhkəməyə iddia ərizəsiylə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)- 8156/2014 saylı qətaməsinə əsasən İddiaçı cəmi 46374,51 ABŞ dolları borc pul məhkəmə xərcləri kimi 38 manat məbləğində pul tutularaq “xxxx Azərbaycan” QSC ödənilməsini, tutumanın İddiaçı məxsus 2009-cu il buraxılış tarixli BAN nömrəsi 4JGBF6E99A506633 olan, **-VE-*** d.q.n., ağ rəngli, "Mersedes Benz-GL550" markalı avtomobilə yönəldilməsini qət edilmişdir. Hal hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü İl tarixli 2(011)-8156/2014 saylı qətaməsi üzrə icra vərəqəsinin icrası Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilmiş və avtomobilin satışı istiqamətində məcburi icra tədbirləri görünür. İddiaçı məxsus avtomobil təhvil təslim aktına əsasən icra şöbəsinin cərimə meydançasındadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı “X17” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 41400.64 ABŞ dolları əsas borcun, 4037.34 ABŞ dolları faiz borcunun, 1066.03 ABŞ dolları penyanın, 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan MERCEDES BENZ-GL550 markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə (2009-cu il buraxlışlı, Ban:4JGBF86E99A506633, Rəngi: ağ) yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş, vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “X17” Qapalı Səhmdar Cəmiyyəti iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı, iddiaçı “X17” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 41400.64 ABŞ dolları əsas, 4773.87 ABŞ dolları faiz, 1570.81 ABŞ dolları dəbbə pulu, cəmi 47745.32 ABŞ dolları borcun və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan MERCEDES BENZ-GL550 markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ... Cavabdeh İddiaçı izahat verərək bildirmişdir ki, o bankla müqavilə bağlayaraq ilkin ödəmə kimi banka başqa avtomobil vermiş və MERCEDES BENZ-GL550 markalı, **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Qalan borcu ödəyə bilmədiyimdən həmin avtomobili 2014-cü ilin may ayında satmışdır. Həmin şəxs banka olan borcunu ödəyirdi lakin sonradan həmin şəxs də avtomobili başqa şəxsə vemışdir. Lakin indi avtomobilin kimdə olması barədə onun məlumatı yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir”. İddiaçı qətnamədə qeyd olunan izahatından göründüyü kimi, o, mübahisəli avtomobilin may ayında satılmasını məhkəməyə bildirmişdir. Hazırki işin iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməyən halı ondan ibarətdir ki, mübahisəli avtomobilə dair etibarnamə Cavabdeh xx.xx.2014-cü il tarixdə verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Elektron notariat” X1 çıxarışdan isə görünür ki, mülkiyyətçi İddiaçı adından etibar edilən Cavabdeh etibar edilən X6 xx.xx.2014-cü il tarixdə etibarnamə verilmişdir. Yəni, iddia tələbinin qanuni əsasının olması ehtimal edilsə belə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində İddiaçı avtomobili may ayında satdığını göstərsə də, hazırkı iddia tələbini hansı səbəbdən X6 qarşı deyil, Cavabdeh qarşı irəli sürdüyü aydın deyil. Yuxarıda qeyd olunan qətnamədə eyni zamanda aşağıdakılar göstərilmişdir: “ ... iş materiallarında olan kredit müqaviləsindən görünür ki, “X17” QSC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən illik 16 % hesablanmaqla 36 ay müddətinə cavabdehə 51386 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 213/003 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə girov qoyan mülkiyyətində olan MERCEDES BENZ-GL550 markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili (2009-cu il buraxlışlı, Ban:4JGBF86E99A506633, Rəngi: ağ) girov qoymaqla ona olan hüquq və maraqları girov saxlayana vermişdir. . İş materiallarında olan bildirişdən görünür ki, “X17” QSC tərəfindən cavabdeh İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, MERCEDES BENZ-GL550 markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsusdur. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borcu, 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 1570.81 ABŞ dolları dəbbə borcu yaranmışdır”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtomobil satılsa belə, bu iddiaçını bank qarşısında olan öhdəliklərdən azad etməmiş və ona görə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq haqlı olaraq bankın iddiasını qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində tələbin cavabdehə irəli sürülməsinin əsası kimi avtomobilin iddiaçının sahibliyindən çıxdığı müddətdə dəyərinin düşməsini göstərmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312-ci maddəsinə əsasən, ipoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Eyni zamanda qeyd olunmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, “Mercedes Benz GL550” markalı, 90VE125 dövlət qeydiyyat nişanlı evtomobil xx.xx.2013-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır, ipoteka müqaviləsinə əsasən özgəninkiləşməsi qadağan edilmiş və həmin avtomobilə dair xx.xx.2014-cü il tarixdə X4, xx.xx.2014-cü il tarixdə isə X7 etibarnamə verilmiş və hər iki etibarnaməyə hal-hazırda xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona 51235 ABŞ dolları məbləğində maddi ziyan dəyməsini iddia etdiyi halda, bunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı 51235 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 51235 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar